Qloballaşan dünyada miqrasiya


19 mart - miqrasiya orqanları işçilərinin peşə bayramı günüdür. On bir il əvvəl məhz həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı 560 saylı Fərmana əsasən, Dövlət Miqrasiya Xidməti yaradılıb.

AZƏRTAC ötən 11 il ərzində bu qurumun fəaliyyəti, eləcə də ölkəmizdə miqrasiya proseslərinin idarə olunması və tənzimlənməsi sahəsində görülən işlərlə bağlı Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyevin məqaləsini təqdim edir.

Təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlətimizin inkişafı kursu ötən 15 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə müvəffəqiyyətlə həyata keçirilib. Dünyada baş verən siyasi və iqtisadi təlatümlərə, qlobal böhranlara baxmayaraq, ölkəmizdə sabitlik və intensiv inkişaf təmin edilib, bir sözlə, ötən dövr Azərbaycan üçün uğurlu olub. Bu uğurlar, nailiyyətlər təkcə ölkənin daxilindən yox, həm də xaricdən də aydın görünməkdədir. Azərbaycan açıq ölkədir, iqtisadiyyatına kifayət qədər xarici investisiya yatırılıb. Bu gün Azərbaycan beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib.

Ümumbəşəri dəyişikliklər və böyük əhəmiyyət kəsb edən hallar fonunda dünyada miqrasiya axınının intensiv genişlənməsi müşahidə olunur. Miqrant adətən ləyaqətli həyat, təminatlı və rahat iş axtarır. Elə bunun nəticəsidir ki, ləyaqətli həyat axtarışı ilə sabit, inkişaf edən, təhlükəsizliyin yüksək səviyyədə təmin edildiyi bir ölkənin vətəndaşı olmaq, Azərbaycanda yaşamaq, təhsil almaq istəyi ilə respublikamıza təşrif buyuranların, turist kimi səyahətə gələnlərin sayı ildən-ilə artmaqdadır.

Söz yox ki, bəşəriyyət tarixində həmişə böyük rol oynayan miqrasiya prosesi müasir beynəlxalq münasibətlər sistemində özünü qabarıq nümayiş etdirən problemlərdən birinə çevrilib. Qanuni və qanunsuz, beynəlxalq və ölkədaxili, könüllü və məcburi, daimi və müvəqqəti, qaçqın və sığınacaq axtaranlar, ailə birliyi və “beyin axını” kriteriyaları ilə təsnifatlaşdırılan miqrasiyanın coğrafiyası və həcmi genişlənib, miqrasiyanın yeni tipləri - yüksək təsnifatlı kadrların miqrasiyası və çox vaxt qanunsuz miqrasiyaya əsas verən ixtisassız şəxslərin miqrasiyası formalaşıb. Məcburi miqrasiya tendensiyası artıb, miqrasiya dünyada sosial dəyişikliklərin bir faktoru kimi diqqət çəkməyə başlayıb. Söz yox ki, miqrasiya demoqrafik proseslərin formalaşmasında mühüm rol oynayır və əhalinin etnik-mədəni tərkibini yaradır. Reallıq budur ki, bu gün beynəlxalq münasibətlər sistemində miqrasiya geosiyasəti artıq yeni formalaşan bir istiqamət statusu qazanıb.

Beynəlxalq birliyin bərabərhüquqlu üzvü olan ölkəmizdə də müasir dünyanın bu aktual mövzusunun böyük əhəmiyyətinə kifayət qədər ciddi yanaşılmaqdadır.

Hələ dünyada miqrasiya məsələsi indiki qədər aktual olmadığı bir vaxtda - 2007-ci il martın 19-da Prezident İlham Əliyev müstəqil mərkəzi icra hakimiyyəti orqanı olan Dövlət Miqrasiya Xidmətinin yaradılması haqqında Fərman imzalayıb. Ölkə rəhbərinin diqqət və qayğısı nəticəsində indi Xidmətin istər mərkəzi aparatı, istərsə də regional miqrasiya idarələri ən müasir xidmət imkanları ilə təchiz edilib, müraciət edənlərə peşəkar xidmət göstərilməsi üçün hər cür şərait yaradılıb.

Ötən dövr ərzində ölkəmizdə miqrasiya idarəetmə mexanizmi təkmilləşdirilib, respublikaya gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin yaşayış yeri üzrə qeydiyyata alınmaları və onların ölkə ərazisində qanuni əsaslarla yaşamalarının təmin olunması üçün müvafiq icazələrin verilməsi prosedurları sadələşdirilib, nəticədə bu sahədə şəffaflığın tam təmin edilməsinə nail olunub.

Azərbaycanın həyata keçirdiyi dövlət siyasətində miqrasiya məsələləri prioritet yer tutur. Prezident İlham Əliyevin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası yaxın perspektivlər üçün dövlətimizin inkişaf hədəflərini və prioritetlərini müəyyən edən rəsmi dövlət sənədi kimi özündə miqrasiya problemi ilə bağlı məsələləri də əks etdirir. 11 bölmədən ibarət Konsepsiyada dövlətin milli təhlükəsizliyinin prioritet istiqaməti kimi miqrasiya ilə bağlı müddəalara mühüm yer ayrılır. Ona görə ki, geniş imkanlarla yanaşı, özü ilə böyük riskləri də gətirən qloballaşma beynəlxalq miqyasda istehsalın, ticarətin, kapital axınının və əmək miqrasiyasının sərbəstləşməsi tendensiyalarını kəskin artırıb. Bu baxımdan konsepsiyada problemin mahiyyətini açmağa və qarşıya qoyulan məqsədə çatmağa nail olmaq üçün düzgün olaraq müəyyən edilib ki, əhali və onun strukturu ilə bağlı kəmiyyət və keyfiyyət göstəriciləri milli gücün əsas elementləridir və təbii olaraq, Azərbaycan xalqının genofondunun qorunması, miqrasiya və demoqrafiya kimi məsələlər milli təhlükəsizlik baxımından olduqca mühümdür. Konsepsiyanın əhatə etdiyi dövrdə ölkə əhalisinin hər il orta hesabla 1,1 faiz artaraq, 2020-ci ildə təxminən 10,2 milyon nəfərə çatacağı gözlənilir. Konsepsiyada nəzərdə tutulmuş məqsədlərə çatmaq üçün qanunvericilik bazasının mütəmadi olaraq təkmilləşdirilməsi və müvafiq institusional potensialın gücləndirilməsi istiqamətində tədbirlər davam etdirilir. Bu mütərəqqi sənəddə xaricdən işçi qüvvəsinin ölkəyə qanunsuz axınının qarşısının alınması, xarici ölkələrdə çalışan vətəndaşlarımızın sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı müvafiq işlərin görülməsi də prioritet kimi müəyyən edilib. Əlbəttə, Dövlət Miqrasiya Xidməti bu istiqamətdə də öz üzərinə düşən vəzifələrin layiqincə yerinə yetirilməsi üçün səylərini əsirgəmir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın miqrasiya siyasəti insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət, qanunçuluq, qanun qarşısında bərabərlik və ədalətlilik, miqrasiya qanunvericiliyinin hamılıqla tanınan beynəlxalq hüquq normalarına uyğunluğunun təmin edilməsi, miqrasiya proseslərinin tənzimlənməsində innovativ metodların tətbiqi və şəffaflığın təmin edilməsi prinsiplərinə əsaslanır.

Bu gün dövlətimizin başçısının vətəndaşlara qayğı ilə münasibət göstərilməsi tələbinin yerinə yetirilməsi, əməkdaşlar tərəfindən etik davranış qaydalarına dürüst əməl edilməsi, xidmət aparmaq mədəniyyətinin yüksəldilməsinin təmin olunması, miqrasiya xidməti qulluqçusu adına və nüfuzuna xələl gətirən hallara yol verilməməsi üçün əsaslı tədbirlər görülməkdədir.

Əlbəttə, bu, bir həqiqətdir ki, tədqiqatçıların birinin dediyi kimi, “İnsanların hamısı miqrant kimi doğulmaya bilər, ancaq gec-tez hamı miqrant ola bilər”. Həm də ona görə hər kəs hər bir əcnəbiyə xüsusi qayğı ilə yanaşmalıdır. Söz yox ki, insan hüquqlarından gen-bol danışan, miqrantlara selektiv yanaşan Avropadan və bir çox Qərb dövlətlərindən fərqli olaraq qonağa diqqət və qayğı multikultural dəyərlərin, tolerantlığın həyat tərzi olduğu ölkəmizdə həmişə prioritet olub. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqları ölkəmizdə yüksək səviyyədə qorunur. Fərəhli haldır ki, Azərbaycanda indiyə qədər miqrantlara münasibətdə milli, etnik və dini zəmində heç bir hüquq pozuntusu qeydə alınmayıb.

Nə qədər acı olsa da qeyd etməliyik ki, 2017-ci ildə Aralıq dənizindən keçərək Avropa sahillərinə çıxmağa cəhd edən üç mindən çox qeyri-leqal miqrant və qaçqın həlak olub. Beynəlxalq Miqrasiya Təşkilatının baş direktoru Uilyam Leysi Svinq məsələ ilə əlaqədar bildirib ki: “Biz bu barədə illərdir danışırıq və danışmaqda davam edəcəyik: bu faciəvi statistikanı sadəcə olaraq qeydə almaq artıq kifayət etmir. Biz hərəkət etməliyik”.

2017-ci ildə Avropaya təxminən 160 mindən bir qədər çox qaçqın və miqrant gəlib. 2016-cı ildə isə bu göstərici 348 min nəfər idi. Azərbaycan kimi müstəqilliyini yenicə bərpa etmiş bir ölkə bir milyondan çox qaçqın və məcburi köçkünün yükünü demək olar təkbaşına çəkməkdə olduğu halda, canlarını götürüb qaçan 500-600 min məcburi miqrantı selektiv yanaşmaya məruz qoymaqla yanaşı, “biz bu insanları qaçqın deyil, müsəlman işğalçıları hesab edirik”, - deyən Avropa liderləri də oldu. Beləliklə, İslam amilinin qabardılaraq onun süni islamofobiya təhdidi qismində geosiyasi təzyiq vasitəsinə çevrilməsi yönündə səylər miqrasiya böhranını daha da kəskinləşdirir. Görünən odur ki, yaranmış miqrasiya böhranının əsas səbəblərindən biri miqrantları qəbul edən cəmiyyətlərə onların inteqrasiyası ilə bağlı problemlər, dözümsüzlük və birgəyaşayışın ənənəvi qaydalarından imtina edilməsidir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən dövrdə həssas kateqoriyadan olan bu insanlar - qaçqın və məcburi köçkünlər üçün 100-ə yaxın qəsəbə salınıb. Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlətimizin başçısı bəyan edib ki, “Bu il də yeni köçkün şəhərcikləri, qəsəbələri salınacaq. Bu il yeni mənzillərlə təmin ediləcək köçkünlərin sayı keçən illə müqayisədə təxminən iki dəfə artacaq. Əgər 2017-ci ildə 12 min insanı biz yeni mənzillərə, evlərə köçürmüşüksə, bu il ən azı 20 min köçkün yeni evlərə, mənzillərə köçürülməlidir. Bu rəqəm çox da ola bilər”.

2016-cı ilin Aprel döyüşləri zamanı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ordumuz tərəfindən Lələtəpə yüksəkliyinin azad edilməsindən sonra Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndində yaşayışın bərpa edilməsi üçün imkan yarandı. Cocuq Mərcanlı kəndinin bərpası tarixi nailiyyətdir, indi 150 evdən ibarət gözəl qəsəbə yeni həyatını yaşayır. Eyni zamanda, 2017-ci ildə Şıxarx qəsəbəsində 1170 ailə üçün yeni şəhərcik salınıb. Bu da əlamətdar hadisədir. Möhtərəm Prezidentin qeyd etdiyi kimi, təkcə ona görə yox ki, böyük köçkün şəhərciyi yaradılıb. Ona görə ki, Şıxarx qəsəbəsi vaxtilə işğal altında olan ərazidir. Bu ərazi erməni işğalçılarından təmizlənib, azad edilib və o yerdə yeni böyük şəhərciyin salınması bir daha onu göstərir ki, Dağlıq Qarabağ bizim əzəli torpağımızdır. Bütün bunlar Böyük Qayıdışın nümunəsidir.

Son illər dünyanın müxtəlif ölkələrində baş verən xaotik böhranlar, ayrı-ayrı ölkələrin tənəzzülü bir daha sübut edir ki, ilk növbədə, təhlükəsizlik təmin olunmadan cəmiyyətin inkişafı mümkün deyil. Bütün hökumət strukturlarında fəaliyyətin milli maraqlar, qanunçuluq, insan hüquq və azadlıqlarının aliliyi prinsipləri üzərində qurulmasını əsas məqsəd kimi müəyyənləşdirmiş Prezident İlham Əliyevin 2003-cü ilin oktyabr ayında Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə ölkəmiz inkişafının yeni mərhələsinə qədəm qoydu, o, gələcək uğurlara və yüksəlişə doğru inamla irəliləyən müstəqil dövlətimizin simvoluna çevrildi. Azərbaycan xarici siyasət sahəsində də böyük uğurlar əldə etdi. Respublikamız bu gün dünyada çox böyük nüfuza malik olan ölkə kimi tanınır.

Qloballaşan dünyada isə miqrasiya axını ilə bağlı vəziyyətdən çıxış yolunun müəyyən edilməməsi səbəbindən yaxın illərdə dünya birliyi üçün miqrasiya mövzusunun aktual olaraq qalacağı heç bir şübhə doğurmur. Çünki, bu həssas məsələ siyasi və geosiyasi maraqlara uyğun olaraq müxtəlif ölkələrdə manipulyasiya vasitəsinə çevrilib.

Bir fakt inkarolunmazdır ki, suveren dövlətlərin daxili işlərinə məqsədyönlü müdaxilə nəticəsində kütləvi miqrasiya axınlarına təkan verilməsi, baş verən proseslərin destruktiv nəticələri bütün ölkələrə təsir edir. Miqrasiya siyasəti yönündə fikir ayrılıqları isə miqrasiyanın geostrateji məqsədlərlə yönəldilən mühüm istiqamətlərindən biri, geosiyasi rəqibin iqtisadi, informasiya və ideoloji məkanının nəzarətdə saxlanılması vasitəsi olan intellektual miqrasiyadan - “beyin axını”ndan həmişə məharətlə bəhrələnən həm Avropa İttifaqında, həm də Amerikada kütləvi miqrant axınına qarşı müəyyən radikal addımların atılması ilə nəticələnməkdədir.

Əlbəttə, miqrasiya həm də dövlətlərin təhlükəsizlik məsələsidir. Amma bu, bir aksiomdur ki, münaqişəli ərazilərdə yaranan nəzarətsiz “boz zonalar” terror təşkilatlarının, cinayətkar və ekstremist birliklərin transsərhəd məkanlarda hərəkəti üçün istifadə edilir. Elə ABŞ-ın da həmsədri olduğu Minsk qrupunun səmərəsiz fəaliyyəti nəticəsində Azərbaycanın 25 ildən çoxdur Ermənistanın işğalı altında olan 20 faiz ərazisi kimi. Söz yox, beynəlxalq ictimaiyyət Ermənistanın gücdən istifadə edərək Azərbaycan ərazilərini hərbi yolla işğal etməsinin nəticələrini tanımayıb, əksinə, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrində və digər beynəlxalq qurumların sənədlərində Azərbaycan ərazilərinin işğalı və gücdən istifadə edərək dövlətlərin tanınmış sərhədlərinin dəyişdirilməsi cəhdləri pislənilir. Beynəlxalq ictimai rəydə Ermənistanın işğalçılıq siyasəti və erməni yalanları barədə aydın fikir formalaşdırılıb. Ötən il Alxanlı kəndində törətdiyi təxribatla Ermənistan növbəti dəfə özünü ifşa etdi. Balaca Zəhranın və onun nənəsinin öldürülməsi erməni faşizminin eybəcər sifətini bütün dünyaya göstərdi. BMT Baş Məclisinin 72-ci sessiyasında Azərbaycan Prezidenti İlham Əliyev bu beynəlxalq qurumun ali tribunasından dünya ictimaiyyətinə mühüm mesajlar verdi. Dövlətimizin başçısı çıxışı zamanı Azərbaycanda aparılan uğurlu islahatları dünya ölkələrinə çatdırdı, Ermənistanın kriminal rəhbərliyinin cinayətkar əməllərini növbəti dəfə ifşa etdi.

Araşdırmalar göstərir ki, miqrasiyaya səbəb olan amillər çoxaspektli olsa da, bu, bir reallıqdır ki, qlobal miqrasiyanın yaranmasının ənənəvi olaraq məlum təbii-obyektiv, iqtisadi şərtləri hazırda geosiyasi amillərlə əvəzlənir. Bunların fonunda da miqrasiya birbaşa və dolayısı ilə dövlətlərin geosiyasi maraq və mənafelərinin təmin edilməsi vasitəsinə çevrilir. Miqrasiya axını müəyyən mənada bu gün beynəlxalq aləmdə geosiyasi qüvvələr balansının pozulması üçün də əsaslardan biri kimi qiymətləndirilir. Ekspertlər haqlı olaraq, hesab edirlər ki, məhz hazırda miqrasiya siyasəti beynəlxalq geosiyasi güclərin maraq dairəsinə daxil olub və geosiyasi təzyiq aləti kimi istifadə edilir. Bu da müəyyən mənada mövcud miqrasiya böhranının tezliklə həll ediləcəyinə ümidləri azaltsa da, lakin bu məsələni suveren dövlətlərin daxili işlərinə müdaxiləyə və ərazi bütövlüyünün pozulmasına son qoymaq və qaçqınların tərk etdikləri ölkələrdə münaqişələri ədalətli həll etmək, işğal edilmiş torpaqları azad etmək və nəhayət, ikili standartlar siyasətindən əl çəkməklə yoluna qoymaq mümkündür.

Məlum olduğu kimi, yaşadığımız dövr çox çətin, kritik, təlatümlü hadisələrlə zəngindir. Həm bizim bölgəmizdə, həm dünyada narahatedici məqamlar kifayət qədər çoxdur. Müharibələr, münaqişələr, qanlı toqquşmalar, böhranlar - əfsuslar olsun ki, bugünkü beynəlxalq mənzərənin əlamətləri bunlardır. Əgər 30 il əvvəl dünyada 30 milyon qaçqın və məcburi köçkün, 25 münaqişə zonası var idisə, bu gün dünyada qaçqın, məcburi köçkünlərin sayı 65 milyonu keçib və münaqişəli zonaların sayı isə 70-ə qədərdir. Ölkəmiz isə daim sülhsevər siyasət yeridir, dövlətləri həmişə həmrəyliyə dəvət edir, bütün dünyaya nümunə göstərir. Dünyada islamafobiya meyillərinin kəskinləşdiyi vaxtda Prezident İlham Əliyevin Sərəncamı ilə 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunması, IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi Azərbaycanın dünyada necə nadir bir missiya daşımasının əyani ifadəsidir.

Prezident İlham Əliyevin vurğuladığı kimi, “Dünyada mövcud olan mürəkkəb geosiyasi vəziyyəti nəzərə alsaq, ölkəmizdə əldə olunan nəticələr yüksək qiymətə layiqdir. Bütün bunlar sabitlik nəticəsində əldə olunub. Bu sabitliyin və uğurlu siyasətin təməlində xalq-iqtidar birliyi, xalqın dəstəyi dayanır. Dərin iqtisadi islahatlar ili kimi xarakterizə olunan 2017-ci ildə iqtisadi sahədə böyük uğurlar qazanılıb. Beynəlxalq maliyyə qurumları Azərbaycanda gedən proseslərə yüksək qiymət verib”.

Bəli, ölkəmizdə aparılan islahatlar və düşünülmüş iqtisadi siyasət dünyanın ən mötəbər iqtisadi qurumları tərəfindən yüksək qiymətləndirilir. Belə ki, Davos Dünya İqtisadi Forumunun hesabatında Azərbaycan iqtisadi rəqabətqabiliyyətliliyinə görə 140 ölkə arasında iki pillə irəliləyərək 35-ci yerə yüksəlib və MDB məkanında liderliyini qoruyur. Eyni zamanda, Dünya Bankı tərəfindən hazırlanan “Doing Business 2018” hesabatında Azərbaycan 8 pillə irəliləyərək 190 ölkə arasında 57-ci yerə qalxıb, həmçinin Avropa və Mərkəzi Asiya regionu üzrə ən islahatçı üç ölkədən biri kimi müəyyənləşib.

Azərbaycanın təşəbbüskarı olduğu irimiqyaslı neft və qaz layihələrinin, o cümlədən TAP, TANAP, Cənub Qaz Dəhlizinin həyata keçirilməsi, aparıcı beynəlxalq enerji şirkətlərinin konsorsiumu ilə yeni meqaneft layihəsinin – “Əsrin kontraktı”nın uzadılması ilə bağlı respublikamızın gələcək inkişafını təmin edən yeni Sazişin imzalanması ölkəmizin iqtisadi potensialını artırmaqla qlobal enerji təhlükəsizliyi təminatında əvəzsiz rola malik olduğunu təsdiqləyir. Həmçinin dövlətimizin başçısının siyasi iradəsi və bilavasitə təşəbbüsü ilə dünya əhəmiyyətli daha bir layihənin gerçəkləşdirilməsi – Avropa ilə Asiyanı birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi regionda sülhə və sabitliyə, iqtisadi inkişafa böyük töhfədir.

Bununla belə, ötən müddətdə respublikamız bir sıra mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etdi. Prezident İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın ali diqqəti və təşkilatçılığı sayəsində Azərbaycan nəticə etibarı ilə genişmiqyaslı, möhtəşəm fəaliyyət ortaya qoydu. Bütün bunlar respublikamızda hərtərəfli tərəqqinin və yüksəlişin məntiqi nəticəsi olmaqla xalqımızda yüksək iftixar hissi doğurur, hər birimizi yeni-yeni nailiyyətlərə ruhlandırır. Həmçinin ölkənin sürətli inkişafı, belə böyük layihələrin həyata keçirilməsi, təşkil edilən beynəlxalq tədbirlər Azərbaycanda miqrasiya mövzusunun bir daha aktuallıq kəsb etməsini şərtləndirməkdədir.

Ölkənin bütün sahələrində olduğu kimi, miqrasiya prosesləri üzərində dövlət nəzarətini həyata keçirən DMX-nın beynəlxalq əlaqələri son illərdə xeyli genişləndirilib, bir sıra dövlətlərlə ikitərəfli və çoxtərəfli əsaslarla münasibətlər inkişaf etdirilib.

Ötən il İsveçrə ilə readmissiya Sazişi qüvvəyə minib, Monteneqro ilə readmissiya Sazişi imzalanıb və təsdiq edilib. İmzalanmış readmissiya sazişlərinə uyğun olaraq, artıq Azərbaycana readmissiyası həyata keçirilmiş vətəndaşların cəmiyyətə sosial-iqtisadi reinteqrasiyası ilə bağlı Xidmət tərəfindən aidiyyəti dövlət orqanları ilə birgə iş aparılır.

Dövlət Miqrasiya Xidməti ilə Beynəlxalq Miqrasiya Təşkilatı arasında Azərbaycandan miqrantların könüllü qayıdışına yardım üzrə pilot layihənin həyata keçirilməsinə dair 2016-cı ildə imzalanan əməkdaşlıq Sazişi Prezident İlham Əliyev tərəfindən təsdiq edilib və hazırda icrasına başlanılıb.

Həm miqrasiya məsələlərinə, həm ölkəmizə səfərə gələn qonaqlara bu cür mütərəqqi yanaşma, həm ölkəmizdəki, sabitlik və inkişaf, həm də əsrarəngiz təbiəti Azərbaycanı əcnəbilər üçün çox cəlbedici edib. Buna görə həm də çoxsaylı turistlər də istirahət üçün Azərbaycanı seçirlər. Turizmin inkişafı isə ölkəmizdə prioritet sahə kimi müəyyənləşdirilib və artıq “ASAN viza” sistemi vasitəsilə Azərbaycana viza almaq istəyən şəxsə 3 saat ərzində elektron viza verilir. Əlbəttə, miqrasiya orqanları əməkdaşları da çalışırlar ki, ölkəmizə təşrif buyuran əcnəbilərin miqrasiya ilə bağlı məsələləri operativ şəkildə həll edilsin.

Belə ki, ötən il 2 milyon 692 min 219 halda əcnəbinin Azərbaycan Respublikasının ərazisinə girişi, 2 milyon 681 min 391 halda isə əcnəbinin ölkədən çıxışı qeydə alınıb. Ölkəyə girişi qeydə alınmış əcnəbilərdən 794 min 763 nəfəri olduğu yer üzrə qeydiyyata alınma ilə bağlı müraciət edib. Dövlət Miqrasiya Xidmətinə Azərbaycan Respublikası ərazisində olma və yaşama icazələrinin, haqqı ödənilən əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin alınması, qaçqın statusunun müəyyənləşdirilməsi, Azərbaycan Respublikasının vətəndaşlığına qəbul, bərpa, xitam və vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı 92 min 35 müraciət daxil olub. Miqrasiya qanunvericiliyinin tələblərini pozmuş 21 min 438 əcnəbi və vətəndaşlığı olmayan şəxs barəsində müvafiq qərarlar qəbul edilib. Xidmətin Çağrı mərkəzinə 107 min 172 zəng daxil olub.

Azərbaycanda vətəndaşsızlıq hallarının aradan qaldırılması istiqamətində də ardıcıl tədbirlər davam etdirilir. Azərbaycan Respublikasının vətəndaşlıq sahəsində qanunvericiliyinə bu günlərdə daha bir dəyişiklik olunub. Belə ki, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 1 fevral tarixli 980-VQD nömrəli Qanununa “Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu müddəa könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə şamil edilmir” məzmununda hissə əlavə edilib. Əsas insan hüquqlarından biri olan vətəndaşlıq hüququnun əhəmiyyətindən irəli gələrək qanunvericiliyə edilmiş bu dəyişiklik çox mütərəqqi bir addımdır və bu kateqoriyadan olan şəxslərin sənədlərlə təmin olunması, Azərbaycanda rahat yaşaması üçün hüquqi bir mexanizm yaradır. Bu müddətin 2006-cı il yanvarın 1-dək qoyulmasının səbəbi ona görədir ki, 2005-ci ilin sonunadək köhnə SSRİ pasportları Azərbaycanda sərhədkeçmə sənədi kimi istifadə edilib. Ondan sonrakı dövrdə isə hər hansı bir şəxsin Azərbaycana gəlməsi artıq vətəndaşı olduğu ölkələrin milli pasportları ilə həyata keçirilir. Onu da bir daha qeyd edim ki, bu müddəa mənsub olduğu dövlətin vətəndaşlığından könüllü qaydada çıxmış şəxslərə şamil edilmir.

Məlum olduğu kimi, Azərbaycan Prezidentinin 2008-ci il 6 mart tarixli Fərmanına müvafiq olaraq, Dövlət Miqrasiya Xidmətinin vətəndaşlıq məsələlərində iştirakı təmin edilib. Həmin dövrdən etibarən Xidmət tərəfindən Azərbaycan vətəndaşlığına qəbul, bərpa, xitam, habelə, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı şəxslərdən və müxtəlif təşkilatlardan daxil olmuş sorğuların araşdırılmasına başlanılıb. Dövlət Miqrasiya Xidməti vətəndaşsızlıq halları ilə mübarizə sahəsində əsaslı işlər görməkdədir. Vətəndaşsızlıq halları ilə mübarizə sahəsində məlumatlılığın artırılması istiqamətində və belə şəxslərin hüquqi statusunun müəyyənləşdirilməsi zamanı yaranan problemlərin, o cümlədən onların hüquqlarının səmərəli müdafiəsi naminə əməkdaşlığın gücləndirilməsi məqsədilə Azərbaycan Respublikasının qoşulduğu BMT-nin Qaçqınlar üzrə Ali komissarlığının “10 ilə vətəndaşsızlığa son” kampaniyası çərçivəsində ciddi nəticələr əldə edilməkdədir. Təkcə 2017-ci il ərzində 31 min 690 şəxsin vətəndaşlıq mənsubiyyəti araşdırılıb və 27 min 88 nəfərin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınıb. Həmçinin ötən il Azərbaycan Prezidentinin sərəncamları ilə 573 şəxs vətəndaşlığa qəbul, 10 nəfər isə vətəndaşlığa bərpa edilib.

Dövlət Miqrasiya Xidməti hüquqi maarifləndirmə, məlumatlandırma tədbirlərini də müvəffəqiyyətlə davam etdirməkdədir. Respublikanın əksər rayon və şəhərlərində, ali təhsil müəssisələrində keçirilən görüşlər, “Açıq qapı günü” - vətəndaş forumları həm vətəndaşsızlıq hallarının aradan qaldırılmasına, eləcə də miqrasiya qanunvericiliyinin tələblərinin təmin edilməsi işinə əhəmiyyətli dərəcədə müsbət təsirini göstərməkdədir.

Yaradılmasının 11-ci ildönümünü qeyd edən Xidmətin əldə etdiyi uğurlardan biri də odur ki, dövlət xidmətlərinin “ASAN xidmət indeksi”ni təşkil edən meyarlar üzrə qiymətləndirilməsinin nəticələrinə əsasən Dövlət Miqrasiya Xidməti ilk sıralarda yer alıb.

Bu günlər bütün miqrasiya sistemində bayram ab-havası yaşanır. Prezident İlham Əliyevin Xidmətin fəaliyyətinə verdiyi yüksək qiymət, haqqında söylədiyi dəyərli fikirlər, verdiyi tövsiyələr hər zaman fəaliyyət proqramı kimi qəbul olunmaqla miqrasiya orqanları əməkdaşlarını daha böyük uğurlara ruhlandırır. Miqrasiya işçiləri dövlət başçısının ətrafında sıx birləşməklə ölkəmizin müasir inkişafına uyğun olaraq öz vəzifələrini hər zaman layiqincə yerinə yetirmək, daha böyük səylə və məsuliyyətlə çalışmaq əzmindədirlər.

Firudin Nəbiyev

Dövlət Miqrasiya Xidmətinin rəisi,

II dərəcəli dövlət miqrasiya xidməti müşaviri 

"Xalq qəzeti"
"Respublika" qəzeti


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur