Miqrasiya proseslərinin tənzimlənməsində dövlət nəzarəti gücləndirilmişdir
(Məqalə “Respublika” qəzetinin 16 mart 2012-ci il tarixli sayında dərc edilmişdir)
2012-ci il martın 19-u – Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin yaradılmasının 5-ci ildönümü Azərbaycanın miqrasiya tarixi üçün həqiqətən də əlamətdar bir hadisədir. Məlum olduğu kimi, 5 il bundan öncə, 2007-ci il martın 19-da Dövlət Miqrasiya Xidməti yaradılmışdır. Müstəqil Azərbaycan Respublikasının gənc qurumu olan Dövlət Miqrasiya Xidməti ötən müddət ərzində sürətli inkişaf yolu keçmiş, ölkəmizdə dünya standartlarına uyğun miqrasiya xidməti formalaşmışdır.
Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən sonra xalqımızın Ümummilli lideri Heydər Əliyevin uzaqgörən siyasəti və gərgin fəaliyyəti nəticəsində, ağır ilkin şərtlərə baxmayaraq, ölkənin sosial-iqtisadi inkişafı və dünya təsərrüfat sisteminə inteqrasiyası sahəsində çox böyük nailiyyətlər əldə olunmuşdur. Bu gün Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi və xalqımızı daha parlaq gələcəyə aparan hərtərəfli inkişaf yolunun Prezident cənab İlham Əliyev tərəfindən uğurla və inamla davam etdirilməsi, yaradılmış əlverişli iqtisadi şərait davamlı və sürətli inkişafı təmin etmişdir.
Olkəmiz dövlət müstəqilliyini qazandıqdan sonra miqrasiya proseslərinin tənzimlənməsi məsələsi yeni ictimai-iqtisadi formasiyanın ən aktual məsələlərindən biri kimi gündəmə gəlsə də, bu istiqamətdə ilk praktiki addımlar Ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə gəlişindən sonra atılmışdır. Azərbaycanın müharibə şəraitində yaşamasını, 1 milyondan artıq qaçqın və məcburi köçkünün doğma torpaqlarından didərgin düşməsini, o cümlədən respublikanın əlverişli geo-siyasi məkanda yerləşməsini, əhəmiyyətli tranzit-kommunikasiya imkanlarını nəzərə alan dahi siyasətçi Heydər Əliyev ölkədə daxili və xarici miqrasiya proseslərinin tənzimlənməsi istiqamətində əməli tədbirlərin həyata keçirilməsinin əsasını qoymuşdur. Bu mərhələdə ölkənin gələcəyi ilə bağlı ziddiyyətli fikirlərin, narahatlıqların və təhlükələrin aradan qalxması, ölkədə yaradılmış ictimai-siyasi sabitlik nəticəsində yaşayış üçün yeni perspektivlərin açılması xarici ölkələrə miqrasiya prosesinin qarşısını almış, nəticədə, əvvəlki illərdə Azərbaycandan köçüb getmiş vətəndaşların tədricən geriyə qayıtmışlar.
İctimai-siyasi, iqtisadi sabitliyin təmin olunmasında, habelə ölkənin hərtərəfli inkişafında həlledici rol oynayan Ulu öndər Heydər Əliyevin müəllifi olduğu “Əsrin müqaviləsi”nin imzalanması respublikaya xarici investisiya axınının sürətlənməsinə, əlverişli biznes mühitinin formalaşmasına təkan vermiş, yerli əmək bazarının inkişaf etməsi, yeni iş yerlərinin açılması, xüsusən də əməkçi miqrantların respublikamıza marağını gücləndirmişdir. Həmin dövrdə müasir texnologiyalarla işləyə bilən yerli kadrların azlığı, habelə onların təcrübəsinin qənaətbəxş səviyyədə olmaması yüksək səviyyəli əcnəbi mütəxəssislərin ölkəyə gəlməsinə liberal yanaşmanı zəruri edirdi. Həyata keçirilən kompleks tədbirlər nəticəsində uzun illər ərzində ölkəyə miqrantların daxil olması yerli əmək bazarının tələbinə uyğunlaşdırıldı, qeyri-leqal miqrasiya proseslərinə qarşı effektiv mübarizə tədbirləri həyata keçirilməyə başlanıldı.
Ölkəmiz ötən əsrin 80-ci illərinin sonlarında daxili-xarici məcburi miqrasiyaya məruz qalmışdır. Ermənistanın apardığı deportasiya, soyqırımı və təcavüzkarlıq siyasəti nəticəsində Azərbaycan keçmiş SSRİ-də qaçqın və məcburi köçkün problemi ilə üzləşmiş ilk respublika olmuşdur. Ermənistanın etnik təmizləmə və təcavüzkarlıq siyasəti nəticəsində bir milyondan çox soydaşımız doğma ev-eşiyindən didərgin düşərək, respublikamızın müxtəlif bölgələrində sığınacaq tapmışdır. Ümummilli lider Heydər Əliyev müxtəlif səbəblərdən miqrasiya etmiş ölkə vətəndaşlarının hərtərəfli dövlət qayğısı ilə əhatə olunmasına, onların üzləşdiyi problemlərin həllinə çalışmışdır. Bu sahədə dövlət siyasətini uğurla davam etdirərək, yeni dövrün tələblərinə uyğun təkmilləşdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev həm xarici, həm də daxili miqrasiyanın mənfi təzahürlərinin aradan qaldırılması istiqamətində səmərəli və məqsədyönlü tədbirlər görmüşdür.
Son illərdə bütün dünyada getdikcə sürətlənən və miqyasını durmadan genişləndirən qloballaşma proseslərinin əsas faktorlarından biri də məhz miqrasiya amilidir. Ümummilli lider Heydər Əliyev öz müdrikliyi və uzaqgörənliyi ilə bu prosesin mahiyyətini açıqlayaraq demişdir: “Miqrasiya təbii prosesdir, onun qarşısını almaq olmaz, almaq da lazım deyil və ümumən pozitiv xarakter daşıyır. Dünyada miqrasiya prosesi bütün ölkələrə, xalqlara aiddir”. Azərbaycanda sürətli sosial-iqtisadi inkişafın təmin edilməsi, enerji-nəqliyyat sahələrində beynəlxalq kommunikasiyaların genişlənməsi, eyni zamanda, ölkəmizin geosiyasi mövqeyi qloballaşma kontekstində miqrasiya proseslərinin daha da intensivləşməsinə gətirib çıxarmışdır. Eyni zamanda, ölkəmizin bir sıra dövlətlərlə vizasız gediş-gəliş rejiminin mövcud olması nəticəsində respublikamızın ərazisindən tranzit qaydada keçən və ya qısa müddətə gələn, üçüncü dövlətlərə getmək istəyən, yaxud qanuni əsaslar olmadan ölkə ərazisində yaşamaq istəyən əcnəbilərin sayının artmasına səbəb olmuşdur. Bütün bunlar ölkənin inkişafı və təhlükəsizliyinin təmini baxımından milli maraqlara uyğun miqrasiya siyasətinin həyata keçirilməsini, miqrasiya proseslərinin tənzimlənməsi sisteminin təkmilləşdirilməsi və inkişaf etdirilməsini, dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsini, habelə bu sahədə beynəlxalq əməkdaşlıq obyektiv zərurətə çevrilmişdir.
Bütün bu reallıqları nəzərə alan Prezident cənab İlham Əliyev son illərdə miqrasiya proseslərinin vahid dövlət siyasəti ilə tənzimlənməsi sahəsində kompleks tədbirlərin həyata keçirilməsini təmin etmişdir.
Miqrasiya proseslərinin idarəolunması və tənzimlənməsi məqsədilə həm qanunvericilik, həm də onun tətbiqi sahəsində bir sıra ciddi addımlar atılmış, əsaslı tədbirlər həyata keçirilmişdir. Belə ki, 2004-cü ildə hökumət qurumları qarşısında əsas məqsədləri müəyyən edən "Dövlət Miqrasiya Siyasəti Konsepsiyası" qəbul edilmişdir. "Dövlət Miqrasiya Siyasəti Konsepsiyası”nın gerçəkləşdirilməsi və qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün 2006-cı ilin 25 iyul tarixində “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Proqramının təsdiq edilməsı haqqında (2006-2008-ci illər)” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı imzalanmışdır. Kompleks tədbirlər sistemini əks etdirən Dövlət Proqramında miqrasiya idarəetmə sisteminin inkişaf etdirilməsi, miqrasiya proseslərinin tənzimlənməsi və proqnozlaşdırılması, bu sahədə qanunvericiliyin beynəlxalq normalara və müasir dövrün tələblərinə uyğun təkmilləşdirilməsi, qanunların tətbiqinin effektivliyinin təmin edilməsi, miqrasiya sahəsində vahid məlumat bankının, müasir avtomatlaşdırılmış nəzarət sisteminin yaradılması, qeyri-qanuni miqrasiyanın qarşısının alınması, miqrantlarla bağlı sosial müdafiə tədbirlərinin həyata keçirilməsi və digər mühüm məsələlər yer almışdır.
Dövlət Proqramı əsasında miqrasiya sahəsində vahid dövlət siyasətini həyata keçirən xüsusi dövlət orqanının yaradılması da obyektiv zərurət kimi meydana çıxmışdır. Bu zərurəti nəzərə alan Prezident cənab İlham Əliyev 19 mart 2007-ci il tarixdə Dövlət Miqrasiya Xidmətinin yaradılması haqqında fərman imzalamışdır.
Məlum olduğu kimi, Prezident cənab İlham Əliyevin 2009-cu il 14 aprel tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə Sosial-İqtisadi İnkişafı Dövlət Proqramı"nda hazırkı inkişaf mərhələsi üçün aktual olan mühüm məsələyə - miqrasiya proseslərinin tənzimlənməsinə, sosial-iqtisadi amillərlə bağlı daxili miqrasiyanın fəsadlarının aradan qaldırılmasına da geniş yer ayrılmışdır. Dövlət Proqramında konkret olaraq göstərilir ki, “Ölkə iqtisadiyyatı inkişaf etdikcə, daxili əmək bazarında iştirak edən əcnəbilərin sayı artmaqdadır. Azərbaycan Respublikasının əlverişli geosiyasi mövqeyi, ölkədə aparılan iqtisadi islahatlar, sahibkarlığın inkişafı, beynəlxalq kommunikasiya layihələrinin həyata keçirilməsi və s. əmək miqrasiyası axınlarının artmasına səbəb olmuşdur”.
İnkişaf proqramında bu reallıqlara əsasən qarşıdakı illərdə miqrasiya proseslərindən ölkənin sosial-iqtisadi inkişafı üçün səmərəli istifadə olunması; miqrasiya proqramlarının və tədbirlərinin həyata keçirilməsində dövlətin, cəmiyyətin mənafelərinin nəzərə alınması; miqrantların mövcud sosial-iqtisadi vəziyyətə adaptasiyasını sürətləndirən şəraitin yaradılması; qeyri-qanuni miqrasiyanın qarşısının alınması kimi vacib məsələlər yer almışdır. Ötən dövr ərzində Dövlət Proqramının uğurla icrası nəticəsində bölgələrin proporsional inkiaşfı təmin olunmuş, iri şəhərlərə kütləvi axının - urbanizasiya proseslərinin qarşısı demək olar ki, alınmış, daxili və xarici miqrasiyanın tənzimlənməsi sahəsində müsbət nəticələr əldə edilmişdir.
Ümumiyyətlə, müasir dövrdə hər bir dövlətin milli təhlükəsizlik maraqlarının qorunması bir sıra amillərlə yanaşı, miqrasiya proseslərinin sivil yolla tənzimlənməsini aktuallaşdırır. Bu gün qloballaşma prosesləri ilə bağlı dövlətlər arasında mövcud olan sərhədlərin tədricən aradan qalxması, dünya iqtisadiyyatının unversallaşması həyat tərzi və davranışlarda “vahid standart”ların yaranması, istehlak və ticarətin unifikasiyası şəraitində miqrasiya problemləri də qlobal səciyyə daşıyır. XXI əsrin başlanğıcında dövlətlər arasında siyasi, sosial-iqtisadi, mədəni əlaqələrin genişləndiyi bir şəraitdə inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr miqrasiya proseslərinin daha ciddi təsir və təhdidlərinə məruz qalırlar. Belə ki, öz ölkəsində münasib iş tapa bilməyən, sosial cəhətdən təmin olunmayan, yaşayış səviyyəsi aşağı olan insanlar çıxış yolunu başqa ölkələrə miqrasiya etməkdə görürlər.
Prezident cənab İlham Əliyev məhz bu məsələlərə toxunaraq 2011-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasda demişdir: “...Miqrasiya inkişafın əlamətidir. Əgər Azərbaycanda sürətli inkişaf olmasaydı, xaricdən Azərbaycana işləmək üçün gələnlərin sayı o qədər də çox olmazdı. Eyni zamanda, Azərbaycan dünya iqtisadiyyanın bir parçasıdır və biz bütün inteqrasiya proqramlarına çox müsbət baxırıq. Azərbaycanda liberal iqtisadiyyat və işləmək üçün bütün imkanlar vardır. Azərbaycan xalqı qonaqpərvər xalqdır, Azərbaycanda quruculuq-abadlıq işləri, müasir xidmətlərin yaradılması məsələləri əlbəttə ki, miqrantları cəlb edir. ...Bütün bu amillər əlbəttə ki, xaricdən gələnlərə, necə deyərlər, əlavə təkan verir”.
Azərbaycan Respublikasına gələn miqrantların cəmiyyətə inteqrasiyasının sürətləndirilməsi, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ölkə ərazisində qanuni əsaslarla yaşamaları və əmək fəaliyyəti ilə məşğul olmaları üçün müvafiq icazələrin verilməsi, onların yaşayış yeri üzrə qeydiyyata alınması qaydalarını sadələşdirmək, bu sahədə şəffaflığı təmin etmək və miqrasiya idarəetmə sisteminin inkişaf etdirilməsi məqsədilə Respublika Prezidenti cənab İlham Əliyev 4 mart 2009-cu ildə “Miqrasiya proseslərinin idarəolunmasında “bir pəncərə” prinsipinin tətbiqi haqqında” Fərman imzalamışdır. “Bir pəncərə” prinsipinin işə düşməsi ilə respublikada miqrasiya idarəetmə mexanizmi təkmilləşdirilmişdir. “Bir pəncərə” prinsipi tətbiq ediləndən indiyədək Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə 150 mindən artıq yaxın müraciət daxil olmuşdur.
Bu gün Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, vətəndaşlığa qəbul, xitam, bərpa, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün fərdi icazələrin verilməsi və mövcud fərdi icazələrin müddətlərinin uzadılması, həmçinin əcnəbilərin qeydiyyatı, qanunsuz miqrasiyaya qarşı mübarizə məsələləri ilə məşğul olur. Bütün bu reallıqları nəzərə alan Respublika Prezidenti son illərdə miqrasiya proseslərinin vahid dövlət siyasəti ilə tənzimlənməsi sahəsində kompleks tədbirlərin həyata keçirilməsi üçün bir sıra sərəncamlar və fərmanlar imzalamışdır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 iyun 2009-cu il tarixli Qərarı ilə təsdiq edilmiş “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması Qaydaları”, habelə 2009-cu il 30 iyun tarixli Qərarı ilə təsdiq edilmiş “Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazənin verilməsi Qaydaları” əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkə ərazisində müvəqqəti olma və yaşama müddətləri ilə bağlı aktual normativ hüquqi aktlardır.
Miqrasiya sahəsində meydana çıxan problemləri operativ həll etmək, eyni zamanda müraciət və şikayətlərə təcili baxmaq məqsədilə fəaliyyət göstərən Miqrasiya Məlumat Mərkəzi istər xidməti fəaliyyətimizdə şəffaflığı, istərsə də vətəndaşları lazımi informasiya ilə təmin etmək baxımından mühüm əhəmiyyət kəsb edir.
Qeyd olunmalıdır ki, DMX fəaliyyətə başladığı vaxtdan qanunvericiliyin beynəlxalq normalara və müasir dövrün tələblərinə uyğun təkmilləşdirilməsinə, qanunların tətbiqində yol verilə biləcək nöqsan və sui-istifadələrin, tənzimlənməyən miqrasiya proseslərinin neqativ təsirinin aradan qaldırılmasına, qeyri-qanuni miqrasiyaya qarşı efektiv mübarizə tədbirlərnin gücləndirilməsinə çalışır. Eyni zamanda, ölkə ərazisində müvəqqəti olan, habelə müvəqqəti və daimi yaşayan əcnəbilərin, Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini pozmuş əcnəbilərin ölkə ərazisindən çıxarılması üçün müvafiq tədbirlər görür. Dövlət Miqrasiya Xidməti ötən dövr ərzində Azərbaycan Respublikasının milli təhlükəsizliyini və milli maraqlarını qorumaqla, qanunsuz miqrasiyanın qarşısının alınması, miqrantların öz hüquqlarını həyata keçirmələri üçün şərait yaradılması məqsədilə bu sahədə ölkənin mövcud qanunvericiliyinin tələblərindən irəli gələn vəzifələri icra etmiş, məqsədyönlü fəaliyyəti əsas götürmüşdür. Miqrasiya sahəsində milli qanunvericiliyin təkmilləşdirilməsi və vahid qanunvericilik bazasının formalaşdırılması, Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan vətəndaşların hüquqlarının müdafiəsi məqsədilə beynəlxalq təcrübə, o cümlədən Avropa İttifaqı qanunvericiliyi nəzərə alınmaqla Dövlət Miqrasiya Xidməti tərəfindən hazırlanmış “Miqrasiya Məcəlləsi”nin və “Azərbaycan Respublikasının Readmissiya Strategiyası”nın yekun layihələri Nazirlər Kabinetinə təqdim edilmişdir.
Ötən 5 il ərzində beynəlxalq əməkdaşlıq daha da genişləndirilmiş, iki və çoxtərəfli əsaslarla münasibətlər inkişf etdirilmiş, ölkələrarası danışıqların gücləndirilməsi, miqrasiya sahəsində təcrübə mübadiləsinin aparılması və tətbiqi, qanunsuz miqrasiyanın qarşısının alınması sahəsində əməkdaşlıq perspektivlərinin müzakirə olunması istiqamətində bir sıra mühüm addımlar atılmışdır.
Belə ki, Birləşmiş Millətlər Təşkilatı, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı, Beynəlxalq Miqrasiya Təşkilatı, Avropa İttifaqı, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Müstəqil Dövlətlər Birliyi kimi təşkilatlarla əməkdaşlıq inkişaf etdirilmiş, Almaniya Federativ Respublikasının, Niderland və Belçika Krallıqlarının, Türkiyə Respublikası, Latviya Respublikası, Rusiya Federasiyası və Qətər Dövlətinin aidiyyatı qurumları ilə bir sıra görüşlər keçirilmiş, qarşılıqlı səfərlər təşkil olunmuşdur.
Regionlarda və paytaxtda meydana çıxan problemlərin operativ həlli məqsədilə son illərdə Bakı, Yevlax, Lənkəran, Şirvan, Xaçmaz miqrasiya idarələrinin və Bakı şəhər Regional Miqrasiya İdarəsinin Sərhəd Buraxılış məntəqələrində miqrasiya şöbəsinin iş fəaliyyəti tam təmin olunmuş, işçilərlə qismən komplektləşdirilmişdir. Yevlax və Bakı şəhərlərində Qanunsuz Miqrantların Saxlanılması Mərkəzinin inşası başa çatdırılmış, yaxın vaxtlarda istifadəyə verilməsi nəzərdə tutulmuşdur. Ağsu Regional Miqrasiya İdarəsinin inzibati binasının inşası hazırda davam etdirilir.
5 illik fəaliyyəti dövründə Xidmətin işinin təşkilində informasiya texnologiyalarının tətbiqi istiqamətində də bir sıra mühüm işlər görülmüşdür. Belə ki, Prezident cənab İlham Əliyevin 4 iyul 2010-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Vahid Miqrasiya Məlumat Sistemi Haqqında Əsasnamə”nin müvafiq bəndlərnin icra edilməsi məqsədilə hazırlanmış iş planına uyğun olaraq VMMS-lə “Giriş-Çıxış və Qeydiyyat” İdarələrarası Avtomatlaşdırılmış Məlumat Axtarış Sistemi arasında məlumat mübadiləsinin təşkili təkmilləşdirilmişdir. Bununla yanaşı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 may 2010-cu il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 2010-2011-ci illərdə “Elektron hökumət”in formalaşdırılması üzrə “Fəaliyyət Proqramı” çərçivəsində xidmətdaxili “elektron sənəd dövriyyəsinin təşkili” üçün proqram təminatı hazırlanmış, cənab Prezident İlham Əliyevin “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 24 may 2011-ci il tarixli Fərmanına müvafiq olaraq Dövlət Miqrasiya Xidməti tərəfindən “Elektron Xidmət”lərin göstərilməsi üçün rəsmi internet səhifəsində xüsusi elektron xidmət bölməsi yaradılmış və 1 sentyabr 2011-ci ildən Dövlət Miqrasiya Xidməti tərəfindən elektron xidmətlərin göstərilməsinə başlanılmışdır.
Onu da deyim ki, Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin sərhəd buraxılış məntəqələrində yerləşən bölmələrində də Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin VMMS-nin işçi yerləri yaradılmış və onun fəaliyyəti mərkəzi baza ilə əlaqələndirilmişdir.
Ötən dövr ərzində kadr və kadr hazırlığı sahəsində ölkə Prezidentinin müvafiq fərman və sərəncamlarının icrasını təmin etmək məqsədilə “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətində qulluq keçən xüsusi rütbəsi olan işçilərin xüsusi geyim forması və fərqlənmə nişanları ilə təmin edilməsi norma”larının təsdiq edilməsi barədə Nazirlər Kabinetinin 2011-ci il 2 fevral tarixli 19 nömrəli Qərarı və Dövlət Miqrasiya Xidmətinin 2011-ci il 10 oktyabr tarixli 01 nömrəli Qərarı ilə “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqənin keçirilməsi Qaydaları” təsdiq edilmişdir.
Miqrasiya sahəsində beynəlxalq təcrübənin öyrənilməsi, kadr hazırlığı siyasətinin yüksəldilməsi, əməkdaşların professional inkişafı və bacarıqlarının artırılması, xidmətə yeni işə qəbul olunmuş işçilərin peşə hazırlığının təmin edilməsi məqsədilə Dövlət Miqrasiya Xidmətinin tədris proqramları hazırlanmışdır.
Ötən 5 il ərzində Dövlət Miqrasiya Xidmətinə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, vətəndaşlığa qəbul, xitam, bərpa, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün fərdi icazələrin verilməsi və mövcud fərdi icazələrin müddətlərinin uzadılması məsələləri ilə bağlı 180 mindən artıq müraciət daxil olmuş, hər bir müraciət fərdi yanaşma tətbiq edilməklə ölkə qanunvericiliyinin tələblərinə uyğun olaraq araşdırılmış və müvafiq qərarlar qəbul edilmişdir.
Apardığımız hesablamalara görə, 2011-ci ilin sonunda respublika ərazisində olan əcnəbilərin sayı 2010-cu ilin sonuna olan vəziyyətlə müqayisədə əhəmiyyətli dərəcədə artmışdır. Ümumiyyətlə, son beş ilə nəzər saldıqda ölkə ərazisində olan əcnəbilərin sayının ilbəil artması müşahidə olunmuşdur. Bu tendensiyanın 2012-ci ildə də davam edəcəyi proqnozlaşdırılır. Belə ki, cari ildə keçiriləcək “Avrovisiya” mahnı müsabiqəsinin və Qadınlar arasında futbol üzrə Dünya Çempionatının iştirakçılarının və çoxsaylı tamaşaçıların bu mötəbər tədbirlərə hazırlıq mərhələsində tikinti və yenidənqurma işlərinə cəlb ediləcək əcnəbilərin respublikaya gəlmələri gözlənilir. Bu tədbirlərlə bağlı ölkəmizə gələcək əcnəbilərə DMX-nin səlahiyyətləri çərçivəsində xidmətlərin göstərilməsi üçün tərəfimizdən lazımi işlər görülmüş və görülməkdədir.
Miqrasiya sahəsində dövlət siyasətinin, habelə miqrasiya proseslərinin idarə edilməsi və tənzimlənməsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən Dövlət Miqrasiya Xidməti fəaliyyətə başlayandan qanunvericiliyin beynəlxalq normalara və müasir dövrün tələblərinə uyğun təkmilləşdirilməsinə, qanunların tətbiqində yol verilə biləcək nöqsan və sui-istifadələrin, tənzimlənməyən miqrasiya proseslərinin neqativ təsirinin aradan qaldırılmasına, sabit demoqrafik inkişafa, qeyri-qanuni miqrasiyaya qarşı effektiv mübarizə tədbirlərinin gücləndirilməsinə çalışır.
Ötən 5 il ərzində qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirləri intensivləşdirilmiş, əcnəbi və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında qeyri-qanuni yaşama və əmək fəaliyyəti ilə məşğul olma qaydalarının pozulması halları aşkar edilərək qarşısı alınmışdır. Belə ki, ötən müddət ərzində Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin əməkdaşları tərəfindən keçirilmiş müvafiq tədbirlər nəticəsində 28 mindən artıq əcnəbi tərəfindən inzibati qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilmişdir. Onlardan 6.738 nəfərin cərimə tətbiq edilməklə ölkə ərazisində yaşamaları leqallaşdırılmış, 22.231 əcnəbi barəsində isə ölkə hüdudlarından kənara çıxarılması barədə qərarlar qəbul edilmişdir.
Xidməti vəzifələrinin nümunəvi icrasına, uzunmüddətli qüsursuz fəaliyyətinə və digər xidmətlərinə görə fərqlənənlərə tərəfimizdən müvafiq əmrlər imzalanmışdır. Bundan başqa, Azərbayan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15 mart 2011-ci il tarixli sərəncamı ilə xidməti vəzifələrinin yerinə yetirilməsində fərqləndiklərinə və miqrasiya orqanlarında səmərəli fəaliyyət göstərdiklərinə görə Dövlət Miqrasiya Xidmətinin 10 əməkdaşı “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunmuşdur.
Dövlət Miqrasiya Xidmətinin fəaliyyət göstərdiyi dövrdə unudulmaz tarixi hadisələrdən biri Xidmət əməkdaşlarının fəaliyyətini yüksək qiymətləndirən və onlara xüsusi qayğı göstərən dövlət başçısının iştirakı ilə 2010-cu ilin may ayının 25-də paytaxtın Binəqədi rayonu ərazisində yeni, hər cür şəraitə malik, müasir memarlıq üslubunda tikilmiş inzibati binanın açılış mərasimi olmuşdur. Prezident cənab İlham Əliyev kollektivi təbrik edərək demişdir: “Bu binada işləmək üçün bütün şərait vardır. Ən müasir standartlar tətbiq olunub. Bina həm gözəlliyi ilə seçilir, həm də ki, daxili tərtibatı yaxşı səviyyədədir. Yəni iş şəraiti ən yüksək standartlara cavab verir. Əsas odur ki, burada bütün işlər də yüksək standartlara cavab versin. Azərbaycan Miqrasiya Xidmətinin böyük funksiyaları vardır. Miqrasiya xidmətinin yaranması çox vaxtında atılmış addım idi və bu illər ərzində xidmət formalaşdı, gücləndi. Bu gün Azərbaycanın iqtisadi maraqlarının qorunması üçün Miqrasiya Xidmətinin çox mühüm rolu vardır.
Əminəm ki, bundan sonra da Miqrasiya Xidmətinin işi yüksək səviyyədə olacaqdır. Bu, əlbəttə ki, sizdən - işçilərdən asılıdır. ...Elə etməliyik ki, xidmət öz imkanlarını maksimum dərəcədə işə sala bilsin. O ki qaldı sizin vəzifələrinizə, siz bu vəzifələri yaxşı bilirsiniz. ...Sizin funksiyanız, əlbəttə, ondan ibarət olacaqdır ki, xaricdən gələn vətəndaşlara həm xidmət göstərəcək, həm də onların Azərbaycanda qalmasının təmin edilməsi üçün bütün lazımi qanuni tədbirləri görəcəksiniz...
İndi biz dünya iqtisadiyyatına inteqrasiya edirik. Azərbaycana xaricdən gələnlərin sayı artır. Azərbaycan vətəndaşları başqa ölkələrdə işləyirlər. Bu, normal prosesdir. Əsas odur ki, bütün bu işlər qanun çərçivəsində tənzimlənsin və iqtisadi maraqlarımız tam şəkildə təmin olunsun. Biz yaxşı bilirik ki, daxildə ölkənin təhlükəsizliyinə səbəb ola biləcək heç bir amil yoxdur. Ona görə də ilk növbədə sərhədlərimizi möhkəmləndirməliyik və bunu edirik. O cümlədən Miqrasiya Xətti ilə görülən tədbirlər həm iqtisadi maraqlarımızı qoruyacaq, eyni zamanda insanlarımızın rahat, təhlükəsiz həyatını təmin edəcəkdir”.
Vurğulanmalıdır ki, Dövlət Miqrasiya Xidməti verilən tapşırıq və göstərişlərin keyfiyyətli icrası yönümündə bir sıra təcili tədbirlər həyata keçirmişdir. Belə ki, xidmətin strukturunda dəyişiklik edilmiş, miqrasiya proseslərini tənzimləmə Baş İdarəsi yaradılmış, bu istiqamətə diqqət artırılmaqla ciddi nəzarət mexanizmi işə salınmışdır. Bu məsələlər fonunda Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Əcnəbilərin Azərbaycan Respublikası ərazisində haqqı ödənilən əmək fəaliyyətini həyata keçirməsi üçün “Fərdi icazənin verilməsi Qaydalarının və həmin fərdi icazənin nümunəsinin təsdiq edilməsi” qərarına, “Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydası”na müvafiq dəyişikliklər edilmişdir. Həmçinin, ölkə Prezidenti tərəfindən “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti haqqında”, “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti”nin vahid miqrasiya məlumat sistemi haqqında” əsasnamələrdə, “Əmək miqrasiyası haqqında” Azərbaycan Respublikasının Qanununda, “Miqrasiya proseslərinin idarə olunmasında “bir pəncərə” prinsipinin tətbiqi haqqında” Respublika Prezidentinin 69 saylı Fərmanında, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində əlavə və dəyişikliklər edilməsi barədə müvafiq fərmanlar imzalanmışdır. Bundan başqa, il ərzində ölkə başçısının digər fərmanları ilə “Miqrasiya orqanlarında qulluqkeçmə haqqında Əsasnamə”də, “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikasının qanununda, “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nda müvafiq dəyişikliklər edilmişdir.
Ötən dövr ərzində hər zaman miqrasiya orqanlarının fəaliyyətinə diqqət və qayğı ilə yanaşan ölkə başçısı 2011-ci ildə Xidmət əməkdaşlarına qayğısını əsirgəməyərək, onların sosial təminatının yaxşılaşdırılması məqsədilə bir sıra tapşırıqlar vermişdir. Belə ki, ötən ilin iyul ayından miqrasiya sahəsində qanunvericiliyin pozulmasına görə miqrasiya orqanları tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən tətbiq edilən cərimələrdən toplanan vəsaitin 25 faizi Dövlət Miqrasiya Xidməti əməkdaşlarının əmək haqlarına əlavə edilmişdir. Respublika Prezidentinin xidmət haqqında dediyi fikirləri, şahidi olduğumuz tarixi hadisələr, qazanılan nailiyyətlər, əslində, hər bir xidmət əməkdaşında fərəh, yüksək qürur hissi doğurur.
Xidmətin təkcə 5 il ərzində qanunsuz miqrasiya ilə mübarizə tədbirlərinin nəticələri kifayət qədər onu deməyə əsas verir ki, Xidmət qarşıda duran illərdə daha geniş tərkibdə, daha yüksək nəticələr əldə etməyə qadirdir.
Bu gün əminliklə demək olar ki, Azərbaycan Respublikasının miqrasiya prosesləri dövlət tərəfindən yüksək səviyyədə tənzimlənir.
Mən əminəm ki, Dövlət Miqrasiya Xidmətinin əməkdaşları Dövlət rəhbərinin miqrasiya orqanlarına göstərdiyi etimadı yüksək səviyyədə doğruldacaq, o cümlədən Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini rəhbər tutaraq Xidmət qarşısında qoyulmuş tapşırıqların qüsursuz, vaxtında və keyfiyyətlə yerinə yetirilməsi üçün bütün qüvvə və bacarıqlarını səfərbər edəcəklər.
Pərviz Musayev,
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin
rəis müavini, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri