Dövlət miqrasiya siyasəti milli maraqların və milli təhlükəsizliyin qorunmasına xidmət edir
(Məqalə “Xalq” qəzetinin 19 mart 2010-cu il tarixli sayında dərc edilmişdir)
Dərin və qlobal maliyyə böhranının dünyanın ən qabaqcıl və inkişaf etmiş nəhəng dövlətlərinin sosial-iqtisadi həyatına amansız müdaxilə etdiyi bir dövrdə, ümummilli lider Heydər Əliyevin memarı və qurucusu olduğu gənc Azərbaycan Respublikası öz müstəqillik salnaməsinə tarixi uğurlar yazmaqda davam edir.
Qloballaşan XXI əsrdə Azərbaycanın imza atdığı bu tarixi uğurlar möhtərəm Prezident cənab İlham Əliyevin Ulu öndər Heydər Əliyevin uzaqgörən strateji xəttini çox böyük siyasi ustalıqla dünyanın və zamanın sərt tələblərinə uyğunlaşdıraraq davam etdirdiyini və ölkəmizi regionun lider dövlətinə çevirməklə ona böyük şərəf, sosial rifah və tərəqqi gətirdiyini göstərir. Məncə, bunu tarixə yazılan illərin ən böyük uğuru hesab etmək olar.
Geostrateji baxımdan Azərbaycan üçün böyük əhəmiyyət daşıyan bu nailiyyət özündə ölkənin sabit daxili və xarici siyasətini, sürətli sosial-iqtisadi inkişaf tempini, qloballaşan dünyaya uğurlu inteqrasiyanı, beynəlxalq əməkdaşlığı, demokratik dəyərlərə diqqəti, insanların hüquq və azadlıqlarına hörmətlə yanaşmağı, tolerantlığı ehtiva edir. Məhz Prezident cənab İlham Əliyevin praqmatik düşüncəsi və yaradıcı təfəkkürünün məhsulu olan Dövlət Proqramlarının, iri infrastruktur layihələrin reallaşması, iqtisadiyyatın idarə olunmasında tətbiq etdiyi çevik mexanizmlər, bu istiqamətdə qəbul etdiyi prinsipial və qəti qərarlar, Azərbaycanda artıq milli mənafelərə və sosial-rifaha xidmət edən milli iqtisadi inkişaf modelini formalaşdırmışdır.
Ulu öndər Heydər Əliyevin dərin təfəkkürünün məhsulu olan “Əsrin müqaviləsi”ndən start götürmüş, on illərə hesablanmış neft strategiyasının son 6 ildə daha böyük sürətlə reallaşması bu uğurlu nəticələrin əldə edilməsində böyük rol oynamışdır. Zaman-zaman artan neft gəlirlərini çevik şəkildə ölkədə digər sənaye infrastrukturlarının yaradılmasına, Azərbaycanın enerji təhlükəsizliyinin təmin edilməsi üçün qlobal enerji layihələrinin reallaşmasına, eyni vaxtda ərzaq təhlükəsizliyini təmin etmək üçün kənd təsərrüfatına investisiyalar yönəldən dövlət başçısı əslində Azərbaycanın iqtisadi müstəqilliyini yüksək səviyyədə təmin etmişdir. Bu, siyasi müstəqilliyin ən vacib və əsas dayağıdır.
Təsadüfi deyildir ki, yola saldığımız 2009-cu ildə Dünya İqtisadi Forumu iqtisadiyyatın rəqabət qabiliyyətinə görə dünyanın 133 ölkəsi arasında Azərbaycanı 51-ci yerə, Dünya Bankının Beynəlxalq Maliyyə Korporasiyası isə biznes mühitində islahatların keçirilməsində 181 ölkə arasında respublikamızı 33-cü yerə layiq görmüşdür. Fərəhli haldır ki, ölkəmiz bu parametrlərə görə MDB məkanında liderdir. Maliyyə böhranının davam etdiyi bu dövrdə MDB ölkələrində ümumi daxili məhsul bütövlükdə 9 faiz azaldığı halda, Azərbaycanda əksinə 9,3 faiz artım qeydə alınmışdır.
Ölkəmizdə son illər sərmayə qoyuluşunun da sürətli artması diqqət çəkən əsas faktlardandır. Ümumiyyətlə, ölkəmiz dövlət müstəqilliyini əldə etdikdən sonra respublika iqtisadiyyatına 66,2 milyard dollar sərmayə yatırılmışdır ki, onun da 53,2 milyard dolları, yəni 80 faizi son 6 il ərzində təmin edilmişdir. Makroiqtisadi sabitliyin mövcud olduğu və güclü infrastruktur layihələrin reallaşdırıldığı Azərbaycanda təkcə ötən il ərzində 9,2 milyard dollar investisiya qoyulmuşdur.
Respublikamızın nəqliyyat, energetika, kənd təsərrüfatı infrastrukturunun yenidən və ən müasir tələblər səviyyəsində qurulması, Milli Ordunun möhkəmləndirilməsi, ölkədə müdafiə sənayesinin qurulması və inkişafı, təhsildə, səhiyyədə köklü islahatların aparılması və Azərbaycanın sürətlə qabaqcıl dünya ölkələrinə inteqrasiyası bir məqama, bir məqsədə — müstəqil ölkəmizin dünyanın qabaqcıl dövlətlərindən birinə çevrilməsinə gətirib çıxarmışdır.
Dövlət başçısının milli dövlətçilik maraqlarından çıxış edərək balanslaşdırılmış xarici siyasətə üstünlük verməsi, beynəlxalq təşkilatlarla inteqrasiya, beynəlxalq təhlükəsizlik və tərəfdaşlıq mexanizmlərinin təkmilləşdirilməsi, həmçinin möhkəmləndirilməsi istiqamətlərində atdığı bir çox vacib addımlar Azərbaycanın xarici əlaqələrini daha da genişləndirmiş və ölkəmizin inkişaf etməkdə olan, demokratik dəyərlərə hörmətlə yanaşan sivil hüquqi dövlət imicini daha da gücləndirmişdir.
Nəticədə, bütün bu sadalanan faktlar dünyanın hər yerində olduğu kimi ölkəmizdə də miqrasiya proseslərinin davamlı inkişaf etməsinə böyük təkan vermişdir.
Miqrasiya bəşər tarixinin bütün mərhələlərində mövcud olmuş, insanlar yaxşı, sakit və firavan həyat yaşamaq naminə bu şəhərdən və ya ölkədən digərinə köç etmiş, yüz minlərlə kilometr yol qət etmişlər. Bu günki qloballaşma və rabitə-nəqliyyat vasitələrinin sürətli inkişafı dövründə belə insanların sayı daha da artmışdır.
Sürətli qloballaşmanın açdığı yeni era miqrasiya sahəsində yeni imkanlarla bərabər həm də bütün dünyada cəmiyyətlər və ölkələr qarşısında yeni problemlər qoymuşdur. Doğrudur, Azərbaycan üçün bütövlükdə miqrasiya prosesləri yeni bir məfhum deyil. Hələ 1994-cü ildə Azərbaycanda “Əsrin müqaviləsi” imzalandıqdan sonra neft layihələrinin gerçəkləşməsi, yeni neft və qaz kəmərləri çəkilişinə başlanılması ərəfəsində ölkəmizə xarici investisiyalarla bərabər əcnəbi mütəxəssislərin və işçi qüvvələrinin miqrasiyasının başlaması, iqtisadi böhrandan yenicə qurtarmağa çalışan, işsizliyin baş alıb getdiyi respublikada bir qədər ehtiyatla qarşılanırdı. Məhz həmin dövrlərdə ümummilli lider Heydər Əliyev öz müdrik uzaqgörənliyi ilə bu prosesin mahiyyətini açıqlayaraq demişdir: “Miqrasiya təbii prosesdir, onun qarşısını almaq olmaz, almaq da lazım deyil və ümumən müsbət xarakter daşıyır. Dünyada miqrasiya prosesi bütün ölkələrə, xalqlara aiddir”.
Azərbaycan inkişaf etdikcə əcnəbi və vətəndaşlığı olmayan şəxslər üçün daha cəlbedici bir regiona çevrilir, ölkəmizə miqrasiya axını ildən-ilə artır. Bu da öz növbəsində ölkənin inkişafı və təhlükəsizliyinin təmin edilməsi baxımından milli maraqlara uyğun miqrasiya siyasətinin həyata keçirilməsini, onun əsasında miqrasiya proseslərinin tənzimlənməsi sisteminin təkmilləşdirilməsini və inkişaf etdirilməsini, dövlət orqanlarının fəaliyyətlərinin əlaqələndirilməsini və bu sahədə beynəlxalq əməkdaşlığı zəruri etmişdir.
Nəzərdə tutulan bu zəruri məsələlərin həlli və ölkəmizdə dünya təcrübəsinə söykənən vahid miqrasiya siyasətinin formalaşmasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə hazırlanan və dövlət başçısının 2004-cü ildə təsdiq etdiyi “Dövlət Miqrasiya Siyasəti Konsepsiyası” çox mühüm rol oynamışdır. Hökumət qurumları qarşısında əsas məqsədləri müəyyən edən “Dövlət Miqrasiya Siyasəti Konsepsiyası”nın gerşəkləşdirilməsi və qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün hazırlanmış “Azərbaycan Respublikasının 2006-2008-ci illər üçün Dövlət Miqrasiya Proqramı” isə Prezident cənab İlham Əliyev tərəfindən 25 iyul 2006-cı il tarixdə 1575 saylı Sərəncamla təsdiq edilmişdir. Proqramda əsas fəaliyyət istiqamətləri olaraq, miqrasiya sahəsində idarəetmə mexanizminin təkmilləşdirilməsi, bu sahədə dövlət tərəfindən tənzimlənmənin səmərəliliyinin artırılması, aidiyyəti dövlət orqanlarının miqrasiya sahəsində fəaliyyətlərinin əlaqələndirilməsi, mövcud qanunvericilik bazasının təkmilləşdirilməsi, əmək miqrasiyası sahəsində kvotaların tətbiqi, qeyri-qanuni miqrasiyanın qarşısının alınması üzrə kompleks tədbirlərin həyata keçirilməsi və eləcə də digər ölkələrin miqrasiya qurumları və əlaqədar beynəlxalq təşkilatlarla əməkdaşlıq nəzərdə tutulmuşdur. Dövlət Miqrasiya Proqramından irəli gələn məsələlərin həyata keçirilməsi ölkəmizdə miqrasiya üzrə daha təkmil bir sistemin yaradılmasına yönəlmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 19 mart 2007-ci il tarixdə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin yaradılması haqqında 560 saylı Fərmanı isə miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi, idarəetmə sisteminin inkişaf etdirilməsi, miqrasiya proseslərinin tənzimlənməsi və proqnozlaşdırılması, bu sahədə müvafiq dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi məqsədinə xidmət etmişdir.
Geridə qalan üç il ərzində mərkəzi icra hakimiyyəti orqanı olaraq Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti Prezident cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində qarşıda duran vəzifə və tapşırıqları uğurla həyata keçirmişdir.
Dövlət Miqrasiya Xidmətinin səmərəli fəaliyyəti və qarşıda duran prioritet məsələlərin həlli üçün ilk növbədə miqrasiya sahəsində ölkənin qanunvericilik bazası təkmilləşdirilmiş, qısa zaman ərzində bir çox qanun və qanunverici aktlara əlavə və dəyişikliklər edilmişdir.
Prezident cənab İlham Əliyev dövlət orqanları qarşısında miqrasiya proseslərinin idarə edilməsi sahəsində nəzarətin gücləndirilməsi vəzifəsini qoymuş, bu məqsədlə Dövlət Miqrasiya Xidmətinə miqrasiya proseslərinin təhlili, proqnozlaşdırılması və monitorinqin təşkili, vaxtaşırı hesabatların və statistik məlumatların hazırlanması, həmçinin yeni texnologiyaların tətbiqi ilə vahid uçotun təmin edilməsi tapşırığı vermişdir. Prezident cənab İlham Əliyev dəfələrlə çıxışlarında miqrasiya proseslərinin tənzimlənməsinin, bu sahədə ciddi nəzarət mexanizminin yaradılmasının vacibliyini qeyd etmişdir. Ölkə başçısı 5 avqust 2008-ci il tarixdə Nazirlər Kabinetinin 2008-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına dair keçirilən iclasında demişdir: “Biz miqrasiya siyasətimizi daha da gücləndirməliyik, çox ciddi sistem yaratmalıyıq. Hər bir gələn xarici vətəndaş qeydiyyatdan keçməlidir. Qanunsuz bir adam da burada işləməməlidir. Biz istənilən anda bilməliyik ki, hansı xarici vətəndaş hansı gündə haradadır və nə ilə, hansı işlə məşğuldur”. Bəli, miqrasiya sahəsinə nəzarətin gücləndirilməsi məqsədilə Prezident cənab İlham Əliyev tərəfindən 6 fevral 2009-cu il tarixdə imzalanmış 134 saylı Sərəncama əsasən fəaliyyəti təmin edilmiş Vahid Miqrasiya Məlumat Sistemi ölkədə baş verən miqrasiya proseslərinin dinamikası barədə tam təsəvvürün yaradılmasına imkan verərək, qeyri-qanuni miqrasiya ilə mübarizə və təhlükəsizliyin təmini sahəsində müvafiq tədbirlərin görülməsi üçün əlverişli şərait yaratmışdır. Bu gün ölkə ərazisində miqrasiya proseslərinin idarəedilməsi funksiyasını yerinə yetirən Vahid Miqrasiya Məlumat Sistemi (VMMS) vasitəsilə əcnəbi və vətəndaşlığı olmayan şəxsin ölkə ərazisinə daxil olduğu dəqiqədən harada olması və nə işlə məşğul olması müşahidə olunur və ciddi nəzarətdə saxlanılır.
Ötən müddət ərzində mövcud qanunvericiliyə digər əlavə və dəyişikliklər, o cümlədən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkə ərazisində olma müddətləri müəyyən edilmiş, onlara Azərbaycan Respublikasında müvəqqəti və daimi yaşamaq üçün nəzərdə tutulmuş sənədlər təsdiq edilmiş, əcnəbilərin qeydiyyat sistemi təkmilləşdirilmiş, Azərbaycan Respublikasının vətəndaşlığına qəbul üzrə əlavə meyarlar müəyyən edilmiş, miqrasiya qanunvericiliyinin pozulmasına görə məsuliyyət artırılmışdır.
Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarla bağlı Dövlət Miqrasiya Xidmətinə müraciət edib ölkə ərazisində olma və yaşamalarını qanuniləşdirən əcnəbilər olduğu kimi, qanunvericiliyin tələblərinə riayət etməkdən boyun qaçıranlar da yox deyildir. Qeyri-qanuni miqrasiyanın qarşısının alınması isə respublikamızın milli təhlükəsizliyinin təmini baxımından vacib şərtlərdən biridir. Miqrasiya nəzarəti sistemi qeyri-qanuni miqrasiya ilə bağlı mövcud vəziyyətə adekvat olmalıdır. Miqrasiya prosesləri üzrə idarəetmə beynəlxalq öhdəliklərin yerinə yetirilməsini, insan hüquq və azadlıqlarının, dövlətin milli maraqlarının və təhlükəsizliyinin etibarlı qorunmasını tələb edir. Bu sahədə xarici ölkələrin müvafiq strukturları və beynəlxalq təşkilatlarla əməkdaşlığın gücləndirilməsi, həmsərhəd dövlətlərlə müqavilə prosesinin aktivləşdirilməsi, öhdəlikləri müəyyən edən və məsuliyyət nəzərdə tutan müvafiq sazişlərin bağlanması üzrə tədbirlər həyata keçirilir. Nəzarətin gücləndirilməsi üzrə normativ hüquqi aktların, o cümlədən ölkəmizin ərazisindən tranzit keçid qaydaları, daxili miqrasiyanın hüquqi tənzimlənməsi, qeyri-qanuni miqrantların ölkə ərazisindən çıxarılması, müxtəlif dövlət orqanlarının fəaliyyətlərinin səmərəli əlaqələndirilməsi və işin məqsədyönlü təşkili istiqamətində konkret addımlar atılır. Bir sözlə, Dövlət Miqrasiya Xidməti bütün gücünü səfərbər edərək ölkə ərazisində qanunsuz yaşayan, əmək fəaliyyətilə məşğul olan əcnəbi və vətəndaşlığı olmayan şəxslərin aşkar edilməsi istiqamətində müntəzəm tədbirlər həyata keçirir. Müəyyən edilmiş inzibati pozuntu halları qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırılır və müvafiq qərarlar qəbul olunur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin davamlı olaraq həyata keçirdiyi tədbirlər miqrasiya proseslərinin vahid və çevik prosedurlar əsasında tənzimlənməsinə, bu sahədə əngəllərin tamamilə aradan qaldırılmasına, sənədləşmənin sadələşdirilməsinə xidmət edir. Bu baxımdan dövlət başçısı tərəfindən "Miqrasiya proseslərinin idarəolunmasında "bir pəncərə" prinsipinin tətbiqi haqqında" imzalanmış 4 mart 2009-cu il tarixli 69 saylı Fərmanın tətbiqi ölkədə miqrasiya proseslərinin daha çevik və işlək mexanizmlər əsasında idarə edilməsi, bu sahədə operativliyin təmini və həllini gözləyən problemlərin aradan qaldırılmasına səbəb olmuşdur. 2009-cu il iyulun 1-dən "bir pəncərə" prinsipinin işə düşməsi ilə respublikada miqrasiya idarəetmə mexanizmi təkmilləşdirilmiş, Azərbaycan Respublikasına gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkə ərazisində qanuni əsaslarla yaşamaları və əmək fəaliyyəti ilə məşğul olmaları üçün müvafiq icazələr verilmiş, onların yaşayış yeri üzrə qeydiyyata alınması proseduru sadələşdirilmiş, nəticədə bu sahədə şəffaflığın tam təmin edilməsinə nail olunmuşdur.
“Bir pəncərə" prinsipi üzrə vahid dövlət orqanının səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti və daimi yaşamaq, həmçinin ölkə ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün müvafiq icazələrin verilməsi; Azərbaycan Respublikasının ərazisində müvəqqəti və daimi yaşamaq üçün icazə almış əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin yaşayış yeri üzrə qeydiyyata alınması; Azərbaycan Respublikasının ərazisində müvəqqəti və daimi yaşamaq üçün icazə almış əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müvafiq vəsiqələrin verilməsi; Azərbaycan Respublikasına gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti olma müddətinin uzadılması; Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi vasitəsilə Azərbaycan Respublikasında yaşayan və müvəqqəti olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin uçotunun aparılması və digər aktual məsələləri təmin etməkdədir. Fərmanın icrası ilə quruma daxil olan müraciətlərin sayı artmış, vahid prinsipin icrasında ciddi nəzarət mexanizmi yaradılmışdır. "Bir pəncərə" prinsipi tətbiq ediləndən bu günə qədər Dövlət Miqrasiya Xidmətinə 60 mindən artıq müraciət daxil olmuşdur.
Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazələrin verilməsi ilə bağlı vəsatətlərə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən 20 iş günü müddətində baxılır. Miqrasiya proseslərinin idarəolunmasında "bir pəncərə" prinsipi tətbiq edildiyi gündən Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə almış əcnəbilər və vətəndaşlığı olmayan şəxslər şəxsiyyətlərini təsdiq edən etibarlı sənədlər və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş müvafiq vəsiqələr əsasında Azərbaycan Respublikasından gedir və Azərbaycan Respublikasına qayıda bilirlər.
Qanunvericiliyə edilmiş əlavə və dəyişikliklərdən biri də qeyri-qanuni miqrasiyaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsi, Xidmətin fəaliyyətinin təkmilləşdirilməsi məqsədi ilə Prezident cənab İlham Əliyevin 8 aprel 2009-cu il tarixdə imzaladığı 76 saylı Fərmanla Dövlət Miqrasiya Xidmətinə hüquq-mühafizə orqanı statusunun verilməsidir. Bundan əlavə, 4 dekabr 2009-cu il tarixdə Milli Məclis tərəfindən təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”, həmin Əsasnamənin tətbiqi haqqında cənab Prezident tərəfindən 25 dekabr 2009-cu il tarixdə imzalanmış 206 saylı Fərman, Dövlət Miqrasiya Xidmətinin strukturuna edilmiş dəyişikliklərlə bağlı 666 saylı Sərəncam, Azərbaycan Respublikası miqrasiya orqanları işçilərinin peşə bayramı gününün təsis edilməsi haqqında, həmçinin xidmətin rəhbər şəxslərinə ali xüsusi rütbələrin verilməsi haqqında 17 mart 2010-cu il tarixli Sərəncamlar – bütün bunlar ölkə başçısının xüsusi diqqət və qayğısı ilə həyata keçirilən məqsədyönlü tədbirlərdir ki, birbaşa Dövlət Miqrasiya Xidmətinin bu sahədəki səmərəli və məqsədyönlü fəaliyyətinin təmin edilməsinə, onun iş üsul və vasitələrinin daha da təkmilləşdirilməsinə hesablanmışdır. Bu və sadalanan digər tədbirlər ölkə rəhbərinin Dövlət Miqrasiya Xidmətinə göstərdiyi hədsiz etimadın bariz təzahürüdür.
Dövlət miqrasiya siyasətinin həyata keçirilməsində beynəlxalq konvensiyalara və onların tələblərindən irəli gələn məsələlərə də xüsusi önəm verilir. Miqrasiya sahəsində beynəlxalq təcrübənin öyrənilməsi, bu sahədə ölkə qanunvericiliyinin təkmillləşdirilməsi məqsədilə Dövlət Miqrasiya Xidməti Birləşmiş Millətlər Təşkilatı, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı, Beynəlxalq Miqrasiya Təşkilatı, Beynəlxalq Əmək Təşkilatı, Avropa İttifaqı, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəz, Müstəqil Dövlətlər Birliyi ilə sıx əməkdaşlıq edir. Mütəxəssislərimiz dünyanın bir çox qabaqcıl ölkələri - Almaniya, Avstriya, İsveçrə, Niderland Krallığı, Rusiya və bir çox digər ölkələrin miqrasiya sahəsində təcrübələrini öyrənir, əməkdaşlıq əlaqələrini genişləndirirlər. Dünya birliyinin tamhüquqlu üzvü kimi Azərbaycan bu günədək 15 beynəlxalq akta və konvensiyaya qoşulmuşdur. Bu sahədə keçirilən beynəlxalq tədbirlərə və qəbul edilmiş sənədlərə də xüsusi önəm verilir.
Dünya iqtisadiyyatında qloballaşma proseslərinin sürətlənməsi beynəlxalq əmək miqrasiyası axınının artması ilə müşahidə olunur ki, bu hal dünyanın, demək olar, bütün ölkələrini əhatə edir. Əmək miqrasiyası həyatın ayrılmaz hissəsidir və gələcəkdə bu proses ancaq inkişaf edəcəkdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 12 mart 2010-cu il tarixdə “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfransda demişdir: “Bu gün biz miqrasiya məsələlərini daha da ciddi şəkildə tənzimləməliyik. İlk növbədə ona görə ki, əmək bazarının tənzimlənməsi məsələləri yüksək səviyyədə həll olunsun, Azərbaycan vətəndaşlarının hüquqları daha da ciddi şəkildə qorunsun. Biz miqrasiyanı tənzimləməklə elə etməliyik ki, əlbəttə, xaricdən gələn vətəndaşlar üçün də yaxşı şərait yaradılsın. Ancaq, ilk növbədə, Azərbaycan vətəndaşları işlə təmin olunsunlar”.
Qeyd edim ki, Dövlət Miqrasiya Xidməti bu gün əmək miqrasiyası proseslərinin idarə edilməsi ilə əlaqədar fəaliyyətində yalnız neqativ elementlərin minimuma endirilməsi, pozitiv tərəfin isə inkişafına nail olacaq imkanlara üstünlük verir. Artıq Azərbaycanın adekvat milli miqrasiya siyasəti və bu siyasəti həyata keçirən dövlət qurumu var. Bu siyasət bu gün möhtərəm Prezident cənab İlham Əliyevin qəbul etdiyi qərarlarla, imzaladığı fərman və sərəncamlarla, Milli Məclisin qəbul etdiyi Qanunlarla daha da təkmilləşdirilir, ölkənin sosial-iqtisadi inkişafına uyğunlaşdırılır.
Müraciət edənlərin rahatlığının təmin edilməsi, onların Dövlət Miqrasiya Xidmətinə regionlardan uzaq məsafə qət etməməsi, həmçinin xidmətin fəaliyyətinin genişləndirilməsi, regionlarda miqrasiya proseslərinin tənzimlənməsi məqsədi ilə qurumun regional idarələrinin təşkili işi uğurla davam etdirilir. Bu gün Xidmətin Şirvan, Yevlax, Lənkəran Regional Miqrasiya İdarələri fəaliyyət göstərir. Hazırda digər regionlarda idarə və qanunsuz miqrantların saxlanılma mərkəzlərinin tikinti işləri intensiv davam etdirilməkdədir.
Ötən müddət ərzində ölkə ərazisinə daxil olmuş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin miqrasiya sahəsində mövcud qanunvericilik aktları, eləcə də qanunvericiliyə edilmiş son əlavə və dəyişikliklərə dair məlumatlandırılmasını təmin etmək məqsədilə mətbuat konfransları, dəyirmi masalar, hüquqi-maarifləndirici tədbirlər təşkil edilmiş, ictimaiyyətlə əlaqələr gücləndirilmişdir. Əcnəbi və vətəndaşlığı olmayan şəxslərə müvəqqəti və daimi yaşamaq, həmçinin haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları üçün müvafiq icazələrin, habelə Azərbaycan Respublikasına gələn əcnəbi və vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti olma müddətlərinin uzadılması ilə bağlı qərarların verilməsi, o cümlədən vətəndaşlıq, qaçqın statusunun müəyyənləşdirilməsi və bu kimi məsələlərlə bağlı ətraflı informasiya almaq istəyən şəxslər Miqrasiya Məlumat Mərkəzinə müraciət edərək müvafiq məlumatları əldə edə bilirlər. Təkcə ötən il ərzində Miqrasiya Məlumat Mərkəzinə 8 mindən artıq müraciət daxil olmuşdur.
Yaranmasından qısa müddət keçməsinə baxmayaraq Xidmətin rəsmi internet səhifəsinin (www.migration.gov.az) bu gün 3 dildə - Azərbaycan, ingilis və rus dillərində fəaliyyət göstərməsi, o cümlədən əcnəbi və vətəndaşlığı olmayan şəxslərin bu üç dildən onlara daha münasib olan birində “Sual-cavab” xidmətinə, həmçinin qurumun elektron ünvanlarına onları maraqlandıran məsələlərlə bağlı müraciət etməsi və vaxtında hüquqi yardım göstərilməsi üçün lazımı təşkilati tədbirlər həyata keçirilmişdir.
Bu gün Dövlət Miqrasiya Xidmətinin əsas məqsədi, mərkəzi icra hakimiyyəti orqanı olaraq tam gücü ilə fəaliyyət göstərməsidir ki, bunun da öhdəsindən layiqincə gəlinir. Əminliklə qeyd etmək olar ki, yaranmasından qısa müddət keçməsinə baxmayaraq, Xidmət qarşıya qoyulan tapşırıqları qanunvericilik çərçivəsində vaxtında və düzgün yerinə yetirir. Prezident cənab İlham Əliyevin şəxsən xüsusi diqqət və qayğısı sayəsində fəaliyyəti tam formalaşdırılan Xidmət artıq ölkə ərazisində miqrasiya proseslərinin tənzimlənməsində, nəzarətin gücləndirilməsi istiqamətində öz sözünü deyir. Fəaliyyətinə göstərilən etimadı daim yüksək minnətdarlıq hissi ilə qarşılayan Dövlət Miqrasiya Xidmətinin hər bir əməkdaşı üzərinə düşən xidməti vəzifələrin icrasında bütün qüvvə və bacarığını səfərbər edərək, qeyri-qanuni miqrasiyaya qarşı effektiv tədbirlər həyata keçirməklə respublikanın milli təhlükəsizliyinə töhfə vermək əzmindədir.
Arzu Rəhimov,
Dövlət Miqrasiya Xidmətinin rəisi