Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması üçün müvəqqəti olma müddətinin bitməsinə azı 3 iş günü qalmış (tranzit keçid zamanı məcburi dayanma halları istisna olmaqla) müraciət edilməlidir. |
Əmək müqaviləsi vaxtından əvvəl pozulduqda və əməkçi miqrantın Azərbaycan Respublikasında qalması üçün başqa əsas olmadıqda, o, 10 iş günü müddətində Azərbaycan Respublikasının ərazisini tərk etməlidir.
Əcnəbi və ya vətəndaşlığı olmayan şəxslə işəgötürən arasında bağlanılmış əmək müqaviləsi vaxtından əvvəl pozulduqda işəgötürən bu barədə 5 iş günü ərzində Dövlət Miqrasiya Xidmətinə məlumat verməlidir. Əmək müqaviləsi vaxtından əvvəl pozulduqda, şəxsə verilmiş iş icazəsi öz qüvvəsini itirir.
İş icazəsinin müddətinin uzadılması üçün işəgötürən iş icazəsinin müddətinin bitməsinə azı 30 gün qalmış Dövlət Miqrasiya Xidmətinə ərizə ilə müraciət etməlidir.
İş icazəsi 1 il müddətinə, əmək müqaviləsinin 1 ildən az müddətə bağlanılması nəzərdə tutulduqda isə həmin müddətə verilir. İş icazəsinin müddəti, Miqrasiya Məcəlləsinin 69.1-1-ci maddəsi nəzərə alınmaqla (Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində əmək fəaliyyətinə cəlb edilənlərə münasibətdə iş icazəsinin müddəti hər dəfə 2 ildən çox olmamaq şərtilə uzadıla bilər), hər dəfə 1 ildən çox olmamaq şərti ilə uzadıla bilər.
Hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri əcnəbi və vətəndaşlığı olmayan şəxs Azərbaycan Respublikasının hüdudlarından kənarda olduqda da ona iş icazəsinin alınması üçün müraciət edə bilərlər.
Daxili əmək bazarının tələbatı nəzərə alınmaqla, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına əmək miqrasiyasına müvafiq icra hakimiyyəti orqanı tərəfindən ayrı-ayrı fəaliyyət istiqamətləri üzrə məhdudiyyət qoyula bilər.
“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ödədiyi dövlət rüsumunun məbləğinə müvafiq olaraq həmin qanunda nəzərdə tutulmuş (10 iş günü, 15 iş günü və 20 iş günü) müddətlərdə baxılır və müvafiq qərar qəbul edilir.
İş icazəsi alınması üçün (viza rejimli ölkələr üçün) müraciət zamanı əmək və ya işgüzar səfər vizasının olması tələb edilir.
Azərbaycan Respublikası vətəndaşlığına qəbul, bərpa və ya vətəndaşlığına xitam verilmə barədə Azərbaycan Respublikası ərazisində yaşayan şəxslər Dövlət Miqrasiya Xidmətinə, (Regional miqrasiya idarələrində və “ASAN Xidmət” vasitəsi ilə) xarici dövlətlərdə yaşayan şəxslər isə Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və ya konsulluq idarələri vasitəsi ilə Xarici İşlər Nazirliyinə müraciət edirlər.
Azərbaycan Respublikası vətəndaşlığının əldə edilməsi
- “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikasının ərazisində son beş il ərzində fasiləsiz olaraq qanuni əsaslarla daimi yaşayan, qanuni gəlir mənbəyi olan, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına riayət olunması barədə öhdəlik götürən, habelə Azərbaycan Respublikasının dövlət dilini bilməsi haqqında sənəd təqdim edən əcnəbi və vətəndaşlığı olmayan şəxs mənşəyindən, irqi və milli mənsubiyyətindən, cinsindən, təhsilindən, dinə münasibətindən, siyasi və başqa əqidələrindən asılı olmayaraq, qanunvericiliyə müvafiq surətdə öz vəsatəti ilə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilər.
Əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının ərazisində daimi yaşama müddəti ona qanunvericiliklə müəyyən edilmiş qaydada daimi yaşamaq üçün icazə verildiyi gündən hesablanır.
Azərbaycan Respublikası vətəndaşlığının bərpa edilməsi
- “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əvvəllər Azərbaycan Respublikasının vətəndaşı olmuş və ya Azərbaycan Respublikası vətəndaşlığına xitam verilmiş şəxsin vəsatəti ilə o, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin ikinci hissəsində sadalanmış məhdudiyyətlər nəzərə alınmaqla Azərbaycan Respublikasının vətəndaşlığına bərpa edilə bilər.
Azərbaycan Respublikası vətəndaşlığına xitam verilməsi
- “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikasının vətəndaşlığına aşağıdakı hallarda xitam verilir
1) Azərbaycan Respublikasının vətəndaşlığından çıxmaq nəticəsində;
2) Azərbaycan Respublikasının vətəndaşlığını itirmək nəticəsində;
3) Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş əsaslar olduqda;
4) Bu qanunda nəzərdə tutulmuş digər əsaslar olduqda.
- Azərbaycan Respublikasının vətəndaşlığından çıxma bu qanunla müəyyənləşdirilmiş qaydada şəxsin vəsatəti üzrə həyata keçirilir.
Ərizələr poçt vasitəsilə, ASAN Xidmət, regional miqrasiya idarələrində, həmçinin elektron qaydada (www.migration.gov.az saytında əlaqə pəncərəsindən məktub yazmaq xanasına daxil olmaqla) qəbul olunur.