Avropa Komissiyasının Genişlənmə üzrə Baş Direktorluğunun İnstitusional Quruculuq Bölməsi tərəfindən idarə olunan TAİEX –Texniki Yardım və İnformasiya Mübadiləsi institusional quruculuq alətidir.

TAİEX yardım aləti çərçivəsində Dövlət Miqrasiya Xidməti bir sıra layihələr həyata keçirmişdir. Belə ki, TAİEX çərçivəsində 2012-ci ildə “Rumıniyada sığınacaq prosedurları ilə tanışlıq” və “Sığınacaq prosedurunda keyfiyyətin təmin edilməsi üçün vasitələr və standartlar” adlı layihələr icra olunmuşdur. Layihələr çərçivəsində Xidmət əməkdaşlarının Rumıniyaya, həmçinin Rumıniyanın müvafiq orqanının ekspertlərinin ölkəmizə səfərləri reallaşmışdır. Layihələrin məqsədləri sığınacaq müraciətlərinin tədqiqi, müsahibə metodları, dövlət sərhədində sığınacaq proseduru ilə bağlı məlumat mübadiləsi, sığınacaq sahəsində Avropa siyasəti, mənşə ölkələri haqqında məlumat portalları, faktın aşkarlanması üzrə ümumi vəzifələr, mənşə ölkəsi barədə informasiya standartları ilə tanışlıq olmuşdur.

Eyni zamanda, Avropa İttifaqının Aİ) TAİEX texniki yardım aləti çərçivəsində 12-14 noyabr 2012-ci il tarixdə “Readmissiya” mövzusunda təşkil olunan təlim səfərində Dövlət Miqrasiya Xidmətinin əməkdaşları iştirak etmişlər.

2015-ci ildə Portuqaliya Respublikasının Lissabon şəhərinə “Qaçqın statusu almış şəxslərin yerli şəraitə inteqrasiyası və davamlı həll yolu kimi qaçqınların məskunlaşdıqları ölkənin təbəəliyinə keçməsi məsələlərinin öyrənilməsi” mövzusunda təlim səfəri təşkil edilmişdir. Təlim səfərinin məqsədi Aİ Üzv Dövlətlərində qaçqın statusu verilmiş şəxslərin cəmiyyətə inteqrasiyası, eləcə də onların sonrakı mərhələlərdə daimi olaraq yaşadıqları ölkənin vətəndaşlığına qəbulu prosedurları ilə bağlı təcrübənin öyrənilməsi, habelə bu sahədə müvafiq qanunvericilik aktları və Aİ Direktivləri ilə tanışlıq olmuşdur.

Bundan başqa, 2015-ci ildə “Aİ üzv dövlətində miqrasiya sahəsində elektron məlumat bazaları ilə tanışlıq” adlı TAİEX layihəsi həyata keçirilmişdir. Sözügedən layihə çərçivəsində miqrantlarla bağlı elektron informasiya bazası, biometrik məlumatların götürülməsi prosesi, eləcə də bu sahədə  müvafiq qanunvericilik aktları və Aİ Direktivləri ilə tanışlıq məqsədilə Rumıniyanın Buxarest şəhərinə təlim səfəri təşkil edilmişdir.

25-27 aprel 2016-cı il tarixdə isə “Aİ Üzv Dövlətlərində qanunsuz miqrantların saxlanılma mərkəzləri və onlara alternativ saxlanılma yerləri ilə tanışlıq” adlı TAİEX layihəsi çərçivəsində Brüssel şəhərinə təlim səfəri təşkil edilmişdir. Layihədə məqsəd qanunsuz miqrantların saxlanılma mərkəzləri və onların alternativ təşkili sahəsində Aİ Üzv Dövlətlərinin təcrübəsi, bu sahədə qanunvericilik aktları və mövcud prosedurlarla tanışlıq olmuşdur.

6-7 aprel 2017-ci il tarixlərdə Bakı şəhərində “Avropa İttifaqı Üzv Dövlətlərində məqsədli nikahların aşkar edilməsi prosedurları və bu halların aradan qaldırılması ilə bağlı tətbiq edilən qanunvericilik” mövzusunda TAİEX seminarı keçirilmiş, və müxtəlif dövlət və qeyri-hökumət strukturlarından 60-dək nümayəndə tədbirdə iştirak etmişdir.

1-3 oktyabr 2019-cu il tarixlərdə Dövlət Miqrasiya Xidmətində Avropanın Sərhəd və Sahil Mühafizəsi Agentliyindən (FRONTEX) və Sloveniya Respublikasından cəlb olunan ekspertlərin iştirakı ilə “Qanunsuz miqrasiya üzrə risklərin təhlili”nə dair ekspert missiyası təşkil olunmuşdur. DMX ilə yanaşı, Xarici İşlər Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndələrin iştirakı ilə keçirilən missiya çərçivəsində risk mənbələri, miqrasiya idarəetməsində risklərin təhlili hesabatlarının rolu, onların hazırlanması proseduru və əsas metodologiyası, eləcə də qeyri-qanuni miqrasiyanın təkanverici amilləri kimi mövzularda Avropa İttifaqının qabaqcıl təcrübəsi barədə ətraflı məlumat verilmişdir.

Bununla yanaşı, Dövlət Miqrasiya Xidməti tərəfindən ünvanlanmış “Saxlama mərkəzlərində həssas qruplar və miqrantlarla davranış” mövzusunda seminarın ölkəmizdə təşkil edilməsinə dair yeni TAİEX müraciət forması Avropa İttifaqı tərəfindən qəbul edilmiş və missiya 13-14 noyabr 2019-cu il tarixlərdə baş tutmuşdur.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur