Bakıda Almatı Prosesinin 3-cü Nazirlər Konfransı keçirilib
Azərbaycan Respublikasının Mərkəzi Asiya regionunda beynəlxalq miqrasiya və qaçqınların müdafiəsi üzrə regional məşvərətçi platforma olan Almatı Prosesinə sədrliyinin yekunu olaraq cari ilin 24 aprel tarixində Bakıda Prosesin 3-cü Nazirlər Konfransı keçirilib.
Konfransdan öncə iştirakçılar Ümummilli Lider Heydər Əliyevin Fəxri Xiyabanda məzarını ziyarət edib, məzarı önünə əklil qoyublar. Sonra qonaqlar Şəhidlər Xiyabanına gələrək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Qonaqlar həmçinin Bakıda Zəfər Parkını ziyarət ediblər. Onlara xalqımızın Vətən müharibəsində göstərdiyi qəhrəmanlığının və tarixi Zəfərimizin, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkı barədə ətraflı məlumat verilib.
Daha sonra Almatı Prosesinin 3-cü Nazirlər Konfransı öz işinə başlayıb. Nazirlər Konfransının işində Azərbaycan Respublikası ilə yanaşı, Türkiyənin daxili işlər nazirinin müavini, Pakistanın xaricdə yaşayan pakistanlılar və insan resurslarının inkişafı üzrə dövlət naziri, Qazaxıstanın əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, Tacikistanın əmək, miqrasiya və əhalinin məşğulluğu nazirinin müavini, Türk Dövlətləri Təşkilatının Baş katibi, BMqT-nin Avropa və Mərkəzi Asiya üzrə regional direktoru, Özbəkistanın Miqrasiya Agentliyi rəisinin müavini, Qırğız Respublikasının Əmək, Sosial Təminat və Miqrasiya Nazirliyinin şöbə müdiri, Türkmənistanın Azərbaycandakı səfiri və İtaliyanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkilinin rəhbərlik etdiyi nümayəndə heyətləri iştirak edib.
Konfransı giriş sözü ilə açan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov qonaqları salamlayaraq, Almatı Prosesinin əhəmiyyəti, Azərbaycanın miqrasiya idarəçiliyi və ölkəmizin bu prosesə iki illik sədrliyi çərçivəsində əldə etdiyi nailiyyətləri, təşəbbüsləri, xüsusilə Bakı Bəyannaməsinin önəmini diqqətə çatdırıb. Bildirib ki, 44 günlük Vətən müharibəsi nəticəsində ərazi bütövlüyümüzün bərpası ölkənin inkişaf gündəliyində yeni prioritetlər müəyyənləşdirməklə yanaşı, Azərbaycanda və regionda miqrasiya baxımından da yeni reallıqlar yaradıb.
Tədbirdə həmçinin Beynəlxalq Miqrasiya Təşlikatının Avropa və Mərkəzi Asiya üzrə regional direktoru cənab Artur Erken, Almatı Prosesinə üzv, müşahidəçi və dəvət olunmuş dövlətlərin nümayəndələri çıxış edərək Almatı Prosesinin gələcək fəaliyyətindən və iştirakçı dövlətlərin miqrasiya sahəsində milli təcrübələrindən bəhs ediblər.
Sonra Azərbaycan Respublikasının Almatı Prosesindəki ikiillik sədrliyinin fəaliyyətinə dair videoicmal nümayiş olunub.
Tədbirin davamında Azərbaycan Respublikası tərəfindən Almatı Prosesində iştirak edən tərəflərlə məsləhətləşmələr çərçivəsində hazırlanmış və miqrasiyanın regional inkişafa töhfələrinin artırılması, iqlim dəyişmələrinin insanların yerdəyişməsinə mənfi təsirlərinin azaldılması, habelə miqrasiya üzrə məlumat mübadiləsinin genişləndirilməsi üçün əməkdaşlığı təşviq edən Bakı Bəyannaməsi qəbul edilib. Almatı Prosesinə növbəti iki il üçün sədrlik Qazaxıstan Respublikasına ötürülüb və Qazaxıstan Respublikası tərəfindən qarşıdan gələn sədrlik üçün prioritetlərinin təqdimatı keçirilib.
Tədbirdə xatirə şəkli çəkdirilib.
Daha sonra Almatı Prosesi çərçivəsində dialoq və əməkdaşlığın perspektivlərinə dair plenar müzakirələr aparılıb, Prosesin inkişafı ilə bağlı müvafiq təkliflər irəli sürülüb.
Bununla yanaşı tədbir çərçivəsində Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynovun Türkiyə Respublikası, Qazaxıstan Respublikası, Tacikistan Respublikası, Qırğız Respublikası və Özbəkistan Respublikası nümayəndə heyətlərinin rəhbərləri, o cümlədən Türk Dövlətləri Təşkilatının Baş katibi ilə ikitərəfli görüşləri keçirilib və miqrasiya sahəsində qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.