Aşağıdakı hallarda əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün iş icazəsinin alınması tələb olunmur:

     1.Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazəsi olanlara;

  1. Azərbaycan Respublikasının ərazisində sahibkarlıq fəaliyyəti ilə məşğul olanlara;
  2. diplomatik nümayəndəlik və konsulluqlarda işləyənlərə;
  3. beynəlxalq təşkilatlarda işləyənlərə;
  4. beynəlxalq müqavilələr əsasında yaradılmış təşkilatların rəhbərlərinə və onların müavinlərinə;
  5. müvafiq icra hakimiyyəti orqanları tərəfindən işə cəlb edilənlərə;
  6. Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrə xidmətə və ya işə dəvət olunan hərbi qulluqçulara və mütəxəssislərə;
  7. media subyektlərinin Azərbaycan Respublikasında akkreditə olunmuş əməkdaşlarına;
  8. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi fəaliyyət sahələri üzrə il ərzində 90 gündən çox olmayan müddətdə Azərbaycan Respublikasında ezamiyyətdə olanlara;
  9. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi fəaliyyət sahələri üzrə işlərin görülməsi və ya xidmətlərin göstərilməsi üçün Azərbaycan Respublikasının vətəndaşları və ya Azərbaycan Respublikasında təsis edilmiş hüquqi şəxslər tərəfindən dəvət edilmiş müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi kateqoriyaya aid mütəxəssislərə;
  10. dənizçilərə;
  11. ali təhsil müəssisələrində mühazirə kurslarının oxunması üçün dəvət edilən professor-müəllim heyətinə və mühazirəçilərə;
  12. incəsənət işçilərinə, müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatından keçmiş idman klublarına işə dəvət olunan məşqçilərə və idmançılara;
  13. dövlət qeydiyyatına alınmış dini qurumlarda peşəkar dini fəaliyyətlə məşğul olanlara;
  14. xarici hüquqi şəxsin Azərbaycan Respublikasındakı filial və nümayəndəliyinin rəhbərləri və onların müavinlərinə;
  15. Azərbaycan Respublikasında təsis edilmiş və təsisçisi və ya təsisçilərdən ən azı biri xarici hüquqi və ya fiziki şəxs olan hüquqi şəxslərin rəhbərlərinə və həmin hüquqi şəxsin nizamnamə kapitalında azı 51 faiz paya (səhmə) malik təsisçiyə (təsis etdiyi hüquqi şəxsdə fəaliyyət göstərdikdə);
  16. Azərbaycan Respublikasının vətəndaşı ilə nikahda olanlara, bu şərtlə ki, həmin vətəndaş Azərbaycan Respublikasının ərazisində yaşayış yeri üzrə qeydiyyatda olsun;
  17. qaçqın statusunun verilməsi üçün vəsatət verən, qaçqın statusu almış və ya siyasi sığınacaq verilmiş şəxslərə;
  18. İnsan alverindən zərər çəkmiş hesab edilən və ya cinayət təqibi orqanlarına yardım göstərən şəxslərə;
  19. himayəsində 18 yaşına çatmamış və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş Azərbaycan Respublikasının vətəndaşı olanlara;
  20. müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən hallarda əmək fəaliyyətinə cəlb olunan şəxslərə;
  21. Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumunun, inzibati müəssisələrinin və hüquqi şəxslərinin Ələt azad iqtisadi zonasının ərazisində işə cəlb etdiyi şəxslərə, habelə bu hüquqi şəxslərin təsisçilərinə.
  22. texnologiyalar parkının rezidentinə (hüquqi şəxsə münasibətdə onun rəhbəri və müavinləri vəzifəsini tutanlar) və həmin rezident tərəfindən Azərbaycan Respublikasının ərazisində əmək fəaliyyətinə cəlb edilən informasiya və kommunikasiya texnologiyaları sahəsində təcrübəsi olan mütəxəssislərə.

İş icazəsinin alınması (müddətinin uzadılması) üçün müraciətlər  “ASAN Xidmət” mərkəzləri, regional miqrasiya idarələrində və elektron qaydada  (www.migration.gov.az saytında elektron xidmətlər bölməsinə keçid etməklə “Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları üçün iş icazəsinin verilməsi” və “Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları üçün iş icazəsinin müddətinin uzadılması” elektron xidmətlərinə
(
https://eservice.migration.gov.az/login?isFullAsan=ok&returnUrl=%2Fapp%2Foffical-application-create%2F9;https://eservice.migration.gov.az/login?isFullAsan=ok&returnUrl=%2Fapp%2Foffical-application-create%2F10) daxil olmaqla) qəbul olunur.

Aşağıdakı hallarda əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə verilmir və ya əvvəllər verilmiş icazənin müddəti uzadılmır (https://migration.gov.az/content/pdf/5d5e2952be6e9_MM%20(1).pdf).

  1. Azərbaycan Respublikasının milli təhlükəsizliyinə və ya ictimai asayişə zərər vurula biləcəyi hallarda;
  2. Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən təhlükəli yoluxucu xəstəlik virusu daşıyıcısı olduqda (Azərbaycan Respublikasının vətəndaşı ilə nikahda olanlar istisna olmaqla);
  3. Şəxsiyyətini təsdiq edən sənədləri olmadıqda və ya Miqrasiya Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulan sənədlərdən biri və ya bir neçəsi təqdim edilmədikdə;
  4. Azərbaycan Respublikasında daimi yaşamaq icazəsi almaq üçün saxta sənədlər təqdim edildikdə və ya yalan məlumatlar verildikdə;
  5. Qəsdən ağır və ya xüsusilə ağır cinayət törətdiyinə görə məhkum olunduqda, əgər məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmişdirsə və ya götürülməmişdirsə;
  6. Özlərinin və onlarla gələn ailə üzvlərinin minimal tələbatını ödəyə bilən vəsaiti olmadıqda (yaxın qohumu olan Azərbaycan Respublikasının vətəndaşı və ya Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə almış şəxs ölkədə qaldıqları vaxtda onların təminatını öz üzərinə götürdüyü hallar istisna olmaqla);
  7. Əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin (onunla gələn ailə üzvlərinin) maddi təminatını üzərinə götürmüş şəxs tərəfindən belə təminatdan imtina etmə ilə bağlı müraciət olunduğu halda, 10 iş günü ərzində özünün və onunla gələn ailə üzvlərinin minimal tələbatının ödənilməsi barədə başqa sənəd təqdim edə bilmədikdə;
  8. Miqrasiya Məcəlləsinin 53.1.14-cü maddəsində nəzərdə tutulan razılıq ərizəsini vermiş şəxslər tərəfindən əcnəbi və ya vətəndaşlığı olmayan şəxsin qeydiyyatdan çıxarılması barədə müraciət olunduğu halda, 10 iş günü ərzində qeydiyyata alınmaq üçün başqa yaşayış sahəsinə dair sənədlər təqdim etmədikdə;
  9. Xarici dövlətdə daimi yaşamaq üçün Azərbaycan Respublikasının ərazisini tərk etdikdə;
  10. Daimi yaşamaq üçün icazənin verildiyi gündən hesablanmaqla istənilən bir il ərzində Azərbaycan Respublikasının ərazisindən kənarda olduğu günlərin cəmi 180 gündən çox olduqda (bu hal Miqrasiya Məcəlləsinin 45.1.2-ci və 45.1.7-ci maddələrində nəzərdə tutulmuş əsaslarla müvafiq icazə alan şəxslərə şamil edilmir) olduqda;
  11. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamağa icazə alınması üçün əsas olmuş hallar aradan qalxdıqda;
  12. Azərbaycan Respublikasının ərazisində daimi yaşayan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş hüquq və vəzifələrini, habelə dövlət dilini bilmədikdə;
  13. Azərbaycan Respublikasında olması arzuolunmaz hesab edildikdə;
  14. Barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılma barədə qərar qəbul edildikdə;
  15. Azərbaycan Respublikasının ərazisində daimi yaşadığı dövrdə Azərbaycan Respublikasına gəlişinin bəyan edilmiş məqsədini pozduqda;
  16. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarını pozduğuna görə barəsində tətbiq edilmiş inzibati cəriməni ödəmədikdə.

Aşağıdakı hallarda əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə verilir.

Aşağıda qeyd olunan əsaslarla müvafiq icazə əsasında son 2 il ərzində fasiləsiz olaraq Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bu Məcəllənin 45.1.8–45.1.11-ci maddələrində nəzərdə tutulmuş əsaslarla Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə almış əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin ailə üzvü olduğuna görə müvəqqəti yaşamaq üçün icazə almış şəxslər istisna olmaqla) Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq icazəsi almaq üçün vəsatət verə bilərlər.

  • Azərbaycan Respublikasının vətəndaşı ilə yaxın qohumluq münasibətlərində olduqda;
  • Ölkə iqtisadiyyatına azı 500.000 manat məbləğində investisiya qoyduqda;
  • Azərbaycan Respublikasının ərazisində azı 100.000 manat dəyərində daşınmaz əmlakı olduqda;
  • Azərbaycan Respublikasında fəaliyyət göstərən banklara müddətli əmanət müqaviləsi əsasında azı 100.000 manat məbləğində pul vəsaiti qoyduqda;
  • İqtisadiyyat, sənaye, hərbi, elm, mədəniyyət, idman və digər sahələr üzrə yüksək səviyyəli mütəxəssis olduqda;
  • Azərbaycan Respublikasının Prezidentinin müəyyən etdiyi fəaliyyət sahələri üzrə işlərin görülməsi və ya xidmətlərin göstərilməsi üçün Azərbaycan Respublikasının vətəndaşları və ya Azərbaycan Respublikasında təsis edilmiş hüquqi şəxslər tərəfindən dəvət edilmiş Azərbaycan Respublikasının Prezidentinin müəyyən etdiyi kateqoriyaya aid mütəxəssis olduqda;
  • Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşayan əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin ailə üzvləri olduqda;
  • Xarici hüquqi şəxsin Azərbaycan Respublikasındakı filial və nümayəndəliyinin rəhbəri və onun müavini vəzifəsini tutduqda;
  • Azərbaycan Respublikasında təsis edilmiş və təsisçisi və ya təsisçilərindən ən azı biri xarici hüquqi və ya fiziki şəxs olan hüquqi şəxsin rəhbəri və onun müavini vəzifəsini tutduqda;
  • Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti ilə məşğul olduqda.

Daimi yaşamaq icazəsi müraciətləri “ASAN Xidmət”, Regional miqrasiya idarələrində və ya elektron qaydada  (www.migration.gov.az saytında elektron xidmətlər-ə keçid etməklə daimi yaşamaq üçün icazə pəncərəsinə daxil olmaqla) qəbul olunur.

Dövlət Miqrasiya Xidmətinin rəsmi internet səhifəsində müraciətlərin izlənməsi xanasından (elektron xidmətlər bölməsi) müraciətin statusunu, ödənişlərin axtarışı xanasından ödəniş kodunu əldə etmək olar. Ödənişləri isə Dövlət Miqrasiya Xidmətinin rəsmi internet səhifəsində onlayn ödəmə xanasından (elektron xidmətlər bölməsi), bank filialları, həmçinin expressPay və ASAN ödəniş terminalları vasitəsilə etmək mümkündür.

Müvəqqəti olma müddətinin uzadılması üçün müraciətlər  “ASAN Xidmət” mərkəzləri, regional miqrasiya idarələrində və elektron qaydada  (www.migration.gov.az saytında elektron xidmətlər bölməsinə keçid etməklə “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması”

(https://eservice.migration.gov.az/public/create-mom-application) elektron xidmətinə daxil olmaqla) qəbul olunur.

Aşağıdakı hallarda əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin müvəqqəti olma müddəti uzadılır:

1.  Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində təcili müalicə olunmasına zərurət yarandıqda;

2.  Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında yaşayan yaxın qohumları ağır xəstələndikdə və ya vəfat etdikdə;

3.  Xidməti zərurətlə əlaqədar Azərbaycan Respublikasına gəlmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən nəzərdə tutulmuş işlərin başa çatdırılmadığına dair həmin şəxsləri ölkəyə dəvət etmiş təşkilat tərəfindən əsaslandırılmış vəsatət verildikdə;

4. Nəqliyyatın hərəkətinə mane olan təbii fəlakət baş verdikdə;

5. Avtonəqliyyat vasitəsinin (onun hissələrinin) sıradan çıxması, yaxud yol-nəqliyyat hadisəsi nəticəsində təmirə ehtiyac yarandıqda (müvafiq sənəd təqdim edildikdə);

6. Azərbaycan Respublikasının ərazisindən keçən şəxslər xəstələndikdə (bu halda keçidin davam etdirilməsinin xəstənin səhhəti üçün təhlükə törətdiyinə dair həkimin rəyi olmalıdır);

7. Əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin atasının, anasının, ərinin (arvadının), övladının, qardaşının, bacısının Azərbaycan Respublikasında müvəqqəti olma müddəti uzadıldıqda. Tranzit keçid zamanı məcburi dayanma baş verdikdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddəti Miqrasiya Məcəlləsinin 41–43-cü maddələrinə uyğun olaraq məcburi dayanmanın səbəbləri aradan qalxanadək artırılır.

Miqrasiya Məcəlləsinin 19.4.3-cü maddəsində nəzərdə tutulmuş halda xəstə şəxslə birlikdə onun yaxın qohumları olduqda, məcburi dayanma onlara da şamil edilir.

Müvəqqəti yaşama icazəsinin alınması (uzadılması) üçün müraciətlər “ASAN Xidmət” mərkəzləri, regional miqrasiya idarələrində və elektron qaydada  (www.migration.gov.az saytında elektron xidmətlər bölməsinə keçid etməklə “Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsi (müddətinin uzadılması) elektron                       xidmətinə (https://eservice.migration.gov.az/login?returnUrl=%2Fapp%2Foffical-application-create%2F2)  daxil olmaqla) qəbul olunur.

Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə əsasən aşağıdakı hallarda əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilmir və ya müddəti uzadılmır (https://migration.gov.az/content/pdf/5d5e2952be6e9_MM%20(1).pdf).

  1. Azərbaycan Respublikasının milli təhlükəsizliyinə və ya ictimai asayişə zərər vurula biləcəyi hallarda;
  2. Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə almaq məqsədi ilə saxta sənədlər və ya yalan məlumatlar təqdim etdikdə;
  3. Şəxsiyyətini təsdiq edən sənədləri olmadıqda və ya Miqrasiya Məcəlləsinin 46-cı maddəsində nəzərdə tutulan sənədlərdən biri və ya bir neçəsi təqdim edilmədikdə;
  4. Pasportunun və ya digər sərhədkeçmə sənədinin etibarlılıq müddətinin bitməsinə 3 aydan az vaxt qaldıqda;
  5. Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilən təhlükəli yoluxucu xəstəliklərin siyahısında nəzərdə tutulmuş xəstəlik virusu daşıyıcısı olduqda (Azərbaycan Respublikasının vətəndaşı ilə nikahda olanlar istisna olmaqla);
  6. Əvvəllər Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılmaqla,həmin şəxslərin ölkəyə girişinə məhdudiyyət qoyulduqda;
  7. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamağa icazə alınması üçün əsas olmuş hal aradan qalxdıqda və müvəqqəti yaşamağa icazə alınması ilə bağlı Miqrasiya Məcəlləsində nəzərdə tutulmuş digər əsaslar olmadıqda;
  8. Miqrasiya Məcəlləsinin 46.1.10-cu maddəsində nəzərdə tutulan razılıq ərizəsini vermiş şəxslər tərəfindən əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin qeydiyyatdan çıxarılması barədə müraciət olunduğu halda, 10 iş günü ərzində qeydiyyata alınmaq üçün başqa yaşayış sahəsinə dair sənədlər təqdim etmədikdə;
  9. 180 gün ərzində 90 gündən çox Azərbaycan Respublikasının ərazisindən kənarda olduqda;
  10. Xarici dövlətdə daimi yaşamaq üçün Azərbaycan Respublikasının ərazisini tərk etdikdə;
  11. Azərbaycan Respublikasında olması arzuolunmaz hesab edildikdə;
  12. Barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılma barədə qərar qəbul edildikdə;
  13. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşadığı dövrdə Azərbaycan Respublikasına gəlişinin bəyan edilmiş məqsədini pozduqda;
  14. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarını pozduğuna görə barəsində tətbiq edilmiş inzibati cəriməni ödəmədikdə.

Qeyd. Miqrasiya Məcəlləsinin 50.1.4-cü, 50.1.5-ci, 50.1.6-cı və 50.1.12-ci maddələri ilə müəyyən edilmiş müvəqqəti yaşamaq üçün icazə verilməsindən imtina halları insan alverindən zərər çəkmiş hesab olunan və ya cinayət təqibi orqanlarına yardım göstərən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə şamil edilmir.

Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə aşağıdakı hallarda Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilir (müddəti uzadılır): 

1. Azərbaycan Respublikasının vətəndaşı ilə yaxın qohumluq münasibətlərində olduqda;

2. Miqrasiya  Məcəlləsinin 45.1.3-45.1.3-2-ci maddələrində nəzərdə tutulmuş hallar da nəzərə alınmaqla, ölkə iqtisadiyyatına qoyduğu investisiya məbləğinin cəmi azı 500.000 manat olduqda;

3. Azərbaycan Respublikasının ərazisində azı 100.000 manat dəyərində daşınmaz əmlakı olduqda;

4. Azərbaycan Respublikasında fəaliyyət göstərən banklara müddətli əmanət müqaviləsi əsasında azı 100.000 manat məbləğində pul vəsaiti qoyduqda;

5. nominal dəyəri azı 100.000 manat olan dövlət qiymətli kağızlarına və ya eyni həcmdə paylarının (səhmlərinin) 51 və daha artıq faizi dövlətə məxsus olan hüquqi şəxslərin investisiya qiymətli kağızlarına malik olduqda;

6. iqtisadiyyat, sənaye, hərbi, elm, mədəniyyət, idman və digər sahələr üzrə yüksək səviyyəli mütəxəssis olduqda;

7. Miqrasiya Məcəlləsinin 64.0.8-1-ci maddəsində nəzərdə tutulmuş mütəxəssis olduqda;

8. Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşayan əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin ailə üzvləri olduqda;

9. xarici hüquqi şəxsin Azərbaycan Respublikasındakı filial və nümayəndəliyinin rəhbəri və onun müavini vəzifəsini tutduqda;

10. Azərbaycan Respublikasında təsis edilmiş, ödənilmiş nizamnamə kapitalı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş miqdardan az olmayan, təsisçisi və ya təsisçilərdən ən azı biri xarici hüquqi və ya fiziki şəxs olan hüquqi şəxsin rəhbəri vəzifəsini tutduqda və ya həmin hüquqi şəxsin paylarının (səhmlərinin) azı 51 faizinə sahib olduqda;

11. Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti ilə məşğul olduqda;

12. Miqrasiya Məcəlləsinin 64.0.6-cı, 64.0.6-1-ci, 64.0.7-ci, 64.0.9-cu, 64.0.10-cu, 64.0.11-ci, 64.0.17-ci, 64.0.18-ci və 64.0.19-cu maddələrində nəzərdə tutulan hallarda;

13. Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün Miqrasiya Məcəlləsi ilə müəyyən edilmiş qaydada iş icazəsi aldıqda;

14. Azərbaycan Respublikasının ali və orta ixtisas təhsili müəssisələrində əyani formada, habelə peşə təhsili və ümumi təhsil müəssisələrində təhsil aldıqda; 

15. dövlət qeydiyyatına alınmış dini qurumlarda peşəkar dini fəaliyyətlə məşğul olduqda;

16. insan alverindən zərər çəkmiş şəxs hesab olunduqda;

17. cinayət təqibi orqanlarına yardım göstərdikdə;

18.Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş əsaslar olduqda.

Olduğu yer üzrə qeydiyyata düşmək üçün əcnəbinin ölkəyə gəldiyi vaxtdan 15 gün ərzində (Qazaxıstan Respublikasının vətəndaşları 30 gün ərzində) elektron qaydada Dövlət Miqrasiya Xidmətinin rəsmi  internet səhifəsindən elektron xidmətlər, elektron poçt (qeydiyyat@migration.gov.az) vasitəsilə və ya regional miqrasiya idarələrinə, yaxud "ASAN Xidmət" mərkəzlərinə müraciət edilməlidir. Dövlət Miqrasiya Xidmətinin rəsmi internet səhifəsinin “elektron xidmətlər” bölməsinə daxil olmaqla “qeydiyyat statusunun yoxlanılması” və “müraciətlərin izlənməsi” xanalarında statusun aktivliyini, həmçinin MİG.AZ mobil tətbiqi vasitəsilə (müraciətlərin izlənməsi pəncərəsində), arayışa daxil olmaqla olduğu yer üzrə qeydiyyat nömrəsini və etibarlılıq müddətini əldə etmək mümkündür.

 

1.  Müvəqqəti olma müddətinin uzadılması üçün

Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin bitməsinə azı 3 iş günü qalmış (tranzit keçid zamanı məcburi dayanma halları istisna olmaqla) müraciət edilməlidir.

2.  Müvəqqəti yaşamaq icazəsi üçün

Azərbaycan Respublikasının ərazisində müvəqqəti olma və ya müvəqqəti yaşama  müddətinin bitməsinə azı 30 gün qalmış müraciət edilməlidir.

3.  Daimi yaşamaq icazəsi üçün

Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşama icazəsinin müddətinin bitməsinə ən azı 3 ay qalmış müraciət edilməlidir.

4.   İş icazəsi üçün

İşəgötürən iş icazəsinin müddətinin bitməsinə azı 30 gün qalmış müraciət etməlidir.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur