Konsepsiya sənədi
1 noyabr 2018-ci il – 30 may 2019-cu il
Dövlət Miqrasiya Xidmətinin inzibati binası, Dil Laboratoriyası, 6-cı mərtəbə
Bakı şəhəri, Binəqədi rayonu, 3123-cü məhəllə, Binəqədi şossesi 202. (Metronun "Azadlıq Prospekti" stansiyasının yaxınlığında)
Miqrasiya Məktəbinin məqsədi
Məktəb gələcəkdə müxtəlif sahələr üzrə fəaliyyət göstərəcək gənclərin miqrasiya ilə bağlı biliklərini artırmaq, onlarda bu sahəyə maraq oyatmaq, peşəkar vərdişlər aşılamaq və dövlət idarəçiliyinə dair məlumatlandırmaq məqsədi daşıyır.
Miqrasiya Məktəbi çərçivəsində iştirakçılar miqrasiya prosesləri, miqrasiya axınlarının idarə olunması, miqrasiya siyasətinin formalaşdırılması, müxtəlif kateqoriyalardan olan miqrantlara münasibətdə tətbiq olunan yanaşmalarla tanış ediləcəkdir.
Proqram çərçivəsində miqrasiyanın cəmiyyətə ictimai, siyasi və iqtisadi təsirlərinin öyrənilməsi, həmçinin beynəlxalq tendensiya və çağırışlar barədə məlumatlandırılma vasitəsilə maraqlı şəxslərin bu sahə üzrə nəzəri və praktiki biliklərinin artırılması və miqrasiya üzrə araşdırmaların dəstəklənməsi əsas hədəflərdəndir.
Əhatə dairəsi
6 ay davam edəcək Miqrasiya Məktəbində miqrasiyanın müxtəlif sahələrinə həsr olunmuş 30 təlim keçiriləcəkdir. İştirak üçün seçilmiş şəxslər miqrasiya üzrə ümumi məlumat, beynəlxalq səviyyədə idarəetmə, Azərbaycan Respublikasının bu sahə üzrə təcrübəsi, həmçinin hüquqi və institusional baza barədə nəzəri biliklər əldə edəcəkdir. Eyni zamanda, iştirakçılar proqram müddətində Dövlət Miqrasiya Xidmətinin (DMX) müvafiq struktur bölmələrinin işi ilə tanış olmaq və təcrübə keçmək imkanı əldə edəcək, eləcə də DMX və ya onun beynəlxalq tərəfdaşları tərəfindən təşkil olunan digər təlim və tədbirlərdə iştirak edəcəklər. Proqramın sonunda təlimi uğurla tamamlamış iştirakçılara sertifikatlar veriləcəkdir.
Hədəf qrupları
Proqram hüquqşünaslıq, politologiya, beynəlxalq münasibətlər və dövlət idarəçiliyi sahələri üzrə ali təhsil müəssisələrinin yuxarı kurslarında təhsil alan və ya ali təhsilini yeni bitirmiş şəxslər üçün nəzərdə tutulmuşdur.
Təlimçilər
Təlimlər DMX-nın müvafiq sahələr üzrə ixtisaslaşmış əməkdaşları, Miqrasiya Məktəbinin layihə üzrə tərəfdaşlarının nümayəndələri, yerli və beynəlxalq təlimçilər, beynəlxalq və qeyri-hökumət təşkilatlarının nümayəndələri tərəfindən tədris ediləcəkdir.
Proqramın strukturu
Proqramın tədris planı (əlavə 1) üç əsas hissədən ibarət olacaqdır:
• Miqrasiya ilə tanışlıq;
• Nəzəri biliklər;
• Praktiki bacarıqların artırılması.
Proqramda iştirak ödənişsizdir və təlimlər Azərbaycan dilində keçiriləcəkdir.
İştirakçıların seçimi
Seçim iki mərhələdən ibarətdir. Birinci mərhələdə müvafiq qeydiyyat formasındakı məlumatlar yazılaraq təqdim edilir. İlkin seçimdən keçmiş şəxslər müsahibəyə cəlb olunacaqdır. Seçim üçün əsas meyar dünyagörüşü, məntiqi düşüncə və xarici dil bilikləri olacaqdır.