“Şərqi Avropada və Cənubi Qafqazda Sığınacaq Sistemlərinin Keyfiyyətinin Artırılması Təşəbbüsü” layihəsi

            Avropa Komissiyası və Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı (BMT QAK) tərəfindən birgə maliyyələşdirilən “Şərqi Avropada və Cənubi Qafqazda Sığınacaq Sistemlərinin Keyfiyyətinin Artırılması Təşəbbüsü” (ŞACQKT) layihəsinə 2013-cü ilin aprel ayından start verilmişdir. Layihənin məqsədi Şərqi Avropa və Cənubi Qafqazda  sığınacaq  sisteminin və qaçqınların beynəlxalq müdafiəsinin keyfiyyətinin artırılması və inkişaf etdirilməsi, qaçqın statusunun müəyyənləşdirilməsi ilə bağlı qərar qəbuletmə keyfiyyətinin regional yanaşma vasitəsilə yaxşılaşdırılmasından ibarət olmuşdur. Büdcəsi 2.000.000 avro məbləğində müəyyənləşdirilən layihənin komponentləri aşağıdakılardır:

  • Milli sığınacaq sistemlərində  keyfiyyətin artırılması (boşluqların müəyyən edilməsi və onların həlli yollarının tapılması);
  • Avropa sığınacaq kurrikulumu vasitəsilə sığınacaqla əlaqədar təlim bacarıqlarının təkmilləşdirilməsi;
  • Mənşə ölkələri haqqında rus dilində məlumat bazasının yaradılması.

            Sözügedən layihədə BMT QAK-ın Azərbaycandakı Nümayəndəliyi və Dövlət Miqrasiya Xidməti texniki yardım almışdır. Layihənin I mərhələsi çərçivəsində BMT QAK tərəfindən insan hüquqları və qaçqınlarla bağlı, həmçinin mənşə ölkələri haqqında rus dilində məlumat bazası istifadəyə verilmişdir. Bundan əlavə, qaçqın statusunun müəyyənləşdirilməsi prosedurunun monitorinqi həyata keçirilmiş, müsahibəyə dair yaddaş vərəqələri hazırlanmış, Azərbaycan və rus dillərində mənşə ölkələrinə dair məlumatlar istifadəyə verilmiş, həmçinin müxtəlif dillərdə sığınacaq axtaran şəxslər üçün məlumat kitabçaları nəşr edilmişdir.

            2015-ci ilin iyun ayında uğurla başa çatmış layihənin davam etdirilməsi ilə bağlı razılıq əldə edilmişdir. 15-16 dekabr 2015-ci il tarixlərdə Stokholm şəhərində keçirilmiş konfransda layihənin 2-ci mərhələsinin rəsmi açılışı olmuş və 2017-ci ilin sonunadək davam etdirilmişdir.

            Layihənin II mərhələsinin də effektiv şəkildə həyata keçirilməsi, mövcud vəziyyətin və perspektivdə duran məsələlərin müzakirəsi məqsədilə mütəmadi olaraq görüşlər keçirilmiş, Dövlət Miqrasiya Xidmətinin qaçqın statusunun müəyyənləşdirilməsi prosesinə cəlb olunan əməkdaşları respublikamızda və xarici ölkələrdə təşkil edilmiş müxtəlif tədbirlərə cəlb olunmuşlar. Eyni zamanda, layihə çərçivəsində sərhəd rayonlarında işləyən və sığınacaq/miqrasiya məsələlərinə cəlb olunan müvafiq dövlət qurumlarının əməkdaşları üçün aidiyyəti mövzularda təlimlər keçirilmişdir.

            Layihənin səmərəli icrası və əldə olunmuş uğurlu nəticələr onun 3-cü mərhələsinin də keçirilməsinə zəmin yaratmışdır. BMT QAK-ın Azərbaycan Hökumətinə müraciəti əsasında 2018-ci il fevral ayından layihənin növbəti mərhələsinə başlanılmışdır. Layihənin 3-cü mərhələsində Dövlət Miqrasiya Xidməti ilə yanaşı, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Dövlət Sərhəd Xidmətinin də benefisiar qismində iştirakı nəzərdə tutulmuşdur. Belə ki, layihənin II mərhələsində olduğu kimi yeni mərhələsində də birinci instansiya üzrə sığınacaqla bağlı qərar qəbul edən dövlət qurumlarının əməkdaşları ilə yanaşı, müraciətlərin baxılması prosesinə cəlb olunan sərhədçilər, hakimlər və hüquqşünaslar da hədəf qrupu seçilmişdir. Layihənin tərəfdaşları İsveç Krallığı və Almaniya Federativ Respublikası, Sığınacağa dəstək üzrə Avropa Bürosu (EASO), Qaçqın hüququ sahəsində hakimlərin beynəlxalq assosiasiyası (QHSHBA), Aİ üzv dövlətlərin xarici sərhədlərində operativ əməkdaşlığın idarə olunması üzrə Avropa Agentliyi (FRONTEX), hüquqi şirkətlər, Qaçqınların və məcburi köçkünlərin işləri üzrə Şura (ECRE) və Sığınacaq məsələləri üzrə Avropa Hüquq Şəbəkəsidir (ELENA).

            Layihənin III mərhələsi çərçivəsində də keyfiyyətin təminatı, potensialın artırılması və mənşə ölkəsi barədə məlumatlar adlı 3 tematik sahə üzrə fəaliyyətlərin davam etdirilməsi nəzərdə tutulmuşdur. Qaçqın statusunun müəyyənləşdirilməsi üzrə milli mütəxəssisin hazırlanması, sığınacaq müraciətlərinə baxan birinci instansiya orqanının əməkdaşları, sərhədçilər, hakimlər və hüquqşünaslar üçün keyfiyyət təminatı bazasının formalaşdırılması, təlim kurrikulumunun və milli təlimçilərin hazırlanması, daxili audit mexanizmlərinin təşkilinin nəzərdən keçirilməsi, təlim və təcrübə səfərləri ilə regiondaxili əməkdaşlığın genişləndirilməsi, mənşə ölkəsi barədə keyfiyyətli məlumatlara çıxış imkanının sadələşdirilməsi layihənin yeni mərhələsi üçün əsas prioritetlər olmuşdur.

            Layihənin III mərhələsi çərçivəsində BMT QAK-ın rəsmiləri ilə Layihə İcra Şurasının iclası, inandırıcılğın qiymətləndirilməsinə dair seminar keçirilmiş, müsahibə texnikalarına dair Gürcüstana təcrübə səfəri təşkil olunmuş, Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəz tərəfindən həyata keçirilən “Azərbaycanla Yerdəyişmə üzrə Tərəfdaşlığın İcrasına Dəstək (MOBİLAZE)” layihəsi ilə birgə “Azərbaycanda qaçqınların inteqrasiya siyasəti üzrə Yol xəritəsinə dair tövsiyələr” hazırlanaraq nəşr edilmiş, Azərbaycanda qaçqın statusu verilmiş əcnəbilərin inteqrasiyası və sosial müdafiəsi məsələləri ilə bağlı işçi qrupunun iclasında tövsiyələrin icrası istiqamətində müzakirələr aparılmışdır.

            Layihənin III mərhələsinin icrası 13 mart 2019-cu il tarixdə tamamlanmışdır.

           


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur