Miq­ra­si­ya Mə­cəl­lə­si­nin qə­bu­lu bu sa­hə­də­ki qa­nun­ve­ri­ci­li­yi da­ha da sa­də­ləş­di­rir  


(Məqalə “Respublika” qəzetinin 04 avqust 2013-ci il tarixli sayında dərc edilmişdir)

 

Müsahibimiz Azərbaycan Respublikasının Dövlət Miqrasiya xidmətinin rəisi, III dərəcəli Dövlət Miqrasiya Xidməti müşaviri Firudin Nəbiyevdir.

 

Cənab Nəbiyev, söhbətimizi dövlətimiz üçün çox vacib olan belə bir sənədin hazırlanması səbəbini aydınlaşdırmaqla başlamaq istərdim. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin qəbul edilməsi zərurəti nədən irəli gəlir?

Ulu öndər Heydər Əliyevin xalqı və dövləti qarşısında tarixi xidmətlərinin miqyasını zaman keçdikcə daha aydın dərk edirik. Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə ictimaisiyasi, sosial, iqtisadi, elmi-mədəni və beynəlxalq aləmdə uğurlu inkişafa nail olunmuşdur. Heydər Əliyevin qətiyyəti və gərgin fəaliyyəti nəticəsində 1994-cü ildə atəşkəs elan olunmuş, "Əsrin müqaviləsi" imzalanmış, 1995-ci ildə Konstitusiyamız qəbul edilmiş, Şərqlə Qərbi birləşdirən qədim İpək yolu bərpa olunmuş və digər mühüm əhəmiyyət daşıyan layihələr həyata keçirilmişdir. Xüsusi ilə qeyd etmək istərdik ki, "Əsrin müqaviləsi"nin imzalanmasından sonra ölkə iqtisadiyyatına qoyulan xarici investisiyaların həcminin artması, müxtəlif sahələrdə infrastruktur və biznes layihələrinin həyata keçirilməsi əmək miqrantlarının ölkəyə axını prosesini sürətləndirmişdir. Dahi şəxsiyyətin cəmiyyət və dövlət quruculuğu prosesində miqrasiya sahəsinə xüsusi diqqət yetirməsi Azərbaycanda bu proseslərin müstəqil dövlətimizin tərəqqisi naminə istiqamətləndirilməsinə imkan vermişdir.

Bu gün ulu öndər Heydər  Əliyevin müəyyənləşdirdiyi və xalqımızı daha parlaq gələcəyə aparan hərtərəfli inkişaf yolunun cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi ölkədə davamlı və sürətli inkişafı təmin etmişdir. Ölkəmizdə müşahidə olunan sürətli inkişaf və quruculuq işləri, enerji-nəqliyyat sahələrində beynəlxalq və regional layihələrin həyata keçirilməsi, ictimai-siyasi və iqtisadi sabitlik dünyanın müxtəlif yerlərindən Azərbaycan Respublikasına miqrasiya edənlərin sayının artmasına səbəb olmuş, bununla da miqrasiya prosesləri di­na­mik xarakter almışdır. Qeyd olunanlar miqrasiya sahəsində dövlət siyasətinin təkmilləşdirilməsini, miqrasiya idarə etmə sisteminin, eləcə də miqrasiya proseslərinin tənzimlənməsinin və proqnozlaşdırılmasının inkişaf etdirilməsini obyektiv zərurətə çevirmişdir.

Bu sahədə dövlət siyasətini uğurla davam etdirərək, yeni dövrün tələblərinə uyğun təkmilləşdirən ölkə başçısı miqrasiya siyasətinin başlıca parametrlərini də müəyyən etmişdir. Dövlət rəhbərliyinin miqrasiya sahəsinə daim həssas yanaşması, bu sahəyə verdiyi xüsusi əhəmiyyət, göstərilən diqqət və qayğısının nəticəsində 2004-cü ildə mirqasiya sahəsində vahid konsepsiya, eləcə də 2006-2008-ci illəri əhatə edən  Dövlət Miqrasiya Proqramı qəbul olunmuşdur. Görülmüş işlərin məntiqi davamı kimi ölkəmizdə miqrasiya üzrə daha təkmil bir sistemin reallaşdırılması üçün Prezident İlham Əliyevin 19 mart 2007-ci il tarixli 560 saylı fərmanı ilə müstəqil dövlət qurumu olan Dövlət Miqrasiya Xidməti yaradılmışdır. Keçən müddət ərzində qurumun maddi-texniki bazası və infrastrukturu inkişaf etdirilmiş, fəaliyyət dairəsinin genişləndirilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilmiş, elektron informasiya resursları formalaşdırılmışdır.  Həmçinin miqrasiya orqanlarının fəaliyyətinin daha da təkmilləşdirilməsi məqsədilə qanunvericilik aktlarına zəruri əlavə və düzəlişlər olunmuş, yeni normativ aktlar qəbul edilmişdir.

Qanunvericiliyin yeni dövrün tələblərinə uyğunlaşdırılması məqsədilə həyata keçiriləcək tədbirlərdən biri də Miqrasiya Məcəlləsinin qəbul edilməsidir. "Azərbaycan Respublikasının Dövlət Miqrasiya Proqramı"na əsasən hazırlanan" Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi"Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli Qanununa əsasən cari ilin avqust ayının 1-dən qüvvəyə minmişdir

Məcəllə miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi, miqrasiya proseslərinin və bu sahədə yaranan münasibətlərin tənzimlənməsi, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında hüquqi vəziyyəti ilə bağlı normaları müəyyənləşdirən vahid sənəddir. Məcəllədə yeni normalarla yanaşı, bu günədək miqrasiya sahəsini tənzimləyən müxtəlif normativ hüquqi aktların müddəaları toplanmışdır. Miqrasiya sahəsində münasibətləri tənzimləyən normaların vahid sənəddə toplanması miqrasiya prosesi iştirakçılarının- həm aidiyyəti dövlət orqanlarının, həm vətəndaşlarımızın, həm də əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin öz hüquq və vəzifələrini bilməsi, məsuliyyət yaradan halların dairəsi, miqrasiya ilə bağlı digər tənzimləyici müddəalar barədə məlumat əldə etmək işini daha da asanlaşdıracaqdır.

Belə bir məcəllənin qonşu ölkələrdə analoqu varmı?

Azərbaycan bütün sahələrdə olduğu kimi, miqrasiya sahəsində də, mütərəqqi və qabaqcıl dünya təcrübəsindən istifadə edir. Xüsusilə vurğulanmalıdır ki, ilk dəfə olaraq ölkəmizdə qəbul edilmiş Miqrasiya Məcəlləsinə maraq digər ölkələr tərəfindən olduqca böyükdür. Belə ki, ölkəmizin Miqrasiya Məcəlləsini işləyib hazırlamaq sahəsindəki təcrübəsi bir sıra dövlətlər tərəfindən öyrənilməyə başlanılmışdır.

Məcəllədəki yeniliklər nədən ibarətdir?

Ümumiyyətlə qanunvericiliyin təkmilləşdirilməsinin məqsədlərindən biri də həmin hüquqi sənədlərin tənzimlədiyi sahə üzrə müvafiq prosedurların sadələşdirilməsidir. Məcəllədə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyatı, ölkə ərazisində yaşamalarının əsasları və müddətləri, eləcə də nəzərdə tutulmuş digər müvafiq normaların tətbiqi sadələşdirilmişdir. Məcəllə ilə tənzimlənən yeniliklərdən biri də əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin miqrasiya uçotu ilə bağlıdır. Bura miqrasiya uçotunun məqsədləri, aparılma qaydası və əsasları aiddir.

Bundan əlavə, məcəllənin qəbulu ilə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkə ərazisindən tranzit keçidi qaydalarında dadəyişikliklər edilmiş, onların vahid miqrasiya məlumat sistemi vasitəsi ilə olduğu yer üzrə qeydiyyata alınması qaydası müəyyənləşdirilmiş, ümumiyyətlə isə qeydiyyat proseduru sadələşdirilmişdir.

Sadələşmə  yaşama və iş icazələrinin verilməsi sahəsində də nəzərdə tutulmuşdur. Qüvvədə olan qanunvericilik müvəqqəti yaşamaq üçün icazənin, o cümlədən əmək fəaliyyəti ilə məşğul olmaq üçün fərdi icazənin müddəti dörd dəfədən artıq uzadılamasına yol vermirdi, amma məcəllənin qəbulu ilə bu məhdudiyyət aradan qaldırılmışdır. Eyni zamanda, Azərbaycan Respublikasının vətəndaşı ilə nikahda olan, qaçqın statusunun verilməsi üçün vəsatət verən, qaçqın statusu almış və ya siyasi sığınacaq verilmiş şəxslərə, eləcə də himayəsində 18 yaşına çatmamış və ya I qrup əlil Azərbaycan Respublikasının vətəndaşı olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə  iş icazəsi alınması tələb olunmur.

Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının ərazisində azı 100.000 manat dəyərində daşınmaz əmlakı və ya Azərbaycan Respublikasının banklarında həmin məbləğdə pul vəsaiti olan şəxslər ölkə ərazisində müvəqqəti yaşamaq üçün icazə ala biləcəklər. Həmçinin, dövlətimizin inkişaf sürəti nəzərə alınaraq ölkə iqtisadiyyatına azı 500.000 manat investisiya qoyan şəxslərə 3 ilədək müddətə müvəqqəti yaşamaq üçün icazənin verilməsinə dair müddəa yeniliklərdən biridir. Bunlarla yanaşı, 1 il müddətinə verilən müvəqqəti yaşama icazələrinin növbəti dəfə 2 ilədək müddətə uzadılmasına dair müddəalar da Məcəllədə öz əksini tapmışdır. Müstəsna hal kimi təhlükəli yoluxucu xəstəlik virus daşıyıcısı olan və Azərbaycan Respublikasının vətəndaşı ilə nikahda olan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşama icazələrinin verilməsi də məcəllədə öz əksini tapmışdır.

Məcəllədə əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin ailə üzvləri, yaxın qohumluq və digər anlayışların təfsiri verilmişdir ki, bu da bir sıra hallarda rast gəlinən anlaşılmazlıqların qarşısını alacaqdır.

Ölkəmizdə daimi yaşamaq istəyən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və vəzifələrinin, habelə dövlət dili ilə bağlı biliklərinin yoxlanılması ilə əlaqədar müddəalar ölkəmiz üçün yeni olsa da, əcnəbilərin cəmiyyətimizə inteqrasiyası baxımından böyük əhəmiyyət daşıyır. Bu sahədə artıq müvafiq işlər görülməkdədir.

Məcəllədə vizaların yeni kateqoriyaları, hər vizanın qalma müddəti, viza verilməsi üçün tələb olunan sənədlərin siyahısı, vizaların verilməsi qaydası öz əksini tapmış, habelə Azərbaycan Respublikasının ərazisində olma və ya yaşama icazələrinin alınması üçün elektron qaydada müraciət etmək imkanı da nəzərdə tutulmuşdur.

Məcəlləyə görə viza verilməsi haqqında əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin vəsatətlərinə müraciət olunduğu gündən ən geci on beş gün, turistlər üçün elektron vizanın alınması üçün müraciətlərə ən geci 10 gün, müəyyən hallarda isə ən geci 2 iş günü ərzində baxılacaqdır.

Sənəddə Azərbaycan Respublikasına gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti olma müddətinin 60 günədək uzadıla bilməsi də öz əksini tapmışdır.

Əvvəl əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin bitməsinə azı 7 iş günü qalmış miqrasiya orqanlarına müraciət etməli idilərsə, artıq həmin müddət azı 3 iş gününə endirilmişdir.

Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsi həm də əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkə ərazisində şəxsiyyətini təsdiq edən sənəd kimi tanınacaqdır.

 Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər ölkədə qanuni əsaslarla qaldıqları və ya yaşadıqları müddət ərzində miqrasiya orqanlarına təkrar müraciət edərlərsə, yalnız müvəqqəti yaşamaq üçün icazənin verilməsindən imtina edilməsinə əsas olan halın aradan qalxdığını təsdiqləyən sənədi təqdim edəcəklər. Belə sadələşdirilmiş müraciət forması daimi yaşamaq üçün icazə və iş icazəsinin verilməsindən imtina edildiyi hallara da şamil olunacaqdır.

Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti ilə məşğul olduqda əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilməsi nəzərdə tutulub. Lakin bu hal o vaxt Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsinə əsas hesab olunacaqdır ki, həmin şəxslər azı 5 nəfər ilə tam iş vaxtı şəraitində və ya 10 nəfər ilə natamam iş vaxtı şəraitində əmək müqaviləsi bağlamaqla faktiki fəaliyyət göstərmiş olsunlar. Bu hal üzrə işçilərin ən azı 80 faizinin Azərbaycan Respublikasının vətəndaşı olması tələb edilir.

Bəs miqrasiya proseslərinə dövlət nəzarətinin gücləndirilməsi ilə bağlı hansı məsələlər nəzərdə tutulub?

Əlbəttə, Məcəllədə qeyd olunanlarla yanaşı miqrasiya prosesləri üzərində dövlət nəzarətinin həyata keçirilməsi ilə bağlı məsələlər üzrə də müəyyən işlərin aparılması nəzərdə tutulmuşdur. Belə ki, əcnəbi və vətəndaşlığı olmayan şəxs əvvəllər Azərbaycan Respublikasında olarkən ölkəyə gəlişinin bəyan edilmiş məqsədlərini pozduqda, Azərbaycan Respublikasına gəlməsi haqqında vəsatət qaldırarkən, özü və ya səfərinin məqsədi haqqında yalan məlumat verdikdə, yaxud miqrasiya qanunvericiliyini pozduğuna görə son üç il ərzində iki dəfə və ya daha çox inzibati məsuliyyətə cəlb olunduqda onların Azərbaycan Respublikasına gəlişinə 5 il müddətinə qadağa qoyulur.

Bununla yanaşı Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamağa icazə alınması üçün əsas olmuş hal aradan qalxdıqda və icazə alınması ilə bağlı digər əsaslar olmadıqda və ya 180 gün ərzində 90 gündən çox Azərbaycan Respublikasının ərazisindən kənarda olduqda, yaxud Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşadığı dövrdə Azərbaycan Respublikasına gəlişinin bəyan edilmiş məqsədini pozduqda əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilmir, əvvəl verilmiş icazə isə ləğv edilir.

Məcəllədə Azərbaycan Respublikasının ərazisində olmalarının arzuolunmaz hesab edilməsi proseduru müəyyən edilmiş, həmin əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin arzuolunmaz hesab edilməsinin 5 il müddətinə müəyyən edilməsi, müvafiq əsaslar aradan qalxmadıqda eyni müddətə uzadıla bilməsi və həmin şəxslər barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılması haqqında qərar qəbul edilməsinin miqrasiya orqanları tərəfindən həyata keçirilməsi məsələləri də öz əksini tapmışdır.

Bundan əlavə, sənəddə vizası, müvəqqəti olma müddətinin uzadılması barədə qərarı, yaxud müvəqqəti və ya daimi yaşamaq üçün icazəsi ləğv edilmiş, Azərbaycan Respublikası ərazisində olması arzuolunmaz hesab edilən, o cümlədən cəza çəkmədən azad edilmiş əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında yaşamaları üçün müvafiq  əsasları olmadıqda onların miqrasiya orqanları tərəfindən kənara çıxarılmaları haqqında qərar qəbul edilməsi məsələləri və s. öz əksini tapmışdır. Belə əcnəbilərin ölkə ərazisinə gəlmələrinə 5 ilədək müddətə məhdudiyyət qoyulur.

Eyni zamanda, cəza çəkməkdən azad edilmiş, vizası və ya müvəqqəti olma müddətinin uzadılması barədə qərarı ləğv edilmiş, habelə Azərbaycan Respublikasının ərazisində olması arzuolunmaz hesab edilmiş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin kənara çıxarmaları haqqında qərar təqdim edildiyi vaxtdan 48 saat ərzində,  müvəqqəti və ya daimi yaşamaq üçün icazəsi ləğv edilmiş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin isə 10 gün ərzində ölkəni tərk etmək öhdəliyi də onların üzərlərinə qoyulmuşdur.

Kənara çıxarma haqqında qərar da miqrasiya orqanları tərəfindən icra ediləcəkdir.

Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi hazırlanarkən hansı dövlətlərin və beynəlxalq təşkilatların təcrübəsindən istifadə olunmuşdur?

Belə bir vacib sənədi hazırlayarkən bir çox dövlətlərin miqrasiya qanunvericiliyi öyrənilmiş, Beynəlxalq Miqrasiya Təşkilatının və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı Nümayəndəlikləri və digər təşkilatlarla əməkdaşlıq edilmiş, miqrasiya qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində onlar tərəfindən verilən təkliflər nəzərə alınmışdır. Eyni zamanda aidiyyəti dövlət orqanları,  mütəxəssislər, alimlər də bu işə cəlb edilmişdir.

Beləliklə, yeni qüvvəyə minən Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hansı hüquqları vardır və onlar nə kimi vəzifələr daşıyırlar?

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və vəzifələri məcəllədə aydın ifadə edilmişdir. Bu qrup şəxslər Azərbaycan Respublikasında olarkən, qanunda və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər bütün hüquqlardan istifadə edə bilərlər. Onlar sosial və əmlak vəziyyəti, irqi və milli mənsubiyyəti, cinsi, dili, dinə münasibəti, fəaliyyətinin növündən, xarakterindən və digər hallardan asılı olmayaraq, Azərbaycan Respublikasında qanun və məhkəmə qarşısında bərabər hüquqludurlar.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında olarkən, qanunla və ya beynəlxalq müqavilələrlə başqa hal nəzərdə tutulmayıbsa, vətəndaşlarımızla bərabər bütün vəzifələri yerinə yetirməlidirlər. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqlarının həyata keçirilməsi Azərbaycan Respublikasının milli mənafeyinə zidd olmamalıdır. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikası Konstitusiyasının, qanunlarının və digər qanunvericilik aktlarının tələblərini pozmamalı, Azərbaycan xalqının adət və ənənələrinə hörmət etməlidirlər. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən qanun pozuntusuna yol verilməsi məsuliyyətə səbəb olur.

Bildiyimiz kimi 2013-cü ilin aprel ayının 1-dən ölkəyə gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin qeydiyyata alınması prosesində dəyişikliklər edilmişdir. Xahiş edirik ki, bu dəyişikliklər barədə də məlumat verəsiniz.

Miqrasiya sahəsində qanunvericiliyin təkmilləşdirilməsi və sadələşdirilməsi məqsədilə müvafiq hüquqi aktlara mütəmadi olaraq dəyişikliklər və əlavələr edilir.

2013-cü ilin 1 aprel tarixindən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər ölkəyə gələrkən 3 gün ərzində olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Azərbaycan Respublikasına gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyata alınmaları üçün onları qəbul edən tərəf  3 gün ərzində müvafiq ərizə-anketi və həmin şəxsin pasportunun surətini miqrasiya orqanlarının internet informasiya ehtiyatı, poçt, elektron poçt vasitəsi ilə və ya şəxsən miqrasiya orqanlarına təqdim etməlidir. Ərizə daxil olduqdan sonra miqrasiya orqanları dərhal əcnəbini və ya vətəndaşlığı olmayan şəxsi olduğu yer üzrə qeydiyyata alır və bu barədə 1 iş günü ərzində qəbul edən tərəfə yazılı məlumat verir. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər aşağıdakı müddətlərə qeydiyyata alınırlar:

1) viza əsasında gələnlər vizada göstərilən qalma müddətinə;

2) viza tələb olunmayan qaydada gələnlər 90 gün müddətinə.

Dəyişikliklərə əsasən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyata alınması üçün dövlət rüsumu ləğv edilmişdir.

Yeni qəbul edilmiş Miqrasiya Məcəlləsinə görə isə əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin özləri də olduğu yer üzrə qeydiyyata alınmaları üçün qanunvericilikdə müəyyən olunmuş qaydada müraciət edə bilərlər.

Əcnəbilər olduğu yerdən getdikdə, qəbul edən tərəf və ya şəxs özü bu barədə miqrasiya  orqanlarına məlumat verir və bu məlumat əsasında onlar olduğu yer üzrə qeydiyyatdan çıxarılırlar. Qeydiyyat müddəti başa çatdıqda, əcnəbilər qeydiyyatdan çıxarılmış hesab edilirlər. Eyni zamanda, əcnəbi olduğu yeri dəyişdikdə, o, nəzərdə tutulmuş qaydada yeni olduğu yer üzrə qeydiyyata alınmalıdır.

 Müsahibə üçün təşəkkür edirik.

 

 

Firudin NƏBİYEV,

Azərbaycan Respublikası

Dövlət Miqrasiya Xidmətinin

rəisi, III dərəcəli dövlət miqrasiya

xidməti müşaviri.

 

 

 


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur