Müvəqqəti yaşamaq üçün icazəsi ləğv edilmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 10 gün ərzində ölkə ərazisini tərk etməlidirlər.

Dövlət Miqrasiya Xidmətinin rəsmi internet səhifəsində  “Dövlət Miqrasiya Xidmətinə göndərilmiş müraciətlərin izlənilməsi” (https://eservice.migration.gov.az/public/application-track) elektron xidmətindən müraciətin statusunu, “Miqrasiya sahəsi ilə bağlı dövlət rüsumlarının və cərimələrin ödənişi üzrə axtarış” (https://eservice.migration.gov.az/public/payments-search)     elektron xidmətindən ödəniş kodunu əldə etməklə, “Miqrasiya sahəsi ilə bağlı dövlət rüsumlarının və cərimələrin elektron ödənilməsi” (https://eservice.migration.gov.az/?payments=show) elektron xidməti vasitəsilə elektron qaydada, həmçinin bank filialları, expressPay, ASAN ödəniş terminalları vasitəsilə də ödənişləri etmək mümkündür. 

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ödədiyi dövlət rüsumunun məbləğinə müvafiq olaraq həmin qanunda nəzərdə tutulmuş (15 iş günü və 20 iş günü) müddətlərdə baxılır və müvafiq qərar qəbul edilir.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi ilə təmin olunmalıdırlar. Müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə və etibarlılıq müddətində Azərbaycan Respublikasından getmək və viza almadan Azərbaycan Respublikasına qayıtmaq hüququ verən, habelə həmin şəxslərin ölkə ərazisində şəxsiyyətini və yaşayış yeri üzrə qeydiyyata alındığını təsdiq edən sənəddir.

Aşağıdakı hallarda əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilmir (müddəti uzadılmır), əvvəl verilmiş icazə isə ləğv edilir:

1. Azərbaycan Respublikasının milli təhlükəsizliyinə və ya ictimai asayişə zərər vurula biləcəyi hallarda;

2. Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə almaq məqsədi ilə saxta sənədlər və ya yalan məlumatlar təqdim etdikdə;

3. şəxsiyyətini təsdiq edən sənədləri olmadıqda və ya Miqrasiya Məcəlləsinin 46-cı maddəsində nəzərdə tutulan sənədlərdən biri və ya bir neçəsi təqdim edilmədikdə (Miqrasiya Məcəlləsinin 46.8-ci maddəsi nəzərə alınmaqla); 

4. pasportunun və ya digər sərhədkeçmə sənədinin etibarlılıq müddətinin bitməsinə 3 aydan az vaxt qaldıqda;

5. müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən təhlükəli yoluxucu xəstəliklərin siyahısında nəzərdə tutulmuş xəstəlik virusu daşıyıcısı olduqda (Azərbaycan Respublikasının vətəndaşı ilə nikahda olanlar istisna olmaqla);

6. əvvəllər Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılmaqla, həmin şəxslərin ölkəyə girişinə məhdudiyyət qoyulduqda;

7. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamağa icazə alınması üçün əsas olmuş hal aradan qalxdıqda və müvəqqəti yaşamağa icazə alınması ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar olmadıqda;

8. Miqrasiya Məcəlləsinin 46.1.10-cu maddəsində nəzərdə tutulan razılıq ərizəsini vermiş şəxslər tərəfindən əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin qeydiyyatdan çıxarılması barədə müraciət olunduğu halda, 10 iş günü ərzində qeydiyyata alınmaq üçün başqa yaşayış sahəsinə dair sənədlər təqdim etmədikdə;

9. 180 gün ərzində 90 gündən çox Azərbaycan Respublikasının ərazisindən kənarda olduqda;

10. xarici dövlətdə daimi yaşamaq üçün Azərbaycan Respublikasının ərazisini tərk etdikdə;

11. Azərbaycan Respublikasında olması arzuolunmaz hesab edildikdə;

12. barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılma barədə qərar qəbul edildikdə;

13. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşadığı dövrdə Azərbaycan Respublikasına gəlişinin bəyan edilmiş məqsədini pozduqda;

14. əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarını pozduğuna görə barəsində tətbiq edilmiş inzibati cəriməni ödəmədikdə.

Miqrasiya Məcəlləsinin 50.1.4-cü, 50.1.5-ci, 50.1.6-cı və 50.1.12-ci maddələri ilə müəyyən edilmiş müvəqqəti yaşamaq üçün icazə verilməsindən imtina halları insan alverindən zərər çəkmiş hesab olunan və ya cinayət təqibi orqanlarına yardım göstərən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə şamil edilmir.

Əcnəbinin və vətəndaşlığı olmayan şəxsin qeydiyyatdan çıxarılması barədə müraciət olunduğu halda, 10 iş günü ərzində qeydiyyata alınmaq üçün başqa yaşayış sahəsinə dair sənədlər təqdim edilmədikdə verilmiş icazə ləğv edilir.

Müvəqqəti yaşamaq icazəsinin verilməsi (müddətinin uzadılması) üçün tələb olunan sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər müraciət edəndən tələb edilmir.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin pasportunun və ya digər sərhədkeçmə sənədinin etibarlılıq müddəti, nəzərdə tutulan müvəqqəti yaşama icazəsinin müddətinin bitməsi tarixindən azı 3 ay artıq olmalıdır.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsinə əsas olan hallar mövcud olduqda,  müvəqqəti olma və ya müvəqqəti yaşama müddətinin bitməsinə azı 30 gün qalmış   müraciət etməlidir.

 

Ölkə iqtisadiyyatına azı 500.000 manat məbləğində investisiya qoyan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə ərizəçinin müraciətində göstərilən, lakin 3 ildən artıq olmayan müddətə verilir və müvafiq əsas olduqda, hər dəfə 3 ildən çox olmayan müddətə uzadıla bilər.

Digər hallarda Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə ərizəçinin müraciətində göstərilən, lakin 1 ildən artıq olmayan müddətə verilir və müvafiq əsas olduqda, hər dəfə 2 ildən çox olmayan müddətə uzadıla bilər.

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ödədiyi dövlət rüsumunun məbləğinə müvafiq olaraq həmin qanunda nəzərdə tutulmuş (35 gün, 40 gün, 50 gün və 60 gün) müddətlərdə baxılır və müvafiq qərar qəbul edilir.

Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin yerli şəraitə uyğunlaşdırılmasına dair tədbirlər onların öz arzusu ilə həyata keçirilir. Azərbaycan Respublikasında yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan dilinin, tarixinin, mədəniyyətinin, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və vəzifələri ilə bağlı qanunvericiliyin öyrənilməsi üçün Dövlət Miqrasiya Xidmətinin Təlim-tədris mərkəzinə (https://www.migration.gov.az/az/traineduregis) müraciət edə bilərlər.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur