Miqrasiyanın idarə edilməsi və miqrasiya proseslərinin tənzimlənməsi: reallıqlar və perspektivlər
BMT Baş Məclisi tərəfindən 1990-cı il dekabrın 18-də “Bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi haqqında” Konvensiya qəbul edilib. 2000-ci ildən etibarən 18 dekabr tarixi dünyada Beynəlxalq Miqrant Günü kimi qeyd olunur. Bu Konvensiya Azərbaycan Respublikası Milli Məclisinin 1998-ci il 11 dekabr tarixli qanunu ilə ratifikasiya edilib.
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev əlamətdar gün ilə bağlı AzərTAc-ın müxbirinin suallarını cavablandırıb.
- Firudin müəllim, söhbətimiz 18 dekabr - Beynəlxalq Miqrant Gününə təsadüf etdiyinə görə istərdim ki, miqrasiya, miqrasiya prosesinin dünəni və bu günü ilə bağlı fikirlərinizi öyrənim. Tarixə qısa bir ekskursiya edək, mövcud reallıqlara nəzər salaq və miqrasiya siyasəti ilə bağlı perspektiv planlara toxunaq.
- Müasir dünyada miqrasiya beynəlxalq məsələyə çevrilib və ciddi təhlil tələb edir. Layiqli həyat, iş axtarışında olan insanların əmək haqqı və əmək şəraiti yüksək olan dövlətlərə can atmalarının tarixi qədim dövrlərə gedib çıxır. Amma ötən əsrin 70-ci illərindən etibarən inkişaf etməkdə olan dövlətlərdən inkişaf etmiş ölkələrə, xüsusilə Avropaya və Birləşmiş Ştatlara miqrasiya axını intensivləşmişdi. Bu gün Azərbaycan Respublikası da bu cür axınla üzləşən təyinat ölkələrdən sayıla bilər.
Bir faktı da qeyd edək ki, BMT-nin açıqladığı ötənilki statistikaya görə, dünyada miqrantların sayı 232 milyonu keçib. Nəzərə alsaq ki, 1990-cı ildə bu rəqəm xeyli az – 154 milyon idi, onda bu sahədə dinamikanı təsəvvür etmək çətin olmaz.
Verilən məlumatlara görə, keçən il yarısı uşaq olmaqla 50 milyona yaxın insan öz yurdlarından məcburən didərgin düşüb. Bu, İkinci Dünya müharibəsindən bəri ən böyük göstəricidir. Əsas səbəb isə insanların öz ölkələrində baş verən böhranlardan, münaqişələrdən qaçmasıdır. Pis hal odur ki, son illər bu rəqəmlər daha da artır. Həmişə insanların ürəyində qorxu ilə yanaşı bir ümid olur. Bəlkə də buna görədir ki, insanlar yaşadıqları yeri daha təhlükəsiz ünvanlarla əvəz etməyə çalışırlar.
Miqrantların düşdükləri cəmiyyətə əzmkarlıqları ilə xeyir verə biləcəklərini düşünənlər də, əksini fikirləşənlər də var. Maraqlı haldır ki, bugünkü dünyada miqrant işçi qüvvəsi şərti təsnifata görə müxtəlif kateqoriyalara ayrılır. Bəzi dövlətlər intellektual və əmək potensialından istifadə edilməsi üçün əsasən ixtisaslı mütəxəssislərin ölkələrinə cəlb olunmasında, miqrasiyasında çox maraqlıdır. Bununla yanaşı, tənzimlənməyən miqrasiya proseslərinin mənfi təsirinin aradan qaldırılması, insan alveri də daxil olmaqla qeyri-qanuni miqrasiyanın qarşısının alınması da dünyada miqrasiya orqanlarının qarşısında duran əsas prioritetlərdən sayılır. Əlbəttə, əhalinin miqrasiyası, xüsusilə tənzimlənməyən miqrasiya istənilən dövlətin milli və iqtisadi təhlükəsizliyinə təsir göstərən mühüm amillərdəndir.
Azərbaycan Respublikası belə bir problemlə hələ ötən əsrin 80-ci illərinin sonu, 90-cı illərin əvvəllərində üzləşdi. Belə ki, müstəqilliyini təzəcə bərpa etmiş Azərbaycan terroru dövlət siyasətinə çevirən işğalçı Ermənistandan qaçqın düşmüş 250 min soydaşımız, o cümlədən ərazilərimizin işğalı nəticəsində ölkə daxilində məcburi köçkünə çevrilmiş bir milyona yaxın daxili miqrant ordusunun ağır yükü ilə qarşılaşdı. Bu miqrant axını onsuz da istiqlalını təzəcə bərpa etmiş, siyasi sistemi dəyişmiş, təcavüzlə üzləşmiş ölkə üçün mövcud olan böhranı bir qədər də ağırlaşdırdı. O dövrdə beynəlxalq təşkilatlar, bəzi ölkələr respublikamızın bu çətinlikdən çıxması üçün kütləvi miqrasiyanın yaratdığı fəsadların aradan qaldırılmasına dəstək olurdular. Lakin Azərbaycan yalnız ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra çətinlikləri dəf edə bildi, dövlətin sözün əsl mənasında müstəqilliyinə qovuşmasına nail olundu, düzgün strateji inkişaf yolu müəyyən edildi. Məhz həmin siyasətin uğurlu nəticəsidir ki, indi respublikamız özü donor ölkəyə çevrilib. İftixar hissi ilə deyə bilərik ki, Azərbaycan hökuməti humanitar sahədə bir növ borcunu qaytarır, təbii fəlakətlər, münaqişə olan ölkələrdə donor qismində çıxış edir. Nəticədə bütün bu sadalanan amillər, dövlətimizin siyasi və iqtisadi qüdrəti bu gün ölkəmizə miqrasiya etmək istəyənlərin sayının artmasına səbəb olub.
Belə olan halda ölkəmizdə miqrasiya proseslərinin dövlət tərəfindən milli mənafelər gözlənilməklə, beynəlxalq normalara uyğun tənzimlənməsi üçün tədbirlər görülür. Çünki tənzimlənməyən miqrasiya sosial-iqtisadi təhlükəsizlik baxımından da həm müvafiq cəmiyyət, həm də miqrantlar üçün çətinliklərə, insan hüquq və azadlıqlarının pozulmasına əsaslar yaradır. Bu hal bəzən müvəqqəti gəldiyini düşünüb təyinat ölkədə olmasını rəsmiləşdirməyən, olma və ya yaşama hüququ verən sənədlər olmadan, yaxud etibarsız sənədlərlə ölkədə qalan, bir sözlə, sənədlərində problem olan, mövsümi çalışdığını düşünüb işə düzələrkən qanunvericilikdə müəyyən edilmiş qaydalara əməl etməyən əməkçi miqrantlar üçün daha aktualdır. Axı təhlükəsizlik insanın, cəmiyyətin, dövlətin mövcudluğunun, onun həyati əhəmiyyətli maraqlarının etibarlı qorunması vəziyyətidir.
Hər bir dövlət fərqli, müxtəlif istiqamətli daxili və xarici siyasət həyata keçirməklə milli maraqlarının və iqtisadi təhlükəsizliyinin etibarlı təminatına nail olmağa çalışır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsində insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunması dövlətin ali məqsədi kimi müəyyən edilib. Elə bu normadan çıxış edərək vurğulaya bilərik ki, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin - miqrantların hüquqlarının müdafiəsi də Azərbaycan dövləti üçün prioritet istiqamətlərdəndir. Misal üçün, Miqrasiya Məcəlləsinə görə, Azərbaycan Respublikasının vətəndaşı ilə nikahda olan, qaçqın statusunun verilməsi üçün vəsatət verən, qaçqın statusu almış və ya siyasi sığınacaq verilmiş şəxslərə, eləcə də himayəsində 18 yaşına çatmamış və ya I qrup əlil Azərbaycan Respublikasının vətəndaşı olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə iş icazəsinin alınması tələb olunmur. Bundan əlavə, bilirsiniz ki, ölkəmizdə əcnəbilərin haqqı ödənilən əmək fəaliyyətini həyata keçirmələri üçün iş icazələrinin alınması və onların müddətinin uzadılmasına görə işəgötürən tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununa 2014-cü il 16 may tarixli dəyişikliklərlə indi iş icazəsinin etibarlılıq müddətindən asılı olaraq, həmin icazənin verilməsinə görə, dövlət rüsumunun fərqli məbləğləri müəyyən edilib ki, əvvəllər bir ilədək müddətdə bu rəqəm eyni idi. Yaxud adıçəkilən qanuna edilmiş dəyişikliklərlə əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti olma müddətinin uzadılması barədə qərarın, müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin verilməsinə və müddətinin uzadılmasına görə rüsum yetkinlik yaşına çatmayanlara yetkinlik yaşına çatmış şəxslər üçün təyin olunmuş məbləğin 50 faizi miqdarında müəyyənləşdirildi. Bütün bunlar dövlətin ali məqsəd kimi müəyyən etmiş olduğu prinsiplərin yüksək səviyyədə həyata keçirilməsinin nümunəsidir.
Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş inkişaf strategiyasına uyğun olaraq regionun lider dövlətinə çevrilmiş Azərbaycanda yaşamaq, işləmək, təhsil almaq, xüsusilə Azərbaycan vətəndaşı olmaq istəyənlərin sayı da ildən-ilə artmaqdadır. Qeyd edim ki, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanuna 2014-cü il 30 may tarixli əlavə və dəyişikliklərdə məqsəd də vətəndaşı dövlətlə münasibətdə məsuliyyətli olmağa dəvət etməkdir.
Bilirsiniz ki, Dövlət Miqrasiya Xidməti də Azərbaycan Respublikasının Konstitusiyasını, qanunlarını, Prezidentin fərman və sərəncamlarını, Miqrasiya Məcəlləsini, Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri rəhbər tutur, fəaliyyətini insan və vətəndaş hüquq və azadlıqlarına hörmət, qanunçuluq və humanizm prinsipləri əsasında qurur.
- Miqrasiya qanunvericiliyinin təkmilləşdirilməsi ilə bağlı hansı yeniliklər olub? İstərdik, Miqrasiya Məcəlləsinə bu dəyişiklikləri zəruri edən məqamlara aydınlıq gətirəsiniz.
- Miqrasiya sahəsində mövcud qanunvericilik son illər əsaslı şəkildə təkmilləşdirilib. Ümumiyyətlə, qanunvericiliyin təkmilləşdirilməsinin məqsədlərindən biri də həmin hüquqi sənədlərin tənzimlədiyi sahə üzrə müvafiq prosedurların sadələşdirilməsi, miqrasiya proseslərinin tənzimlənməsində innovativ metodların tətbiqi və şəffaflığın təmin edilməsidir.
Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinə əsasən, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyatı, ölkə ərazisində yaşamalarının əsasları və müddətləri, onların ölkəmizdə müvəqqəti və daimi yaşaması reqlamentləşdirilib, xarici vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin qeydiyyat sistemi təkmilləşdirilib, Azərbaycan Respublikasının vətəndaşlığına bərpa, qəbul üzrə meyarlar müəyyən edilib, miqrasiya qanunvericiliyinin pozulmasına görə məsuliyyət artırılıb.
Miqrasiya Məcəlləsində beynəlxalq hüququn hamılıqla tanınmış prinsiplərinə, həm də Azərbaycan Respublikasının Əsas Qanununa əsaslanaraq əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi bir daha bəyan edilib.
Məcəllədə birbaşa göstərilir ki, “Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər onların sosial və əmlak vəziyyəti, irqi və milli mənsubiyyəti, cinsi, dili, dinə münasibəti, fəaliyyətinin növündən, xarakterindən və digər hallardan asılı olmayaraq, Azərbaycan Respublikasında qanun və məhkəmə qarşısında bərabərdirlər”. Bu müddəa əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində pozulmuş hüquqlarının müdafiəsi baxımından əlverişli mühit yaradır. Ölkəmizdə daimi yaşamaq istəyən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və vəzifələrinin, habelə dövlət dili ilə bağlı biliklərinin yoxlanılması ilə əlaqədar müddəalar ölkəmiz üçün yeni olsa da, bir daha vurğulamaq istəyirəm ki, əcnəbilərin Azərbaycan cəmiyyətinə inteqrasiyası baxımından böyük əhəmiyyət daşıyır. Bu sahədə Dövlət Miqrasiya Xidməti tərəfindən artıq müvafiq işlər görülüb. Bütün bu yeniliklərin diqqətə çatdırılması üçün il ərzində ölkənin bir sıra ali təhsil ocaqlarında və DMX-nin regional miqrasiya idarələri üzrə rayonlarda ictimaiyyətin nümayəndələri və əcnəbilərlə təşkil olunmuş görüşlər də məhz böyük əhəmiyyət kəsb edib. Çünki tənzimlənən miqrasiya həm mənşə, həm də təyinat ölkələrinin inkişafına müsbət töhfə verə biləcək amil kimi qəbul olunur. Məlum olduğu kimi, müharibələrin, təbii fəlakətlərin törətdiyi ciddi böhran halları istisna olmaqla, müəyyən edilib ki, miqrasiya edənlərin böyük bir qismi əməkçi miqrantlardır.
Qaldı ki qanun cəmiyyətdə yaranan ictimai münasibətləri tənzimləyir, belə olan halda cəmiyyətin inkişafı, ictimai münasibətlərin təkamülü onu tənzimləyən hüquq normalarının daha da təkmilləşdirilməsini zəruri edir. Miqrasiya Məcəlləsinə dəyişikliklərə də bu kontekstdən yanaşmaq lazımdır. Məcəlləyə son dəyişikliklərdən biri ölkəmizdə müvəqqəti olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyatı ilə bağlı müəyyən edilmiş müddətin 3 gündən 10 günədək artırılmasıdır. Onu deyə bilərəm ki, şəxsən Azərbaycan Prezidenti İlham Əliyevin humanizm prinsiplərinə verdiyi dəyərin daha bir bariz nümunəsidir ki, respublikamıza gələn xarci vətəndaşların, həmçinin vətəndaşlığı olmayan şəxslərin və onları qəbul edən tərəfin rahatlıqlarını təmin etmək üçün belə bir qanunvericilik təşəbbüsü irəli sürülüb və qəbul olunub. Ümumiyyətlə, Məcəlləyə edilən dəyişikliklər insan və vətəndaş hüquq və azadlıqlarına hörmət və humanizm prinsiplərinə söykənir, ona görə bu addım da istər ictimaiyyət, istərsə də əcnəbilər tərəfindən razılıqla qarşılanıb.
- Əcnəbilərin qanunsuz miqranta çevrilməməsi üçün Dövlət Miqrasiya Xidməti nə işlər görür, hansı maarifləndirmə tədbirləri həyata keçirir və bu məlumatlar hədəf qruplarına çatırmı?
- Dövlət Miqrasiya Xidməti tərəfindən kütləvi informasiya vasitələrində mütəmadi olaraq miqrasiya prosesləri, əcnəbilərin qanunvericilikdə müəyyən olunmuş müddətdə olduğu yer üzrə qeydiyyata düşmələrinin vacibliyi, əmək miqrasiyası, xüsusən də “Bütün əməkçi miqrantlar və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi haqqında Beynəlxalq Konvensiya”da əks olunan və qanunvericilikdə nəzərdə tutulan məsələlər üzrə maarifləndirmə işləri aparılır. Məsələn, təkcə bu il miqrasiya ilə bağlı müxtəlif mövzularda məqalələr, müsahibələr, Azərbaycan Dövlət Teleqraf Agentliyinə (AzərTAc-a) verilən şərhlər elektron və dövri mətbuatda dərc edilib və Xidmətin rəsmi internet səhifəsində yerləşdirilib.
Cari ildə Azərbaycan Respublikasına gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyata alınması, müvəqqəti yaşama icazəsinin verilməsi halları və qanunsuz miqrasiya ilə bağlı maarifləndirmə xarakterli bir neçə qısametrajlı videoçarx və slayd, həmçinin 2013-cü ildə Dövlət Miqrasiya Xidmətinin fəaliyyətinin yekunlarına həsr olunan film hazırlanıb. Adı çəkilən film İctimai Televiziyada yayımlanıb. İctimaiyyətin və əcnəbilərin maarifləndirilməsi ilə bağlı videoçarxlar və slaydların il boyu mütəmadi olaraq ölkə telekanallarında yayımlanması həyata keçirilib. O cümlədən bu materiallar Xidmətin rəsmi internet səhifəsində də müvafiq qaydada yerləşdirilib.
Bununla yanaşı, olduğu yer üzrə qeydiyyatla bağlı maarifləndirici materialların Nəqliyyat Nazirliyi, “Azərbaycan Hava Yolları”, “Xəzər Dəniz Gəmiçiliyi”, “Azərbaycan Dəmir Yolları” QSC-lərə göndərilib və Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi vasitəsilə şəhərin avtobus dayanacaqlarında, Azərbaycan Dəmir Yolları vağzalının kassa zalında, sərnişin gəmilərində, Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni istifadəyə verilmiş aerovağzal kompleksində müntəzəm olaraq yayımlanması, həmçinin təyyarə bələdçiləri tərəfindən elan olunması təşkil edilib. İş icazəsinin verilməsi prosedurları və əcnəbi işçi qüvvəsinin haqqı ödənilən əmək fəaliyyətinə cəlb edilməsi qaydası ilə bağlı daha bir film hazırlanıb.
Ölkəmizə gələn xarici qonaqların qanunsuz miqranta çevrilməməsi üçün aparılan maarifləndirmə və məlumatlandırma işlərinin tərkib hissəsi olaraq əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyatı, müvəqqəti və daimi yaşama, iş icazəsi, müvəqqəti olma müddətinin uzadılması qaydalarını özündə əks etdirən bukletlər çap edilib. Bundan əlavə, Azərbaycan Respublikasına gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyata alınmasının təşviqi məqsədilə müxtəlif dillərdə və müxtəlif formalarda yaddaş vərəqələrinin, flayerlərin bu ildən respublikamızın nəzarət buraxılış məntəqələrində ölkəmizə gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə paylanması işi təşkil olunub. Xatırladım ki, elə qanunvericiliyə dəyişikliklərdən biri də məhz həmin bildiriş vərəqələrinin verilməsi ilə bağlıdır ki, indi Miqrasiya Məcəlləsinin 21-ci maddəsinin 1-ci bəndi aşağıdakı redaksiyada verilib: “Azərbaycan Respublikasında 10 gündən artıq müvəqqəti olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata alınmalıdırlar (bu barədə ölkəyə daxil olan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə dövlət sərhədinin buraxılış məntəqələrində Azərbaycan, rus və ingilis dillərində olan müvafiq bildiriş verilir)”.
Olduğu yer üzrə qeydiyyatla bağlı müraciət edənlərin sayının dinamikası deməyə əsas verir ki, maarifləndirmə işləri sizin dediyiniz kimi hədəf qruplarına çatır.
- 2014-cü il başa çatmaq üzrədir. Sizcə Dövlət Miqrasiya Xidməti qarşıya qoyulan vəzifənin öhdəsindən necə gələ bilir? Bu ilə hansı nəticələrlə yekun vurursunuz?
-2014-cü il respublikamız üçün kifayət qədər uğurlu il olub. Bu uğur həm iqtisadi, həm siyasi, həm sosial, həm də enerji layihələri və digər sahələri əhatə edib. TAP, TANAP layihələri və gələn il istifadəyə veriləcək Bakı-Tbilisi-Qars dəmir yolu region və dünya ölkələri, o cümlədən Avropa üçün böyük əhəmiyyətə malikdir. Bundan əlavə, Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətliliyinə görə dünyanın bir nömrəli iqtisadi qurumu - Davos Dünya İqtisadi Forumunun reytinq cədvəlində 38-ci yerdədir. Cənab Prezidentin dediyi kimi, bu, gənc müstəqil ölkə üçün çox böyük göstəricidir.
Qaldı ki Xidmətin qarşıya qoyulan vəzifənin öhdəsindən necə gəlməsinə, Prezident İlham Əliyevin 2006-cı il 25 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2006-2008-ci illər üçün Dövlət Miqrasiya Proqramı”ında əsas fəaliyyət istiqamətləri olaraq miqrasiya sahəsində idarəetmə mexanizminin təkmilləşdirilməsi, bu sahədə dövlət tərəfindən tənzimlənmənin səmərəliliyinin artırılması, aidiyyəti dövlət orqanlarının miqrasiya sahəsində fəaliyyətlərinin əlaqələndirilməsi, mövcud qanunvericilik bazasının təkmilləşdirilməsi, əmək miqrasiyası sahəsində kvotaların tətbiqi, qeyri-qanuni miqrasiyanın qarşısının alınması üzrə kompleks tədbirlərin həyata keçirilməsi, eləcə də digər ölkələrin miqrasiya qurumları və beynəlxalq təşkilatlarla əməkdaşlıq nəzərdə tutulub. Fərəhli haldır ki, Dövlət Miqrasiya Xidməti qarşıya qoyulmuş vəzifələrin öhdəsindən gəlməyə, göstərilən etimadı doğrultmağa çalışır. Çünki DMX hər zaman beynəlxalq təcrübəni öyrənir, beynəlxalq əlaqələrini genişləndirir. Avropa İttifaqının Avropa Qonşuluq və Tərəfdaşlıq Aləti proqramı çərçivəsində maliyyələşən Tvinninq layihəsi buna bir misaldır.
Bir məqamı da qeyd edim ki, 2014-cü il fevralın 28-də Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında Saziş imzalanıb. Avropa Parlamenti Azərbaycan ilə Avropa İttifaqı arasında readmissiya və viza rəsmiləşdirilməsinin sadələşdirilməsi haqqında sazişləri təsdiqləyib. “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Azərbaycan Respublikasının Qanunu da artıq qüvvəyə minib.
İqtisadiyyatı güclü, sabit, təhlükəsizliyi yüksək səviyyədə qorunan, tolerant bir ölkənin miqrasiya prosesləri ilə əlaqədar deyə bilərəm ki, Xidmətin qarşısında duran vəzifələrin icrası ilə bağlı işlər uğurla davam etdirilir. Belə ki, istər ölkəmizə təşrif buyuran əcnəbilərə xidmət göstərmək, onların qayğısına qalmaq, istərsə də qanunsuz miqrasiyaya qarşı qanunun bütün gücündən istifadə edərək mübarizə aparmaq hər bir miqrasiya qulluqçusunun vəzifə borcudur. Bu ilin 11 ayı ərzində Xidmətə təkcə olduğu yer üzrə qeydiyyatla bağlı səkkiz yüz mindən çox müraciət daxil olub. Bundan əlavə, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, vətəndaşlığa qəbul, xitam, bərpa, eləcə də vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin verilməsi və mövcud iş icazələrinin müddətlərinin uzadılması ilə bağlı da kifayət qədər müraciət daxil olub ki, bu qədər müraciəti cavablandırmaq səsləndiyi qədər asan məsələ deyil.
Dövlətimizin başçısı İlham Əliyevin söylədiyi kimi, “Biz, əlbəttə ki, qapılarımızı bütün qonaqlara açırıq. Ancaq hər şey qanun çərçivəsində olmalıdır. Qanunsuz miqrasiyaya qarşı çox ciddi mübarizə aparılmalıdır. Azərbaycana işləmək üçün gələnlər qanunlarımıza, milli dəyərlərimizə, ənənələrimizə hörmətlə yanaşmalıdırlar. Belə olan halda xarici ölkələrin Azərbaycana gələn vətəndaşlarının da yaşayışı üçün bütün şərait yaradılacaqdır”.
Doğrudur, miqrasiya siyasəti ilə əlaqədar bəzi məhdudiyyətlər kimlərisə qane etməyə bilər. Məsələn, qurumun qarşısına qoyulan vəzifələrdən biri də əməkçi miqrantların çalışdığı iş yerlərində yoxlamalar aparmaq, onların müvafiq statusa və iş icazələrinə malik olmalarını araşdırmaq, qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq tədbirlər görməkdir. Amma unutmaq olmaz ki, miqrasiya prosesinin idarə edilməsi beynəlxalq Konvensiyalara uyğunlaşdırılmış Azərbaycan qanunları ilə tənzimlənir. Bu qanunlara əməl etmək isə həm hər bir Azərbaycan vətəndaşının və bu ölkənin sərhədini keçən hər bir əcnəbinin borcudur. Həm də ona görə ki, miqrasiya prosesi Azərbaycanın milli və iqtisadi təhlükəsizliyi ilə birbaşa bağlı məsələdir.
Qeyd edim ki, Xidmət tərəfindən on bir ay ərzində yoxlamalar aparılmış iki yüzdən çox sahibkarlıq subyektindən 150-ə yaxının fəaliyyətində inzibati hüquq pozuntusu aşkarlanıb. Müəyyən edilmiş inzibati pozuntu halları qanunvericiliyin tələblərinə uyğun surətdə araşdırılır və müvafiq qərarlar qəbul olunur.
Bu ilin ötən dövrü ərzində 35 mindən çox əcnəbi və vətəndaşlığı olmayan şəxs tərəfindən inzibati qanunvericiliyin tələblərinin pozulması halları müəyyənləşdirilib. Onlardan 3172-nin ölkə ərazisində yaşamaları leqallaşdırılıb, 25 min 822 nəfər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müddəalarında nəzərdə tutulmuş qaydada 48 saat ərzində ölkə ərazisini tərk etməsi, 6065 şəxsin inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılması ilə bağlı qərarlar qəbul edilib. 179-nun isə müvəqqəti və ya daimi yaşamaq üçün əsas verən sənədləri itirildiyindən yenisi ilə əvəz olunub.
Bundan əlavə, dövlətimizin başçısının “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”na və “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”na dair müvafiq Sərəncamının icrasını təmin etmək məqsədilə Dövlət Miqrasiya Xidməti tərəfindən hazırlanmış tədbirlər planının icrası da davam etdirilir.
Cari ildə Xidmətin həyatındakı daha bir məsələni də demək istəyirəm ki, Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”nin və Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqənin və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”nin tələblərinə uyğun olaraq, miqrasiya orqanlarına qulluğa qəbulla bağlı aşkarlıq və şəffaflıq şəraitində Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə birgə test imtahanı keçirilib. İmtahanda iştirak edən 309 namizəddən 63-ü bu müsabiqənin test imtahanı mərhələsindən uğur qazandı və onlardan da layiqlilərin layiqlisi seçilərək vakant vəzifələrin tələblərinə cavab verənləri miqrasiya orqanlarına qulluğa qəbul edildilər.
Əməkdaşlarının 80 faizi gənclərdən ibarət olan Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti miqrasiya sahəsində dövlət siyasətini, miqrasiya proseslərinin idarə edilməsi və tənzimlənməsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən bir qurum olmaqla yanaşı, həm də xidmət orqanı kimi bundan sonra da üzərinə düşən vəzifələri müvəffəqiyyətlə yerinə yetirməyə, ölkəmizin Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin etimadını doğrultmağa çalışacaq.
- Geniş və səmimi müsahibəyə görə təşəkkür edirəm