Firudin Nəbiyev: Xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı bu barədə bir ay müddətində məlumat verməlidir


 

Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının 2015-ci il 28 aprel tarixli Qanunu ilə adı çəkilən məcəlləyə dəyişiklik edilib. Həmin Qanunun tətbiqi barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2015-ci il 22 may tarixli Fərman imzalayıb. Cinayət Məcəlləsinin yeni 318-2-ci (Xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı tərəfindən bu barədə məlumatın verilməməsi) maddəsinə əsasən, xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı tərəfindən bu barədə Xarici İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinə bir ay müddətində yazılı məlumatın verilməməsinə görə 3 min manatdan 5 min manata qədər cərimə və ya 360 saatdan 480 saatadək ictimai işlərlə cəzalandırılma nəzərdə tutulur.

Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev mövzu ilə bağlı AZƏRTAC-ın suallarını cavablandırıb.

- “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanuna görə xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı bu barədə yazılı məlumat verməlidir. Əks halda Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır. Artıq Cinayət Məcəlləsinə müvafiq dəyişiklik də edilib. Bu istiqamətdə görülən işlər barədə nə deyə bilərsiniz?

- Azərbaycan Respublikasının 2014-cü il 30 may tarixli Qanunu ilə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunda dəyişikliklər edilib. Həmin dəyişikliyə əsasən xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı bir ay müddətində bu barədə müvafiq icra hakimiyyəti orqanına - Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə və Dövlət Miqrasiya Xidmətinə yazılı məlumat verməlidir. Bu barədə məlumat verməyən şəxslər Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

Nəzərinizə çatdırım ki, sözügedən müddəa Azərbaycan Respublikasının 2014-cü il 30 may tarixli Qanunu qüvvəyə minəndən sonra, yəni, 2014-cü il 1 iyul tarixdən digər ölkənin vətəndaşlığını əldə etmiş Azərbaycan Respublikasının vətəndaşına şamil olunur.

Xatırladım ki, həmin Qanunun tətbiqindən irəli gələn məsələ kimi Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə və Dövlət Miqrasiya Xidmətinə xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı tərəfindən bu barədə məlumatın verilməsi üçün müvafiq ərizə-anketin elektron formasının hər iki qurumun rəsmi internet saytlarında yerləşdirilməsinin təmin edilməsi tapşırılıb. Nazirlər Kabinetinin 2015-ci il 29 yanvar tarixli 18 nömrəli qərarı ilə müvafiq ərizə-anket forması təsdiq edilib və Dövlət Miqrasiya Xidmətinin rəsmi internet səhifəsində yerləşdirilib.

Qeyd olunanlarla yanaşı, Azərbaycan Respublikasının 2015-ci il 28 aprel tarixli qanunu ilə Cinayət Məcəlləsinə yeni 318-2-ci maddə əlavə olunub. Həmin maddəyə əsasən xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı bu barədə Xarici İşlər Nazirliyinə və Dövlət Miqrasiya Xidmətinə bir ay müddətində yazılı məlumat vermədikdə 3 min manatdan 5 min manata qədər cərimə və ya 360 saatdan 480 saatadək ictimai işlərlə cəzalandırılır.

Eyni zamanda, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 18-ci maddəsinin birinci hissəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir. Bu zaman “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınır.

Xarici dövlətin vətəndaşlığını qəbul etmiş vətəndaş qeyd olunanları nəzərə alaraq, bir ay müddətində bu barədə Xarici İşlər Nazirliyinə və Dövlət Miqrasiya Xidmətinə yazılı məlumat verməlidir.

- Ümumiyyətlə vətəndaşlıq məsələlərində, vətəndaşsızlıq hallarının aradan qaldırılmasında Dövlət Miqrasiya Xidmətinin rolu barədə məlumat verməyinizi xahiş edirəm.

- Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Respublikası vətəndaşsızlıq hallarının azaldılması ilə bağlı bir sıra beynəlxalq sənədlərə qoşulub və ölkəmizdə vətəndaşlığı olmayan şəxslərlə bağlı yaranan münasibətləri tənzimləyən çoxsaylı normativ hüquqi akt qəbul edilib. Belə ki, Azərbaycan Respublikası 1996-cı ildə “Vətəndaşlığı olmayan şəxsin statusu”na dair 1954-cü il tarixli Konvensiyaya və “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il tarixli Konvensiyaya qoşulub. Bununla belə, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” 1998-ci il 30 sentyabr tarixli qanunun qəbul edilməsi isə vətəndaşsızlıq hallarının aradan qaldırılması istiqamətində atılan mühüm əhəmiyyətli addım kimi xüsusi qeyd olunmalıdır. Həmin Qanunun 5-ci maddəsinin birinci bəndinin 2-ci hissəsinə əsasən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının və ya başqa dövlətin vətəndaşı olmayan, lakin Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərə Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmək imkanı verildi. Həmçinin adı çəkilən qanuna əsasən 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqınlar da Azərbaycan Respublikasının vətəndaşlığını əldə etdi.

Lakin miqrasiya sahəsində dövlət siyasətini və miqrasiya proseslərinin idarə edilməsini həyata keçirən vahid dövlət orqanının olmaması ölkəmizdə vətəndaşsızlıq məsələləri ilə bağlı da problemlər yaradırdı. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 19 mart tarixli, 560 nömrəli Fərmanı ilə Dövlət Miqrasiya Xidmətinin yaradılması və Xidmətin əsas vəzifələri kimi miqrantların, yəni əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqlarının müdafiə edilməsinin, vətəndaşlıq məsələlərinə baxılmada iştirakın, o cümlədən miqrasiya sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərin icrasının təmin edilməsinin müəyyən olunması bu sahədə idarəçiliyi gücləndirdi. Xidmət tərəfindən həm qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində, həm də təşkilati məsələlərlə bağlı zəruri tədbirlər isə davam etdirilir. Bu istiqamətdə Dövlət Miqrasiya Xidməti mütəmadi olaraq, aidiyyəti dövlət orqanları, BMT Qaçqınlar üzrə Ali Komissarlığı və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq edir.

Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 6 mart tarixli Fərmanına müvafiq olaraq Dövlət Miqrasiya Xidmətinin vətəndaşlıq məsələlərində iştirakı təmin edilib. Həmin dövrdən etibarən Xidmət tərəfindən Azərbaycan Respublikasının vətəndaşlığına qəbul, bərpa, xitam, habelə, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı şəxslərdən və müxtəlif təşkilatlardan daxil olmuş sorğuların araşdırılmasına başlanılıb.

Bilirsiniz ki, vətəndaşlığı olmayan şəxslərlə əlaqədar münasibətləri tənzimləyən milli qanunvericiliyin bu sahədə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq sənədlərə uyğunlaşdırılması ilə bağlı bir sıra dəyişikliklər edilib.

2013-cü il avqustun 1-dən qüvvəyə minmiş Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 3.0.2-ci maddəsində vətəndaşlığı olmayan şəxsin anlayışı “Vətəndaşlığı olmayan şəxsin statusu”na dair 1954-cü il tarixli Konvensiyaya uyğunlaşdırılıb. Həmin maddəyə əsasən vətəndaşlığı olmayan şəxs heç bir dövlət tərəfindən onun qanununa əsasən vətəndaş hesab edilməyən şəxsdir.

Məcəlləyə əsasən, Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsi etibarlılıq müddətində əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasından getmək və viza almadan Azərbaycana qayıtmaq hüququ verən, yaşayış yeri üzrə qeydiyyata alındığını, həmçinin həmin şəxslərin ölkə ərazisində şəxsiyyətini təsdiq edən sənəd kimi müəyyən olunub.

Qeyd etmək istərdim ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dövlət Miqrasiya Xidmətinə hər zaman xüsusi diqqət və qayğı ilə yanaşır. Dövlət Miqrasiya Xidmətinə həvalə edilmiş vəzifələrin vaxtında və yüksək keyfiyyətlə yerinə yetirilməsi məqsədilə imzalanmış müvafiq fərmanları və sərəncamları buna misal göstərə bilərik.

Azərbaycan Prezidentinin 2014-cü il 29 dekabr tarixli Sərəncamı ilə Dövlət Miqrasiya Xidmətinin strukturunda dəyişikliklər edilərək, Vətəndaşlıq məsələləri idarəsinə Baş İdarə statusu verilməsi də dövlətimizin başçısının vətəndaşlıq məsələlərinə, insan hüquq və azadlıqlarının təmin olunmasına, həm də vətəndaşlıq məsələləri ilə bağlı Xidmətin fəaliyyətini daha əsaslı şəkildə həyata keçirə bilməsi işinin təşkilinə böyük qayğısıdır. Həmçinin Azərbaycan Prezidentinin 2015-ci il 11 fevral tarixli Fərmanına əsasən şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətini müəyyənləşdirmək bilavasitə Dövlət Miqrasiya Xidmətinin vəzifəsi kimi müəyyən olunub.

- Vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsindən söz düşmüşkən, bu yaxınlarda Nazirlər Kabineti “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nı təsdiq etmişdi. Bu Qayda haqqında məlumat verməyinizi xahiş edirik.

- Bəli, vətəndaşlıq məsələləri barədə qeyd etdiyim normativ hüquqi aktların qəbulu ilə yanaşı, bu istiqamətdə atılan əsas addımlardan biri də Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası” oldu. Həmin Qaydada şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti müəyyənləşdirilərkən, “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın, o cümlədən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun müddəaları nəzərə alınıb. Belə ki, adıçəkilən Qaydanın 4.3-cü bəndinə görə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanun qüvvəyə mindiyi günədək, yəni 1998-ci il oktyabrın 7-sinədək Azərbaycan Respublikasının vətəndaşlığında olmuş və Azərbaycanın ərazisini tərk etməyən şəxslərin “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olmamaları onların vətəndaşsızlığına səbəb olursa, həmin şəxslərin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətləri tanınır. Bu da “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” Konvensiyanın 7.3-cü maddəsini tamamlayır.

Bu Qaydada, həmçinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların, cəzaçəkmə müəssisəsində cəza çəkmiş şəxslərin və hərbi xidmətdə olan hərbi qulluqçuların şəxsiyyət vəsiqəsi ilə təmin olunması sahəsində üzləşdiyi problemlər nəzərə alınıb.

- Xidmət tərəfindən Azərbaycan Respublikasının vətəndaşsızlıq halları ilə mübarizə sahəsində hansı işlər görülür?

- Azərbaycan dövləti tərəfindən və bu sahədə dövlət siyasətini həyata keçirən bir orqan kimi Dövlət Miqrasiya Xidməti tərəfindən vətəndaşlığı olmayan şəxslərin sənədləşdirilməsi istiqamətində mütəmadi olaraq müvafiq tədbirlər görülür. Görülmüş tədbirlərin nəticəsidir ki, 2008-2014-cü illər ərzində vətəndaşlığı olmayan 852 şəxs və ümumilikdə 1164 nəfər Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul olunub. Təkcə 2014-cü il ərzində Azərbaycan Respublikasının vətəndaşlığına qəbulla bağlı Dövlət Miqrasiya Xidmətinə müraciəti daxil olmuş 254 vətəndaşlığı olmayan şəxsdən 186-ı Azərbaycan Respublikasının vətəndaşlığına qəbul olunub. Vətəndaşlığı olmayan 157 şəxsin müraciəti isə hazırda Xidmət tərəfindən icra olunmaqdadır. Bununla belə, bu müddət ərzində 18254 şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınaraq, onlar Azərbaycan Respublikasının müvafiq dövlət qurumları tərəfindən Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənədlərlə təmin edilib.

Dövlət Miqrasiya Xidməti ölkədə vətəndaşlığı olmayan şəxslərin leqallaşdırılması istiqamətində, həmçinin Azərbaycan Respublikasının vətəndaşsızlıq halları ilə mübarizə sahəsində ölkəmizin tərəfdar çıxdığı beynəlxalq konvensiyaların tələbləri istiqamətində işləri müvəffəqiyyətlə davam etdirir. Bu baxımdan uzun müddət Azərbaycan Respublikasının ərazisində yaşayan və hazırda hər hansı bir dövlətin vətəndaşlığına mənsubiyyətini təsdiq edən sənədləri olmayan şəxslərin hüquqi statusunun müəyyən olunması və vətəndaşsızlıq hallarının azaldılması istiqamətində görülən tədbirləri qeyd etmək olar. Belə ki, ölkəmizin müxtəlif regionlarında məskunlaşmış bu kateqoriyadan olan şəxslərin aşkarlanması və sənədləşdirilməsi istiqamətində Xidmətin regional miqrasiya idarələri və yerli icra hakimiyyət orqanları ilə birgə əməkdaşlıq nəticəsində 2015-ci ilin birinci rübü ərzində Bakı şəhəri və Abşeron rayonu istisna olmaqla Azərbaycan Respublikası ərazisində qeyri-qanuni yaşayan 759 şəxs aşkar olunub. Həmin şəxslərin bir qisminin xarici dövlətin vətəndaşı olması nəzərə alınaraq, respublikamızın ərazisində yaşamalarının qanuniləşdirilməsi istiqamətində tədbirlər görülür. Digər qisminin isə vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi məqsədilə ehtimal olunan dövlətlərin ölkəmizdəki diplomatik nümayəndəliklərinə müvafiq sorğular göndərilib. Müraciət edənlərin məmnunluğunu təmin etmək məqsədilə bu günlərdə Dövlət Miqrasiya Xidməti tərəfindən şimal bölgəsində yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Xaçmaz şəhərində qəbulu keçirilib.

Hazırda Azərbaycan Respublikası ərazisində qeyri-qanuni yaşayan və hüquqi statusu məlum olmayan şəxslərin aşkarlanması və sənədləşdirilməsi istiqamətində Dövlət Miqrasiya Xidməti tərəfindən Bakı şəhəri və Abşeron rayonu ərazisində də tədbirlər davam etdirilir.

Qeyd olunanları nəzərə alaraq, vətəndaşsızlıq hallarının azaldılması və bu halları yaradan səbəblərə qarşı mübarizə sahəsində dövlətimiz tərəfindən həyata keçirilən tədbirləri ölkəmizin məqsədyönlü və humanitar yönümlü siyasətinin nəticəsi kimi qiymətləndirmək olar.

-Azərbaycan Respublikasının vətəndaşlığına qəbul olmaq üçün qanunvericilikdə müəyyən edilmiş qaydada 7 il fasiləsiz olaraq qanuni əsaslarla ölkə ərazisində yaşama müddəti nəzərdə tutulub. Həmin müddət nəzərə alınmadan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər güzəştli qaydada Azərbaycan Respublikasının vətəndaşlığına qəbul oluna bilərmi?

-“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 14-cü maddəsinin dördüncü hissəsinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər aşağıdakı hallarda göstərilən müddət nəzərə alınmadan Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilərlər:

1. şəxsin elm, texnika, mədəniyyət və ya idman sahələrində yüksək nailiyyətləri olduqda;

2. şəxs Azərbaycan Respublikası üçün xüsusi maraq kəsb etdikdə və digər müstəsna hallarda.

-Bəs Azərbaycan Respublikasının vətəndaşlığından çıxmış şəxslər Azərbaycan Respublikasının vətəndaşlığına necə bərpa oluna bilərlər?

-“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 15-ci maddəsinin birinci hissəsinə əsasən əvvəllər Azərbaycan Respublikasının vətəndaşı olmuş və ya Azərbaycan vətəndaşlığına xitam verilmiş şəxsin vəsatəti ilə o, Azərbaycan Respublikasının vətəndaşlığına bərpa edilə bilər.

Azərbaycan Respublikasının vətəndaşlığına bərpa olunmaq məqsədilə Azərbaycan Respublikası ərazisində yaşayan şəxslər Dövlət Miqrasiya Xidmətinə, xarici dövlətlərdə yaşayan şəxslər isə Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və ya konsulluq idarələri vasitəsilə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə müraciət edə bilər.

Təşəkkür edirik.

 


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur