DMX rəisi: “Azərbaycandakı iqtisadi uğurlar, ictimai-siyasi sabitlik ölkədən gedən vətəndaşlarımızın geri dönməsinə səbəb olub”


 

“Azərbaycana gələn əməkçi miqrantların palitrası zəngindir”

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyevin "Report"a müsahibəsi

- Firudin müəllim, bir neçə gün öncə sahibkarlarla görüşdünüz, dinlədiniz. Onları təmsil etdiyiniz sahə ilə bağlı daha çox hansı problemlər narahat edir?

- Bu, Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun Dövlət Miqrasiya Xidməti rəisinin iştirakı ilə təşkil etdiyi növbəti biznes forum idi. Bundan əvvəl də bizim belə forumlarda sahibkarlarla, biznes sektorunun nümayəndələri ilə çoxsaylı görüşlərimiz olub. Deyə bilərəm ki, sonuncu keçirilən biznes-forumda iş adamları, işəgötürənlərin nümayəndələri, sahibkarlar Dövlət Miqrasiya Xidməti ilə bağlı hər hansı problem yox, daha çox miqrasiya qanunvericiliyi sahəsində yeniliklər, o cümlədən “Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydası”na əsasən Məşğulluq Təsnifatı üzrə peşələr göstərilməklə hər il may ayının 1-dək növbəti il üçün Dövlət Miqrasiya Xidmətinə əcnəbi işçi qüvvəsinə tələbat haqqında onlayn rejimdə təqdim etməli olduqları proqnoz-məlumat barədə suallar səsləndirdilər və bəzi təkliflər irəli sürdülər. Biz onlayn rejimdə proqnoz-məlumatın təqdim edilməsinin yeni olduğunu nəzərə alaraq həmin müddəti bu il mayın 15-nə kimi artırmışdıq.

DMX hər zaman özəl və biznes sektora diqqət və qayğı göstərir, onun problemləri ilə maraqlanır, təhlil edir və müvafiq həll yollarını tapır.

Çox sevindirici haldır ki, artıq biznes sektorunu Dövlət Miqrasiya Xidməti ilə bağlı narahat edən problem yoxdur. Biz sadəcə onların müxtəlif məzmunlu təkliflərini dinləmişik, təhlillər aparılır. Gələcəkdə normativ hüquqi aktlarda həmin təkliflərin mümkün qədər əksini tapması üçün xidmətin müvafiq struktur bölmələrinə tapşırıqlar verilib.

- Dövlət Miqrasiya Xidmətini sahibkarların yaratdığı hansı problemlər daha çox narahat edir?

- Miqrasiya Məcəlləsinə görə, Azərbaycan Respublikasının ərazisində sahibkarlıq fəaliyyəti ilə məşğul olan (həmin şəxslər azı 5 nəfər ilə tam iş vaxtı şəraitində və ya 10 nəfər ilə natamam iş vaxtı şəraitində əmək müqaviləsi bağlamaqla faktiki fəaliyyət göstərdikləri və işçilərinin ən azı 80 faizi Azərbaycan Respublikasının vətəndaşları olduqları halda), o cümlədən xarici hüquqi şəxsin Azərbaycan Respublikasındakı filial və nümayəndəliyinin rəhbərləri və onların müavinləri olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün iş icazəsinin alınması tələb olunmur. Həmin forumda da mən bildirdim ki, ölkədə fəaliyyət göstərən xarici bir şirkətdə 50-60 işçi olduğu halda, 12-14 müavin vəzifəsi var. Biz xarici hüquqi şəxsin Azərbaycan Respublikasındakı filial və nümayəndəliyinin müdir müavinləri vəzifələrinin 3-4-ə endirilməsini təklif etmişik.

Bir nümunəni deyim ki, bir neçə il əvvəl BP şirkəti və SOCAR arasında imzalanan müqaviləyə əsasən, azərbaycanlı mütəxəssislər hazırlanır. Hazırda bu sektorda çalışan əcnəbilərin sayı 10 faizə enib. Bütün sahələrdə bu istiqamətdə iş aparılmalı, azərbaycanlı mütəxəssislər hazırlanmalıdır.

Digər tərəfdən, ixtisara düşən Azərbaycan vətəndaşlarının yerinə əcnəbilər təyin olunur ki, bu da bizi narahat edir, belə hallara yol vermək olmaz. Məqsədimiz odur ki, daxili əmək bazarını qoruyaq və ilk növbədə yerli məhsuldar qüvvələr nəzərə alınsın, Azərbaycan vətəndaşları işlə təmin olunsun. Prezident İlham Əliyevin vurğuladığı kimi respublikanın iqtisadi inkişafından ilk növbədə Azərbaycan vətəndaşları bəhrələnməlidirlər. Söz yox ki, iş yerinin tələblərinə cavab verən peşə hazırlığına və ixtisasa malik Azərbaycan vətəndaşının iddia etmədiyi boş iş yerlərinin mövcudluğu, məşğulluq xidməti orqanlarının işəgötürənlərin işçi qüvvəsinə olan ehtiyaclarını yerli əmək ehtiyatları hesabına təmin etmək imkanın olmadığı hallar, habelə yüksək ixtisaslı əcnəbi mütəxəssislərin cəlb edilməsi zəruriliyi nəzərə alınır və əmək miqrasiyası kvotası çərçivəsində qanuna müvafiq qaydada, yəni işəgötürənlər tərəfindən iş icazəsi alınmaqla əcnəbi işçi qüvvəsindən istifadə edilməsi məsələsi həll edilir. Bilirsiniz ki, Azərbaycan Respublikasında sahibkarlığın inkişafının stimullaşdırılması məqsədi ilə qəbul olunan “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2015-ci il noyabrın 1-dən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2 il müddətinə dayandırılsa da, müəyyən məlumatlar daxil olduqda şirkətlərlə müzakirələr aparırıq. Sahibkarlarla görüşümüzdə demişdim ki, yoxlamaların dayandırılması bəzi şirkətlərdə arxayınlıq yaradıb. Lakin sahibkarlar dövlət başçısının onlara diqqət və qayğısına adekvat münasibət göstərməli, qanunlara riayət etməlidirlər. Qanuna əməl etmək hər bir vətəndaşın, o cümlədən sahibkarların əsas vəzifəsidir.

- Əmək miqrasiyası kvotası, növbəti il üçün tələbatla bağlı işəgötürənlər sizə məlumat təqdim edibmi?

- Bəli, işəgötürənlər əcnəbi işçi qüvvəsinə tələbat haqqında proqnoz-məlumatı artıq təqdim ediblər. Bir daha xatırladıram ki, işəgötürənlər “Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydası”na əsasən növbəti il üçün əcnəbi işçi qüvvəsinə tələbat haqqında Məşğulluq Təsnifatı üzrə peşələr göstərilməklə hər il mayın 1-dək Dövlət Miqrasiya Xidmətinə onlayn rejimdə proqnoz-məlumat təqdim etməlidirlər.

- Bəzi ekspertlər hesab edirlər ki, əcnəbi vətəndaşlarla dini kəbinlə evlənənlər sonradan ayrılanda ortada heç bir hüquqi əsas olmur. Ümumiyyətlə, əcnəbilərlə nikah məsələsində hansı problemlər mövcuddur?

- Azərbaycan Respublikasının Konstitusiyasına görə, hər kəsin qanunla nəzərdə tutulmuş yaşa çatdıqda ailə qurmaq hüququ var. Nikah könüllü razılıq əsasında bağlanır. Heç kəs zorla evləndirilə, ərə verilə bilməz.

“Nikaha daxil olmağa razılıq, minimal nikah yaşı və nikahların qeydə alınması haqqında” Konvensiyaya görə, yetkinlik yaşına çatmış kişilər və qadınlar irqi, milli, yaxud dini əlamətlərə görə heç bir məhdudiyyət qoyulmadan nikah bağlamaq və ailə qurmaq hüququna malikdir. Onlar nikah bağlayarkən, nikahda olarkən və onu pozarkən eyni hüquqlardan istifadə edirlər. Nikahın hər iki tərəfin qanunamüvafiq, lazımi qaydada elan edildikdən sonra nikahı rəsmiləşdirmək hüququ olan hakimiyyət orqanı nümayəndəsinin yanında və şahidlərin iştirakı ilə şəxsən bildirməli olduqları tam və azad razılıq olmadan bağlanmasına yol verilmir.

Azərbaycan Respublikasının Ailə Məcəlləsinə görə də ölkəmizdə nikah və ailə münasibətlərinin hüquqi baxımdan tənzimlənməsi dövlət tərəfindən həyata keçirilir və yalnız müvafiq icra hakimiyyəti orqanında bağlanan nikah tanınır.

Miqrasiya Məcəlləsinə əsasən isə əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verildiyi hallardan biri Azərbaycan Respublikasının vətəndaşı ilə yaxın qohumluq münasibətlərində olmasıdır. Məcəllədə yaxın qohumun anlayışı verilib. Ata, ana, ər (arvad), övlad, qardaş, bacı və onların övladları, baba, nənə, babanın (nənənin) atası və anası, nəvə, qayınata, qayınana, qayın, baldız yaxın qohum hesab olunurlar. Həmçinin, adıçəkilən Məcəllənin 64-cü maddəsində iş icazəsinin alınması tələb olunmayan halların dairəsi müəyyən edilib. Azərbaycan Respublikasının vətəndaşı ilə nikahda olanlar, bu şərtlə ki, həmin vətəndaş Azərbaycan Respublikasının ərazisində yaşayış yeri üzrə qeydiyyatda olduqda həmin maddənin təsiri altına düşür.

Miqrasiya Məcəlləsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən təhlükəli yoluxucu xəstəliklərin siyahısında nəzərdə tutulmuş xəstəlik virusu daşıyıcısı olan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, Azərbaycan vətəndaşı ilə nikahda olanlar istisna olmaqla, ölkəmizin ərazisində müvəqqəti yaşamaq üçün icazə verilmr. Bütün bunlar Azərbaycan dövlətinin humanist mahiyyətindən, ailə-nikah münasibətlərinə verdiyi dəyərdən irəli gəlir.

Doğrudur, bəzən qeyd etdiyim bu imtiyazlardan bəhrələnməyə, respublikada müvəqqəti yaşamaq üçün icazə almağa görə formal nikah münasibətləri ilə bağlı məlumatlar daxil olur və şübhələr üçün kifayət qədər əsas olduqda qanunamüvafiq araşdırmalar aparılır və tədbirlər görülür.

- Azərbaycana işçi qüvvəsi kimi uşaq, yeniyetmə miqrant gətirənlər olurmu?

- Dövlət Miqrasiya Xidməti tərəfindən belə bir hal aşkar edilməyib. Azərbaycanın Əmək Məcəlləsinin “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin əmək hüququnun tənzimlənməsi” maddəsində göstərilir ki, qanunla və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə başqa hal nəzərdə tutulmayıbsa, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycanda olarkən Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər bütün əmək hüquqlarından istifadə edə bilər və bu hüquqlara müvafiq olan vəzifələr daşıyırlar. Elə həmin məcəllənin 12-ci maddəsində də bəyan olunur ki, işçilərin hüquqlarını pozan, əmək müqaviləsi üzrə öz öhdəliklərini yerinə yetirməyən,15 yaşına çatmamış şəxsləri işə götürən, uşaqları onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb edən işəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq məsuliyyətə cəlb edilir.

- Azərbaycana daha çox hansı ölkələrdən işçi qüvvəsi cəlb olunur?

- Bu il müstəqilliyinin 25 illiyini qeyd edən Azərbaycan qısa zaman kəsiyində çox böyük iqtisadi uğurlara imza atıb. 2004-2014-cü illərdə Azərbaycan iqtisadiyyatı dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatı olub. Bu illər ərzində işsizlik kəskin şəkildə azalaraq 40 faizdən 5 faizə enib. İqtisadiyyatımız daha da rəqabətqabiliyyətli olub və Davos İqtisadi Forumunun hesablamalarına əsasən, rəqabət qabiliyyətinə görə Azərbaycan iqtisadiyyatı dünyada 40-cı yerdədir. Bu gün Avropada həyata keçirilən ən iri infrastruktur və enerji layihələrindən biri olan Cənub Qaz Dəhlizi layihəsinin təşəbbüskarı kimi ölkəmiz çıxış edir.

Qeyd olunan iqtisadi uğurlar öz növbəsində ölkəmizdə yaradılan ictimai-siyasi sabitliyin və təhlükəsizliyin yüksək səviyyədə təmin edilməsinin nəticəsidir. Bu da öz növbəsində ölkəmizə gələn əcnəbilərin sayına təsirini göstərib. Əvvəlki illərdə ölkədən gedən vətəndaşlarımızın geri dönməsi ilə yanaşı, xeyli sayda əməkçi miqrantların ölkəmizə üz tutmasına səbəb olub. Əməkçi miqrantların palitrası zəngindir. Dünyanın bir çox ölkələrindən Azərbaycanda haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olanlar var. Onların sırasında Türkiyə, Gürcüstan, Rusiya, Hindistan, İran, Çin, Banqladeş, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, Pakistan, Ukrayna və s. ölkələrin vətəndaşları çoxluq təşkil edir.

- Azərbaycana əcnəbi işçi gətirən şirkətlər qanunu pozduğu təqdirdə nə qədər cərimə ödəməli olurlar?

- İnzibati Xətalar Məcəlləsinin 578-ci maddəsinə əsasən, işəgötürən tərəfindən Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin tələbləri pozulmaqla iş icazəsi alınmadan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin işə cəlb edilməsinə görə vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan iyirmi min manatadək məbləğdə cərimə edilir. Eyni xəta üç və ya daha çox əcnəbi və ya vətəndaşlığı olmayan şəxs barəsində törədildikdə vəzifəli şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə, hüquqi şəxslər isə otuz min manatdan otuz beş min manatadək məbləğdə cərimə edilir. İşəgötürənin işə cəlb etdiyi əcnəbini və vətəndaşlığı olmayan şəxsi öz iş yerindən kənarda işlə təmin etməsinə görə vəzifəli şəxslər beş yüz manat məbləğində cərimə edilir.

- Təmsil etdiyiniz qurum "ASAN xidmət" sektorunda hansı xidmətlərlə təmsil olunur?

- Dövlət Miqrasiya Xidməti tərəfindən Azərbaycan brendi olan "ASAN xidmət" mərkəzlərində əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsi (müddətinin uzadılması), daimi yaşamaq üçün icazənin verilməsi (müddətinin uzadılması), haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları üçün iş icazələrinin verilməsi, habelə şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı sorğuların qəbulu və cavablandırılması xidmətləri təqdim edilir.

- Şirkətlər tərəfindən vəsiqələrin götürülməsi sahəsində hansı problemlər var və bu kimi halların aradan qaldırılması üçün tədbirlər nəzərdə tutulurmu?

- Bəli, hazır vəsiqələrin götürülməməsi sahəsində müəyyən problemlər olur. Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə alan əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqələri verilir. Bəzən hazır vəsiqələri vaxtında götürməmək halları qeydə alınır. Xatırladım ki, Azərbaycan ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazəsi alan əcnəbi və ya vətəndaşlığı olmayan şəxsə burada müvəqqəti yaşamaq üçün icazə verilir. İş icazəsi bu icazəni almaq üçün dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim olunduqdan sonra işəgötürənə verilir. İşəgötürən tərəfindən 30 gün müddətində iş icazəsinin alınmasına, eləcə də iş icazəsinin müddətinin uzadılmasına görə dövlət rüsumu ödənilmədikdə, habelə əcnəbiyə və vətəndaşlığı olmayan şəxsə Azərbaycanın ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsindən imtina olunduqda iş icazəsi ləğv edilir.

- İşə cəlb edilən əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin pasportunun işəgötürən tərəfindən götürülərək saxlanması ilə bağlı hansı tədbirlər görülür?

- Qeyd etdiyiniz əməl Azərbaycanın Cinayət Məcəlləsinin müvafiq maddəsinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda İnzibati Xətalar Məcəlləsinə görə, işə cəlb edilən əcnəbinin və vətəndaşlığı olmayan şəxsin pasportunun və ya şəxsiyyətini təsdiq edən digər sənədinin işəgötürən tərəfindən götürülərək saxlanmasına görə - vəzifəli şəxslər beş yüz manat məbləğində cərimə edilirlər.

 


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur