Azərbaycan tolerantlığın məkanıdır


“Multikulturalizmin alternativi yoxdur. Əlbəttə, bizə  məlumdur ki,

bununla bağlı müxtəlif fikir və baxışlar var. Bəziləri multikulturalizmin

iflasa uğradığını iddia edirlər, ancaq müsbət nümunələr var.

Bizim üçün multikulturalizm dövlət siyasətidir və bizim həyat tərzimizdir”.

 İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti.

 

Qloballaşan dünyada mədəniyyətlərarası və dinlərarası dialoq problemi, habelə multikulturalizmlə əlaqədar məsələlər xüsusi yer tutur. Belə bir tarixi dönəmdə dünyanın 140-dan çox ölkəsinin təmsil olunduğu BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumuna Bakının ev sahibliyi etməsi təsadüfi deyil. Çünki tolerantlığın məkanı, multikultural dəyərlərə sadiq olan müstəqil Azərbaycan mədəniyyətlərin dialoqunun inkişafına, mədəni müxtəlifliyin qorunub saxlanmasına və sivilizasiyalar arasındakı qarşılıqlı münasibətlərin tənzimlənməsinə yönələn mühüm layihələrin reallaşdırılması, mötəbər forumların keçirilməsi sahəsində zəngin təcrübəyə malikdir.

2014-cü il sentyabrın 26-da BMT Baş Məclisinin 69-cu sessiyasında Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun 2016-cı ildə Bakıda keçirilməsi barədə qərar qəbul edildi.  Ötən ilin iyul ayında Prezident İlham Əliyev Forumun Bakı şəhərində keçirilməsi ilə bağlı Təşkilat Komitəsinin yaradılması haqqında Sərəncam imzaladı.

“İnklüziv cəmiyyətlərdə birgəyaşama: çağırış və məqsəd” devizi altında keçirilən Foruma BMT-yə üzv ölkələrin dövlət və hökumət başçıları, xarici işlər nazirləri, siyasi liderlər, tərəfdaş qurumlar, beynəlxalq və regional təşkilatların nümayəndələri, özəl sektor, incəsənət, media və akademiyaların təmsilçiləri, donor təşkilatlar və fondlar daxil olmaqla, çoxlu qonaq qatılmışdı.

Multikulturalizm hamı tərəfindən tanınan, müxtəlif mədəniyyətlərə tolerant münasibətə əsaslanan dinc, yanaşı yaşama prinsipidir. Multikulturalizmin xarakterik xüsusiyyəti tolerantlıq, dözümlülükdür. Ölkəmiz isə tolerantlığın məkanıdır. “Azərbaycan xalqı özlüyündə, təbiətinə görə, öz xarakterinə görə yüksək tolerantlıq hissinə malikdir”, deyən Ulu Öndər Heydər Əliyev bizim cəmiyyət olaraq bəşəri dəyərlərə münasibətimizin ən orijinal və aydın izahını verib, Azərbaycanı milliyyətindən və dinindən asılı olmayaraq müxtəlif xalqların nümayəndələrinin doğma vətəni adlandırıb. Azərbaycan üçün fərqli baxışlara, adətlərə, vərdişlərə tolerant mövqe bəsləmək əlbəttə ki, təbiidir. Çünki, tarixi İpək yolunda yerləşən Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanınır və müxtəlif xalqların, millətlərin, dinlərin xüsusiyyətlərinə dözümlü münasibət azərbaycanlıların mentalitetinə xasdır. Bütün tarixi dövrlərdə Azərbaycan ərazisində etnik və dini icmalar arasında möhkəm dözümlülük əlaqələri formalaşıb, milli, dini və irqi zəmində heç bir ayrı-seçkilik faktı qeydə alınmayıb.

Tarixi faktlardan da göründüyü kimi, uzun tarixi dövrdə bu hadisə özü artıq mövcud olsa da “multikulturalizm”  termini siyasi leksikona ilk dəfə ötən əsrin 60-cı illərinin sonu 70-ci illərinin əvvəllərində gətirilib. Bu termindən vahid mədəni məkanı ifadə etmək üçün istifadə edilir və multikulturalizm mədəniyyətlərin assimilyasiya olmadan inteqrasiyasını təklif edir. Həqiqət budur ki, ötən əsr boyunca assimilyasiya Avropanın bəzi dövlətləri tərəfindən immiqrant mədəniyyətlərə münasibətdə istifadə edilən strategiya kimi bir çox hallarda özünü doğrultmadı və bu gün də belə əngəllər qalmaqdadır. Məsələn, minarələrin tikilməsinə, müxtəlif geyim növlərinə, dini simvollara qoyulan qadağalar, etnik əlamətə görə dövri təqiblər və s. Bu məqam da onu göstərir ki, bir çox Avropa ölkələri multikultiralizm prinsiplərindən imtina ediblər və hətta bu gün multikulturalizmin iflasa uğradığını qəbul və bəyan edirlər.  Həm regional, həm də qlobal miqyasda müxtəlif cəlbedici adlarla öz mədəniyyətlərinin dominantlığını təmin etməyi hədəf seçən, başqa mədəniyyət daşıyıcılarına assimilyasiya obyekti kimi baxan qüvvələr buna səbəb kimi mürəkkəb kulturoloji vəziyyəti göstərirlər.

Belə bir dönəmdə Prezident İlham Əliyevin "Ölkəmizdə multikulturalizm artıq alternativi olmayan həyat tərzinə çevrilib" fikri multikulturalizmin mahiyyət etibarilə Azərbaycanda, eləcə də multikulturalizmi gələcəkdə bəşəriyyətin inkişafının yeganə yolu hesab etməsi, bu anlayışın beynəlxalq əhəmiyyətini dərk etmək baxımından bütün məqamlara geniş spektrdə işıq salır. Qeyd etməliyik ki, Prezident İlham Əliyevin Azərbaycanda multikultural münasibətlərin inkişafı yönündə atdığı addımlar davamlı xarakter daşıyır. Cənab Prezidentin imzaladığı Sərəncama əsasən 2016-cı ilin Azərbaycanda “Multikultiralizm ili” elan edilməsi dövlətimizin nə qədər tolerant, dözümlülük prinsipləri əsasında idarə edildiyini bir daha sübut edir.

Müasir dünyanın milli-dini zəmində toqquşmalar, məzhəb savaşları, dövlətlərarası etimadsızlıq halları ilə üz-üzə qaldığı bir vaxtda Azərbaycandakı milli həmrəylik və xalqlar arasındakı dostluq qürurverici bir haldır. Multikultural ənənələrə sadiq müstəqil Azərbaycan mədəniyyətlərin dialoqunun inkişafına, mədəni müxtəlifliyin qorunub saxlanması və sivilizasiyalar arasındakı qarşılıqlı münasibətlərin tənzimlənməsinə hər zaman öz töhfələrini verməkdədir.

BMT QAK-ın təşkilatçılığı ilə Cenevrə şəhərində keçirilən “Köçürülmənin kökündə olan səbəblərin anlaşılması və həlli” mövzusuna həsr edilmiş növbəti 8-ci yüksək səviyyəli dialoq da çoxtərəfli əməkdaşlığın genişləndirilməsi baxımından əlverişli imkanlar açmışdır.

Bu gün həqiqət budur ki, dünyada daha çox baş verən miqrant böhranından danışılır. Xarici müdaxilədən əziyyət çəkən, xüsusən Yaxın Şərqdən insanlar özlərinin, ailələrinin canlarını qurtarmaq üçün məcburi köçkün, qaçqın vəziyyətinə düşmüşlər. Onlar sadəcə olaraq ölməmək üçün bu əzablara qatlaşır, böyük təhlükələrlə üzləşərək Avropaya üz tuturlar. Təəssüf ki, həmin insanlara münasibət heç də Avropanın bəyan etdiyi prinsiplərə uyğun gəlmir. Orada onlara qarşı bəzi hallarda çox nalayiq hərəkətlər edilir, şəxsiyyətləri alçaldılır. Onlar haqqında artıq dünya mediasında çox mənfi rəy formalaşır.

Məlum olduğu kimi, Azərbaycan da 1990-cı illərin əvvəllərində humanitar fəlakətlə üzləşmişdir. Bir milyon insan erməni işğalı nəticəsində öz yerindən-yuvasından didərgin düşmüşdür. Azərbaycan o böhranın öhdəsindən, demək olar ki, təkbaşına gəldi. Bu gün də köçkünlərin məşğulluğu, yaşayış şəraitinin yaxşılaşdırılması üçün çox böyük işlər görülür. Doxsana yaxın qəsəbə salınıb, 250 minə yaxın köçkün yeni gözəl mənzillərə, evlərə köçmüşdür.

Әminliklә demәk olar ki, 2015-ci ildə Azәrbaycan birinci Avropa Oyunlarını uğurla keçirmәklә dünya idman tarixindә yeni bir sәhifә açdı. Azәrbaycana gәlәn qonaqlar vә idmançılar ölkәmizdәki qonaqpәrvәrliyә, Bakının gözәlliyinә, zәngin tarixinә vә müasir inkişafına, qısa dövr әrzindә әldә edilmiş uğurlara heyran oldular. Artıq Bakı 2017-­ci ildә İslam Hәmrәylik Oyunlarını qәbul etmәyә hazırlaşır. Bu da, Azәrbaycanın dünyada necә nadir bir missiya daşımasının әyani ifadәsidir: Azәrbaycan artıq mәdәniyyәtlәrin, dinlәrin, fәrqli geosiyasi qütblәrin әmәkdaşlıq mәkanı kimi qәbul olunur.

Ümumbəşər varlığının inkişafının  əsaslarından biri olan multikulturalizm siyasətinin əsasında vətəndaş cəmiyyətinin ən mühüm xarakteristikası hesab olunan dövlətin mədəni plüralizmi qəbul etməsi dayanır ki, respublikamızda  bu prinsip çox yüksək səviyyədədir və bunun sübuta ehtiyacı yoxdur. Azərbaycan dövləti müxtəlif mədəniyyətlərin yenidən dirçəlməsi və inkişafını dəstəkləməklə yanaşı, mədəni qrupların sosiallaşmasına geniş imkanlar açıb. Təkcə Bakıda neçə-neçə müxtəlif mədəni icma fəaliyyət göstərir. Bunların arasında: rusların, ukrainlərin, lakların, ləzgilərin, slavyanların, tatların, tatarların, gürcülərin, ingiloyların, talışların, avarların, axıska türklərinin, Avropa və dağ yəhudilərinin, alman və yunanların cəmiyyətləri vardır. Ümumiyyətlə, etnik azlıqların kompakt şəkildə yaşadıqları bütün rayonlarda da belə icmalar mövcuddur. Bunlar onu deməyə əsas verir ki, hazırda dünyanın müxtəlif bölgələrində ksenofobiya kimi halların artdığı bir dövrdə, Azərbaycanda dünyanın bir çox ölkələri, beynəlxalq ictimaiyyət üçün xüsusi nümunə olan özünəxas dinlərarası dialoq və tolerantlıq modeli qurulub. Multikulturalizmi inkişaf etdirmək üçün həm maddi, həm də qeyri-maddi mədəni irs olmalıdır fikri isə inkarolunmazdır.

Qloballaşma şəraitində həyata keçirilən iri miqyaslı enerji, nəqliyyat və informasiya dəhlizlərinin yaradılması, xarici investorların Azərbaycana uzunmüddətli sərmayə qoyması da ölkədəki daxili sabitlik və onu reallaşdıran milli və dini tolerantlıq siyasəti sayəsində mümkün olub. Artıq çağdaş Azərbaycan multikulturalizm məkanı kimi mədəniyyətlərin, dinlərin müxtəlifliyini yaşadan və inkişaf etdirən unikal ölkəyə çevrilib. Burada hər bir xalq və etnikin mədəni, dini müxtəlifliyi vahid harmoniyaya-ümummilli vətəndaş həmrəyliyinə xidmət edir. Əksər ölkələr üçün örnək olan bu model artıq müxtəlif inanc və mədəniyyətlərə sahib Azərbaycan vətəndaşlarının həyat tərzinə çevrilib. Məlum olduğu kimi, ölkəmizdəki mövcud multikurturalizmi qiymətləndirən Moskva və bütün Rusiyanın patriaxı II Aleksi hələ 2001-ci ildə Bakıda Heydər Əliyevə müqəddəs Moskva Knyazı Daniel ordenini təqdim edərkən demişdi: “Ölkənizdəki tolerantlıq və dini dözümlülük başqa dövlətlər üçün nümunədir”. Roma Papası mərhum II İohann Pavelin xristianlığın katolik məzhəbinə etiqad edən ölkələrin israrlı dəvətlərinə  rəğmən, məhz əhalisinin cəmi 0,5 faizini katoliklərin təşkil etdiyi Azərbaycana səfər etməsi isə azsaylı millət və onların etiqad etdiyi dinlərə də sayğının, xoş münasibətin dönməzliyindən xəbər verir. Burada qeyd olunası vacib məqamlardan biri də Azərbaycanın mədəni irsini Vatikanda nümayiş etdirən ilk islam ölkəsi  olmasıdır. Azərbaycandakı nümunəvi dini tolerantlığa heyranlığını gizlətməyən İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman isə Bakının İslam Mədəniyyətinin Paytaxtı elan olunması ilə əlaqədar deyib: “İSESCO bütün dünyaya çatdırmalıdır ki, siz necə də qədim və zəngin mədəniyyətə sahibsiniz. Ölkənizlə əməkdaşlıq sahəsində imzalanan sənədlərin həyata keçirilməsi üçün biz öz tərəfimizdən hər tələbi yerinə yetirəcəyik və bu əməkdaşlıq digər üzv dövlətlər üçün nümunə olacaqdır”.

Azərbaycan əhalisinin 96 faizinin müsəlman olmasına baxmayaraq, bu gün respublikamızda məscidlərlə bərabər, kilsələr də, sinaqoqlar da fəaliyyət göstərir. Elə buna görə də bu gün hər kəsin bölüşdüyü bir fikir var ki, “dövlət və din münasibətləri sahəsində Azərbaycan modeli başqa ölkələrə də ixrac edilə bilər. Dini tolerantlıq və dözümlülük Azərbaycanın  malik olduğu zənginliklərdir”.

Ulu öndər  Heydər Əliyev başda olmaqla respublika hökuməti dinlərarası dialoq təşəbbüsünü nəzərə çatdıraraq, 2002-ci il mayın 23-də Roma Papası II İohann Pavelin ölkəmizə səfərini təşkil etmişdi. Papanın səfəri böyük əks-səda doğurmuşdu.

Azərbaycanlıların yüksək dini dözümlülüyü haqqında daha bir nümunə, Roma Patriarxı I Varfolomey də 2003-cü ildə ölkəmizə səfər edərkən deyib: “Burada dini dözümlülüyün səviyyəsindən məmnun qaldım. Azərbaycanda hər kəs öz arzusuna görə dininə etiqad edə və ayinlərini keçirə bilər”.

Azərbaycanın dünyaya örnək olan tolerantlıq modelinin İlham Əliyev tərəfinən BMT kürsüsündən elan edilməsi və onun əksər xarici ölkə başçıları, din xadimləri, siyasətçıləri, alimləri tərəfindən qəbul edilməsi ölkəmizin beynəlxalq aləmdə nüfuzunu daha da artırıb. Dövlət müstəqilliyimizin ilk illərində bizə tolerantlıq və dözümlülük tövsiyə edən Qərbi Avropa bu gün etnik faciə, dini-etnik qarşıdurma ilə üzləşib. Müasir Qərb politoloqları etiraf edirlər ki, multikurturalizm burada iflasa uğrayıb. Onlar vəziyyətdən çıxış yolu kimi Azərbaycanın tolerantlıq modelini müzakirə edir, öyrənirlər. Çünki mədəniyyətlərarası, dinlərarası dialoqun təşviqində Azərbaycanın gördüyü işlərlə müqayisə ediləcək ikinci bir təcrübə, demək olar ki, yoxdur. Bunu 2012-ci il Londonda “ Avropa  multikurturalizminin perspektivləri: dinlərarası dialoq və dini tolerantlığın Azərbaycan modeli” mövzusunda keçirilən beynəlxalq konfransda Azərbaycan modeli haqqında səslənən fikirlər də təsdiq edir.

Bütün dövrlərdə tolerantlıq, etnik müxtəliflik Qərb dünyasına bağlı olan ölkəmizin tarixi, mədəni inkişafının göstəricisi olub. Təsadüfi deyil ki, Azərbaycanı Qərblə Şərqin qovuşuğunda yerləşən, sivilizasiyalararası münasibətlərin formalaşmasında böyük rola malik ölkə adlandırırlar.

Azərbaycanda multikulturalizm siyasəti müxtəlif etnik mədəniyyətlər arasında ənənəvi birgəyaşayış, qarşılıqlı hörmət prinsiplərinə söykənir. Bu model sivilizasiyalararası və mədəniyyətlərarası dialoq prosesində Azərbaycan Respublikasının çox uğurlu missiyası və töfhəsidir.

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasdakı nitqində demişdir: “Azərbaycan multikurturalizmlə bağlı çox böyük işlər görüb. Azərbaycan nümunəsi göstərir ki, multikurturalizm yaşayır. Baxmayaraq bəzi siyasətçilər deyirlər ki, multikurturalizm iflasa uğrayıb. Bəlkə hardasa iflasa uğrayıb. Amma Azərbaycanda yaşayır və bu meyillər, bu ideyalar güclənir, ictimaiyyətdən də daha çox dəstək alır. Biz bu yolla gedəcəyik”. Bu baxımdan, Azərbaycan Respublikasında multikurturalizm milli azlıqların dominant xalq və mədəniyyət içərisində assimilyasiyasına deyil, inteqrasiyasına yönəldilən effektiv vasitə olmaqla yanaşı, ölkədə vətəndaş birliyinə, tolerantlığa, müxtəlif etnik və dini qruplar arasında birgəyaşayış prinsiplərinin daha da möhkəmlənməsinə xidmət edir, daxili mədəni dinamikanı sürətləndirir, cəmiyyəti xarici təhdidlərə qarşı müqavimətdə səfərbər edir.

Respublika Prezidenti İlham Əliyev ötən ilin may ayının 18-də Bakıda keçirilmiş III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimindəki nitqində dövlətimizin multikurturalizm siyasətinə, ölkəmizin ictimai-siyasi və mədəni həyatında mühüm roluna, o cümlədən sülh və təhlükəsizliyin bərqərar olmasında əhəmiyyətinə toxunaraq demişdir: “Bizim ölkədə multikurturalizm ənənələri hər zaman güclü olub... Mutikurturalizmin alternativi yoxdur... Hesab edirəm ki, multikurturalizmi gələcəyi olmayan məfhum kimi təqdim etmək təhlükəlidir, əksinə səylərimizi dayandırsaq, dünyada vəziyyət daha da pisləşəcəkdir”.

Bütövlükdə, Azərbaycan Respublikasının milli təhlükəsizlik maraqları ilə bağlı olan təcrübəsinə əsaslanaraq deyə bilərik ki, xarici düşmən qüvvələr əsas hədəf kimi bu gün məhz xalqlarımız arasında tarixən formalaşmış milli birliyin pozulmasını, dini zəmində qarşıdurmalar yaradılmasını hədəf seçmişlər. Multikurturalizmin Azərbaycan modelinin tətbiqi və inkişaf etdirilməsi bu təhdidlərə ən rasional və səmərəli cavab, onların qarşısının alınmasına yönəldilən qabaqlayıcı tədbirlər sistemidir.

Dövlət başçısının məqsədyönlü siyasəti nəticəsində bu gün Azərbaycan özünün multikurturalizm modelini dünyaya təqdim edir. 2014-cü il fevral ayının 28-də yeni  təsisat – Azərbaycan Respublikasının millətlərarası, multikurturalizm və dini məsələlər üzrə Dövlət müşaviri təsis olunmuş, Prezident İlham Əliyevin fərmanı ilə 2014-cü il may ayının 15-də isə hələlik dünyada yeganə olan Bakı Beynəlxalq Multikurturalizm Mərkəzi yaradılmışdır. Azərbaycan ölkədə multikurturalizm mühitinin qorunması məqsədilə bir sıra nüfuzlu beynəlxalq qurumlarla – BMT, ATƏT, İƏT və Avropa ittifaqı ilə əməkdaşlığı da genişləndirməkdədir.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, eləcə də ölkə ictimaiyyətinin ətraflı məlumat almaları üçün 2008-ci il noyabrın 3-də Xidmətin (www.miqration.gov.az) internet səhifəsi istifadəyə verilmişdir. Xidmətin rəsmi saytı bu il tamamilə yenilənmiş, həm funksionallıq, həm dizayn baxımından müasirləşdirilmiş, zamanın tələbinə uyğunlaşdırılmışdır. 2008-ci il dekabrın 1-dən isə Dövlət Miqrasiya Xidmətinin 3 dildə - Azərbaycan, ingilis, rus dillərində fəaliyyət göstərən Miqrasiya Məlumat Mərkəzi yaradılmışdır. Bu Mərkəzin də fəaliyyəti yenidən qurulmuş, texniki imkanları genişləndirilməklə xidmətin keyfiyyəti yüksəldilmişdir ki, təkcə ötən il Xidmətin Çağrı mərkəzinə 99.439 telefon zəngi daxil olmuşdur.

2010-cu ildə isə Dövlət Miqrasiya Xidmətinin Azərbaycan, rus və ingilis dillərində dərc edilən ilk mətbu nəşri – “Miqrasiya” jurnalı işıq üzü görmüşdür və jurnal mütəmadi olaraq   nəşr olunur. Jurnalda Azərbaycanın miqrasiya tarixi, miqrasiya siyasəti, miqrasiya proseslərinin tənzimlənməsi mövzularına, miqrasiya prosedur qaydalarına geniş yer verilir.

Azərbaycan Respublikasında yaşayan və müvəqqəti olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin uçotunun aparılması, miqrasiya proseslərinin idarə edilməsində iştirak edən dövlət orqanlarının  zəruri informasiya ilə təmin edilməsi, miqrasiya ilə bağlı sənədləşmə, yoxlama, sorğu və təhlil işlərinin avtomatlaşdırılması və bu sahədə göstərilən elektron xidmətlərin təkmilləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 4 iyun 2010-cu il tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Vahid Miqrasiya Məlumat sistemi haqqında Əsasnamə”yə uyğun olaraq miqrasiya sahəsində vahid informasiya sistemi – Vahid Miqrasiya Məlumat Sistemi (VMMS) və onun “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi və Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri ilə inteqrasiyası təmin olunmuşdur. VMMS ölkədə baş verən miqrasiya proseslərinin dinamikası barədə tam təsəvvürün yaradılmasına imkan verərək, qeyri-qanuni miqrasiya ilə mübarizə və təhlükəsizliyin təmini sahəsində müvafiq tədbirlərin görülməsi üçün əlverişli şərait yaratmışdır.

Bir məsələni də xatırlatmaq yerinə düşər. 2008-ci ilin dekabr ayında Bakıda Avropa və ona qonşu regionların mədəniyyət nazirlərinin konfransı keçirilmişdir. Bu mötəbər tədbirdə dünyanın 48 ölkəsinin, o cümlədən 10 islam dövlətinin, 8 beynəlxalq təşkilatın, bir sıra beynəlxalq qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak etmişlər. Azərbaycan tərəfinin təşəbbüsü ilə ilk dəfə olaraq, “Mədəniyyətlərarası dialoqun təşviqinə dair Bakı Bəyənnaməsi” qəbul edilmiş, sivilizasiyalar arasında dialoqun əldə oliunması və inkişafına yönəldilən “Bakı prosesi”nin təməli qoyulmuşdur. 2015-ci il yanvar ayının 30-da isə Nyu-Yorkda – BMT mənzil-qərargahında “Bakı prosesi” və 3-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun təqdimat mərasimi keçirilmişdir. “Tarixi hadisə” adlandırılan həmin mərasimdə “Bakı prosesi”nin və forumun mühüm missiyası – dünyada sülh və əməkdaşlığın qorunması, qarşılıqlı faydalı dialoqun yaradılması prinsiplərinə xidmət edəcəyi xüsusi vurğulanmış, Azərbaycanın qlobal təşəbbüsü və dialoq yaratma təcrübəsi yüksək qiymətləndirilmişdir.

Novruz bayramı münasibətilə keçirilən ümumxalq şənliyində Prezident İlham Əliyev multikurturalizmin Azərbaycan modelinin missiyası və məqsədlərini bir daha açıqlayaraq demişdir: “Biz göstəririk ki, bütün millətlər, bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayırlar, yaşayacaqlar. Azərbaycan dövləti onları, onların maraqlarını, milli duyğularını, ləyaqətini qoruyur. Onlar bizim qardaşlarımızdır. Bizim gücümüz birliyimizdədir. Azərbaycan çoxmillətli, çoxkonfessiyalı ölkədir. Bu, bizim sərvətimizdir”.

Bu gün ölkə başçısı tərəfindən dövlət siyasəti kimi elan olunan və xalqımızın çoxəsirlik mədəni yaşam şərtlərindən doğan multikurturalizmin təbliği və onunla bağlı maarifləndirmə işlərinin aparılması bir tərəfdən dövlətin çağrışlarına adekvat cavabdırsa, digər tərəfdən xalqımızın yüzillər boyu formalaşmış mənəvi mədəniyyət xəzinəsinin, sərvətinin qorunması və gələcək nəsillərə çatdırılmasıdır. Çünki Azərbaycan bütün etnosların dövlət ideologiyası olan, tolerantlıq və multikurturalizm kimi dövlət səviyyəsində möhkəmləndirilən elementlərə sahib olan güclü – milli ideologiyaya malikdir.

Yuxarıda qeyd olunanların məntiqi nəticəisdir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan beynəlxalq birliyin nüfuzlu üzvünə çevrilib. Ölkəmizin sosial-iqtisadi inkişafı, sabitlik, təhlükəsizlik xaricdə Azərbaycana marağı ildən-ilə artırmaqdadır. Bunun əyani nümunəsi respublikamıza səfərə gələnlərin, burada yaşamaq, Azərbaycan vətəndaşı olmaq istəyənlərin sayındakı müsbət saldonun yaranmasıdır.

 Firudin Nəbiyev,

 Dövlət Miqrasiya Xidmətinin rəisi,

II dərəcəli dövlət miqrasiya xidməti müşaviri.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur