Miqrasiya sahəsində qanunvericilik gündən-günə təkmilləşdirilir


(Məqalə “Respublika” qəzetinin 12 mart 2014-ci il tarixli 052 (4925) nömrəli sayında dərc edilmişdir)

 

Azərbaycan Respublikası 1991-ci ildə dövlət müstəqiliyini bərpa etsə də 90-cı illərin əvvəllərində istiqlalımız və unitar bir dövlət kimi ərazi bütövlüyümüz təhlükə qarşısında qalmışdır. Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra məhz bu, dahi şəxsiyyətin xidmətləri nəticəsində dövlətimizin müstəqilliyinin daimi, dönməz və əbədiliyi bərqərar olundu. Ermənistanın təcavüzünə məruz qalmış və 20 faiz torpağı işğal altında olan Azərbaycan düşünülmüş və uzaqgörən siyasət nəticəsində bu gün regionun lider dövlətinə çevrilmişdi. Istiqlalının 20-ci ilində Azərbaycan BMT Təhlükəsizlik Şurasına qeyri daimi üzv seçildi və müstəqilliklərinin 200 yaşı olan ölkələrlə bir cərgədə dünyanın problemlərinin həllinə öz töhfələrini verməkdədir. Əlbəttə bu nailiyyətlər əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmiş və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasət sayəsində mümkün olmuşdur. Qanunun aliliyi, ədalətli sosial-iqtisadi islahatlar, söz azadlığı, fikir plüralizmi, beynəlxalq aləmdə nüfuzu, xarici investsiyanın cəlbi baxımından geniş fürsətlər, regionda Azərbaycanın iştirakı olmadan heç bir layihənin gerçəkləşdirilməməsi əcnəbilərdə Respublikamıza  marağı xüsusilə artırmışdır. Belə olan halda miqrasiya proseslərinin tənzimlənməsi, idarəedilməsi kimi məsələlər aktuallıq kəsb etməyə başlamışdır. 2007-ci il martın 19-da Azərbaycan Prezidenti Dövlət Miqrasiya Xidmətinin yaradılması haqqında  fərman imzalamış və bu mühüm dövlət qurumu ilk gündən fəaliyyətini insan və vətəndaş hüquq və azadlıqlarına hörmət, qanunçuluq və humanizm prinsipləri əsasında qurur, miqrasiya proseslərinin tənzimlənməsi və proqnozlaşdırılmasını həyata keçirir, müvafiq dövlət orqanlarının miqrasiya sahəsində fəaliyyətlərini əlaqələndirir.

 

Azərbaycanın milli təhlükəsizliyinin strateji hədəflərindən biri kimi miqrasiya probleminin aktuallığına Prezident İlham Əliyev tərəfindən xüsusi diqqət yetirildiyini son illərdə qəbul edilən qanunlar, görülən işlər DMX-nin   fəaliyyətinin genişləndirilməsi kimi real faktlar sübut edir. Şübhəsiz ki, müvəffəqiyyətə imza atmağın düzgün yolu mükəmməl qanunvericilik bazasının formalaşmasını zəruri edir. Elə bu nöqteyi-nəzərdən 2013-cü ildə də miqrasiya sahəsində ölkə qanunvericiliyinin təkmilləşdirilməsi üzrə əsaslı işlər görülmüş, normativ-hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində mühüm əhəmiyyət kəsb edən lazımi tədbirlər həyata keçirilmişdir. Təkcə onu qeyd etmək kifayətdir ki,  Dövlət Miqrasiya Xidməti fəaliyyətə başladığı gündən miqrasiya sahəsindəki 100-ə qədər qanunvericilik aktına  dəyişikliklərin edilməsi ölkə rəhbərliyi tərəfindən miqrasiya proseslərinin daim diqqət mərkəzində saxlanılmasının bariz nümunəsidir. Ümumiyyətlə məqsədlərindən biri həmin hüquqi sənədlərin tənzimlədiyi sahə üzrə müvafiq prosedurların sadələşdirilməsi olan qanunvericiliyin təkmilləşdirilməsi işləri bu gün də müvəffəqiyyətlə davam etdirilir. Amma qanunvericiliyin yeni dövrün tələblərinə uyğunlaşdırılması məqsədilə həyata keçirilən tədbirlərdən ən mühümü Miqrasiya Məcəlləsinin qəbul edilməsi olmuşdur. "Azərbaycan Respublikasının Dövlət Miqrasiya Proqramı"na əsasən hazırlanan Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli Qanununa əsasən 2013-cü il avqustun 1-dən qüvvəyə minmiş Miqrasiya Məcəlləsi bu sahəni tənzimləyən qanunvericilikdə mövcud olmuş boşluqların aradan qaldırılmasına ciddi bir əsasdır. Bu bir həqiqətdir ki, Azərbaycan bütün sahələrdə olduğu kimi, miqrasiya sahəsində də, mütərəqqi və qabaqcıl dünya təcrübəsindən istifadə edir. Amma iftixar hissi ilə vurğulanmalıdır ki, ilk dəfə olaraq Respublikamızda qəbul edilmiş Miqrasiya Məcəlləsinin digər ölkələr tərəfindən öyrənilməsinə maraq olduqca böyükdür.

 

Məlum olduğu kimi, Məcəllə miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsini, miqrasiya proseslərinin və bu sahədə yaranan münasibətlərin tənzimlənməsini, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında hüquqi vəziyyəti ilə bağlı normaları müəyyənləşdirən vahid normativ-hüquqi sənəddir.  Məcəllədə yeni normalarla yanaşı, bu günədək miqrasiya sahəsini tənzimləyən müxtəlif normativ hüquqi aktların müddəaları toplanmışdır. Miqrasiya sahəsində münasibətləri tənzimləyən normaların vahid sənəddə toplanması miqrasiya prosesi iştirakçılarının - həm aidiyyəti dövlət orqanlarının, həm vətəndaşlarımızın, həm də əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin öz hüquq və vəzifələrini bilmələri, eləcə də məsuliyyət yaradan hallar və miqrasiya ilə bağlı digər tənzimləyici müddəalar barədə məlumat əldə etmələri işini daha da asanlaşdırmışdır.

 

Azərbaycan Respublikasının miqrasiya qanunvericiliyi insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət, qanunçuluq, qanun qarşısında bərabərlik və ədalətlilik, miqrasiya qanunvericiliyinin hamılıqla tanınan beynəlxalq hüquq normalarına uyğunluğunun təmin edilməsi, miqrasiya proseslərinin tənzimlənməsində innovativ metodların tətbiqi və şəffaflığın təmin edilməsi prinsiplərinə əsaslanır.

 

Məcəllədə miqrasiya sahəsində anlyaşıların izahına geniş yer ayrılması ortaya çıxan anlaşılmazlıqların aradan qaldırılması baxımından çox böyük əhəmiyyət kəsb edir.

 

Miqrasiya sahəsində vahid normativ-hüquqi sənəd olan Məcəllədə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyatı, ölkə ərazisində yaşamaqlarının əsasları və müddətləri, eləcə də nəzərdə tutulmuş digər müvafiq normaların tətbiqi xeyli sadələşdirilmişdir. Məcəllə ilə tənzimlənən yeniliklərdən biri də əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin miqrasiya uçotu ilə bağlıdır. Miqrasiya uçotu miqrasiya proseslərinin idarə olunması formalarından biri kimi və ölkə ərazisində qanuni əsaslarla olan hər bir əcnəbinin və vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş sərbəst hərəkət etmək, ölkə ərazisində olmaq və yaşamaq yeri seçmək və digər hüquq və azadlıqlarının təmin olunmasına, habelə dövlətin miqrasiya sahəsində milli maraqlarının həyata keçirilməsinə və qanunsuz miqrasiyanın qarşısının alınmasına yönəlmişdir. Eyni zamanda məqsəd əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin öz hüquq və azadlıqlarını həyata keçirməsi, habelə üzərlərinə qoyulmuş vəzifələri yerinə yetirməsi üçün lazımi şərait yaradılması, həmçinin təbii fəlakət, fövqəladə vəziyyət, hərbi vəziyyət və digər bu kimi hallarda idarəetmənin mükəmməl təmin olunmasıdır.

 

 Bundan əlavə, Məcəllənin qəbulu ilə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkə ərazisindən tranzit keçidi qaydalarında da dəyişikliklər edilmiş, onların Vahid Miqrasiya Məlumat Sistemi vasitəsi ilə olduğu yer üzrə qeydiyyata alınması qaydası müəyyənləşdirilmiş, ümumiyyətlə isə qeydiyyat proseduru sadələşdirilmişdir. Azərbaycan Prezidentinin 2009-cu il 6 fevral tarixli  Sərəncamına əsasən fəaliyyəti təmin edilmiş Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Vahid Miqrasiya Məlumat Sistemi (VMMS) bu gün ölkədə baş verən miqrasiya proseslərinin dinamikası barədə tam təsəvvürün yaradılmasına imkan verərək, yaşayan və müvəqqəti olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin uçotunun aparılması, miqrasiya proseslərinin idarə olunmasında iştirak edən dövlət orqanlarının zəruri informasiya ilə təmin edilməsi, miqrasiya ilə bağlı sənədləşmə, yoxlama, sorğu və təhlil işlərinin avtomatlaşdırılması və bu sahədə göstərilən elektron xidmətlərin təkmilləşdirilməsi, qeyri-qanuni miqrasiya ilə mübarizə və təhlükəsizliyin təmin olunması  sahəsində müvafiq tədbirlərin görülməsi üçün əlverişli şərait yaratmışdır. Azərbaycan Respublikası Prezidentinin 4 iyun 2010-cu il tarixli Fərmanı ilə Vahid Miqrasiya Məlumat Sisteminin Əsasnaməsi təsdiq edilmiş, onun “Giriş-Çıxış və Qeydiyat” İdarələrarası Avtomatlaşdırılmış Məlumat-Axtarış Sisteminə və Əhalinin Dövlət Reyestrinə inteqrasiyası təmin olunmuşdur. Ölkə ərazisində miqrasiya proseslərinin idarəedilməsi funksiyasını yerinə yetirən VMMS vasitəsilə əcnəbi və vətəndaşlığı olmayan şəxsin ölkə ərazisinə daxil olduqdan sonra harada və nə işlə məşğul olması müşahidə edilir və ciddi nəzarətdə saxlanılır.

 

Miqrasiya Məcəlləsində geniş əksini tapmış sadələşmə  yaşama və iş icazələrinin verilməsi sahəsində də öz əksini tapmışdır. Belə ki, bir il müddətinə verilən müvəqqəti yaşama icazəsinin növbəti dəfə 2 ilədək müddətə uzadılmasına dair müddəalar da Məcəllədə norma kimi qəbul edilmişdir. Qüvvədə olmuş qanunvericilik müvəqqəti yaşama üçün icazənin, o cümlədən əmək fəaliyyəti ilə məşğul olmaq üçün fərdi icazənin müddətinin dörd dəfədən artıq uzadılamasına yol vermirdi, amma Məcəllənin qəbulu ilə bu məhdudiyyət aradan qaldırılmışdır.

 

Respublikamızda daimi yaşama icazəsi almaq istəyən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və vəzifələrinin, habelə dövlət dili ilə bağlı biliklərinin yoxlanılması ilə əlaqədar müddəalar ölkəmiz üçün yeni olsa da, əcnəbilərin cəmiyyətimizə inteqrasiyası baxımından təbii ki, böyük əhəmiyyət daşıyır.

 

Azərbaycan Respublikasına gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyata alınmaları üçün onları qəbul edən tərəf (mehmanxana müdiriyyəti, sağlamlıq, müalicə müəssisəsinin rəhbərliyi, yaşayış sahəsinin sahibi və s.) və ya şəxs özü  3 gün ərzində müvafiq ərizə-anketi və əcnəbinin pasportunun surətini miqrasiya orqanlarının internet informasiya ehtiyatı - www.migration.gov.az, poçt, elektron poçt-qeydiyyat@migration.gov.az vasitəsi ilə və ya şəxsən miqrasiya orqanlarına təqdim etməlidir. Ərizə daxil olduqdan sonra miqrasiya orqanları dərhal əcnəbini və ya vətəndaşlığı olmayan şəxsi olduğu yer üzrə qeydiyyata alır və bu barədə bir iş günü ərzində qəbul edən tərəfə yazılı məlumat verir. Viza əsasında gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər vizada göstərilən qalma müddətinə, viza tələb olunmayan qaydada gələnlər 90 gün müddətinə qeydiyyata alınırlar. Dəyişikliklərə əsasən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyata alınması üçün dövlət rüsumu ödənilmir.

 

Əlbəttə mütərəqqi prinsipləri rəhbər tutan Azərbaycan qanunvericiliyində göründüyü kimi  əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün bir sıra hüquqlar və vəzifələr müəyyənləşdirilmişdir. Onlar ölkəmizdə olarkən, qanunda və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, vətəndaşlarla bərabər bütün hüquqlardan istifadə edə bilər, həmçinin  sosial və əmlak vəziyyəti, irqi və milli mənsubiyyəti, cinsi, dili, dinə münasibəti, fəaliyyətinin növündən, xarakterindən və digər hallardan asılı olmayaraq, Azərbaycan Respublikasında qanun və məhkəmə qarşısında bərabər hüquqludurlar. Əsas vəzifə həm də ondan ibarətdir ki, əcnəbilər Konstitusiyamızın, qanunlarımızın və digər qanunvericilik aktlarının tələblərinə, Azərbaycan xalqının adət və ənənələrinə hörmətlə yanaşmalıdırlar.

 

Bir sözlə qanunvericiliyin təkmilləşdirilməsi Xidmətin əldə etdiyi uğurların ildən-ilə artmasına geniş imkan yaradır.

 

Siyasət Alıyev

DMX Təşkilat Nəzarət Baş İdarəsinin

rəisi vəzifələrini müvəqqəti icra edən,

baş miqrasiya xidməti müşaviri

 

 


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur