Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin təşəbbüsü ilə 2018-ci ilin noyabr ayından etibarən həyata keçirilən “Miqrasiya Məktəbi” layihəsi gələcəkdə müxtəlif sahələr üzrə fəaliyyət göstərəcək gənclərin miqrasiya ilə bağlı biliklərini artırmaq, onlarda bu sahəyə maraq oyatmaq, peşəkar vərdişlər aşılamaq və dövlət idarəçiliyinə dair məlumatlandırmaq məqsədi daşıyır. “Miqrasiya Məktəbi” layihəsi 2021-ci ildən Dövlət Miqrasiya Xidməti və Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin birgə təşkilatçılığı ilə Miqrasiya üzrə Regional Təlim Mərkəzi çərçivəsində həyata keçirilir. Layihə çərçivəsində iştirakçılar miqrasiya proseslərinin idarə olunması və tənzimlənməsi, miqrasiya siyasətinin formalaşdırılması, qeyd edilən sahədə fəaliyyət göstərən beynəlxalq təşkilatlar və müxtəlif kateqoriyalardan olan miqrantlara münasibətdə tətbiq olunan yanaşmalarla tanış olurlar. Miqrasiyanın cəmiyyətə ictimai, siyasi və iqtisadi təsirlərinin öyrənilməsi, həmçinin beynəlxalq tendensiya və çağırışlar barədə məlumatlandırılma vasitəsilə maraqlı şəxslərin bu sahə üzrə nəzəri və praktiki biliklərinin artırılması və miqrasiya üzrə araşdırmaların dəstəklənməsi əsas hədəflərdəndir. 6 ay davam edən “Miqrasiya Məktəbi” layihəsində miqrasiyanın müxtəlif sahələrinə dair təlimlər keçirilir. İştirak üçün seçilmiş şəxslər miqrasiya üzrə ümumi məlumat, beynəlxalq səviyyədə idarəetmə, Azərbaycan Respublikasının bu sahə üzrə təcrübəsi, həmçinin hüquqi və institusional baza barədə nəzəri biliklər əldə edirlər. İştirakçılar proqram müddətində Dövlət Miqrasiya Xidmətinin müvafiq struktur bölmələrinin işi ilə yaxından tanış olmaqla yanaşı, Dövlət Miqrasiya Xidməti, eləcə də onun beynəlxalq tərəfdaşlarının təşkil etdiyi digər təlim və tədbirlərdə iştirak edirlər. Proqramın sonunda təlimi uğurla başa vurmuş iştirakçılara sertifikatlar verilir. Proqram hüquqşünaslıq, politologiya, beynəlxalq münasibətlər, regionşünaslıq, coğrafiyaşünaslıq, tarix, şərqşünaslıq, avropaşünaslıq, amerikaşünaslıq, tərcüməçilik, jurnalistika, turizm, dövlət idarəçiliyi və sosiologiya, dövlət və ictimai münasibətlər, dövlət qulluğunun təşkili və idarə edilməsi sahələri üzrə ali təhsil müəssisələrinin yuxarı kurslarda və ya magistr pilləsi üzrə təhsil alan və ya ali təhsilini yeni bitirmiş şəxslər üçün nəzərdə tutulmuşdur. Təlimlər Dövlət Miqrasiya Xidmətinin müvafiq sahələr üzrə ixtisaslaşmış əməkdaşları, Miqrasiya Məktəbinin layihə üzrə tərəfdaşlarının nümayəndələri, yerli və beynəlxalq təlimçilər, beynəlxalq və qeyri-hökumət təşkilatlarının nümayəndələri tərəfindən tədris edilir. İştirakçıların seçimi iki mərhələdən ibarətdir. Birinci mərhələdə müvafiq qeydiyyat formasındakı məlumatlar yazılaraq təqdim edilir. İlkin seçimdən keçmiş şəxslər müsahibəyə cəlb olunurlar. Seçim üçün əsas meyar dünyagörüşü, məntiqi düşüncə və xarici dil bilikləridir. Dayanıqlı İnkişaf Məqsədlərinin 10-cu bəndinə və “Təhlükəsiz, nizamlı və qanuni miqrasiya üzrə Qlobal Pakt”ın məqsədlərinə uyğun olaraq, BMT-nin Miqrasiya Şəbəkəsinin rəsmi səhifəsində “Miqrasiya Məktəbi” layihəsi miqrasiya sahəsində maarifləndirmə istiqamətində mütərəqqi təcrübə kimi yerləşdirilmişdir: https://migrationnetwork.un.org/practice/organization-migration-school-projects-raise-awareness-and-strengthen-capacity-building


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur