Azərbaycanda tətbiq olunan yeni qaydalardan sonra da Türkiyə vətəndaşları vizaları Hava Limanında ala bilərlər
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Arzu Rəhimovun bəzi KİV-lərə müsahibəsi
- Arzu müəllim, bu günlərdə əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə vizaların rəsmiləşdirilməsi ilə bağlı ölkə qanunvericiliyinə bir sıra dəyişikliklər edilmişdir. Bu barədə fikirlərinizi bildirmənizi xahiş edirik.
- Bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkəmizə gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə vizaların rəsmiləşdirilməsi prosedurunun nizama salınması məqsədilə 13 sentyabr 2010-cu il tarixdə "Azərbaycan Respublikasına gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə vizaların rəsmiləşdirilməsi ilə bağlı bəzi məsələlər haqqında" 326 saylı Fərman imzalamışdır. Bu gün Azərbaycan regionda inkişaf etmiş lider dövlətdir. Həyata keçirilmiş iqtisadi sosial islahatlar nəticəsində respublikamız əcnəbilər üçün cəlbedici dövlətə çevrilmiş, bu səbəbdən ölkəyə gələnlərin sayı günbəgün artmaqdadır. Bir sözlə, miqrasiya proseslərinin belə sürətli inkişaf etdiyi bir zamanda əlbəttə ki, ölkədə bu sahədə siyasətin təkmilləşdirilməsi, nəzarətin gücləndirilməsi bu kimi tədbirlərin reallaşması zərurətini yaratmışdır. Cənab Prezident tərəfindən atılan bu addım Azərbaycan üçün yeni olsa da, dünya təcrübəsində artıq sınaqdan çıxmış haldır, əksər dövlətlərdə tətbiq edilən qaydadır. Düzdür, Azərbaycan xalqı qonaqpərvər xalqdır, qonaq sevən xalqdır, amma eyni zamanda, xalqını, Vətənini, dövlətini sevən bir xalqdır. Bu gün ölkəmizə gələn qonaqlara biz bütün qapılarımızı açırıq, lakin bir şərtlə - qayda-qanun çərçivəsində. Necə ki, Azərbaycan vətəndaşları xarici ölkələrdən birinə səfər etmək istədikdə ya həmin ölkənin dövlətimizdəki səfirliyinə, ya da üçüncü dövlətdə olan diplomatik nümayəndəliyə müraciət edib viza əldə edir, necə ki, biz xarici dövlətlərin qanunlarına hörmətlə yanaşırıq, eləcə də ölkəmizə gələn əcnəbilər bizim qanunvericiliyin tələblərinə əməl etməlidirlər. Düşünürəm, gələcəkdə bununla bağlı heç bir problem yaşanmayacaq. Çünki bu gün Azərbaycan Respublikasının dünyanın 70-dən artıq ölkəsində diplomatik nümayəndəliyi fəaliyyət göstərir. Bizim bu ölkələri əhatə etmək və onlara vizanı ölkəyə gəlməzdən əvvəl rəsmiləşdirək imkanlarımız var.
Prezidentin Fərmanında istisna hallar var ki, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər bu hallarda viza alınması üçün ərizə ilə birbaşa Xarici İşlər Nazirliyinə müraciət edə bilərlər.
Bu hallar ona görə nəzərə alınır ki, Azərbaycan gündən-günə inkişaf edir, ölkəmizdə beynəlxalq tədbirlər keçirilir və dəvət olunan əcnəbi qonaqlar həmin tədbirlərdə maneəsiz iştirak edə bilsinlər.
Maraqlı şəxslər var ki, bu Fərmanı yanlış şərh edirlər. Bəziləri deyir ki, guya Türkiyə hökuməti bu qərarı böyük narazılıqla qarşılayıb, guya Azərbaycan Türkiyə üçün qapıları bağlayır. Belə bir məsələ ümumiyyətlə yoxdur. Həmin fərmanın 2.1-ci bəndində nəzərdə tutulub ki, Azərbaycan Respublikasının dövlətlərarası və ya hökumətlərarası müqavilələrində nəzərdə tutulmuş hallarda əcnəbilər və vətəndaşlığı olmayan şəxslər viza alınması üçün ərizə ilə birbaşa Xarici İşlər Nazirliyinə müraciət edə bilərlər.
Türkiyə ilə Azərbaycan arasında belə bir saziş var və həmin sazişə görə, Türkiyə vətəndaşları Azərbaycana gəldikdə onların vizaları H.Əliyev adına Beynəlxalq Hava Limanında rəsmiləşdirilir.
- Bəs noyabrın 7-də keçiriləcək parlament seckilərinə müşahidəçi qismində qatılan əcnəbi vətəndaşların ölkəyə girişində hər hansı bir problem yaranmayacaq ki?
- Qeyd edim ki, bu məsələlər cənab Prezident tərəfindən imzalanmış məlum fərmanda öz əksini tapmışdır. Müşahidəçi qismində seçki proseslərinə cəlb edilən əcnəbi ekspertlər, əlbəttə ki, ölkəmizə müvafiq icra hakimiyyəti orqanı tərəfindən dəvət məktubu əsasında dəvət ediləcəklər. Müəyyən prosedurlardan sonra onların ölkəyə daxil olması ilə bağlı müvafiq qərarlar qəbul olunur, bunun əsasında həmin şəxslərin vizası müvafiq dövlət qurumu tərəfindən rəsmiləşdirilir. Konkret desəm, bu məsələ 326 saylı Fərmanın 2.3-cü maddəsində açıq-aydın öz əksini tapmışdır.
- Arzu müəllim, imzalanmış Fərmandan hansı müsbət nəticələr gözləyirsiniz?
- Bu gün Azərbaycan dinamik iqtisadi inkişaf yolunda olan bir dövlətdir. Şərqlə Qərbi birləşdirən geostrateji tranzit xətlərə malik bir ölkədir.
Azərbaycanda bir il ərzində qalan əcnəbilərin sayı 119 minə yaxındır. Əvvəlki illərdə Azərbaycana gəlib və Azərbaycan ərazisində yaşayan və hansısa fəaliyyətlə məşğul olan əcnəbilərin sayı 400 mindən artıqdır.
Azərbaycan Respublikası inkişaf edirsə, ölkəyə gələn əcnəbilərin sayı ilbəil artırsa, biz də miqrasiya sahəsində siyasətimizi təkmilləşdirməliyik.
Qlobal enerji layihələrinin başlıca təminatçısına çevrilən, milli-etnik və dini dözümlülüyün yüksək səviyyəsinə görə fərqli sivilizasiyaları, müxtəlif mədəniyyətləri bir araya gətirən ölkə kimi Azərbaycanda miqrasiya proseslərinin dövlət nəzarətində saxlanması ilk növbədə, milli təhlükəsizliyin təmini, stabilliyin qorunması baxımından vacib aktuallıq kəsb edir. Miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi ilə bağlı son illər görülən mühüm tədbirlər məhz buna xidmət edir. Dövlət Miqrasiya Xidməti fəaliyyətini məhz bu istiqamətdə qurmuşdur. Bir daha qeyd edirəm, bu fərmanın qəbul edilməsində əsas məqsəd miqrasiya idarəetmə sistemində dünyanın əksər inkişaf etmiş və təhlükəsizliyinə önəm verən ölkələrdə mövcud olan qaydaların tətbiqidir. Xatırlatmaq istəyirəm ki, fərman həm də 24 iyun 2008-ci il tarixdə Milli Məclis tərəfindən qəbul edilmiş "Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə" qanunun tətbiqi ilə bağlıdır. Hansı ki məhz bu qanuna əsasən "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında", "Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında", "İmmiqrasiya haqqında" və bir sıra digər qanunlara əhəmiyyətli dəyişikliklər edilmişdir. Qeyd edilənlərə əsasən, yalnız müsbət nəticələr əldə olunacaq.
- Rəhbəri olduğunuz qurum tərəfindən ölkəmizdə həyata keçirilən qanunsuz miqrasiya ilə mübarizə tədbirləri hansı səviyyədədir?
- Bu gün dünyanın bütün inkişaf etmiş ölkələrində qanunsuz miqrasiya halları mövcuddur. Əsas məsələ bu xoşagəlməz halın qarşısını almaq və ciddi mübarizə aparmaqdır. Bu gün Dövlət Miqrasiya Xidməti qarşıya qoyulan tapşırıqları ölkə qanunvericiliyinin tələblərinə uyğun olaraq yerinə yetirir, bu sahədə intensiv tədbirlər həyata keçirir.
1-2 il əvvəl Bakı şəhərində küçə ticarəti ilə məşğul olan Çin, Pakistan, Veytnam və digər ölkələrin vətəndaşlarına rast gəlinirdi. İndi bunların sayı ciddi şəkildə azalıb. Bir müddət əvvəl şəhərdə Çin masaj salonlarına rast gəlirdik. Bu salonlar müvafiq icazə almaqla qanuni şəkildə fəaliyyət göstərməlidirlər. Azərbaycana qanuni yolla gəlib qanunsuz fəaliyyətlə məşğul olanlara qarşı mübarizə aparılır və aparılacaq da.
Təkcə bu ilin 9 ayı ərzində xidmət əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində 9.230 əcnəbi tərəfindən inzibati qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilmiş, onlardan 2.352 nəfərin cərimə tətbiq edilməklə ölkə ərazisində yaşamaları leqallaşdırılmış, 6.000-dən artıq əcnəbi barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə nəzərdə tutulmuş qaydada onların ölkə hüdudlarından kənara çıxarılması barədə müvafiq qərarlar qəbul edilmişdir. Ölkədən çıxarılan əcnəbilərin 600-ə yaxın Çin, 400-ə yaxın Pakistan, 105 Türkmənistan, 30-a yaxın Banqladeş, 20-yə yaxın Əfqanıstan və s. dövlətlərin vətəndaşlarıdır.
Sonda qeyd edim ki, gələcəkdə qanunsuz miqrasiya hallarının qarşısının alınması və müəyyən problemlərin yaranmaması üçün bu gün Azərbaycan Respublikasında belə bir hüquqi aktın qüvvəyə minməsi vaxtında atılmış addımdır. Əcnəbi ölkəyə gəlməmişdən öncə viza alınması üçün müəyyən edilmiş qaydada müraciət edir, məqsədəuyğun hesab olunduqda onun ölkəyə girişi üçün müvafiq tədbirlər görülür. Ölkəyə daxil olan əcnəbi dərhal vahid miqrasiya məlumat sisteminə daxil edilir və o, ölkəni tərk edənə qədər bu sistem vasitəsilə izlənilir.