Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşaması
Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər bunun üçün müvafiq icazə almalıdırlar.
Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən verilir.
Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verildikdə, həmin şəxslərə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi təqdim edilir.
Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə və etibarlılıq müddətində Azərbaycan Respublikasından getmək və viza almadan Azərbaycan Respublikasına qayıtmaq hüququ verən, habelə həmin şəxslərin ölkə ərazisində şəxsiyyətini və yaşayış yeri üzrə qeydiyyata alındığını təsdiq edən sənəddir.
Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 50-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə aşağıdakı hallarda Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilir (müddəti uzadılır):
- Azərbaycan Respublikasının vətəndaşı ilə yaxın qohumluq münasibətlərində olduqda;
- Miqrasiya Məcəlləsinin 45.1.3-45.1.3-2-ci maddələrində nəzərdə tutulmuş hallar da nəzərə alınmaqla, ölkə iqtisadiyyatına qoyduğu investisiya məbləğinin cəmi azı 500.000 manat olduqda;
- Azərbaycan Respublikasının ərazisində azı 100.000 manat dəyərində daşınmaz əmlakı olduqda;
- Azərbaycan Respublikasında fəaliyyət göstərən banklara müddətli əmanət müqaviləsi əsasında azı 100.000 manat məbləğində pul vəsaiti qoyduqda;
- Nominal dəyəri azı 100.000 manat olan dövlət qiymətli kağızlarına və ya eyni həcmdə paylarının (səhmlərinin) 51 və daha artıq faizi dövlətə məxsus olan hüquqi şəxslərin investisiya qiymətli kağızlarına malik olduqda;
- İqtisadiyyat, sənaye, hərbi, elm, mədəniyyət, idman və digər sahələr üzrə yüksək səviyyəli mütəxəssis olduqda;
- Miqrasiya Məcəlləsinin 64.0.8-1-ci maddəsində nəzərdə tutulmuş mütəxəssis olduqda;
- Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşayan əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin ailə üzvləri olduqda;
- Xarici hüquqi şəxsin Azərbaycan Respublikasındakı filial və nümayəndəliyinin rəhbəri və onun müavini vəzifəsini tutduqda;
- Azərbaycan Respublikasında təsis edilmiş, ödənilmiş nizamnamə kapitalı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən təsdiq edilmiş miqdardan az olmayan, təsisçisi və ya təsisçilərdən ən azı biri xarici hüquqi və ya fiziki şəxs olan hüquqi şəxsin rəhbəri vəzifəsini tutduqda və ya həmin hüquqi şəxsin paylarının (səhmlərinin) azı 51 faizinə sahib olduqda;
- Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti ilə məşğul olduqda;
- Miqrasiya Məcəlləsinin 64.0.6-cı, 64.0.6-1-ci, 64.0.7-ci, 64.0.9-cu, 64.0.10-cu, 64.0.11-ci, 64.0.17-ci, 64.0.18-ci və 64.0.19-cu maddələrində nəzərdə tutulan hallarda;
- Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün bu Məcəllə ilə müəyyən edilmiş qaydada iş icazəsi aldıqda;
- Azərbaycan Respublikasının ali və orta ixtisas təhsili müəssisələrində əyani formada, habelə peşə təhsili və ümumi təhsil müəssisələrində təhsil aldıqda;
- Dövlət qeydiyyatına alınmış dini qurumlarda peşəkar dini fəaliyyətlə məşğul olduqda;
- İnsan alverindən zərər çəkmiş şəxs hesab olunduqda;
- Cinayət təqibi orqanlarına yardım göstərdikdə;
- Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş əsaslar olduqda.
Azərbaycan Respublikasında fəaliyyət göstərən banka müddətli əmanət müqaviləsi əsasında pul vəsaiti qoymaqla Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə almış şəxslərin siyahısı Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən 3 iş günü müddətində aidiyyəti banka göndərilir. Həmin siyahıda göstərilmiş şəxslərin müddətli əmanətinin məbləği azaldılaraq 100.000 manatdan aşağı düşdükdə və ya əmanət müqaviləsinə xitam verildikdə bank bu barədə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə 3 iş günü müddətində məlumat təqdim edir.
Dövlət qiymətli kağızlarına və ya paylarının (səhmlərinin) 51 və daha artıq faizi dövlətə məxsus olan hüquqi şəxslərin investisiya qiymətli kağızlarına malik olmaqla, Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə almış şəxslərin siyahısı Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən 3 iş günü müddətində Milli Depozit Mərkəzinə göndərilir. Həmin siyahıda göstərilmiş şəxslərin mülkiyyətində olan investisiya qiymətli kağızlarının, o cümlədən dövlət qiymətli kağızlarının ümumi nominal dəyəri 100.000 manatdan aşağı düşdükdə və ya həmin qiymətli kağızlar özgəninkiləşdirildikdə Milli Depozit Mərkəzi bu barədə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə 3 iş günü müddətində məlumat təqdim edir.
QEYD:
- Miqrasiya Məcəlləsinin 45.1.7-ci və 52.1.11-ci maddələrində göstərilən hal o vaxt Azərbaycan Respublikasının ərazisində müvafiq olaraq müvəqqəti və ya daimi yaşamaq üçün icazənin verilməsinə əsas hesab olunur ki, həmin şəxslər azı 5 nəfər ilə tam iş vaxtı şəraitində və ya 10 nəfər ilə natamam iş vaxtı şəraitində əmək müqaviləsi bağlamaqla faktiki fəaliyyət göstərirlər. Bu hal üzrə işçilərin ən azı 80 faizinin Azərbaycan Respublikası vətəndaşı olması və ya Miqrasiya Məcəlləsinin 64.0.1-ci, 64.0.14-cü, 64.0.15-ci, 64.0.15-1-ci və 64.0.16-cı maddələrində nəzərdə tutulan şəxslər olması tələb olunur.
- Miqrasiya Məcəlləsinin 45.1.6-1-ci və ya 45.1.7-ci maddələrində nəzərdə tutulmuş hallar əsasında azı 1 il Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamış əcnəbiyə və vətəndaşlığı olmayan şəxsə münasibətdə həmin hallar o vaxt müvəqqəti yaşamaq icazəsinin verilməsi (müddətinin uzadılması) üçün əsas hesab edilir ki, onların dövriyyəsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin müəyyən etdiyi həcmdə olsun.
- Miqrasiya Məcəlləsinin 45.1.6-1-ci maddəsində nəzərdə tutulan nizamnamə kapitalı ilə bağlı, həmçinin bu Qeydin 1-ci və 2-ci bəndlərində nəzərdə tutulan tələblər investisiya təşviqi sənədinə və ya “Startap” şəhadətnaməsinə malik olan, Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilmiş iqtisadi rayonlarda fəaliyyət göstərən sahibkarlıq subyektlərinə, habelə qeyri-kommersiya hüquqi şəxslərinə, sənaye parkının, sənaye məhəlləsinin və aqroparkın rezidentlərinə şamil olunmur.
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq icazəsinin alınması (müddətinin uzadılması) üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- Nümunəsi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş edilmiş ərizə-anket;
- Pasportun və ya digər sərhədkeçmə sənədinin surəti (pasportun və ya digər sənədin etibarlılıq müddəti verilməsi nəzərdə tutulan müvəqqəti yaşama icazəsinin müddətinin bitməsi tarixindən azı 3 ay artıq olmalıdır);
- Doğum haqqında şəhadətnamənin və ya ona bərabər tutulan digər sənədin notariat qaydasında təsdiq olunmuş surəti (pasportu olmayan 18 yaşına çatmayan şəxslər üçün);
- Müvəqqəti yaşamaq üçün icazənin verilməsinə əsas olan halların mövcudluğunu notariat qaydasında və ya ona bərabər tutulan qaydada təsdiq edən sənəd;
- Miqrasiya Məcəlləsinin 45.1.1-ci və 45.1.5-ci maddələrində göstərilən əsaslarla əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müvəqqəti yaşamaq üçün icazənin verilməsi ilə bağlı həmin maddələrdə nəzərdə tutulmuş ailə üzvünün və ya yaxın qohumun notariat qaydasında təsdiq edilmiş razılıq ərizəsi;
- Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilən təhlükəli yoluxucu xəstəliklərin siyahısında nəzərdə tutulmuş xəstəlik virusu daşıyıcısı olmaması haqqında arayış;
- Azərbaycan Respublikasının ərazisində müvəqqəti olma və ya müvəqqəti yaşama hüququ verən sənədin surəti;
- İqtisadiyyat, sənaye, hərbi, elm, mədəniyyət, idman və digər sahələr üzrə yüksək səviyyəli mütəxəssis olan əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri Azərbaycan Respublikasına dəvət edən idarə, müəssisə və təşkilatın əsaslandırılmış vəsatəti;
- 3,5x4,5 sm ölçüdə iki ədəd fotoşəkil;
- Qeydiyyata alınacağı yaşayış sahəsinin sənədi (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə (kirayə) müqaviləsi və ya Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər sənəd);
- Əcnəbiyə və ya vətəndaşlığı olmayan şəxsə yaşayış sahəsi verən şəxsin ərizəsi (əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin mülkiyyətində yaşayış sahəsinin olduğu hallar istisna olmaqla);
- Əcnəbiyə və ya vətəndaşlığı olmayan şəxsə yaşayış sahəsi verən şəxsin şəxsiyyətini təsdiq edən sənədinin surəti (əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin mülkiyyətində yaşayış sahəsinin olduğu hallar istisna olmaqla);
- Dövlət rüsumunun ödənilməsi barədə sənəd.
Dövlət rüsumunun ödənilməsi barədə sənəd Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə təqdim edildiyi zaman verilir. Miqrasiya Məcəlləsinin 47.5-ci maddəsində nəzərdə tutulan müddətin sonuncu günündən 30 gün ərzində dövlət rüsumu ödənilmədikdə, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti müvəqqəti yaşama icazəsini ləğv edir.
İnsan alverindən zərər çəkmiş hesab edilən və ya cinayət təqibi orqanlarına yardım göstərən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə cinayət təqibi orqanının vəsatəti əsasında verilir. Bu halda Miqrasiya Məcəlləsinin 46.1.4-cü, 46.1.6-cı, 46.1.9-cu, 46.1.10-cu və 46.1.11-ci maddələrində göstərilən sənədlərin təqdim edilməsi tələb olunmur. Həmin şəxslərin yaşayış yeri üzrə qeydiyyatı cinayət təqibi orqanının yerləşdiyi ünvan üzrə aparılır.
Miqrasiya Məcəlləsinin 64.0.18-ci maddəsində göstərilən şəxslər və onların ailə üzvlərinə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumunun və ya inzibati müəssisəsinin vəsatəti əsasında verilir. Belə halda Miqrasiya Məcəlləsinin 46.1.9-cu, 46.1.10-cu və 46.1.11-ci maddələrində göstərilən sənədlərin təqdim edilməsi tələb olunmur. Həmin şəxslərin yaşayış yeri üzrə qeydiyyatı Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumunun və ya inzibati müəssisəsinin təqdim etdiyi ünvan üzrə aparılır.
Miqrasiya Məcəlləsinin 45-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndində nəzərdə tutulan müraciət hallarında Miqrasiya Məcəlləsinin 46.1-ci maddəsində göstərilən sənədlərlə yanaşı sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin və ya müraciətlə əlaqəli hüquqi şəxsin son 1 ildə təqdim etdiyi bəyannamə üzrə dövriyyəsinə dair vergi orqanından əldə edilmiş sənəd təqdim edilir.
Qeyd:
- Miqrasiya Məcəlləsinin 46.1.2-ci, 46.1.9-cu və 46.1.11-ci maddələrində göstərilən sənədlərin surətləri həmin sənədlərin əsli ilə birgə təqdim edilir və tutuşdurma aparıldıqdan sonra sənədlərin əsli onları təqdim etmiş şəxsə qaytarılır (Miqrasiya Məcəlləsinin 46.8-ci maddəsinin tələbləri nəzərə alınmaqla).
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilməsinə əsas olan hallar mövcud olduqda, Azərbaycan Respublikasının ərazisində müvəqqəti olma və ya müvəqqəti yaşama müddətinin bitməsinə azı 30 gün qalmış bu barədə icazə alınması üçün Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə müraciət etməlidirlər.
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq icazəsini almaq üçün şəxsən və ya qanuni nümayəndələri vasitəsi ilə müraciət edirlər.
18 yaşına çatmamış uşağın Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazəsi valideyninin və ya digər qanuni nümayəndəsinin müraciəti əsasında alınır.
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilməsi ilə bağlı müraciətlərinə müvafiq icra hakimiyyəti orqanının rəyi nəzərə alınmaqla, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ödədiyi dövlət rüsumunun məbləğinə müvafiq olaraq həmin qanunda nəzərdə tutulmuş müddətdə baxılır.
Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin müddəti bitənədək Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən icazənin müddəti uzadılmamışdırsa və ya belə uzadılma üçün ərizə qəbul edilməmişdirsə, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının ərazisini tərk etməlidirlər.
Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə, Miqrasiya Məcəlləsinin 45.1.2-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla, ərizəçinin müraciətində göstərilən, lakin 1 ildən artıq olmayan müddətə verilir və müvafiq əsas olduqda, hər dəfə 2 ildən çox olmayan müddətə uzadıla bilər.
Miqrasiya Məcəlləsinin 45.1.2-ci maddəsində göstərilən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə ərizəçinin müraciətində göstərilən, lakin 3 ildən artıq olmayan müddətə verilir və müvafiq əsas olduqda, hər dəfə 3 ildən çox olmayan müddətə uzadıla bilər.
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikası ərazisində daimi yaşaması
Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 45.1.1-45.1.7-ci maddələrində nəzərdə tutulmuş əsaslarla müvafiq icazə əsasında son 2 il ərzində fasiləsiz olaraq Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə (Miqrasiya Məcəlləsinin 45.1.8-45.1.11-ci maddələrində nəzərdə tutulmuş əsaslarla Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə almış əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin ailə üzvü olduğuna görə müvəqqəti yaşamaq üçün icazə almış şəxslər və Miqrasiya Məcəlləsinin 55-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) aşağıdakı hallarda Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə verilir:
- Atası, anası, əri (arvadı), övladı, bacısı və ya qardaşı Azərbaycan Respublikasının vətəndaşı olduqda;
- Miqrasiya Məcəlləsinin 52.1.3-52.1.5-ci maddələrində nəzərdə tutulmuş hallar da nəzərə alınmaqla, ölkə iqtisadiyyatına qoyduğu investisiya məbləğinin cəmi azı 500.000 manat olduqda;
- Azərbaycan Respublikasının ərazisində azı 200.000 manat dəyərində daşınmaz əmlakı olduqda;
- Azərbaycan Respublikasında fəaliyyət göstərən banklarda müddətli əmanət müqaviləsi əsasında azı 200.000 manat məbləğində pul vəsaiti olduqda;
- Nominal dəyəri azı 200.000 manat olan dövlət qiymətli kağızlarına və ya eyni həcmdə paylarının (səhmlərinin) 51 və daha artıq faizi dövlətə məxsus olan hüquqi şəxslərin investisiya qiymətli kağızlarına malik olduqda;
- İqtisadiyyat, sənaye, hərbi, elm, mədəniyyət, idman və digər sahələr üzrə yüksək səviyyəli mütəxəssis olduqda;
- Miqrasiya Məcəlləsinin 64.0.8-1-ci maddəsində nəzərdə tutulmuş mütəxəssis olduqda;
- Azərbaycan Respublikasının ərazisində daimi yaşayan əcnəbi və ya vətəndaşlığı olmayan şəxsin ailə üzvü olduqda;
- Xarici hüquqi şəxsin Azərbaycan Respublikasındakı filial və nümayəndəliyinin rəhbəri və onun müavini vəzifəsini tutduqda;
- Azərbaycan Respublikasında təsis edilmiş, ödənilmiş nizamnamə kapitalı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən təsdiq edilmiş miqdardan az olmayan, təsisçisi və ya təsisçilərdən ən azı biri xarici hüquqi və ya fiziki şəxs olan hüquqi şəxsin rəhbəri vəzifəsini tutduqda və ya həmin hüquqi şəxsin paylarının (səhmlərinin) azı 51 faizinə sahib olduqda, bu şərtlə ki, rəhbəri və ya təsisçisi olduğu hüquqi şəxsin dövriyyəsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin müəyyən etdiyi həcmdə olsun;
- Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti ilə məşğul olduqda, o şərtlə ki, dövriyyəsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin müəyyən etdiyi həcmdə olsun.
Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən verilir.
Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə verildikdə, həmin şəxslərə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsi təqdim edilir.
Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsi əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə və etibarlılıq müddətində Azərbaycan Respublikasından getmək və viza almadan Azərbaycan Respublikasına qayıtmaq hüququ verən, habelə həmin şəxslərin ölkə ərazisində şəxsiyyətini və yaşayış yeri üzrə qeydiyyata alındığını təsdiq edən sənəddir.
Qeyd:
- Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşama müddəti o halda fasiləsiz hesab edilir ki, şəxs 180 gün ərzində 90 gündən çox müddətdə Azərbaycan Respublikasının ərazisindən kənarda olmasın.
- Azərbaycan Respublikasında fəaliyyət göstərən banklarda müddətli əmanət müqaviləsi əsasında azı 200.000 manat məbləğində pul vəsaiti olmaqla Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə almış şəxslərin siyahısı Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən 3 iş günü müddətində aidiyyəti banka göndərilir. Həmin siyahıda göstərilmiş şəxslərin müddətli əmanətinin məbləği azaldılaraq 200.000 manatdan aşağı düşdükdə və ya əmanət müqaviləsinə xitam verildikdə bank bu barədə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə 3 iş günü müddətində məlumat təqdim edir.
- Dövlət qiymətli kağızlarına və ya paylarının (səhmlərinin) 51 və daha artıq faizi dövlətə məxsus olan hüquqi şəxslərin investisiya qiymətli kağızlarına malik olmaqla Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə almış şəxslərin siyahısı Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən 3 iş günü müddətində Milli Depozit Mərkəzinə göndərilir. Həmin siyahıda göstərilmiş şəxslərin mülkiyyətində olan investisiya qiymətli kağızlarının, o cümlədən dövlət qiymətli kağızlarının ümumi nominal dəyəri 200.000 manatdan aşağı düşdükdə və ya həmin qiymətli kağızlar özgəninkiləşdirildikdə Milli Depozit Mərkəzi bu barədə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə 3 iş günü müddətində məlumat təqdim edir.
- Miqrasiya Məcəlləsinin 52.1.9-52.1.11-ci maddələrində göstərilən hallar o vaxt Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazənin verilməsinə əsas hesab olunur ki, həmin şəxslər Miqrasiya Məcəlləsinin müvafiq olaraq 45.1.6-45.1.7-ci maddələrində nəzərdə tutulan əsaslar üzrə müvafiq icazə əsasında Azərbaycan Respublikasının ərazisində son 2 il ərzində yaşamış olsunlar.
- Nizamnamə kapitalının miqdarı və dövriyyə həcminə dair Miqrasiya Məcəlləsinin 52.1.10-cu maddəsində nəzərdə tutulan tələblər qeyri-kommersiya hüquqi şəxslərinə şamil olunmur.
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq icazəsinin alınması (müddətinin uzadılması) üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- Nümunəsi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş edilmiş ərizə-anket;
- Pasportun və ya digər sərhədkeçmə sənədinin surəti;
- Doğum haqqında şəhadətnamə və ya ona bərabər tutulan digər sənədin notariat qaydasında təsdiq olunmuş surəti (pasportu olmayan 18 yaşına çatmamış şəxslər üçün);
- Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilən təhlükəli yoluxucu xəstəliklərin siyahısında nəzərdə tutulmuş xəstəlik virusu daşıyıcısı olmaması haqqında arayış;
- Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin və onlarla gələn ailə üzvlərinin minimal tələbatını ödəyə bilən vəsaiti olması barədə sənəd (yaxın qohumu olan Azərbaycan Respublikasının vətəndaşı və ya Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə almış şəxs ölkədə qaldıqları vaxtda onların təminatını öz üzərinə götürdüyü hallar istisna olmaqla);
- Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsinin surəti;
- Miqrasiya Məcəlləsinin 52.1-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birini təsdiq edən sənədin notariat qaydasında və ya ona bərabər tutulan qaydada təsdiq olunmuş surəti;
- Miqrasiya Məcəlləsinin 52.1.1-ci və 52.1.8-ci maddələrində göstərilən əsaslarla əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə daimi yaşamaq üçün icazənin verilməsi ilə bağlı həmin maddələrdə nəzərdə tutulmuş ailə üzvünün və ya yaxın qohumun notariat qaydasında təsdiq edilmiş razılıq ərizəsi;
- 3,5x4,5 sm ölçüdə iki ədəd fotoşəkil;
- 14-18 yaşında olan uşaqların notariat qaydasında təsdiq edilmiş razılığı;
- Qeydiyyata alınacağı yaşayış sahəsinin sənədi (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə (kirayə) müqaviləsi və ya Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər sənəd);
- Əcnəbiyə və ya vətəndaşlığı olmayan şəxsə yaşayış sahəsi verən şəxsin ərizəsi (əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin mülkiyyətində yaşayış sahəsinin olduğu hallar istisna olmaqla);
- Əcnəbiyə və ya vətəndaşlığı olmayan şəxsə yaşayış sahəsi verən şəxsin şəxsiyyətini təsdiq edən sənədin surəti (əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin mülkiyyətində yaşayış sahəsinin olduğu hallar istisna olmaqla);
- Dövlət rüsumunun ödənilməsi barədə sənəd.
Dövlət rüsumunun ödənilməsi barədə sənəd Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsi əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə təqdim edildiyi zaman verilir. Miqrasiya Məcəlləsinin 54.9-cu maddəsində nəzərdə tutulan müddətin sonuncu günündən 30 gün ərzində dövlət rüsumu ödənilmədikdə, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti daimi yaşama icazəsini ləğv edir.
Azərbaycan Respublikasında fəaliyyət göstərən banklara müddətli əmanət müqaviləsi əsasında ən azı 200.000 manat məbləğində pul vəsaiti qoymuş, yaxud nominal dəyəri azı 200.000 manat olan dövlət qiymətli kağızlarına və ya eyni həcmdə paylarının (səhmlərinin) 51 və daha artıq faizi dövlətə məxsus olan hüquqi şəxslərin investisiya qiymətli kağızlarına malik olan və ya Miqrasiya Məcəlləsinin 52.1.2-ci maddəsində göstərilən hallar da nəzərə alınmaqla, Azərbaycan Respublikasının iqtisadiyyatına yatırdığı investisiya məbləğinin cəmi azı 500.000 manat olan şəxslərdən Miqrasiya Məcəlləsinin 53.1.7-ci maddəsində nəzərdə tutulan sənəd tələb olunmur.
Miqrasiya Məcəlləsinin 52.1.10-cu və 52.1.11-ci maddələrində nəzərdə tutulan əsaslar üzrə müraciət hallarında Miqrasiya Məcəlləsinin 53.1-ci maddəsində göstərilən sənədlərlə yanaşı sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin və ya müraciətlə əlaqəli hüquqi şəxsin son 1 ildə təqdim etdiyi bəyannamə üzrə dövriyyəsinə dair vergi orqanından əldə edilmiş sənəd təqdim edilir.
Qeyd:
- Miqrasiya Məcəlləsinin 53.1.2-ci, 53.1.13-cü və 53.1.15-ci maddələrində göstərilən sənədlərin surətləri həmin sənədlərin əsli ilə birgə təqdim edilir və tutuşdurma aparıldıqdan sonra sənədlərin əsli onları təqdim etmiş şəxsə qaytarılır (Miqrasiya Məcəlləsinin 53.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla).
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilməsinə əsas olan hallar mövcud olduqda, Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşama icazəsinin müddətinin bitməsinə ən azı 3 ay qalmış bu barədə icazə alınması üçün Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti ilə müraciət etməlidirlər.
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında daimi yaşamaq üçün şəxsən və ya qanuni nümayəndələri vasitəsi ilə müraciət edirlər.
14 yaşına çatmamış uşağın Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazəsi valideyninin və ya digər qanuni nümayəndəsinin müraciəti əsasında, 14-18 yaşı olan uşağın isə razılığı alınmaqla, valideyninin və ya digər qanuni nümayəndəsinin müraciəti əsasında alınır.
Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazənin verilməsi barədə ərizə-anket və tələb olunan digər sənədlər elektron müraciət formasında təqdim edilə bilər.
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilməsi ilə bağlı müraciətlərinə baxılarkən, onların Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş hüquq və vəzifələri, habelə dövlət dili ilə bağlı biliyi müvafiq icra hakimiyyəti orqanlarının (Dövlət Miqrasiya Xidməti, Ədliyyə Nazirliyi, Elm və Təhsil Nazirliyi) mütəxəssislərindən ibarət komissiya tərəfindən yoxlanılır. Bu hal 18 yaşına çatmamış uşaqlara, yaşı 65-dən yuxarı olan və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş (müvafiq təsdiqedici sənəd təqdim edildiyi təqdirdə) əcnəbilərə və ya vətəndaşlığı olmayan şəxslərə şamil edilmir.
Azərbaycan Respublikasında daimi yaşama icazəsi almaq üçün müraciət etmiş şəxsin vəsatətinə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ödədiyi dövlət rüsumunun məbləğinə müvafiq olaraq həmin qanunda nəzərdə tutulmuş müddətdə baxılmaqla, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən müvafiq qərar qəbul edilir.
Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə 5 il müddətinə verilir. Bu müddətin bitməsinə azı 3 ay qalmış əcnəbinin və vətəndaşlığı olmayan şəxsin müraciətinə əsasən daimi yaşamaq üçün verilmiş icazə yenidən 5 il müddətinə uzadıla bilər. Uzadılmaların sayı məhdudlaşdırılmır. Bu zaman Miqrasiya Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulan sənədlər yenidən təqdim olunur.