Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında olarkən, qanunda və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər bütün hüquqlardan istifadə edə bilərlər.
Azərbaycan Respublikası ərazisində yaşayan və ya müvəqqəti olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqları yalnız beynəlxalq hüquq normalarına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq məhdudlaşdırıla bilər.
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər onların sosial və əmlak vəziyyəti, irqi və milli mənsubiyyəti, cinsi, dili, dinə münasibəti, fəaliyyətinin növündən və xarakterindən və digər hallardan asılı olmayaraq, Azərbaycan Respublikasında qanun və məhkəmə qarşısında bərabərdirlər.
Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş hallar istisna olmaqla, əməkçi miqrantlara əmək şəraiti ilə bağlı Azərbaycan Respublikasının vətəndaşları üçün qanunvericiliklə müəyyən olunmuş eyni şərtlər tətbiq edilir və onların əməyinin ödənilməsi qanunvericiliklə Azərbaycan Respublikasının vətəndaşları üçün müəyyən olunmuş qaydada həyata keçirilir.
Azərbaycan Respublikasının Əmək Məcəlləsi
Qanunla və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr ilə başqa hal nəzərdə tutulmayıbsa, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında olarkən Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər bütün əmək hüquqlarından istifadə edə bilər və bu hüquqlara müvafiq olan vəzifələr daşıyırlar.
Qanunda nəzərdə tutulmuş hallar istisna olunmaqla əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin bu Məcəllədə və digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş əmək hüquqlarının məhdudlaşdırılması qadağandır.
Əmək münasibətləri sahəsində Azərbaycan Respublikasının vətəndaşlarına nisbətən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə daha üstün hüquqların müəyyən edilməsi yolverilməzdir.
İşəgötürənlər Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 64-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, işə cəlb etmək istədikləri hər bir əcnəbi və vətəndaşlığı olmayan şəxs üçün həmin Məcəllə ilə müəyyən edilmiş qayda və şərtlərlə iş icazəsi almalıdırlar.
Əməkçi miqrantların əmək fəaliyyəti ilə bağlı Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində nəzərdə tutulmayan məsələlər bu Məcəllə ilə tənzimlənir.
İşəgötürənlər tərəfindən əməkçi miqrantların hüquqlarının təmin edilməsinə nəzarəti müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.
Azərbaycan Respublikasının Vergi Məcəlləsi
Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini fiziki şəxs kimi həyata keçirmək istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən vəsiqə əsasında vergi orqanlarında vergi ödəyicisi kimi uçota alınırlar.
Azərbaycan Respublikasının Seçki Məcəlləsi
Bu Məcəllənin 12.1-ci maddəsində göstərilən tələbə cavab verən, Azərbaycan Respublikasında 5 ildən az olmayaraq daimi yaşayan vətəndaşlığı olmayan şəxslər Prezident seçkiləri, Milli Məclisə seçkilər, bələdiyyə seçkiləri və ya referendum zamanı səsvermədə iştirak edə bilərlər.
Bu Məcəllənin 12.1-ci maddəsində göstərilən tələbə cavab verən, müvafiq bələdiyyənin ərazisində 5 ildən az olmayaraq yaşayan xarici ölkənin vətəndaşları bələdiyyə seçkiləri zamanı səsvermədə iştirak edə bilərlər (o şərtlə ki, onların vətəndaşı olduqları dövlətlərdə əcnəbilərin bələdiyyələrə seçkilər zamanı eyni hüquqları tanınmış olsun).
Bu Məcəllənin 12.2-ci maddəsində göstərilən istisnalar nəzərə alınmaqla, vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında aktiv və passiv seçki hüququna malik deyildirlər.
Bu Məcəllənin 12.3-cü maddəsində göstərilən istisnalar nəzərə alınmaqla, əcnəbilər Azərbaycan Respublikasında aktiv və passiv seçki hüququna malik deyildir.
Əcnəbilər, vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, onların filial və nümayəndəlikləri (bundan sonra — xarici hüquqi şəxslər) seçkilər zamanı namizədlərin irəli sürülməsində, qeydə alınmasında, qeydə alınmış namizədlərin seçki kampaniyalarında iştirak edə bilməzlər. Bu, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin fikir azadlıqlarını və sərbəst toplaşmaq azadlığını məhdudlaşdırmır.
Əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin, onların filial və nümayəndəliklərinin referendum zamanı referenduma çıxarılan məsələlərin lehinə və ya əleyhinə təşviqat aparmaq, referendum üzrə təşviqat qruplarına üzv olmaq, o cümlədən onların yaradılmasının təşəbbüsçüsü olmaq və ya onların fəaliyyətində bu və ya digər formada iştirak etmək hüququ yoxdur. Bu, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin fikir azadlığını və sərbəst toplaşmaq azadlığını məhdudlaşdırmır.
Bu tələblərə riayət etməyən əcnəbilər, vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər qanunla müəyyənləşdirilmiş qaydada məsuliyyətə cəlb edilirlər.
Azərbaycan Respublikasının Torpaq Məcəlləsi
Əcnəbilər, vətəndaşlığı olmayan şəxslər və xarici hüquqi şəxslər kənd təsərrüfatı məhsulları istehsalı və emalı üçün kənd təsərrüfatı təyinatlı torpaq sahələrini yalnız icarə hüququ əsasında əldə edə bilərlər.
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin və xarici hüquqi şəxslərin mülkiyyətində olan kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə və sınaq fəaliyyəti ilə məşğul olan müəssisələrə kənd təsərrüfatı təyinatlı torpaq sahələri yalnız icarə hüququ əsasında verilə bilər.
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər Azərbaycan Respublikasında torpaq sahələrini yalnız icarə hüququ əsasında əldə edə bilərlər.
Özəlləşdirilən müəssisənin (obyektin) mülkiyyətçisi əcnəbi və ya vətəndaşlığı olmayan şəxs, yaxud xarici hüquqi şəxs olduqda isə o, müvafiq torpaq sahəsini satınalma hüququ olmadan icarəyə götürə bilər.
Xarici hüquqi və fiziki şəxslərə torpaq sahələrinin vərəsəlik, bağışlama və ipoteka əqdləri nəticəsində keçən mülkiyyət hüququ bir il müddətinə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun özgəninkiləşdirilir. Xarici hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində olan mülkiyyət hüququnu qanunvericiliyə uyğun özgəninkiləşdirmədikdə, müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyəti orqanları) və ya bələdiyyə torpaq sahəsini bu Məcəllədə nəzərdə tutulmuş qaydada məcburi satın alır.