Azərbaycan Respublikasında miqrasiya prosesləri və proseslərə dövlət nəzarəti (Məqalə)


 

(Məqalə “Azərbaycan” qəzetinin 18 mart 2014-ci il tarixli 57 (6623) nömrəli sayında dərc edilmişdir)

 

Azərbaycanda təhlükəsizlik məsələləri çox yüksək səviyyədə həll

olunur, ictimai-siyasi asayiş yüksək səviyyədə qorunur, sabitlik, inkişaf var, dözümlülük, tolerantlıq var. Bunlar olmasaydı, əminəm ki, iqtisadi cəhətdən nə qədər cəlbedici olsa da, xaricdən buraya adam gəlməzdi. Ancaq bununla bərabər, biz miq-rasiya siyasətimizi daha da gücləndirməliyik, çox ciddi sistem yaratmalıyıq. Mən bu barədə əvvəllər demişəm. Hər bir gələn xarici vətəndaş qeydiyyatdan keçməlidir. Qanunsuz bir adam da burada işləməməlidir. Biz istənilən anda bilməliyik ki, hansı xarici vətəndaş hansı gündə haradadır və nə ilə, hansı işlə məşğuldur.

                

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

 

XXI əsrdə qloballaşan dünyada baş verən proseslər, insanların bir ölkədən başqa ölkəyə könüllü, yaxud məcburi miqrasiya etməsi və bu proseslərin tənizmlənməsi müasir idarəetmə formalarının tətbiqi zərurətini aktuallaşdırır. Xüsusən əsaslı inkişaf, iqtisadi tərəqqi, yeniləşən həyat tərzi, sabitlik mövcud olan məkana maraq bütün dövrlərdə gündəmdədir. Çünki, insan bir növ rahatlıq axtarışındadır desək yanılmarıq. Son illər ölkəmizə miqrant axını dediyimizin əyani nümunəsidir. Mövcud reallıqlar kontekstində ölkəmizin milli təhlükəsziliyinin, iqtisadi  maraqlarının qorunmasını, miqrasiya sahəsində dövlət siyasətini, miqrasiya proseslərinin idarə edilməsi və tənzimlənməsində qanunvericiliklə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən, hüquq-mühafizə orqanı statusu olan bir qurumun - Dövlət Miqrasiya Xidmətinin  yaradılması barədə 7 il əvvəl – 19 mart 2007-ci ildə Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyev fərman imzaladı. Qurum qarşısında qoyulmuş vəzifələrin öhdəsindən öz səlahiyyətləri çərçivəsində müvəffəqiyyətlə gəlmək, göstərilmiş etimadı doğrultmaq üçün ciddi səylə əməli fəaliyyətə başladı. Artıq miqrasiya proseslərinin idarəolunmasında «bir pəncərə» prinsipi üzrə vahid dövlət orqanının səlahiyyətlərini həyata keçirən DMX fəaliyyət sferasına daxil olan - əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyatı, müvəqqəti olma, müvəqqəti və daimi yaşama, iş icazələrinin verilməsi və müddətlərinin uzadılması, qaçqın statusunun müəyyənləşdirilməsi, vətəndaşlığa qəbul, xitam, bərpa, eləcə də vətəndaşlıq məsələlərinin həlli işində ciddi nizam-intizam yaratmağa müvəffəq olub.

Dövlət Miqrasiya Xidməti fəaliyyətini insan və vətəndaş hüquq və azadlıqlarına hörmət, qanunçuluq və humanizm prinsipləri əsasında həyata keçirir. Xidmətdə çalışan, miqrasiya qulluqçusu kimi şərəfli bir adı daşıyan hər kəs öz məsuliyyətini kifayət qədər yaxşı dərk edir. Doğrudur, xidmətdə işləyənlərin mütləq əksəriyyəti gənclərdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də söylədiyi kimi belə gənclərin önə çıxmaları, məsuliyyəti öz üzərlərinə götürmələri gələcək uğurlu inkişafımızı təmin edəcək vacib məsələlərdəndir. Çünki hər bir ölkənin inkişafını onun intellektual potensialı müəyyən edir. Xüsusilə bu danılmaz həqiqətdir ki, indiki zamanda yüksək texnologiyaların sürətlə inkişaf etdiyi bir vaxtda o ölkələr üstünlük təşkil edir ki, intellektual potensialı zəngin olsun.

Xidmət Daxili İşlər, Xarici İşlər, Milli Təhlükəsizlik, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri və digər aidiyyəti qurumlarla birlikdə fəaliyyət göstərir, miqrasiya sahəsində bu orqanların fəaliyyətini əlaqələndirir, miqrasiya prosesini tənzimləyir, idarə edir və dövlət nəzarətini həyata keçirir. Dövlət Miqrasiya Xidməti öz vəzifələrini yerinə yetirərkən, hüquqlarını həyata keçirərkən mərkəzi, yerli icra hakimiyyəti orqanları, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir. Bir də ki, dövlət başçısının dəfələrlə vurğuladığı kimi hər birimiz xalqın xidmətçisiyik. Xidmətə daxil olan bütün sorğular, suallar, müraciətlər əməkdaşlar tərəfindən operativ araşdırılmalı, müvafiq tədbirlər görülməlidir. Ölkə rəhbərliyi tərəfindən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin qarşısına qoyulan bütün tapşırıqlar vaxtında və uğurla yerinə yetirilməlidir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ümid yeri və hüquqi təminatçısıdır, ona görə də Xidmətə müraciət edən hər bir əcnəbiyə qanun çərçivəsində yardım göstərilməlidir. Yuxarıda sadalananlar Dövlət Miqrasiya Xidmətinin iş prinsipidir. Dövlət Miqrasiya Xidmətinin hər bir əməkadaşı da bunu dərk edir və vəzifə borcu bilir. Miqrasiya sahəsində dövlət siyasətini uğurla reallaşdıran Miqrasiya Xidməti ölkəmizə təşrif buyuran əcnəbilərə daima hüquqi, maarifləndirici köməklik göstərir.

BMT-nin 2013-cü ildə gənclərin vəziyyəti, xüsusi ilə gənc miqrantların müasir dünyaya verdiyi töhfələr və onların qarşılaşdığı çağırışlarla bağlı hesabatına əsasən bu gün dünyada 232 milyon miqrant var. Onların 30 faizi 29 yaşdan aşağı olan gənclərdir. Bizim ölkəyə də miqrant axını ilə bağlı mövcud vəziyyət dünya üzrə bu statistikadakı rəqəmlərlə demək olar ki, üst-üstə düşür. Çünki, ölkəmizdə xeyli əcnəbi tələbə müxtəlif ali məktəblərdə təhsil alır. Bundan əlavə adətən öz həyatını qurmaq üçün insan başqa ölkələrə gənc yaşlarında üz tutur. Azərbaycana miqrant axını onu deməyə əsas verir ki, Respublikamızın inkişafı, mövcud vəziyyət xaricdən də aydın görünür. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi kursun Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilməsi nəticəsində ölkəmizin iqtisadiyyatındakı sıçrayış əcnəbilərin Azərbaycana marağını son illər xüsusilə artırmışdır. Fərəhli haldır ki, bu gün dünyanın müxtəlif dövlətlərindən əcnəbilər ölkəmizə təşrif buyururlar. Amma faiz etibarilə üstünlük Türkiyə, Rusiya və Gürcüstan vətəndaşlarına aiddir. Mövcud reallıq aşağıdakı rəqəmlərdə öz əksini tapmışdır. Ötən il Azərbaycana gələn təxminən 900 min əcnəbinin 47,3 faizi Rusiya Federasiyasının, 15,9 faizi Gürcüstanın, 11,5 faizi Türkiyənin yerdə qalanı isə bütün qitələri əhatə etməklə ayrı-ayrı ölkələrin payına düşür.

Bir qayda olaraq haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə işəgötürənlər vasitəsilə iş icazələrinin verilməsi də Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçirilir. Ümumiyyətlə əmək miqrasiyası proseslərinin tənzimlənməsi və idarə olunması ölkənin iqtisadi təhlükəsizliyinin təmini və daxili əmək bazarının qorunuması məqsədini daşıyır. Azərbaycan Respublikasının əmək bazarında əcnəbi işçi qüvvəsinin iştirakının tənzimlənməsi və nəzarət işinin gücləndirilməsi məqsədi ilə bu sahədə olan mövcud qanunvericilik aktlarına bir sıra əlavə və dəyişikliklər edilmişdir. Daxili əmək bazarı və işçi qüvvəsinə tələbat nəzərə alınmaqla iqtisadi fəaliyyət sahələri üzrə əmək miqrasiyası kvotalarının müəyyənləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 4 iyun tarixli qərarına əsasən “Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydası” təsdiq edilmişdir. 2013-cü il üçün müvafiq qaydada müəyyənləşdirilmiş 12.000 kvota üzrə  Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən 11.938 əcnəbiyə iş icazəsi verilmişdir. Miqrantlar əsasən tikinti, neft-qaz, yəni enerji sektoru və emal sənayesi, iri istehsalat layihələri, yaşayışın təşkili və ictimai iaşə, təhsil, topdan və pərakəndə ticarət, kənd təssərüfatı, turizm, avtomobillərin təmiri sahələrində çalışırlar.

Ümumiyyətlə, 2013-cü il Xidmətin həyatında bir çox yeniliklərlə yadda qalmışdı. Amma burada bir məqama diqqət çəkmək yerinə düşərdi. Əvvəla ötən il təkcə Dövlət Miqrasiya Xidməti üçün yox, ümumilikdə ölkəmiz üçün çox əlamətdar il olmuşdu. Azərbaycan bir çox nailiyyətlərə imza atmışdı. Ilə xronoloji ardıcıllıqla nəzər salsaq “Azərspace-1” peykinin orbitə buraxılması bu çox mühüm bir hadisə olmuş və ölkəmizin tarixində yeni bir səhifənin açılmasına gətirib çıxarmış, təbii sərvətləri ilə dünyanın diqqətini cəlb edən Azərbaycan kosmik dövlətlərin sırasına qoşulmuşdu. Qaldı ki, sənayedə, tikintidə, istehsalatda inkişaf mütləq qeyd edilməlidir. Təkcə bir faktı deyim ki, 2013-cü ildə Azərbaycan Avropa qitəsində iqtisadi inkişaf templərinə görə birinci yerdə olmuşdur. Bu məqamları xatırlatmaqda məqsədim odur ki, beynəlxalq təcrübədən göründüyü kimi miqrantlar əsasən iqtisadi cəhətdən yüksək inkişaf etmiş ölkələrə üz tuturlar. Respublikamıza miqrant axını onu deməyə əsas verir ki, bu tərəqqi hər yerdən aydın görünür. Azərbaycanın bu səviyyəyə qalxması təbii ki, fərəhli haldır. Amma ölkənin bu mərhələyə gəlib çıxması isə heç də rəvan olmamış, çətin günlərdən keçmişdir. Ötən il 90 illiyini qeyd etdiyimiz Ulu öndər Heydər Əliyevin tarixi xidmətləri nəticəsində, onun təməlini qoyduğu düzgün strateji planlar əsasında Respublikamız bu gün regionun lider dövlətinə çevirilmişdir. Müasir müstəqil Azərbaycan Ulu öndər Heydər Əliyevin şah əsəridir. Ümummilli  liderimizin yubileyi münasibətilə Xidmətdə təşkil olunmuş tədbirlərdə bütün bunlar barədə məruzələr dinlənilmiş, ziyalilarimizla əməkdaşların görüşləri təşkil olunmuşdu. Bu bir tarixi həqiqətdir ki, uzun illər Azərbaycanı tanımayan ölkələrdən belə indi Respublikamıza miqrasiya etməyə, burada işləməyə, yaşamağa, təhsil almağa can atanlar var. Həyata keçirilən islahatların və dünya birliyinə düşünülmüş, mükəmməl inteqrasiyanın nəticəsidir ki, ötən il Azərbaycan BMT Təhlükəsizlik Şurasında fəaliyyətini müvəffəqiyyətlə başa vurmuşdu.  Azərbaycanı dünyaya bax bu cür ədalətli, prinsipial, yüksək inkişaf tempinə malik bir ölkə kimi təqdim etməyə müvəffəq olmağımız məhz Ulu öndərin əsasını qoyduğu və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilən siyasi-diplomatik fəaliyyət nəticəsində mümkün olmuşdur. Bu da ötən il qədirbilən xalqımız tərəfindən növbəti dəfə öz yüksək qiymətini almışdı. 2013-cü il oktyabrın 9-da səsvermə hüququ olan Azərbaycan vətəndaşları mütəşəkkil formada seçki məntəqələrinə gedərək öz iradələrini sərbəst şəkildə ifadə etdilər. Növbəti beş ildə də ölkəmizin taleyi Prezident İlham Əliyevə həvalə olundu, insanlar inkişafa, tərəqqiyə səs verdilər.

İftixar hissi ilə deyə bilərik ki, ölkəmiz gündən-günə inkişaf edir, sivilizasiyalararası dialoq məkanına çevirilmiş Azərbaycanın iştirakı olmadan regionda heç bir layihə həyata keçirilmir. Ötən il  “Şahdəniz-2” layihəsinin imzalanması çox tarixi bir hadisə olmuşdu. Həmçinin iri layihələrdən biri də Avropanı və Asiyanı birləşdirəcək Bakı-Tbilisi-Qars dəmir yolu layihəsidir ki, 2015-ci ildə başa çatdırılması planlaşdırılır. Təbii ki, hər iki layihə Azərbaycana miqrasiya edənlərin palitrasını xeyli zənginləşdirəcək.

Ötən il Dövlət Miqrasiya Xidməti və ictimaiyyətimiz, əcnəbilər, vətəndaşlığı olmayan şəxslər, ümumiyyətlə miqrasiya prosesi iştirakçıları üçün həm də bir məsələyə görə əlamətdar olmuş, ali qanunverici orqan tərəfindən Miqrasiya Məcəlləsi qəbul edilmiş, miqrasiya ilə bağlı bu vahid normativ-hüquqi sənəd dövlət başçısı tərəfindən imzalanmış və 1 avqust 2013-cü il tarixindən qüvvəyə minmişdi. Mükəmməl bir sənəd olan Miqrasiya Məcəlləsi miqrasiya prosesində xeyli prosedurun sadələşdirilməsinə imkan vermişdi. Xatırladım ki, bu vacib sənəd hazırlanarkən bir çox ölkələrin miqrasiya qanunvericiliyi öyrənilmiş, Beynəlxalq Miqrasiya Təşkilatının və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliklərinin və əməkdaşlıq etdiyimiz digər təşkilatların təklifləri nəzərə alınmışdır.

Məcəllədə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyatı, ölkə ərazisində yaşamalarının əsasları və müddətləri, müraciət və qərar qəbuletmə prosedurları sadələşdirilmişdir. Miqrasiya Məcəlləsi ilə tənzimlənən yeniliklərdən biri də əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin iş icazələri ilə bağlı olmuşdur. Əvvəlki qanunvericilik müvəqqəti yaşama üçün, o cümlədən əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazəsinin müddətinin dörd dəfədən artıq uzadılamasına yol vermirdisə, Məcəllənin qəbulu ilə bu məhdudiyyət aradan qaldırılmışdır. Sənəddə Azərbaycan Respublikasına gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti olma müddətinin 60 günədək uzadıla bilməsi də öz əksini tapmışdır.

Miqrasiya Məcəlləsinin 54-cü maddəsinə əsasən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilməsi ilə bağlı müraciətlərinə baxılarkən, onların Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş hüquq və vəzifələri, habelə dövlət dili ilə bağlı biliyi Dövlət Miqrasiya Xidməti, Ədliyyə Nazirliyi və Təhsil Nazirliyi nümayəndələrindən ibarət komissiya tərəfindən yoxlanılır. Azərbaycanın dövlət dilini bilmək miqrantların yerli əhali ilə ünsiyyətinin asanlaşdırılması və cəmiyyətimizə inteqrasiyası baxımından əlbəttə çox mühüm amildir. Çünki, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında olarkən, qanunla və ya beynəlxalq müqavilələrlə başqa hal nəzərdə tutulmayıbsa, vətəndaşlarımızla bərabər bütün vəzifələri yerinə yetirməlidirlər. Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər öz arzuları ilə Azərbaycan dilini, tarixini, mədəniyyətini, öz  hüquq və vəzifələri ilə bağlı qanunvericiliyi öyrənmək üçün Dövlət Miqrasiya Xidmətinin təlim-tədris mərkəzinə müraciət edə bilmələri istiqamətində də tədbirlər davam etdirilir.

Eyni zamanda, Miqrasiya Məcəlləsinin 64-cü maddəsinə əsasən ölkə ərazisində sahibkarlıq fəaliyyəti ilə məşğul olanlara, Azərbaycan Respublikasının vətəndaşı ilə nigahda olan, qaçqın statusunun verilməsi üçün vəsatət verən, qaçqın statusu almış və ya siyasi sığınacaq verilmiş şəxslərə, eləcə də himayəsində 18 yaşına çatmamış və ya I qrup əlil Azərbaycan Respublikasının vətəndaşı olan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə  iş icazəsinin alınması tələb olunmur. Əlbəttə Miqrasiya Məcəlləsi nə qədər mükəmməl olsa da qanunvericiliyin təkmilləşdirilməsinə hər zaman ehtiyac var.

Ötən ildən başlayaraq, həmçinin “ASAN” xidmət mərkəzlərində də Dövlət Miqrasiya Xidmətinin səlahiyyətlərinə aid Azərbaycan Respublikasında müvəqqəti və daimi yaşama icazəsinin, o cümlədən iş icazəsinin verilməsi üçün tələb olunan sənədlərin qəbul edilməsi və müvafiq icazə vəsiqələrinin verilməsi həyata keçirilməkdədir. Qanuni əsaslar olduğu halda əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına giriş-çıxışı, müvəqqəti olması, yaşaması, daimi yaşaması, haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazələrinin alınması ilə bağlı istər xidmət şəraiti, istərsə də qanunvericilik baxımından Xidmətin üzərinə düşən fəaliyyəti həyata keçirmək imkanlarımız, infrastruktur daha da yaxşılaşdırılır.

Ötən il 231 əcnəbi və ya vətandaşlığı olmayan şəxsin həyatında isə xüsusilə əlamətdar olmuşdur. Onlar Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmişlər. 2013-cü ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə vətəndaşlığa qəbul edilmiş 231 nəfərin 196-ı vətəndaşlığı olmayan şəxs, 19-u Rusiya Federasiyasının, 7 nəfəri Gürcüstanın və qalanları isə digər ölkələrin vətəndaşları olmuşlar.

Bu gün inamla deyə bilərik ki, Dövlət Miqrasiya Xidməti fəaliyyətini beynəlxalq standartlara uyğun şəkildə qurmağı bacarmışdır. Bunu qonaqlar da, Xidmətə müraciət edən əcnəbilər də dəfələrlə qeyd etmişlər. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Fərmanına uyğun olaraq Dövlət Miqrasiya Xidmətinin rəsmi internet informasiya ehtiyatlarında xüsusi elektron xidmət bölməsi yaradılmışdır. Hazırda istənilən şəxsin elektron xidmət bölməsindən maneəsiz, sərbəst istifadəsi, həmçinin elektron qaydada qəbul edilən sənədlərə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə baxılması təmin edilir. Qeyd etmək istərdim ki, ötən il Xidmətin elektron ünvanına daxil olmuş 2111 sual   müvafiq qaydada cavablandırılmışdır.

Məlum olduğu kimi Azərbaycan Respublikasında yaşayan və müvəqqəti olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin uçotunun aparılması, miqrasiya proseslərinin idarə edilməsində iştirak edən dövlət orqanlarının zəruri informasiya ilə təmin edilməsi, sənədləşmə, yoxlama, sorğu və təhlil işlərinin avtomatlaşdırılması və bu sahədə göstərilən elektron xidmətlərin təkmilləşdirilməsi məqsədilə miqrasiya sahəsində Vahid Miqrasiya Məlumat Sistemi (VMMS) yaradılmış, əsasnaməsi təsdiq edilmiş və onun “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi və Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri ilə inteqrasiyası təmin olunmuşdur. VMMS ölkədə qanunsuz miqrasiya ilə mübarizə və təhlükəsizliyin təmin olunması sahəsində müvafiq tədbirlərin görülməsi üçün əlverişli şərait yaradılmasına imkan verməkdədir. Dövlət Miqrasiya Xidmətinin Vahid Miqrasiya Məlumat Sistemi vasitəsilə Azərbaycan Respublikasında yaşayan və müvəqqəti olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin uçotu aparılır və ölkəyə gələn əcnəbilər barədə məlumatlar toplanaraq nəzarətdə saxlanılır.

Belə ki, əcnəbi və vətəndaşlığı olmayan şəxs əvvəllər Azərbaycan Respublikasında olarkən ölkəyə gəlişinin bəyan edilmiş məqsədlərini pozduqda, Azərbaycan Respublikasına gəlməsi haqqında vəsatət qaldırarkən, özü və ya səfərinin məqsədi haqqında yalan məlumat verdikdə, yaxud miqrasiya qanunvericiliyini pozduğuna görə son üç il ərzində iki dəfə və ya daha çox inzibati məsuliyyətə cəlb olunduqda onların Azərbaycan Respublikasına gəlişinə 5 il müddətinə qadağa qoyulur.

2013-cü il ərzində Azərbaycana gəlmiş əcnəbilərin təxmini sayı 900 min nəfər təşkil etmişdir. Bu kifayət qədər böyük bir rəqəmdir. Ötən il 430.519 əcnəbi və vətəndaşlığı olmayan şəxs olduğu yer üzrə qeydiyyata alınmış, 46.153 şəxsə və onunla birlikdə immiqrasiya edən 18 yaşına çatmamış övladlarına Azərbaycan Respublikasında müvəqqəti və 3.125 şəxsə daimi yaşama icazələri verilmiş, 874 şəxsin ölkə ərazisində müvəqqəti olma müddəti uzadılmışdır. Bununla yanaşı, 33.783 əcnəbi tərəfindən Azərbaycan Respublikasında olma, müvəqqəti və daimi yaşama qaydalarına əməl edilməməsi, habelə etibarsız sənədlərlə yaşama hallarına görə inzibati qanunvericiliyin tələblərinin pozulması halları müəyyənləşdirilmişdir. Əsas olduğu üçün onlardan 3.465 nəfərinin ölkə ərazisində yaşamaları leqallaşdırılmışdır. Xatırladım ki, Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamağa icazə alınması üçün əsas olmuş hal aradan qalxdıqda və icazə alınması ilə bağlı digər əsaslar olmadıqda əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ölkəmizin ərazisində müvəqqəti yaşamaq üçün icazə verilmir, əvvəl verilmiş icazə isə ləğv edilir. Həmçinin Miqrasiya Məcəlləsinin tələbinə görə  əcnəbi 180 gün ərzində 90 gündən çox Azərbaycan Respublikasının ərazisindən kənarda olduqda, bundan əlavə ölkəmizdə müvəqqəti yaşadığı dövrdə  gəlişinin bəyan edilmiş məqsədini pozduqda da ona müvəqqəti yaşama üçün icazə verilmir, yaxud əvvəl verilmiş icazə ləğv edilir. Ötən il elə bu və ya digər səbəblərdən 28.184 nəfərin barəsində ölkə ərazisini tərk etməklə bağlı qərar verilmiş, 40 ölkədən olan 1.968 nəfər isə inzibati qaydada Azərbaycanın hüdudlarından çıxarılmışdır. Amma əcnəbilər və vətəndaşlığı olmayan şəxslər ölkədə qanuni əsaslarla qaldıqları və ya yaşadıqları müddət ərzində miqrasiya orqanlarına təkrar müraciət edərlərsə, yalnız müvəqqəti yaşama üçün icazənin verilməsindən imtina edilməsinə əsas olan halın aradan qalxdığını təsdiqləyən sənədi təqdim etməsi kifayətdir. Bu cür sadələşdirilmiş müraciət forması daimi yaşama üçün icazə və iş icazəsinin verilməsindən imtina edildiyi hallara da şamil olunur.

Həmçinin ölkə ərazisində qanunsuz yaşayan, eləcə də qaçqın statusu almaq niyyətində olan şəxslər hüquqi statusları müəyyənləşənədək qanunda göstərilən müddətə kimi Dövlət Miqrasiya Xidmətinin Bakı və Yevlax şəhərlərində beynəlxalq standartlara uyğun Qanunsuz Miqrantların Saxlanılması Mərkəzlərində yerləşdirilir, qanun çərçivəsində tədbirlər görülür, müvafiq qərarlar qəbul olunur.

Miqrasiya Məcəlləsində Azərbaycan Respublikasının ərazisində olmalarının arzuolunmaz hesab edilməsi proseduru müəyyən edilmişdir. Bir daha onu da xatırladım ki, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin arzuolunmaz hesab edilməsinin 5 il müddətinə müəyyən edilməsi, müvafiq əsaslar aradan qalxmadıqda eyni müddətə uzadıla bilməsi və həmin şəxslər barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılması haqqında qərar qəbul edilməsi miqrasiya orqanları tərəfindən həyata keçirilir. Əlbəttə, deyə bilmərik ki, bu gün Respublikamızda müvəqqəti olma və yaxud ölkədə müvəqqəti və daimi yaşama qaydalarını pozan, etibarsız sənədlərlə yaşayan, qanunsuz əmək fəaliyyəti ilə məşğul olan qeyri-leqal miqrant yoxdur. Dünyanın bütün ölkələrində qanunsuz miqrasiya halları var. Qurumun qarşısında duran əsas məsələ hər bir dövlətdə olduğu kimi milli təhlükəsizlik maraqlarını təmin etmək, eləcə də daxili əmək bazarını qorumaq üçün qanunsuz miqrasiyaya qarşı ciddi mübarizə aparmaqdır. Bu mübarizə üçün də Azərbaycan Respublikası  digər ölkələr kimi öz sərhədləri daxilində  əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin müvəqqəti olma, yaşama və haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün prosedur qaydalarını müəyyən etmişdir. Bu şərtlərə, qaydalara əməl etmək isə hər bir əcnəbinin borcudur, əks halda onsuz da qanunsuz miqrasiyaya qarşı mübarizə qanunlarımızın tam gücündən istifadə edilməklə həyata keçirilməkdədir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti nəyin bahasına olursa olsun xalqımızın, dövlətimizin maraqlarını müdafiə etməyə borcludur və xüsusi vurğulamaq istəyirəm ki, Xidmət bunu edə bilir. Çünki dövlətimiz bu sahəyə  hər zaman diqqət  yetirir və bu qayğı imkan vermişdir ki, biz mobil, çevik, güclü bir sistem, mexanizm yaradaq. 

Dövlət Miqrasiya Xidməti miqrantların hüquqlarının qorunması işinə fəaliyyəti dövründə hər zaman xüsusi önəm verməkdədirir. Hüquqlarını bilməyən, ölkədə olmasını leqallaşdırmayan miqrantlar isə hər an insan alveri qurbanı olmaq təhlükəsi ilə qarşılaşa bilərlər. Bu zaman qanunun tələblərinə riayət etməyən miqrantların hüquqlarını qorumaq müşkül bir məsələyə çevirilir. Məhz bu kimi xoşagəlməz hadisələrin baş verməməsi üçün əcnəbilər Dövlət Miqrasiya Xidmətinə, Xidmətin Regional İdarələrinə müraciət edib ölkə ərazisində müvəqqəti olmalarını, yaşamalarını leqallaşdırmalı, fəaliyyətlərini qanuni əsaslarla həyata keçirməli, bu sahədə mövcud olan qanunlarımızı bilməli və ona riayət etməlidirlər.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Insan Alverinə Qarşı Mübarizə üzrə 2009-2013-cü illəri əhatə edən Milli Fəaliyyət Planı”na əsasən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə insan alverinin, qanunsuz miqrasiyanın mahiyyəti və onların doğurduğu təhlükələr barədə ictimaiyyəti maarifləndirmək və məlumatlandırmaq məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsi həvalə edilmişdir. Dövlət Miqrasiya Xidməti Milli Fəaliyyət Planına uyğun olaraq bu sahədə bir sıra əhəmiyyətli tədbirlər həyata keçirmişdir.

Ümumiyyətlə miqrasiaya prosesi, bu prosesin tənzimlənməsi təcrübəsi, qanunvericilikdəki yeniliklər barədə ictimaiyyətin, əcnəbilərin  və vətəndaşlığı olmayan şəxslərin maarifləndirilməsi işi hər zaman gündəlikdə duran vacib məsələlərdəndir. Elə bu məqsədlə Xidmətin müvafiq struktur bölmələri rəhbərlərinin, məsul əməkdaşlarının istər Respublikamızın ayrı-ayrı regionlarında, istərsə də ali məktəblərdə tez-tez görüşləri təşkil olunmaqdadır. Bundan əlavə Miqrasiya Məcəlləsinin müvafiq müddəalarının izahına həsr edilmiş videoçarxlar, slaydlar elektron Kütləvi İnformasiya Vasitələrində yayımlanmaqdadır. Maarifləndirmə tədbirləri sözün əsl mənasında öz bəhrəsini  verməkdədir. Bu cür izahat xarakterli video və çap materiallarının ölkəmizin beynəlxalaq sərnişindaşıma nəqliyyatında və hava limanında, dəmir yolunda, dəniz limanında mövcud olan gözləmə zallarında da yayımının təşkili planlaşdırılmışdır.

Uğurlu bir nəticəyə nail ola bilmişiksə buna görə sevinmək olar, amma arxayınçılığa heç bir əsas yoxdur. Hər gün xidmətin səmərəliliyini artırmaq məqsədilə axtarışlar aparır, dünyada miqrasiya sahəsində mövcud olan müsbət təcrübəni öyrənirik. Əməkdaşların iş şəraiti gündən-günə yaxşılaşdırılır, hazırda Xidmətin daha bir neçə regional idarəsinin inzibati binasının tikintisi davam etirilir və bəzilərinin isə inşası başa çatdırılmaqdadır.

Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti fəaliyyətində daim ölkə başçısının fərman və sərəncamlarını, tapşırıqlarını, tövsiyyələrini rəhbər tutmuş, işini ən müasir tələblər səviyyəsində qurmağa çalışmışdır.

 

Firudin Nəbiyev

 Azərbaycan Respublikası

Dövlət Miqrasiya Xidmətinin rəisi,

III dərəcəli dövlət miqrasiya xidməti müşaviri.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur