Əcnəbi işçi qüvvəsindən istifadəni tənzimləyən qaydalara riayət edilməsinə dövlət nəzarəti
Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin qüvvəyə minməsindən bir il ötür.
Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev qanunsuz miqrasiyaya qarşı mübarizə, əcnəbi işçi qüvvəsindən istifadə olunmasını tənzimləyən qaydalara riayət edilməsinə dövlət nəzarətinin təşkili ilə bağlı məsələləri AzərTAc-a şərh edib.
Müasir dünyada miqrasiya prosesləri, miqrantların, xüsusilə əməkçi miqrantların hüquq və azadlıqlarının qorunması ən aktual məsələlərdən biridir. Ümumbəşəri, demokratik dəyərlərə böyük önəm verən və dünya birliyinə inteqrasiya istiqamətində uğurlu addımlar atan Azərbaycanda miqrasiya proseslərinin idarəedilməsi və beynəlxalq normalara uyğun tənzimlənməsinin təmin edilməsi, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqlarının qorunması, miqrantların qayğı ilə əhatə olunması istiqamətində dövlət tərəfindən atılan əsaslı addımlar, əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi sahəsində mühüm nailiyyətlər əldə olunub. Ötən il avqustun 1-dən qüvvəyə minmiş Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi də bu istiqamətdə mütərəqqi addımlar atılması üçün daha geniş imkanlar açıb.
Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş strategiyaya uyğun olaraq Azərbaycanda müşahidə edilən sürətli sosial-iqtisadi inkişaf, energetika və nəqliyyat sahələrində beynəlxalq kommunikasiyaların genişlənməsi, eyni zamanda, ölkəmizin geosiyasi mövqeyi miqrasiya proseslərinin intensivləşməsinə gətirib çıxarıb. Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilən bu siyasət nəticəsində sabitlik, tərəqqi, insanların sosial rifah halının yaxşılaşdırılması ilə bağlı görülən tədbirlər ölkəmizi əcnəbilər üçün daha cəlbedici məkana çevirib. Azərbaycanda milli təhlükəsizliyin və sabit sosial-iqtisadi, demoqrafik inkişafın təmin edilməsi, miqrantların intellektual və əmək potensialından səmərəli istifadə kimi məsələlər prioritet istiqamətlərdəndir. Çünki miqrantlar tarixən inkişaf etmiş ölkələrə üz tuturlar.
Miqrasiya Məcəlləsinə əsasən Azərbaycana gələn miqrantlar üçün bir sıra prosedurların sadələşdirilməsini xüsusi qeyd etmək yerinə düşər. Ötən il Azərbaycan Respublikasına 900 min miqrant gəlib ki, bu da kifayət qədər böyük rəqəmdir. Miqrasiya sahəsində dövlət siyasətini, miqrasiya proseslərinin idarə edilməsi və tənzimlənməsində qanunvericiliklə müəyyən olunmuş səlahiyyətləri həyata keçirən, hüquq mühafizə orqanı statusu olan Dövlət Miqrasiya Xidmətinin gördüyü tədbirlər istər miqrantlar, istərsə də ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanır. Bununla belə əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin ölkəmizdə olma və yaxud yaşama, işəgötürənlər tərəfindən isə müəyyən edilmiş qaydada haqqı ödənilən əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazəsi alınmadan, əmək müqaviləsi bağlanılmadan əcnəbi işçi qüvvəsinin işə cəlb edilməsi hallarına da təsadüf olunur. Təbii ki, bu məqamlar məcburi əməyin əlamətləri kimi qəbul edilərək hüquqi, demokratik dövlət quruculuğuna sadiq olan Azərbaycan barədə arzuolunmaz rəy formalaşdıra bilər.
Bu gün iqtisadi tərəqqinin sürətinə görə inkişaf etmiş ölkələrlə bir cərgədə dayanan, hətta bəzi istiqamətlərdə onları qabaqlayan Azərbaycan Respublikasında haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq istəyən əcnəbilər kifayət qədərdir.
Bəs haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün qanuni əsaslarla bir ölkədən başqa ölkəyə - konkret halda Azərbaycana miqrasiya edən fiziki şəxs - əməkçi miqrant nə etməlidir?
Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 19 mart tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti haqqında Əsasnamə” ilə Dövlət Miqrasiya Xidmətinin müəyyən edilmiş fəaliyyət istiqamətlərinə aşağıdakılar daxildir:
- xarici əmək miqrasiyası proseslərinin tənzimlənməsi üzrə tədbirlərin həyata keçirilməsində iştirak etmək;
- əcnəbi əmək qüvvəsinin ölkə ərazisinə cəlb edilməsi üzrə aidiyyəti dövlət orqanları ilə birlikdə təkliflər hazırlamaq;
- Azərbaycan Respublikasının ərazisində əcnəbi işçi qüvvəsini cəlb etmək və ondan istifadə etmək üçün icazə vermək, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə haqqı ödənilən əmək fəaliyyətini həyata keçirmək üçün “bir pəncərə” prinsipi əsasında fərdi icazələri vermək, onların müddətini uzatmaq, habelə verilmiş icazələri ləğv etmək;
- əməkçi miqrantların çalışdığı iş yerlərində yoxlamalar aparmaq, onların müvafiq statusa və iş icazələrinə malik olmalarını araşdırmaq, qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq tədbirlər görmək;
- əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində olma və yaşama qaydaları ilə bağlı hüquqi informasiya ilə təmin edilməsi üçün tədbirlər görmək;
- söz səlahiyyətləri daxilində miqrantların sosial müdafiəsi üçün zəruri şərait yaratmaq, onların yerli şəraitə uyğunlaşdırılması üçün tədbirlər görmək, hüquqlarını müdafiə etmək və s.
Miqrasiya Məcəlləsinin tələbinə görə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq və haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin müvəqqəti yaşamaq üçün icazəsi ilə yanaşı, iş icazəsi də olmalıdır. İş icazəsi əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmalarına icazə verən rəsmi sənəddir. Əcnəbilərə iş icazələri ölkəmizin milli maraqlarının və iqtisadi təhlükəsizliyinin keşiyində dayanan Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən verilir. Belə ki, qanunvericiliyə əsasən 18 yaşına çatmış əmək qabiliyyətli hər bir əcnəbi və vətəndaşlığı olmayan şəxs onu işə cəlb edən hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri vasitəsilə Dövlət Miqrasiya Xidmətindən iş icazəsi aldıqdan sonra Azərbaycanda işləyə bilər. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkəmizdə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları üçün isə əsas şərtlər iş yerinin tələblərinə cavab verən peşə hazırlığına və ya ixtisasa malik Azərbaycan vətəndaşının iddia etmədiyi boş iş yerlərinin mövcudluğundan, məşğulluq xidməti orqanları tərəfindən işəgötürənlərin işçi qüvvəsinə olan ehtiyaclarını yerli əmək ehtiyatları hesabına təmin etmək imkanının olmamasından ibarətdir.
İşəgötürənlər işə cəlb etdikləri əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri yalnız öz iş yerlərində işlə təmin etməli və bu barədə iş icazəsinin qüvvədə olduğu müddətə onlarla əmək müqaviləsi bağlamalıdırlar.
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün iş icazəsinin alınması aşağıdakı hallarda tələb olunmur:
- Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazəsi olanlara;
- Azərbaycan Respublikasının ərazisində sahibkarlıq fəaliyyəti ilə məşğul olanlara;
- diplomatik nümayəndəlik və konsulluqlarda, beynəlxalq təşkilatlarda işləyənlərə;
- beynəlxalq müqavilələr əsasında yaradılmış təşkilatların rəhbərlərinə və onların müavinlərinə;
- müvafiq icra hakimiyyəti orqanları tərəfindən işə cəlb edilənlərə;
- kütləvi informasiya vasitələrinin Azərbaycan Respublikasında akkreditə olunmuş əməkdaşlarına;
- müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi fəaliyyət sahələri üzrə il ərzində 90 gündən çox olmayan müddətdə Azərbaycan Respublikasında ezamiyyətdə olanlara;
- dənizçilərə;
- ali təhsil müəssisələrində mühazirə kurslarının oxunması üçün dəvət edilən professor-müəllim heyətinə və mühazirəçilərə;
- incəsənət işçilərinə, müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatından keçmiş idman klublarına işə dəvət olunan məşqçilərə və idmançılara;
- dövlət qeydiyyatına alınmış dini qurumlarda peşəkar dini fəaliyyətlə məşğul olanlara;
- xarici hüquqi şəxsin Azərbaycan Respublikasındakı filial və nümayəndəliyinin rəhbərlərinə və onların müavinlərinə;
- Azərbaycan Respublikasının vətəndaşı ilə nikahda olanlara, (bu şərtlə ki, həmin vətəndaş Azərbaycan Respublikasının ərazisində yaşayış yeri üzrə qeydiyyatda olsun);
- Qaçqın statusunun verilməsi üçün vəsatət verən, qaçqın statusu almış və ya siyasi sığınacaq verilmiş şəxslərə;
- himayəsində Azərbaycan Respublikasının 18 yaşına çatmamış və ya I qrup əlil vətəndaşı olanlara;
- müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən hallarda əmək fəaliyyətinə cəlb olunan şəxslərə.
İş icazəsi bir il müddətinə, əmək müqaviləsinin bir ildən az müddətə bağlanılması nəzərdə tutulduqda isə həmin müddətə verilir. Qeyd edək ki, iş icazəsi ilə bağlı daxil olmuş müraciətlərə 20 iş günü ərzində baxılır. İş icazəsinin müddəti hər dəfə bir ildən çox olmamaq şərti ilə uzadıla bilər. Müddətin uzadılması üçün işəgötürən iş icazəsinin müddətinin bitməsinə azı 30 gün qalmış Dövlət Miqrasiya Xidmətinə ərizə ilə müraciət etməlidir.
Ölkəmizdə əcnəbilərin haqqı ödənilən əmək fəaliyyətini həyata keçirmələri üçün iş icazələrinin alınması və onların müddətinin uzadılmasına görə işəgötürən tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilir. Bu icazəni almaq üçün dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim olunduqdan sonra iş icazəsi işəgötürənə verilir. Əcnəbinin və vətəndaşlığı olmayan şəxsin eyni işəgötürənin yanında başqa işə keçirilməsi ilə bağlı yeni iş icazəsi verildikdə əlavə dövlət rüsumu ödənilmir. Azərbaycan ərazisində qanuni əsaslarla fəaliyyət göstərən əməkçi miqrant qanunvericiliklə nəzərdə tutulmuş vergiləri ödəyir.
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikası ərazisində haqqı ödənilən əmək fəaliyyətinə cəlb olunması əmək miqrasiyası kvotası ilə tənzimlənir. Nazirlər Kabinetinin 2009-cu il 4 iyun tarixli qərarı ilə təsdiq edilmiş “Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydası”na əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi hər il tövsiyə xarakterli kvota hazırlayır. Nazirlər Kabineti isə bu say normasını təsdiqləyir. Kvota il ərzində Azərbaycan Respublikası ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları nəzərdə tutulan əcnəbilərin sayının son həddidir. Ötən il əcnəbi miqrantlar üçün 12 min kvota ayrılmışdı.
İş icazəsinin qüvvədə olma qaydalarına nəzarəti isə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirir.
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
- əcnəbilərdən və vətəndaşlığı olmayan şəxslərdən işçi qüvvəsi kimi istifadə edilməsini tənzimləyən normativ-hüquqi aktlara və Miqrasiya Məcəlləsinin tələblərinə riayət olunmasını yoxlayır;
- yoxlama zamanı ortaya çıxan məsələlər haqqında işəgötürəndən, habelə əcnəbidən və vətəndaşlığı olmayan şəxsdən məlumat və ya arayış alır;
- iş icazəsinin ləğv edilməsi üçün əsaslar olduğu hallarda icazəni ləğv edir;
- iş icazəsi olmadan işə cəlb edilmiş əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri, habelə həmin şəxsləri işə cəlb etmiş işəgötürənləri qanunla müəyyənləşdirilmiş qaydada məsuliyyətə cəlb edir.
İşəgötürənlər yoxlamanın aparılması üçün zəruri olan normal şərait yaratmağa, tələb olunan sənədləri təqdim etməyə borcludurlar. Dövlət Miqrasiya Xidməti tərəfindən nəzarət qaydasında aparılan yoxlamalara digər dövlət orqanlarının nümayəndələri də cəlb edilə bilər.
İnzibati Xətalar Məcəlləsinin 340-1-ci maddəsinə əsasən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının pozulması hallarında, yəni işəgötürən tərəfindən qanunvericiliyin tələbləri pozulmaqla iş icazəsi alınmadan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin işə cəlb edilməsinə görə vəzifəli şəxslər üç min manatdan beş min manatadək, hüquqi şəxslər otuz min manatdan otuz beş min manatadək cərimə edilirlər.
Cari ilin altı ayı ərzində qanunsuz miqrasiyaya qarşı kompleks yoxlamalar aparılması davam etdirilib. Xidmət tərəfindən yoxlamalar aparılmış 174 sahibkarlıq subyektindən 103-nün fəaliyyətində inzibati hüquq pozuntusu aşkarlanıb.
Azərbaycan Prezidenti İlham Əliyevin Dövlət Miqrasiya Xidmətinin qarşısında qoyduğu vəzifələrin öhdəsindən layiqincə gəlmək məqsədilə qurum bütün gücünü səfərbər edir, bu istiqamətdə müntəzəm tədbirlər həyata keçirir.
Müəyyən edilmiş inzibati pozuntu halları qanunvericiliyin tələblərinə uyğun surətdə araşdırılır və müvafiq qərarlar qəbul olunur. 2014-cü ilin birinci yarısında 15 min 526 əcnəbi və vətəndaşlığı olmayan şəxs tərəfindən inzibati qanunvericiliyin tələblərinin pozulması halları müəyyənləşdirib. Onlardan 1736-nın ölkə ərazisində yaşamaları leqallaşdırılıb, 11 min 756 nəfər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müddəalarında nəzərdə tutulmuş qaydada 48 saat ərzində ölkə ərazisini tərk etməsi, 1943 şəxsin inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılması ilə bağlı qərarlar qəbul edilib.
Azərbaycan hüquqi dövlətdir. Əcnəbi işçi qüvvəsini iş icazəsi almadan əməyə cəlb edib, sahibkarlıq fəaliyyəti ilə məşğul olub gəlir götürmək istəyən şəxslərin aşkara çıxarılması, bu kimi hüquq pozuntularına sipər çəkilməsi də hüquqi dövlətin prinsiplərindən irəli gəlir.