Ölkəmizdə miqrasiya siyasətinə həssaslıqla yanaşılır Dövlət Miqrasiya Xidmətinin səkkizillik  fəaliyyəti bunu deməyə əsas verir  


Deyirlər, Vətən sərhəddən başlayır, onu göz bəbəyi kimi qorumaq, arxalanıb, güvəndiyimiz dövlətin möhkəmlənməsi, qüdrətlənməsi deməkdir. Hər gün sərhədləri neçə-neçə insan keçib gedir, ölkəmizin giriş qapıları həmin insanların üzünə açılır. Gəlişinin məqsədi, məramı, niyyəti fərqli olan hər bir əcnəbiyə Azərbaycan qonaqpərvərliyini nümayiş etdirmək, ona hərtərəfli yardım göstərmək milli dəyərlərimizin göstəricisi olmaqla, həm də Dövlət Miqrasiya Xidməti sahəsində çalışan hər bir əməkdaşın qanun çərçivəsində həyata keçirdiyi vəzifə borcudu.

Bu, həm də digər ölkələr kimi Azərbaycan Respublikasının öz sərhədləri daxilində milli maraqlarının qorunmasının ifadəsidir.

Son illər, hər il mart ayının 19-u Azərbaycan Respublikasında Dövlət Miqrasiya Xidmətinin yaradıldığı gün kimi qeyd edilir. Artıq bu qurumun fəaliyyətə başlamasından 8 il ötür. Bu münasibətlə Dövlət Miqrasiya Xidmətinin rəisi III dərəcəli Dövlət Miqrasiya Xidməti müşaviri Firudin Nəbiyevlə hazırladığımız müsahibəni oxucularımıza təqdim edirik:

-Muasir dünyamızda  qlobal gərginlik hər an artır. Dini-milli zəmində toqquşmalar, separatizim, ekoloji  fəlakətlər, sosial-iqtisadi böhran və s. miqrasiya prosesinə  çox ciddi təsir edir. İnsanlar sakit, rahat  yaşamaq  niyyətilə başqa  ölkələrə  üz  tuturlar. Təbii  ki,   dünya  birliyinin  bir parçası  olan  Azərbaycan  bu  prosesdən kənarda deyil. Cənab General, Dövlət Miqrasiya  Xidmətinin   bu  istiqamətdəki  fəaliyyəti  barədə  nə  deyə  bilərsiniz?

-Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyaya uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə müasir inkişaf dövründə ölkəmizin sürətli tərəqqisi və davamlı inkişafının təmin olunması istiqamətində genişmiqyaslı işlər müvəffəqiyyətlə davam etdirilir. Son illər respublikamızda bütün sahələrdə böyük nailiyyətlər əldə olunur. Yeni müəssisələr yaradılır, iş yerləri açılır, inkişaf edən infrastruktur layihələrinin həyata keçirilməsi, iqtisadiyyatımızın şaxələndirilməsi istiqamətində fundamental addımlar atılır. Hər bir vətəndaşın maddi rifahının yaxşılaşdırılması, iqtisadiyyatın dövlət tənzimləmə mexanizmlərinin liberallaşdırılması, iqtisadi inkişafın əsas meyarlarından olan azad rəqabətə geniş imkanlar açır. Tikinti-quruculuq, abadlıq işləri geniş vüsət alır. Bir sözlə uğurlar iqtisadi, siyasi, sosial, eləcə də enerji layihələri və digər sahələri əhatə edir. Ulu öndər Heydər Əliyevin neft strategiyasının tərkib hissəsi olan Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin reallaşdırılmasında, “Şahdəniz” yatağının işlənməsində Azərbaycan öz liderlik rolunu bir daha təsdiqləyib. 2014-cü il sentyabrın 20-də - “Əsrin müqaviləsi”nin imzalanmasından düz 20 il sonra məhz Azərbaycanın uzunmüddətli inkişafını sürətləndirəcək 10-a yaxın ölkənin iştirak etdiyi “Cənub” qaz dəhlizinin təməlinin qoyulması ölkəmiz üçün daha bir tarixi hadisədir.  Prezident İlham Əliyev bu layihəni “Əsrin müqaviləsi”nə bərabər bir layihə kimi qiymətləndirib.

Bu gün həyata keçirilən Bakı-Tbilisi-Qars dəmir yolu region, Avropa, həm də dünya ölkələri üçün böyük əhəmiyyətə malikdir. Uğurlu iqtisadi islahatların nəticəsidir ki, iqtisadiyyatının rəqabət qabiliyyətliliyinə görə Azərbaycan dünyanın bir nömrəli iqtisadi forumu - Davos Dünya İqtisadi Forumunun reytinq cədvəlində  38-ci yerdədir. Azərbaycan Prezidentinin dediyi kimi bu, tarixi nailiyyətdir.

Azərbaycan son 11 il ərzində dünyada iqtisadi artım templərinə görə ən sürətlə inkişaf edən ölkədir. Məsələn təkcə ötən il Azərbaycan iqtisadiyyatı 3 faiz, qeyri-neft sektoru 7 faiz artıb. 30-dan çox sənaye müəssisəsi yaradılıb, Azərbaycanın yer səthini müşahidə edən  2-ci peyki orbitə buraxılıb, 60-dan çox tibb mərkəzi, 50-dən çox məktəb tikilib istifadəyə verilib.

Sözsüz ki, bu uğurlara Prezident İlham Əliyevin Ümummilli Liderimiz Heydər Əliyevin inkişaf strategiyasına əsaslanan, düşünülmüş və uzaqgörən siyasəti nəticəsində nail olunub.  Vaxtilə beynəlxalq tədbirlərdə tarixi, coğrafiyası, mədəniyyətilə təqdim olunan Azərbaycanı indi həm də son nailiyyətlərinə və nəhəng layihələrinə görə tanıyırlar.

Ölkəmiz bir çox beynəlxalq tədbirlərin, görüşlərin, simpoziumların, forumların, dialoqların, konfransların, mədəniyyət tədbirlərinin, idman yarışlarının keçirildiyi məkana çevrilib. Əlbəttə ilk Avropa Oyunlarının keçiriləcəyi məkan kimi də Azərbaycanın seçilməsi təsadüfi deyil.

Həmçinin Azərbaycanın geosiyasi cəhətdən əlverişli məkanda yerləşməsi, siyasi sabitlik, dinamik inkişaf, demokratiya, yüksək tolerant cəmiyyət, geniş beynəlxalq əməkdaşlıq kursu, neft və qeyri-neft sektorunun inkişafına yönələn məqsədyönlü siyasət nəticəsində xarici və daxili investisiyalar üçün yaradılan əlverişli şərait sərmayələrin həcminin əhəmiyyətli dərəcədə artmasına imkan verib, ölkəmizi xarici investorlar və miqrantlar üçün cəlbedici edib. Miqrasiya proseslərinin intensivləşməsi və qeyd olunanların məntiqi sonluğu kimi ölkəmizin mənşə ölkəsindən tranzit və təyinat ölkəsinə çevrilməsi miqrasiya proseslərinə dövlət nəzarətinin gücləndirilməsi istiqamətində əlavə tədbirlər görülməsini şərtləndirir.

Elə 8 il əvvəl Dövlət Miqrasiya Xidmətinin yaradılmasının da əsas məqsədi məhz bu idi. Ölkədə miqrasiya proseslərinin idarə edilməsi sahəsində nəzarətin gücləndirilməsi, qanunsuz miqrasiyanın qarşısının alınması, miqrasiya proseslərinin təhlili, tənzimlənməsi və proqnozlaşdırılması, eləcə də miqrasiya siyasətini ölkənin siyasi və iqtisadi maraqlarına yönəldilməsi məqsədi ilə Prezident İlham Əliyev Dövlət Miqrasiya Xidmətinin qarşısında mühüm tapşırıqlar qoyub.     

Azərbaycan Respublikasının sosial-iqtisadi qüdrətini, milli təhlükəsizliyini, cəmiyyətin mədəni-mənəvi tərəqqisini və xalqın rifahını qorumaqla miqrasiya proseslərinin günün tələbləri səviyyəsində tənzimlənməsi, miqrasiya prosesləri üzərində nəzarətin gücləndirilməsi məqsədilə qanunsuz miqrasiyaya qarşı mübarizə sahəsində kompleks tədbirlərin davam etdirilməsi, ölkə iqtisadiyyatının inkişaf templəri və istiqamətləri nəzərə alınmaqla əmək ehtiyatlarından səmərəli istifadə olunması, miqrantların mövcud sosial-iqtisadi vəziyyətə uyğunlaşmasını sürətləndirən şəraitin yaradılması işinin davam etdirilməsi, beynəlxalq əməkdaşlıq sahəsində ikitərəfli və çoxtərəfli əlaqələrin genişləndirilməsi və beynəlxalq layihələrdə iştirakın təmin olunması, Хidmətin yeni heyətlə komplektləşdirilməsi, əməkdaşların bilik və bacarıqlarının, peşə vərdişlərinin təkmilləşdirilməsi istiqamətində sistemli tədbirlərin davam etdirilməsi Dövlət Miqrasiya Xidmətinin əsas diqqət yönəltdiyi məsələlərdəndir.

Miqrasiya proseslərinin intensiv xarakterinə və miqrant axınının əvvəlki illərə nisbətən artmasına baxmayaraq Dövlət Miqrasiya Xidməti 2014-cü ili uğurla başa vurub. Bu uğurlar işdə qanunların aliliyinə ehtiram, Vətənə sədaqət, insana, kimliyindən asılı olmayaraq ölkəmizə təşrif buyuran, Azərbaycanda fəaliyyət göstərən hər bir insana qayğı, ən başlıcası isə milli-mənəvi dəyərlərə hörmət fəlsəfəsinin nəticəsidir.

2014-cü il ərzində miqrasiya siyasətinin ölkəmizin milli maraqlarına və iqtisadi inkişaf tendensiyalarına uzlaşdırılması məqsədilə bir sıra vacib addımlar atılıb. Belə ki, 28 fevral 2014-cü il tarixdə “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında Saziş” imzalanıb. Saziş 2014-cü ilin sentyabr ayının 1-dən qüvvəyə minib və onun icrasına məsul səlahiyyətli milli qurum kimi Dövlət Miqrasiya Xidməti müəyyən еdilib. Hazırda Readmissiya Sazişi çərçivəsində Azərbaycan Respublikası vətəndaşı olması ehtimal edilən şəxslər barəsində Dövlət Miqrasiya Xidmətinə Avropa İttifaqına üzv ölkələrindən daxil olmuş readmissiya sorğularının cavablandırılmasına başlanılıb. 2014-cü ildə 11 şəxs barəsində Dövlət Miqrasiya Xidmətinə Aİ üzv ölkələrindən daxil olmuş readmissiya sorğuları üzrə müvafiq qaydada aparılmış araşdırmalar nəticəsində 8 şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsub olması müəyyənləşdirilib. Sevindirici haldır ki, vaxtilə, əsasən də 90-cı illərin əvvəllərində ölkədəki vəziyyətlə əlaqədar olaraq Azərbaycandan Avropaya üz tutan soydaşlarımızın Vətənə qayıtmaq istəkləri, bu prosesə maraqlı olduqları müşahidə olunmaqdadır.

-Azərbaycan  bu gün dünyanın ən islahatçı və nəhəng transmilli layihələri reallaşdıran ölkəsidir. Bu proses miqrasiyaya nə dərəcədə təsir göstərir?

-Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizin bütün sahələrinə olduğu kimi qloballaşan dünyada əhəmiyyətinə görə ön cərgələrdə dayanan miqrasiya sahəsinə daim həssas yanaşması, xüsusi əhəmiyyət verməsi, diqqət və qayğısı bu sahədə qanunvericiliyin yüksək səviyyədə olmasını şərtləndirir. Ölkəmizin inkişafı, əldə olunmuş nailiyyətlər isə miqrasiya səhəsindəən mütərəqqi tənzimləyici müddəaları belə daha da təkmilləşdirmək zərurətini ortaya qoyur. Çünki inkişaf etmiş hüquqi dövlətdə vətəndaşın hüquq və azadlıqlarının yüksək səviyyədə təmin edilməsi, bu ölkədə əcnəbinin də hüquq və azadlıqlarına hörmət və ehtiramla yanaşmağı tələb edir. Bir sözlə, milli qanunvericiliyin beynəlxalq təcrübəyə uyğunlaşdırılması, həmçinin mövcud inzibati prosedurların sadələşdirilməsi, xidmət göstərilən kontingentin, o cümlədən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin məmnunluq səviyyələrinin artırılması məqsədilə bir sıra addımlar atılıb ki, bu, həm də Azərbaycan dövlətinin humanist mahiyyətindən irəli gələn bir tələbdir. Miqrasiya Məcəlləsinə edilən dəyişikliklər də bu zərurətlə bağlıdır.

Belə ki, “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 17 oktyabr tarixli Qanununa əsasən Azərbaycan Respublikasında 3 gündən artıq deyil, 10 gündən artıq müvəqqəti olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Həmçinin Məcəlləyə edilmiş yeni dəyişikliklərəəsasən ölkəyə daxil olan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə dövlət sərhədinin buraxılış məntəqələrində olduğu yer üzrə qeydiyyatla bağlı Azərbaycan, rus və ingilis dillərində müvafiq bildirişlər verilir.

Azərbaycan Respublikasının 16 dekabr 2014-cü il tarixli Qanunu ilə də Miqrasiya Məcəlləsinə bir sıra əlavə və dəyişikliklər edilib. Həmin qanunla Məcəlləyə “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin qanunsuz miqrantların saxlanılması mərkəzlərində yerləşdirilməsi və saxlanması qaydaları” adlı yeni fəsil əlavə edilib. Bu fəsil əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin qanunsuz miqrantların saxlanılması mərkəzlərində yerləşdirilməsi üçün əsasları və müddətləri, yerləşdirmə prosedurunu, saxlama xüsusiyyətlərini, mərkəzdə məcburi və könüllü yerləşdirilən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və vəzifələrini, onların mühafizəsini, mərkəzdə tətbiq edilən tənbeh tədbirlərini, həmçinin mərkəz işçilərinin hüquq və vəzifələrini, mərkəzdə xüsusi vasitələrdən və fiziki qüvvədən istifadənin şərtlərini, o cümlədən mərkəzin fəaliyyətinə nəzarətlə bağlı müddəaları əks etdirir. Məcəlləyə əlavə edilən yeni fəsil həm də mərkəzdə müəyyən edilən rejim və daxili intizam qaydaları ilə bağlı müddəaları da ehtiva edir.

Bundan əlavə ölkəmizdə əcnəbilərin haqqı ödənilən əmək fəaliyyətini həyata keçirmələri üçün iş icazələrinin alınması və onların müddətinin uzadılmasına görə işəgötürən tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununa 2014-cü il  16 may tarixli dəyişikliklərlə indi iş icazəsinin etibarlılıq müddətindən asılı olaraq, həmin icazənin verilməsinə görə dövlət rüsumunun fərqli məbləğləri müəyyən edilmişdir ki, əvvəllər bir ilədək müddətdə bu rəqəm eyni idi. Yaxud adı çəkilən qanuna edilmiş dəyişikliklərlə əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti olma müddətinin uzadılması barədə qərarın verilməsinə, müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin verilməsinə və müddətinin uzadılmasına görə rüsum yetkinlik yaşına çatmayanlara  yetkinlik yaşına çatmış şəxslər üçün təyin olunmuş məbləğin 50%-i miqdarında müəyyənləşdirildi.

Bütün bu yeniliklərin diqqətə çatdırılması üçün ölkənin ali təhsil ocaqlarında və regional miqrasiya idarələrinin əhatə etdiyi rayonlarda ictimaiyyətin nümayəndələri və əcnəbilərlə təşkil olunmuş görüşlərdə, Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə Bakı şəhərində fəaliyyət göstərən 60-dan çox mehmanxana nümayəndəsi ilə müvafiq qaydada ətraflı izahat işləri aparılıb və belə görüşlər bu gün də davam etdirilir. Dövlət Miqrasiya Xidməti tərəfindən ictimaiyyətin, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyatı, müvəqqəti və daimi yaşama, iş icazəsi, müvəqqəti olma müddətinin uzadılması qaydalarını özündə əks etdirən çoxsaylı video və çap materialları hazırlanıb və yayılıb, dövrü mətbuatda silsilə məqalələrin çapı təşkil olunub. İndi ölkə ərazisinə daxil olan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə dövlət sərhəd buraxılış məntəqələrində Azərbaycan, rus və ingilis dillərində müvafiq məlumatları əks etdirən bildiriş vərəqələri verilir.

Azərbaycan sürətlə inkişaf edir, həyat şəraiti, insanların güzəranı günü-gündən daha da yaxşılaşır. İndi miqrasiya xidmətini müasir informasiya texnologiyalarının nailiyyətlərindən kənar təsəvvür etmək mümkünsüzdür. Təsadüfi deyil ki, bu sahədə də böyük uğurlar əldə edilib. Ötən il Dövət Miqrasiya Xidməti  ilə Məlumat Hesablama Mərkəzi tərəfindən aparılan birgə işlər sayəsində DMX-nin 9 elektron xidməti "Elektron hökumət” portalına inteqrasiya olunub və portal üzərindən DMX-nin göstərdiyi elektron xidmətlərin sayı 10-a çatdırılıb.

Azərbaycan brendi olan ASAN xidmət mərkəzlərində də DMX tərəfindən bir neçə xidmət növü təqdim olunur. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin respublikamızda müvəqqəti və yaxud daimi yaşama, həmçinin onların ölkəmizdə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları üçün iş icazələrinin verilməsi kimi  müraciətlər qəbul edilir.

-Qanuni və qeyri-qanuni miqrasiyanı tənzimləyən hüquqi-normativ sənədlərin hazırlanması istiqamətində nə kimi işlər görülür?

-Məlum olduğu kimi, ötən il vətəndaşlıqla bağlı Azərbaycan Respublikasının qanunvericiliyi də bu sahədə ölkəmizin tərəfdar çıxdığı beynəlxalq aktlara uyğunlaşdırılıb, həmçinin Azərbaycanın milli maraqlarının qorunması məqsədilə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının 1998-ci il 30 sentyabr tarixli Qanununa bir sıra əlavə və dəyişikliklər edilib. Belə ki, qanuna edilmiş yeni dəyişikliklərdə ikili vətəndaşlıqla bağlı məsələyə konkret yanaşma əks olunub. Qanunun 10-cu maddəsində göstərilir ki, Azərbaycan Respublikasının vətəndaşı olan şəxsin ikili vətəndaşlığı olduqda həmin şəxsin xarici dövlətin vətəndaşlığına mənsubiyyəti, Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş və ya Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə müvafiq surətdə həll edilmiş hallar istisna olmaqla tanınmır.

Adıçəkilən Qanunun 10-cu maddəsinin ikinci hissəsinə görə xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə 1 ay müddətində bu barədə yazılı məlumat verməlidir. Belə məlumatı verməyən şəxslər Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Dəyişikliklərlə yeni redaksiyada verilmiş Qanunun 12-ci maddəsi əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində doğulan uşaqlarının Azərbaycan Respublikasının vətəndaşı olub-olmamaları məsələsinə aydınlıq gətirib ki, bu da təcrübədə rast gəlinən bir sıra problemlərin həlli baxımından effektivdir. Həmçinin yeni dəyişikliklər Qanunun 18-ci maddəsini yeni redaksiyada verərək, “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla, vətəndaşlığın itirilmə hallarının dairəsini genişləndirib, bununla da Azərbaycanın beynəlxalq konvensiyadan irəli gələn öhdəliklərini qoruyaraq, vətəndaşı dövlətlə münasibətdə daha məsuliyyətli olmağa dəvət edib. Lakin qeyd edilməlidir ki, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 10-cu maddəsinin ikinci hissəsi, yəni cinayət məsuliyyəti və 18-ci maddəsinin birinci hissəsinin 1-ci bəndi ilə müəyyən olunmuş müddəalar, yəni könüllü olaraq başqa dövlətin vətəndaşlığını əldə etmiş şəxsin Azərbaycan Respublikası vətəndaşlığını itirməsi,  bu Qanun qüvvəyə minənədək digər ölkənin vətəndaşlığını əldə etmiş şəxslərə - yəni, bu hüquqi akt qüvvəyə minənə qədər xarici ölkə vətəndaşlığını qəbul etmiş Azərbaycan vətəndaşlarına şamil olunmur.

-Miqrasiya prosesində milli təhlükəsizlik, əmək bazarının tənzimlənməsi və s. məsələlər necə həll edilir? Bütün  bu və digər məsələlərin həllində beynəlxalq təcrübədən necə faydalanırsınız?

-Prezident İlham Əliyevin 25 iyul 2006-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2006-2008-ci illər üçün Dövlət Miqrasiya Proqramı”nda əsas fəaliyyət istiqamətləri olaraq miqrasiya sahəsində idarəetmə mexanizminin təkmilləşdirilməsi, bu sahədə dövlət tərəfindən tənzimlənmənin səmərəliliyinin artırılması, aidiyyatı dövlət orqanlarının miqrasiya sahəsində fəaliyyətlərinin əlaqələndirilməsi, mövcud qanunvericilik bazasının təkmilləşdirilməsi, əmək miqrasiyası sahəsində kvotaların tətbiqi, qeyri-qanuni miqrasiyanın qarşısının alınması üzrə kompleks tədbirlərin həyata keçirilməsi, eləcə də digər ölkələrin miqrasiya qurumları və beynəlxalq təşkilatlarla əməkdaşlıq nəzərdə tutulmuşdur. Əlbəttə müasir dünyada miqrasiya problemlərinin həllində beynəlxalq əməkdaşlığın rolu əvəzsizdir. Ona görə də ötən il Dövlət Miqrasiya Xidməti rəhbərliyinin xarici ölkələrə işgüzar səfərlərində və keçirdikləri görüşlərdə beynəlxalq əməkdaşlıq məsələləri prioritet təşkil edib. Ötən dövr ərzində Xidmət tərəfindən beynəlxalq əməkdaşlığın daha da genişləndirilməsi, ikitərəfli və çoxtərəfli müstəvidə münasibətlərin inkişaf etdirilməsi, ölkələrarası dialoqun gücləndirilməsi, miqrasiya sahəsində təcrübə mübadiləsinin aparılması və tətbiqi, miqrasiya proseslərinin tənzimlənməsi, qanunsuz miqrasiyanın qarşısının alınması sahəsində əməkdaşlıq perspektivlərinin müzakirə olunması istiqamətində bir sıra əhə­miyyətli addımlar atılıb. Belə ki, Birləşmiş Millətlər Təşkilatı, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı, Beynəlxalq Miqrasiya Təşkilatı, Avropa İttifaqı, Müstəqil Dövlətlər Birliyi kimi təşkilatlarla əməkdaşlıq inkişaf etdirilib, Almaniya Federativ Respublikasının, Niderland, Belçika, İsveç və Norveç Krallıqlarının, Türkiyə Respublikası, Latviya Respublikası, Rusiya Federasiyasının aidiyyatı qurumları ilə bir sıra görüşlər keçirilib, qarşılıqlı səfərlər təşkil olunub.

Xidmət tərəfindən hazırlanmış “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti və Rusiya Federasiyasının Federal Miqrasiya Xidməti arasında miqrasiya sahəsində əməkdaşlıq haqqında” Saziş layihəsi Moskva şəhərində ekspertlər səviyyəsində razılaşdırılıb. Ötən dövr ərzində layihəyə hər iki tərəfdə aidiyyatı dövlət qurumları baxıb və təkliflər qarşılıqlı olaraq münasibət bildirlməsi üçün mübadilə edilib.

2014-cü ilin 15-16 dekabr tarixlərində Moskvada keçirilmiş “Rusiya Federasiyası Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında Readmissiya Sazişi” layihəsinin müzakirəsindən sonra qərara alınıb ki, hər iki Tərəf Saziş layihəsinin ölkədaxili razılaşdırılmasını təşkil etsin və layihə Bakıda keçirilməsi razılaşdırılmış növbəti görüşdə yenidən müzakirə olunsun.

Avropa İttifaqının Avropa Qonşuluq Tərəfdaşlıq Aləti proqramı çərçivəsində maliyyələşən “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti heyətinin professional inkişafına dəstək” Tvinninq layihəsinin icrası da uğurla davam etdirilib. 2013-2015-ci illəri əhatə edən layihə çərçivəsində Dövlət Miqrasiya Xidmətinin əsas tərəfdaşı Niderland Krallığı, digər tərəfdaşları isə Latviya və Rumıniya Respublikalarıdır. Ümumilikdə, 2014-cü il ərzində layihə çərçivəsində miqrasiya sahəsindəki qanunvericilik, qanunsuz miqrasiyaya qarşı mübarizə, Dövlət Miqrasiya Xidməti əməkdaşlarının professional inkişafı üçün təlim-tədris metodlarının inkişafı və ictimaiyyətin miqrasiya məsələləri barədə maarifləndirilməsinin genişləndirilməsi məqsədilə  27 tədbir keçirilib.

Niderland Krallığına və Latviya Respublikasına rəsmi səfərlər zamanı Avropa İttifaqının dəstəyi ilə həyata keçirilən Tvinninq layihəsinin icrası və əldə olunmuş nəticələr, vətəndaşlıq məsələləri, miqrasiya sahəsində təcrübə mübadiləsinin aparılması və qurumlararası əməkdaşlığın inkişaf etdirilməsi kimi vacib mövzular barədə dialoqumuz uğurlu alındı.

Həmçinin, Avropa Komissiyası və BMT QAK tərəfindən birgə maliyyələşdirilən “Şərqi Avropada və Cənubi Qafqazda sığınacaq sistemlərinin keyfiyyətinin artırılması təşəbbüsü” layihəsinin icrası da davam etdirilib. Bu layihənin tətbiqində başlıca məqsəd Şərq Tərəfdaşlığı ölkələrinin milli hakimiyyət orqanlarının sığınacaq prosedurlarının keyfiyyətinin  yaxşılaşdırmasına dəstək verməkdir. Layihə milli sığınacaq sistemlərində keyfiyyətin artırılması, Avropa sığınacaq kurrikulumu vasitəsilə sığınacaqla əlaqədar təlim bacarıqlarının təkmilləşdirilməsi və mənşə ölkələri haqqında məlumatların toplanması istiqamətləri üzrə üç komponentdən ibarətdir. Ötən dövrdə layihə çərçivəsində bir sıra tədbirlər keçirilib. Layihənin əhəmiyyəti nəzərə alınaraq onun müddəti BMT QAK tərəfindən 2015-ci ilin iyun ayınadək uzadılıb.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı İcraiyyə Komitəsinin Cenevrədə keçirilən 65-ci sessiyasında iştirakçıların diqqətini beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş bir sıra sənədlərdə qeyd edildiyi kimi, Ermənistanın təcavüzü nəticəsində yurd-yuvalarından didərgin salınmış azərbaycanlı qaçqınların və daxili köçkünlərin hüquqlarının pozulması faktlarına bir daha yönəldə bildik.

Azərbaycanda Amerika Ticarət Palatası tərəfindən təşkil olunmuş aylıq işgüzar görüşdə, Dövlət Miqrasiya Xidməti və Xəzər Avropa Klubu tərəfindən təşkil edilmiş birgə biznes-forumda Azərbaycanın miqrasiya siyasətinin inkişafı perspektivləri, bu sahədə əsas meyllər və yeniliklər barədə fikir mübadiləsi aparılıb.

AMEA İnsan Hüquqları İnstitutu ilə birgə “Azərbaycan Respublikasının miqrasiya siyasəti və insan hüquqları üzrə beynəlxalq konfrans”da isə təşkilatçı tərəflərin nümayəndələri ilə yanaşı Gürcüstan, Moldova və Rusiyadan dəvət olunmuş beynəlxalq ekspertlər, bir çox dövlət qurumunun, beynəlxalq və yerli, eləcə də qeyri-hökumət təşkilatlarının təmsilçiləri, ölkəmizdə fəaliyyət göstərən diplomatik nümayəndəliklərin səlahiyyətli şəxsləri iştirak edib. Konfrans zamanı Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi, əcnəbi və vətəndaşlığı olmayan şəxslərin, eləcə də əməkçi miqrantların hüquq və azadlıqlarının müdafiəsi, Azərbaycan Respublikasının miqrasiya siyasətinin tənzimlənməsində beynəlxalq təcrübə və əməkdaşlıq və s. mövzular ətrafında çıxışlar edilib,  müzakirələr aparılıb və ortaya çıxan suallar cavablandırılıb.

İnsan hüquq və azadlıqlarına hörmət və humanizm prinsiplərini rəhbər tutan Dövlət Miqrasiya Xidməti ötən il mayın 18-dən iyunun 18-dək davam edən insan hüquqları aylığı çərçivəsində Masallıda, Tər-Tərdə, eləcə də hər il bütün dünya ölkələrində qeyd edilən 21 sentyabr “Beynəlxalq Sülh günü” ilə əlaqədar Xidmətin Aparatında, Xaçmaz şəhərində tədbirlər keçirib, “Uşaq hüquqları” aylığı çərçivəsində qaçqın statusu almış ailələrdə böyüyən uşaqlarla görüş təşkil edilib.

“Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”na uyğun olaraq “Açıq qapı” günləri təşkil olunub.

-Məlumdur ki, hər bir sahədə uğurlu nəticələr əldə etmək kadr potensialından çox aslıdır. Bu mənada Azərbaycan üçün yeni olan miqrasiya xidməti sahəsində kadr problemi necə həll olunur?

-Göründüyü kimi, Dövlət Miqrasiya Xidməti dövlətin xüsusi əhəmiyyət verdiyi bir sahədə dövlət siyasətini uğurla həyata keçirir. Bu uğurların əsasını isə xidmətdə kadr siyasəti təşkil edir. Miqrasiya orqanlarına qulluğa qəbulda şəffaflığın təmin edilməsi, kadrların seçilib yerləşdirilməsində peşəkarlığa xüsusi diqqət yetirilməsi, hər kəsin zəhmətinin obyektiv meyarlarla qiymətləndirilməsi bu sahədə uğurların əsasını təşkil edir. 

Kadr korpusunun layiqli gənc mütəxəssislər hesabına mütəmadi olaraq yenidən komplektləşdirilməsi, onların müasir tələblər səviyyəsində peşə hazırlığını təmin edəcək şəraitin formalaşdırılması məqsədilə Xidmətdə mütəmadi olaraq bir sıra səmərəli tədbirlər həyata keçirilir.

2014-cü ildə Dövlət Miqrasiya Xidmətinin Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə birgə şəffaflıq şəraitində təşkil etdiyi test imtahanlarından uğurla keçən namizədlər də daxil olmaqla, ümumi bilik səviyyələri, şəxsi keyfiyyətləri və təşkilatçılıq qabiliyyətləri nəzərə alınmaqla  98 nəfər miqrasiya orqanlarına qulluğa qəbul olunub, xidməti fəaliyyətlərində müsbət xarakterizə olunan 34 əməkdaş yuxarı təsnifatlar üzrə vəzifələrə irəli çəkilib, yaxşı iş göstəricilərinə nail olan 132 əməkdaşın əməyi fərqləndirilib.

Dövlət Miqrasiya Xidməti Prezident İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunub. Мəsələn əməkdaşların təltif olunması, DMX üçün yeni inzibati binanın tikintisi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin sərəncamları kollektivdə  böyük ruh yüksəkliyi ilə qarşılanıb.

Qeyd etdiyimiz kimi Azərbaycanın son illər miqrasiya baxımından mənşə ölkədən tranzit və təyinat ölkəyə çevrilməsini ötən il respublikamızın sərhəd buraxılış məntəqələrində 2.269.015 əcnəbi və vətəndaşlığı olmayan şəxsin ölkəyə girişinin qeydə alınması da təsdiq edir. Xatırladım ki, ölkədə qalma müddətinə müvafiq olaraq onlardan 823.620 nəfəri olduğu yer üzrə qeydiyyata alınıb. Qeydiyyat üçün müraciət edənlərin sayındakı artım həm də maarifləndirmə işlərinin nəticəsi kimi əhəmiyyətlidir.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, vətəndaşlığa qəbul, xitam, bərpa, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin verilməsi və mövcud iş icazələrinin müddətlərinin uzadılması ilə bağlı Xidmətə 91.003 şəxs tərəfindən müraciət daxil olub. Müraciətlərin hər biri ayrı-ayrılıqda qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırılıb və müvafiq qərarlar qəbul edilib. Belə ki, müraciətləri əsasında 51.366 əcnəbi və vətəndaşlığı olmayan şəxsə və onunla birlikdə immiqrasiya edən 18 yaşına çatmamış övladlarına Azərbaycan Respublikasında müvəqqəti və 1.859 nəfərə daimi yaşama icazələri verilib, 755 şəxsin müvəqqəti olma müddəti uzadılıb.

Ötən il 37.608 əcnəbi və vətəndaşlığı olmayan şəxs tərəfindən ölkə ərazisində olma, müvəqqəti və daimi yaşama qaydalarına əməl edilməməsi, habelə etibarsız sənədlərlə yaşama hallarına görə inzibati qanunvericiliyin tələblərinin pozulması halları müəyyən olunub. Əsas olduğu üçün onlardan 3.306 nəfərin ölkə ərazisində yaşamaları leqallaşdırılıb, 27.683  nəfərin ölkə ərazisini tərk etmələri ilə bağlı qərar verilib  və 6.431 nəfər isə inzibati qaydada ölkə ərazisindən çıxarılıb.

Dövlət Miqrasiya Xidməti tərəfindən ötən il 12.000 əcnəbiyə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazəsi verilib. Əcnəbi işçi qüvvəsindən istifadəni tənzimləyən qaydalara riayət edilməsinə dövlət nəzarətini həyata keçirən bir hüquq mühafizə orqanı kimi sahibkarlıq subyektlərində 257 yoxlama aparılıb, 164-də inzibati pozuntu aşkarlanıb və qanunsuz əmək fəaliyyəti ilə məşğul olduqlarıüçün 2543 əcnəbinin ölkəərazisindən çıxarılması təmin edilib.

-Perspektiv  üçün nəzərdə tutulan fəaliyyət planınız necədir?

-Bu gün ölkəmizdə həyata keçirilən böyük layihələrdə yerli işçi qüvvəsinin təmsil olunmasının təmin edilməsi əsas prioritetlərdəndir. Çünki Azərbaycan Prezidentinin dediyi kimi ölkənin inkişafından birinci növbədə onun vətəndaşı faydalanmalıdır.

Dövlət Miqrasiya Xidməti bu siyasətin icrası olaraq ölkənin energetika, neft qaz layihələrində milliləşmə proqramının icrasına bu nöqteyi-nəzərdən bir töhfə verib. Belə ki, əsrin müqaviləsində əksini tapan, təsbit olunan müddəalara əsasən ölkəmizin neft qaz yataqlaraında operator, kontraktr, sub-kontraktr olan şirkətlərin hər biri özlərinin milliləşmə proqramlarını işləyib tamamlayıb və 2014-2018-ci illəri əhatə edən milliləşmə proqramı təsdiq olunub. Həmin proqramın müddəalarına uyğun olaraq 2018-ci ildə energetika sektorunda mütəxəssis hazırlığı ilə bir yerdə ümumi əməkdaşların 95 faizi Azərbaycan Respublikasının vətəndaşlarından ibarət olmalıdır.

Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham  Əliyev 2015-ci ildə respublikamızın sosial-iqtisadi inkişafının təmin edilməsi, dünyadakı mövcud vəziyyətin təsirlərindən ölkəmizin müdafiəsi üçün konkret göstərişlər verib. Bu vacib məsələlərin tənzimlənməsində Dövlət Miqrasiya Xidmətinin də üzərinə ciddi vəzifələr düşür. Əminliklə demək istəyirəm ki, ölkə iqtisadiyyatının inkişafına töhfə vermək, dövlətimizin təhlükəsizliyi və daxili əmək bazarının qorunması kimi vəzifə və tapşırıqları Dövlət Miqrasiya Xidməti 2015-ci ildə də  yüksək peşəkarlıqla icra etmək əzmindədir.

Fürsətdən istifadə edərək Azərbaycan Respubilkası Dövlət Miqrasiya Xidmətinin yaradılmasının 8-ci ildönümü və miqrasiya işçilərinin peşə bayramı münasibətilə bu prosesdə iştirak edən hər kəsi təbrik edirəm.

-Cənab General, biz də bu təbrikə qoşulur, çətin və şərəfli işinizdə Sizə və rəhbərlik etdiyiniz kollektivə uğurlar arzulayırıq. Müsahibəyə görə təşəkkür edirik.


(Müsahibə  “Respublika”  qəzetinin 19 mart 2015-ci il tarixli sayında dərc edilmişdir)

 


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur