Miqrasiya qanunvericiliyinin pozulmasına görə məsuliyyətin artırılması istiqamətində müvafiq işlər görülür – Dövlət Miqrasiya Xidmətinin rəisi Arzu Rəhimov  


(Müsahibə 13 oktyabr 2009-cu il tarixdə Trend İnformasiya Agentliyi tərəfindən alınmışdır.)

  

- Arzu müəllim, Azərbaycanda miqrasiya proseslərinin idarə olunmasında "bir pəncərə" prinsipinin tətbiqinə başlanılıb. Bununla bağlı hansı nəticələr var?

 

- Azərbaycan Respublikasında aparılan uğurlu siyasi və iqtisadi islahatlar nəticəsində yaşayış səviyyəsinin yüksəlməsi və bütün sahələrdə müşahidə olunan sürətli inkişaf ölkəmizə gələn əcnəbilərin sayının ildən-ilə əhəmiyyətli dərəcədə artmasına səbəb olub. Miqrasiya proseslərinin intensivləşdirilməsi, bu sahəyə dövlət nəzarətinin gücləndirilməsi məqsədi ilə zəruri normativ hüquqi aktlar qəbul edilib, bir sıra institusional və təşkilati tədbirlər həyata keçirilib. O cümlədən əcnəbilərin ölkəyə gəlməsi və ölkədən getməsi, onların yaşayış yeri üzrə qeydiyyatı sahəsində göstərilən xidmətlərin təkmilləşdirilməsi üçün elektron informasiya resursları formalaşdırılmışdır.

 

Məlum olduğu kimi, miqrasiya idarəetmə mexanizminin təkmilləşdirilməsi, Azərbaycan Respublikasına gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ölkə ərazisində qanuni əsaslarla yaşamaları və əmək fəaliyyəti ilə məşğul olmaları üçün müvafiq icazələrin verilməsi, onların yaşayış yeri üzrə qeydiyyata alınması prosedurunun sadələşdirilməsi, bu sahədə şəffaflığın təmin edilməsi məqsədi ilə Prezident cənab İlham Əliyev 4 Mart 2009-cu il tarixdə miqrasiya proseslərinin idarə olunmasında "bir pəncərə" prinsipinin tətbiqi ilə əlaqədar müvafiq Fərman imzalamışdır. Həmin Fərmana əsasən, iyulun 1-dən miqrasiya proseslərinin idarə olunmasında "bir pəncərə" prinsipinin tətbiqinə start verilmişdir. Belə ki, Fərmanın icrası ilə quruma daxil olan müraciətlərin sayı artmış, vahid prinsipin icrasında ciddi nəzarət mexanizmi yaradılmışdır. Bu məqsədlə Dövlət Miqrasiya Xidmətinə daxil olan sənədlər mərkəzləşdirilmiş qaydada qeydiyyata alınır və hər bir müraciətə fərdi yanaşma tətbiq edilir.

 

Onu da nəzərinizə çatdırım ki, ölkəmizə gələn əcnəbilər müvafiq icazələrin alınması və qeydiyyat prosedurlarının mürəkkəb olması səbəbindən indiyə qədər müxtəlif orqanlara müraciət etmək məcburiyyətində qalırdılar. Prezident cənab İlham Əliyevin imzaladığı Fərmanın icrasına başlanılandan respublikamıza gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ölkə ərazisində qanuni əsaslarla yaşamaları və əmək fəaliyyəti ilə məşğul olmaları üçün müvafiq icazələrin verilməsi, onların yaşayış yeri üzrə qeydiyyata alınması prosedurları tam sadələşdirilmişdir. Yəni, 1 iyul 2009-cu il tarixdən əcnəbi və ya vətəndaşlığı olmayan şəxslər qeyd edilən məsələlərlə əlaqədar artıq bir neçə dövlət orqanına deyil, yalnız bir ünvana - Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə müraciət edirlər.

 

Bundan başqa, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə icazələrin verilməsi və onların yaşayış yeri üzrə qeydiyyata alınması prosesində şəffaflıq tam təmin edilmişdir. Məhz "bir pəncərə" prinsipinin tətbiq edildiyi gündən Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə almış əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər şəxsiyyətlərini təsdiq edən etibarlı sənədlər (pasport və ya vətəndaşlığı olmayan şəxsin şəxsiyyətini təsdiq edən müvafiq sənəd) və Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş müvafiq vəsiqələr əsasında, yəni heç bir viza almadan Azərbaycan Respublikasından gedə və Azərbaycan Respublikasına qayıda bilirlər.

 

- Əcnəbi vətəndaşların Azərbaycan Respublikasında qalma müddətlərinin müəyyən edilməsi qaydaları necədir?

 

- Azərbaycan Respublikasına viza ilə gələn əcnəbi və vətəndaşlığı olmayan şəxsin ölkədə qalma müddəti vizada göstərilən ölkədə olma müddəti ilə müəyyən olunur. Ölkə ərazisinə viza tələb olunmayan qaydada gələn əcnəbi və ya vətəndaşlığı olmayan şəxsin ölkədə qalma müddəti isə 90 günədəkdir.

 

Beləliklə, ölkədə müvəqqəti olma müddəti bitmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər ya bu müddəti uzatmalı, yəni müddətin bitməsinə 22 iş günü qalmış Dövlət Miqrasiya Xidmətinə müraciət edərək müvəqqəti olma müddətini uzatmalı, ya da ölkəni tərk etməlidirlər.

Təbii ki, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti olma müddəti əsas olduğu hallarda uzadıla bilər: əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikası ərazisində təcili müalicə olunmasına zərurət yarandıqda; əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında yaşayan yaxın qohumları ağır xəstələndikdə və ya vəfat etdikdə; xidməti zərurətlə əlaqədar Azərbaycan Respublikasına gəlmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən nəzərdə tutulmuş işlərin başa çatdırılmadığına dair həmin şəxsləri ölkəyə dəvət etmiş təşkilat tərəfindən əsaslandırılmış vəsatət verildikdə.

 

Əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti olma müddəti 1 ayadək, 1 aydan 2 ayadək, 2 aydan 3 ayadək müddətlərə uzadıla bilər.

 

 

- Arzu müəllim, müvəqqəti yaşamaq üçün icazə hansı hallarda və hansı müddətə verilir?

 

- Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə aşağıdakı hallarda verilə bilər:

 

həmin şəxslər Azərbaycan Respublikası vətəndaşı ilə yaxın qohumluq münasibətlərində olduqda; Azərbaycan Respublikası vətəndaşı ilə nikaha daxil olduqda; ölkə iqtisadiyyatına 500.000 manat məbləğində investisiya qoyduqda; Azərbaycan Respublikasının banklarına 50.000 manat məbləğində pul vəsaiti qoyduqda; Azərbaycan Respublikasının ərazisində əmək fəaliyyəti ilə məşğul olmaq üçün qanunvericiliklə müəyyən edilmiş qaydada fərdi icazə aldıqda; Azərbaycan Respublikasının təhsil müəssisələrində əyani təhsil aldıqda; iqtisadiyyat, sənaye, müdafiə, elm, mədəniyyət, idman və digər sahələr üzrə yüksək səviyyəli mütəxəssis olduqda.

 

Əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq üçün icazə 3 ayadək, 6 ayadək və 1 ilədək müddətə verilə bilər.

 

- Əcnəbi vətəndaşlara immiqrant statusu verilməsi məsələsi necə həll edilir? Hazırda neçə belə şəxsə bu status verilib?

 

- İmmiqrant statusu almaq üçün ilk öncə mövcud qanunvericiliyə - "Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin yeddinci hissəsinə əsasən əcnəbi və vətəndaşlığı olmayan şəxslər müvəqqəti yaşamaq üçün icazə əldə etməlidirlər. Qanuni əsaslarla ölkə ərazisində azı iki il müvəqqəti yaşayan 18 yaşına çatmış fəaliyyət qabiliyyəti olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında daimi yaşamaq üçün (immiqrant statusu almaq üçün) Azərbaycan Dövlət Miqrasiya Xidmətinə vəsatət verə bilərlər. Bir məsələni qeyd edim ki, həmin şəxslər vəsatətlərində Azərbaycan Respublikasına immiqrasiyalarını mütləq əsaslandırmalıdırlar.

Hazırda Azərbaycan Respublikası ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün, həmçinin ölkə ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə fərdi icazələr verilərkən onların Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən yaşayış yeri üzrə qeydiyyatı aparılır.

 

- Əməkçi miqrantlarla hansı problemlər var? Neçə miqranta respublikada işləmək üçün fərdi icazə verilib? Əməkçi miqrantlarla bağlı kvota müəyyən edilibmi?

 

- Prezident İlham Əliyevin 4 Mart 2009-cu il tarixdə miqrasiya proseslərinin idarə olunmasında "bir pəncərə" prinsipinin tətbiqi ilə əlaqədar imzaladığı 69 saylı Fərmanın icrası ilə bağlı irəli gələn tələblərdən biri də daxili əmək bazarı və işçi qüvvəsinə olan tələbat nəzərə alınmaqla iqtisadi fəaliyyət sahələri üzrə əmək miqrasiyası kvotalarının müəyyən edilməsidir ki, bu istiqamətdə də müvafiq tədbirlər görülməkdədir. Bununla bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 iyun 2009-cu il tarixli 86 saylı Qərarı ilə təsdiq olunmuş "Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydaları"na uyğun olaraq aidiyyəti qurumlarla birgə işlər aparılır.

 

- Miqrasiya qanunvericiliyinin pozulmasına görə məsuliyyətin artırılması nəzərdə tutulurmu?

 

- Əvvəla qeyd edim ki, ölkədə qeyri-qanuni və ya qeydiyyatsız yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslər barədə cərimə tədbirləri ötən ildən 10 dəfə artırılmışdır. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə olma və ya ölkə ərazisindən tranzit keçid qaydalarının pozulmasına görə (həmçinin bu şəxslərə qarşı ölkə hüdudlarında kənara çıxarılması da tətbiq edilə bilər), eləcə də miqrasiya qanunvericiliyni pozan vəzifəli şəxslər üçün cərimənin məbləği əhəmiyyətli dərəcədə artırılmışdır. Bununla belə, əcnəbilərə və vətəndaşılığı olmayan şəxslərə yaşayış sahəsi vermiş və qanunvericiliklə müəyyən edilmiş qaydada onların vaxtında qeydiyyata alınması və qeydiyyatdan çıxarılması üçün tədbirlər görməyən şəxslərə qarşı da cərimə tədbirləri bir neçə dəfə artırılmışdır. Fikirləşirəm ki, bu, qanun pozuntularının qarşısının alınması üçün çox faydalı olacaqdır.

 

Ölkə ərazisində müvəqqəti olan, habelə müvəqqəti və daimi yaşayan əcnəbilərin Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə riayət etmələri üzərində miqrasiya sahəsinə dövlət nəzarətini həyata keçirən qurum kimi Dövlət Miqrasiya Xidməti mövcud qanunvericiliyin tələblərini pozmuş əcnəbi və ya vətəndaşlığı olmayan şəxsləri inzibati məsuliyyətə cəlb edir və onların ölkə ərazisini tərk etmələri ilə bağlı müvafiq tədbirlər görür.

 

Sonda qeyd edim ki, hazırda miqrasiya qanunvericiliyinin pozulmasına görə məsuliyyətin artırılması istiqamətində müvafiq işlər davam etdirilməkdədir.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur