1. “Azərbaycanla Yerdəyişmə üzrə Tərəfdaşlığın İcrasına Dəstək (MOBILAZE -2)“ layihəsi
Avropa Komissiyası tərəfindən maliyyələşdirilən layihə 2015-2019-cu illər ərzində Azərbaycanda həyata keçirilmiş MOBİLAZE layihəsi çərçivəsində əldə olunmuş nəticələrə əsaslanır və Azərbaycanda miqrasiya siyasətinin hazırlanmasına, institusional potensialın artırılmasına, əmək miqrasiyası idarəçiliyinin təkmilləşdirilməsinə, miqrasiya proseslərinin tənzimlənməsi ilə bağlı məlumat və maarifləndirmə tədbirlərinin həyata keçirilməsinə dəstək göstərilməsini hədəfləyir. MOBİLAZE-2 layihəsinin icrasına 1 iyun 2021-ci ildə başlanılmış və 31 may 2024-cü ilədək icra edilməsi nəzərdə tutulmuşdur. Layihənin əsas məqsədi Azərbaycan Respublikasında dəlil əsaslı miqrasiya və sərhəd idarəçiliyi siyasətinin inkişafına və həyata keçirilməsinə töhfə verməkdir.
Layihə çərçivəsində miqrasiya və sərhəd idarəçiliyi ilə bağlı ən yaxşı təcrübələri əhatə edən təhlilin hazırlanması, tədqiqat və təhlil bacarıqlarının artırılması, qaçqınlar da daxil olmaqla miqrantlar üçün inteqrasiya xidmətlərinin göstərilməsi ilə bağlı institusional bacarıqların gücləndirilməsi, miqrasiya və sərhəd idarəçiliyi üzrə təlim potensiallarının artırılması, həmçinin, miqrasiya üzrə məlumatlılığın artırılması ilə əlaqədar fəaliyyətlər həyata keçiriləcəkdir.
Layihə aşağıdakı xüsusi məqsədlərin əldə edilməsinə yönəlmişdir:
- Miqrasiya siyasətinin işlənib hazırlanması və həyata keçirilməsi üzrə institusional potensialların inkişaf etdirilməsi;
- Miqrasiya üzrə statistik məlumatların institusional şəkildə toplanmasının, təhlilinin və istifadəsinin təmin edilməsi;
- Miqrasiya və sərhəd idarəçiliyi üzrə potensialların artırılması üçün institusional prosedurların təkmilləşdirilməsi və standartlaşdırılması;
- Miqrasiya siyasəti üzrə gündəliyə və qanunsuz miqrasiya təhdidlərinə dair institusional və ictimai məlumatlılığın artırılması.
2. “Geri qayıdan Azərbaycan vətəndaşlarına reinteqrasiya dəstəyi (RESTART)” layihəsi
Dövlət Miqrasiya Xidmətinin benefisiarı olduğu və Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəz tərəfindən həyata keçirilən RESTART layihəsinin icrasına 1 yanvar 2019-cu il tarixdən başlanılmış və 30 aprel 2021-ci ildə tamamlanmışdır. Büdcəsi 400.000 avro təşkil edən layihə Almaniya Federativ Respublikasının Daxili İşlər Nazirliyi, Niderland Krallığı Ədliyyə və Təhlükəsizlik Nazirliyinin Repatriasiya və Geri Qaytarma Xidməti və Polşa Respublikasının Daxili İşlər və Administrasiya Nazirliyi tərəfindən birgə maliyyələşdirilmişdir.
28 aylıq müddəti əhatə etmiş layihənin məqsədi Azərbaycan vətəndaşlarının Avropa İttifaqının Üzv Dövlətlərindən davamlı qayıdışını və reinteqrasiyasını asanlaşdırmaq üçün Azərbaycanda dövlət qurumlarının və vətəndaş cəmiyyətinin reinteqrasiya sahəsində potensiallarını gücləndirməklə Avropa İttifaqı ilə Readmissiya Sazişinin icrasını dəstəkləməkdən ibarət olmuşdur.
Layihə çərçivəsində tərəfdaşların görüşü keçirilmiş, “Avropa İttifaqının Üzv Dövlətlərindən qayıdan Azərbaycan vətəndaşlarının Reinteqrasiyasına dair Təlimatlar” hazırlanmış, Azərbaycan və ingilis dillərində məlumat lifletləri nəşr olunaraq geri qayıdan Azərbaycan vətəndaşları arasında paylanılmış, bu şəxslərə reinteqrasiya dəstəyini göstərmək məqsədilə qeyri-hökumət təşkilatları arasında 1 reinteqrasiya koordinatoru və 2 mentor vəzifələri üzrə vakansiya elan edilmiş, qalib QHT-lər müəyyən edilmiş və onlarla əməkdaşlıq qurulmuşdur. Layihə çərçivəsində geri qayıtmış 87 nəfər həssas qrupa daxil olan Azərbaycan Respublikası vətəndaşına reinteqrasiya dəstəyi göstərilmişdir.
3. “Azərbaycanla Yerdəyişmə üzrə Tərəfdaşlığın İcrasına Dəstək (MOBILAZE)“ layihəsi
2013-cü il dekabrın 5-də Brüssel şəhərində “Azərbaycan Respublikası, Avropa İttifaqı (Aİ) və onun iştirakçı üzv dövlətləri arasında Yerdəyişmə üzrə Tərəfdaşlıq barədə Birgə Bəyannamə” imzalanmış və Azərbaycan Respublikası Prezidentinin 6 mart 2014-cü il tarixli Sərəncamı ilə təsdiq edilmişdir. 2015-ci ildə Aİ Azərbaycan Respublikasının razılığı ilə Birgə Bəyannamədən irəli gələn “Azərbaycanla Yerdəyişmə üzrə Tərəfdaşlığın həyata keçirilməsinə dəstək (MOBİLAZE)” layihəsinin icrasını Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzə (MSİBM) həvalə etmişdir.
Layihənin əsas məqsədi miqrasiya sahəsində dövlət siyasətinin hazırlanması və həyata keçirilməsi üçün hökumətin potensialının artırılmasına xüsusi diqqət yetirməklə, Avropa İttifaqı ilə Azərbaycan arasında Yerdəyişmə üzrə Tərəfdaşlığın həyata keçirilməsini dəstəkləməkdən ibarət olmuşdur.
MOBİLAZE layihəsinin həyata keçirilməsi üçün 31 dekabr 2015-ci il tarixdə Aİ və MSİBM arasında saziş imzalanmışdır. 15 yanvar 2016-cı il tarixdən icrasına başlanılan layihə 14 iyul 2019-cu il tarixdə tamamlanmışdır. Layihəyə Aİ-nin 7 ölkəsindən (Bolqarıstan Respublikası, Çex Respublikası, Latviya Respublikası, Litva Respublikası, Niderland Krallığı, Polşa Respublikası, Slovakiya Respublikası) 9 qurum cəlb olunmuşdur. 2016-cı ilin mart ayından layihənin Bakı ofisi fəaliyyətə başlamışdır. 5 komponentdən ibarət olan layihənin ümumi büdcəsi 2.5 milyon avro təşkil edir.
Layihənin komponentləri:
Komponent 1 – Məlumatlı miqrasiya siyasətinin hazırlanması üçün analitik səriştənin qurulması;
Komponent 2 – Azərbaycana və Azərbaycandan digər ölkələrə qanuni miqrasiya;
Komponent 3 - Sənədlərin təhlükəsizliyi;
Komponent 4 – Sığınacaqla bağlı qərarların qəbul edilməsi prosedurunun təkmilləşdirilməsi;
Komponent 5 - Geri qayıdış və reinteqrasiya.
Müvafiq dövr ərzində layihə çərçivəsində müxtəlif mövzularda təlimlər, seminarlar, təcrübə səfərləri və görüşlər təşkil olunmuşdur.
MOBİLAZE layihəsi çərçivəsində, həmçinin “Aralıq hesabatlar”, “Azərbaycan Respublikasında qanuni və əmək miqrasiyası mexanizmlərinin təhlilinə dair qiymətləndirmə hesabatı”, “Azərbaycanın əmək bazarında əcnəbi işçi qüvvəsinə tələbatın müəyyən olunmasına dair hesabat”, “Azərbaycanda miqrasiyanın vəziyyətinə dair tədqiqat hesabatı”, “Azərbaycanda readmissiya və reinteqrasiya məsələlərinin təhlilinə dair hesabat”, “Sənədlərin təhlükəsizliyi və həqiqiliyinin yoxlanılmasına dair təlim kurrikulumu və distant elektron vəsait”, “Azərbaycanda qaçqınların inteqrasiya siyasəti üzrə Yol xəritəsinə dair tövsiyələr”, “Sərhəd nəzarəti üçün cib lüğəti” və digər önəmli sənədlər hazırlanmışdır. Bununla yanaşı, “Yerdəyişmə üzrə Tərəfdaşlıq” adlı 6 informasiya bülleteni, “Aİ-də təhsil almaq üçün Azərbaycanı tərk etməzdən öncə nələri bilməyinizə ehtiyac var” adlı məlumat kitabçası, “Xaricdə yaşadıqdan və Azərbaycana qayıtdıqdan sonra nəyi bilməlisiniz” adlı məlumat broşürü nəşr olunaraq tərəfdaşlar arasında paylanmışdır.
Layihə çərçivəsində həyata keçirilmiş önəmli tədbirlər sırasında Bakı şəhərində keçirilən Yerdəyişmə üzrə Tərəfdaşlıq konfranslarını, Azərbaycanda və Gürcüstanda təşkil olunan “Miqrasiya araşdırması üzrə beynəlxalq yay məktəb”lərini, MSİBM-in baş direktoru cənab Mixael Şpindeleggerin dəvəti əsasında Dövlət Miqrasiya Xidmətinin nümayəndə heyətinin 2016-cı ilin noyabr ayında keçirilən Vyana Miqrasiya Konfrasında iştirakını, eləcə də 2017-ci ildə Avstriya və Almaniya Federativ Respublikasına rəsmi səfərlərini, həmçinin 2019-cu ildə cənab M.Şpindeleggerin Dövlət Miqrasiya Xidmətinin rəisinin dəvəti əsasında Azərbaycana səfərini, sənədlərin təhlükəsizliyinə dair təlimçilərin təlimlərini də qeyd etmək etmək olar.