İmtina edildiyi gündən etibarən bir ay müddətində imtinaya səbəb olan hal aradan qalxdıqda, təkrar müraciət edilə bilər. Bu halda yalnız imtina edilməsinə səbəb olan halın aradan qalxdığını təsdiq edən sənəd təqdim edilir.

Daimi yaşamaq üçün icazəsi ləğv edilmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 10 gün ərzində ölkə ərazisini tərk etməlidirlər.

Aşağıdakı hallarda əcnəbiyə və vətəndaşlığı olmayan şəxsə Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilmir (müddəti uzadılmır), əvvəl verilmiş icazə isə ləğv edilir:

1. Azərbaycan Respublikasının milli təhlükəsizliyinə və ya ictimai asayişə zərər vurula biləcəyi hallarda;

2. siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən təhlükəli yoluxucu xəstəlik virusu daşıyıcısı olduqda (Azərbaycan Respublikasının vətəndaşı ilə nikahda olanlar istisna olmaqla);

3. şəxsiyyətini təsdiq edən sənədləri olmadıqda və ya Miqrasiya Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulan sənədlərdən biri və ya bir neçəsi təqdim edilmədikdə (Miqrasiya Məcəlləsinin 53.4-cü maddəsi nəzərə alınmaqla); 

4. Azərbaycan Respublikasında daimi yaşamaq icazəsi almaq üçün saxta sənədlər təqdim edildikdə və ya yalan məlumatlar verildikdə;

5. qəsdən ağır və ya xüsusilə ağır cinayət törətdiyinə görə məhkum olunduqda, əgər məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmişdirsə və ya götürülməmişdirsə;

6. özlərinin və onlarla gələn ailə üzvlərinin minimal tələbatını ödəyə bilən vəsaiti olmadıqda (yaxın qohumu olan Azərbaycan Respublikasının vətəndaşı və ya Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə almış şəxs ölkədə qaldıqları vaxtda onların təminatını öz üzərinə götürdüyü hallar istisna olmaqla);

7. əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin (onunla gələn ailə üzvlərinin) maddi təminatını üzərinə götürmüş şəxs tərəfindən belə təminatdan imtina etmə ilə bağlı müraciət olunduğu halda, 10 iş günü ərzində özünün və onunla gələn ailə üzvlərinin minimal tələbatının ödənilməsi barədə başqa sənəd təqdim edə bilmədikdə;

8. Miqrasiya Məcəlləsinin 53.1.14-cü maddəsində nəzərdə tutulan razılıq ərizəsini vermiş şəxslər tərəfindən əcnəbi və ya vətəndaşlığı olmayan şəxsin qeydiyyatdan çıxarılması barədə müraciət olunduğu halda, 10 iş günü ərzində qeydiyyata alınmaq üçün başqa yaşayış sahəsinə dair sənədlər təqdim etmədikdə;

9. xarici dövlətdə daimi yaşamaq üçün Azərbaycan Respublikasının ərazisini tərk etdikdə;

10. daimi yaşamaq üçün icazənin verildiyi gündən hesablanmaqla istənilən bir il ərzində Azərbaycan Respublikasının ərazisindən kənarda olduğu günlərin cəmi 180 gündən çox olduqda (bu hal Miqrasiya Məcəlləsinin 45.1.2-ci və 45.1.7-ci maddələrində nəzərdə tutulmuş əsaslarla müvafiq icazə alan şəxslərə şamil edilmir);

11. Azərbaycan Respublikasının ərazisində daimi yaşama icazəsinin alınması üçün əsas olmuş hal aradan qalxdıqda və daimi yaşama icazəsinin alınması ilə bağlı Miqrasiya Məcəlləsinin 52.1-ci maddəsində nəzərdə tutulmuş digər əsaslar olmadıqda;

12. Azərbaycan Respublikasının ərazisində daimi yaşayan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş hüquq və vəzifələrini, habelə dövlət dilini bilmədikdə;

13. Azərbaycan Respublikasında olması arzuolunmaz hesab edildikdə;

14. barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılma barədə qərar qəbul edildikdə;

15. Azərbaycan Respublikasının ərazisində daimi yaşadığı dövrdə Azərbaycan Respublikasına gəlişinin bəyan edilmiş məqsədini pozduqda;

16. əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarını pozduğuna görə barəsində tətbiq edilmiş inzibati cəriməni ödəmədikdə.

Miqrasiya Məcəlləsinin 45.1.1-45.1.7-ci maddələrində nəzərdə tutulmuş əsaslarla müvafiq icazə əsasında son 2 il ərzində fasiləsiz olaraq Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq icazəsi almaq üçün müraciət edə bilər.

Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə 5 il müddətinə verilir. Bu müddətin bitməsinə azı 3 ay qalmış əcnəbinin və vətəndaşlığı olmayan şəxsin müraciətinə əsasən daimi yaşamaq üçün verilmiş icazə yenidən 5 il müddətinə uzadıla bilər.

Dövlət Miqrasiya Xidmətinin rəsmi internet səhifəsində elektron xidmətlər bölməsində “Dövlət Miqrasiya Xidmətinə göndərilmiş müraciətlərin izlənilməsi” (https://eservice.migration.gov.az/public/application-track) elektron xidmətindən müraciətin statusunu, “Miqrasiya sahəsi ilə bağlı dövlət rüsumlarının və cərimələrin ödənişi üzrə axtarış” (https://eservice.migration.gov.az/public/payments-search)     elektron xidmətindən ödəniş kodunu əldə etməklə, “Miqrasiya sahəsi ilə bağlı dövlət rüsumlarının və cərimələrin elektron ödənilməsi” (https://eservice.migration.gov.az/?payments=show) elektron xidməti vasitəsilə elektron qaydada, həmçinin bank filialları, expressPay, ASAN ödəniş terminalları vasitəsilə də ödənişləri etmək mümkündür.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılmadığı hallar:

1.    onların Azərbaycan Respublikasında müvəqqəti olması Azərbaycan Respublikasının milli təhlükəsizliyinə zərər vura biləcəyi hallarda;

2.    onların Azərbaycan Respublikasında müvəqqəti olması ictimai asayişə zərər vura biləcəyi hallarda;

3.    onlar Azərbaycan Respublikasında müvəqqəti olma müddətini uzatmaq məqsədi ilə saxta sənədlər və ya yalan məlumatlar təqdim etdikdə;

4.    onların şəxsiyyətini təsdiq edən sənədləri olmadıqda;

5.    onların Azərbaycan Respublikasının ərazisinə girişinə qadağa qoyulduqda;

6.    onların Azərbaycan Respublikasının ərazisində müvəqqəti olma müddətini uzatmaq üçün əsas olmuş hal aradan qalxdıqda;

7.    onların Azərbaycan Respublikasında olması arzuolunmaz hesab edildikdə.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin pasportlarının və ya digər sərhədkeçmə sənədlərinin etibarlılıq müddətlərinin bitməsinə 1 aydan az vaxt qaldıqda, onların ölkədə müvəqqəti olma müddəti uzadılmır.

Azərbaycan Respublikasında müvəqqəti olma müddəti uzadılmış əcnəbilər və vətəndaşlığı olmayan şəxslər pasportlarını və ya digər sərhədkeçmə sənədlərini və müvəqqəti olma müddətinin uzadılması haqqında qərarı təqdim edərək, dövlət sərhədinin buraxılış məntəqələrindən keçməklə, ölkəni tərk edə bilərlər.

Müvəqqəti olma müddətinin uzadılmasından imtina edilmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında müvəqqəti olma müddətləri bitənədək ölkə ərazisini tərk etməlidirlər. Müvəqqəti olma müddətinin uzadılması barədə müraciətə baxılanadək əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddəti bitdiyi halda, onlar imtina barədə qərarı aldıqları vaxtdan 48 saat ərzində ölkə ərazisini tərk etməlidirlər.

18 yaşına çatmamış əcnəbinin və vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasında müvəqqəti olma müddəti valideyinin və ya digər qanuni nümayəndəsinin müraciəti əsasında uzadılır.

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ödədiyi dövlət rüsumunun məbləğinə müvafiq olaraq həmin qanunda nəzərdə tutulmuş (1 iş günü və 3 iş günü) müddətlərdə baxılır və müvafiq qərar qəbul edilir.

Azərbaycan Respublikasına gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti olma müddəti onların və ya qanuni nümayəndələrinin müraciəti əsasında Miqrasiya Məcəlləsinin 40-cı maddəsində nəzərdə tutulan hallarda 60 günədək uzadıla bilər.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur