Azərbaycan Respublikasının ərazisində olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər ölkəyə gəlişinin bəyan edilmiş məqsədlərinə riayət etməli və müəyyən olunmuş müddət bitdikdən sonra ölkə ərazisini tərk etməlidirlər.

Viza əsasında Azərbaycan Respublikasına gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti olma müddəti vizada göstərilən qalma müddətindən, viza tələb olunmayan qaydada Azərbaycan Respublikasına gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin isə ölkədə müvəqqəti olma müddəti, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallar istisna olmaqla, 90 gündən artıq ola bilməz.

Bu müddət bitənədək əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti olma müddəti uzadılmamışdırsa, onlara müvəqqəti yaşamaq üçün icazə verilməmişdirsə, habelə onlardan müvəqqəti olma müddətinin uzadılması  və ya müvəqqəti yaşama icazəsinin verilməsi üçün ərizə qəbul edilməmişdirsə, onlar Azərbaycan Respublikasının ərazisini tərk etməlidirlər.

Azərbaycan Respublikasının vətəndaşlığı ilə yanaşı, digər dövlətin (dövlətlərin) vətəndaşı olan şəxsin Azərbaycan Respublikasının ərazisində olduğu dövrdə Azərbaycan Respublikası vətəndaşlığına xitam verildikdə, həmin şəxs bu barədə rəsmi məlumat aldığı tarixdən 30 gün ərzində ölkəni tərk etməli, yaxud bu Məcəllənin 45-ci maddəsində müəyyən edilmiş əsaslar olduğu təqdirdə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşama icazəsinin alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidir. Belə müraciətə baxıldığı dövrdə şəxs Azərbaycan Respublikasının ərazisində qanuni əsaslarla müvəqqəti olan hesab edilir.

Əcnəbilər və vətəndaşlığı olmayan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarının qanuni tələblərinə əsasən, şəxsiyyətlərini təsdiq edən, habelə Azərbaycan Respublikasının ərazisində qanuni əsaslarla olmalarını və ya yaşamalarını təsdiq edən sənədləri təqdim etməlidirlər.

 


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur