İşəgötürən hansı halda məsuliyyət daşıyır?
Azərbaycanda miqrasiya məsələləri əsasən 2013-cü il avqustun 1-də qüvvəyə minmiş Miqrasiya Məcəlləsi ilə tənzimlənir. Məcəllə respublikamızda miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi, miqrasiya proseslərinin və bu sahədə yaranan münasibətlərin tənzimlənməsi, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında hüquqi vəziyyəti ilə bağlı normaları müəyyənləşdirir.
Miqrasiya sahəsində münasibətləri tənzimləyən normaların vahid sənəddə toplanması miqrasiya prosesi iştirakçılarının - həm aidiyyəti dövlət orqanlarının, həm vətəndaşlarımızın, həm də əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin öz hüquq və vəzifələrini bilmələri, habelə məsuliyyət yaradan halların dairəsi, eləcə də miqrasiya ilə bağlı digər tənzimləyici müddəalar barədə məlumat əldə etmələri işini daha da asanlaşdırıb.
Miqrasiya Məcəlləsinin tənzimlədiyi sahə üzrə müvafiq prosedurlar sadələşdirilib, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün bir sıra güzəştlər nəzərdə tutulub. Belə ki, əvvəlki qanunvericilik müvəqqəti yaşamaq üçün icazənin, o cümlədən əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazəsinin müddətinin dörd dəfədən artıq uzadılmasına yol vermirdi, amma hazırkı qanunvericiliklə bu məhdudiyyət aradan qaldırılıb. Habelə iş icazəsinin alınması tələb olunmayan halların sayı artırılmışdır. Bu hallardan biri də əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikası ərazisində sahibkarlıq fəaliyyəti ilə məşğul olmalarıdır.
Bundan başqa, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişiklik edilərək Azərbaycan Respublikasında haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə iş icazələrinin verilməsinə və müddətinin uzadılmasına görə ödəniləcək dövlət rüsumunun məbləği azaldılaraq 3 ayadək müddətə 350 manat, 6 ayadək müddətə 600 manat, 1 ilədək müddətə 1000 manat müəyyənləşdirilib. Qeyd olunan qanuna edilmiş dəyişikliyə qədər isə iş icazəsinin müddətindən asılı olmayaraq dövlət rüsumu yalnız 1000 manat müəyyən edilmişdir.
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər iş icazəsini onları işə cəlb edən hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri vasitəsi ilə alırlar və yalnız işəgötürən tərəfindən onlar üçün iş icazəsi alınmasından sonra Azərbaycan Respublikasında haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul ola bilərlər.
Qeyd olunan işəgötürənlər işə cəlb etdikləri əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri yalnız öz iş yerlərində işlə təmin etməli və bu barədə onlarla iş icazəsinin qüvvədə olduğu müddətə əmək müqaviləsi bağlamalıdırlar. İş icazəsi alınmadan əcnəbilərlə əmək müqaviləsinin bağlanılmasına yol verilmir.
Bu ilin martın 1-dən qüvvəyə minmiş yeni İnzibati Xətalar Məcəlləsinin 578-ci maddəsinə əsasən işəgötürən tərəfindən Miqrasiya Məcəlləsinin tələbləri pozulmaqla iş icazəsi alınmadan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin işə cəlb edilməsinə görə vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan iyirmi min manatadək məbləğdə cərimə edilir. Əgər eyni xəta üç və ya daha çox əcnəbi və ya vətəndaşlığı olmayan şəxs barəsində törədilərsə, onda vəzifəli şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə, hüquqi şəxslər otuz min manatdan otuz beş min manatadək məbləğdə cərimə edilir.
Bundan əlavə, həmin maddəyə görə əgər işəgötürən işə cəlb etdiyi əcnəbini və vətəndaşlığı olmayan şəxsi öz iş yerindən kənarda işlə təmin edərsə buna görə məsuliyyət daşıyır.
İşə cəlb edilən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin pasportlarının və ya şəxsiyyətlərini təsdiq edən digər sənədlərinin işəgötürən tərəfindən götürülərək saxlanılması qanunvericiliklə birbaşa qadağan edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 19 mart tarixli 560 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti haqqında Əsasnamə”yə əsasən Dövlət Miqrasiya Xidmətinin vəzifələrindən biri də əməkçi miqrantların çalışdığı iş yerlərində onların müvafiq statusa və iş icazələrinə malik olmalarını araşdırmaq, qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq tədbirlər görməkdir. Belə ki, Miqrasiya Məcəlləsinə əsasən əcnəbilərdən və vətəndaşlığı olmayan şəxslərdən işçi qüvvəsi kimi istifadə edilməsini tənzimləyən normativ hüquqi aktlara və adıçəkilən məcəllənin tələblərinə riayət edilməsi Dövlət Miqrasiya Xidməti tərəfindən yoxlanılır. İş icazəsi olmadan işə cəlb edilmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, habelə həmin şəxsləri işə cəlb etmiş işəgötürənlər qanunla müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilirlər.
Ümumiyyətlə, viza tətbiq olunan ölkələrin vətəndaşları Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün işgüzar səfər vizası əsasında ölkəyə gəlməlidirlər. İşgüzar səfər vizası Azərbaycan Respublikasında işgüzar əlaqələr və ya əməkdaşlıq qurmaq üçün Azərbaycan Respublikasının dövlət orqanlarının, Azərbaycan Respublikasında fəaliyyət göstərən hüquqi şəxslərin və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, habelə xarici hüquqi şəxslərin filial və nümayəndəliklərinin vəsatəti əsasında və ya Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti ilə məşğul olmanı təsdiq edən sənədlə gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilir. Həmin vizada ölkədə qalma müddəti 180 günədək müəyyən edilir.
Miqrasiya Məcəlləsinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti ilə məşğul olduqda onlara Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilir. Bu o vaxt Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsinə əsas hesab olunur ki, həmin şəxslər azı 5 nəfər ilə tam iş vaxtı şəraitində və ya 10 nəfər ilə natamam iş vaxtı şəraitində əmək müqaviləsi bağlamaqla faktiki fəaliyyət göstərirlər. Bu hal üzrə işçilərin ən azı 80 faizinin Azərbaycan Respublikası vətəndaşı olması tələb olunur.
Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti ilə məşğul olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər azı 2 il Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşadıqda Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq icazəsi almaq üçün vəsatət verə bilərlər.
Həmçinin, dövlətimizin inkişaf sürəti nəzərə alınaraq ölkə iqtisadiyyatına azı 500.000 manat investisiya qoyan şəxslərə 3 ilədək müddətə müvəqqəti yaşamaq üçün icazənin verilməsinə dair müddəa yeniliklərdən biridir.
Bu gün ölkəmizdə həyata keçirilən böyük layihələrdə yerli işçi qüvvəsinin təmsil olunmasının təmin edilməsi əsas prioritetlərdəndir. Çünki, Azərbaycan Prezidentinin dediyi kimi, ölkənin inkişafından birinci növbədə onun vətəndaşı faydalanmalıdır.
Dövlət Miqrasiya Xidməti bu siyasətin icrası olaraq ölkənin energetika, neft qaz layihələrində milliləşmə proqramının icrasına bu nöqteyi-nəzərdən bir töhfə verib. Belə ki, “Əsrin müqaviləsi”ndə əksini tapan, təsbit olunan müddəalara əsasən ölkəmizin neft-qaz yataqlarında operator, kontraktr, sub-kontraktr olan şirkətlərin hər biri özlərinin milliləşmə proqramlarını işləyib tamamlayıb və 2014-2018-ci illəri əhatə edən milliləşmə proqramı təsdiq olunub. Həmin proqramın müddəalarına uyğun olaraq, 2018-ci ildə energetika sektorunda mütəxəssis hazırlığı ilə bir yerdə ümumi əməkdaşların 95 faizi Azərbaycan Respublikasının vətəndaşlarından ibarət olmalıdır.
Nazirlər Kabinetinin 4 dekabr 2014-cü il tarixli qərarı ilə "İl ərzində 90 gündən çox olmayan müddətdə Azərbaycan Respublikasında ezamiyyətdə olan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə iş icazəsinin alınması tələb olunmayan fəaliyyət sahələrinin Siyahısı" təsdiq olunub. Bu siyahıya aşağıdakı sahələr aiddir:
1. Mədənçıxarma sənayesi
2. Emal sənayesi
3. Elektrik enerjisi, qaz, buxar və kondisiyalaşdırılmış hava ilə təchizat
4. İnformasiya və rabitə
5. Maliyyə və sığorta
6. Təhsil
7. Nəqliyyat
8. Su təchizatı, çirkli suların və tullantıların təmizlənməsi.
Qeyd olunan siyahıda nəzərdə tutulmayan fəaliyyət sahələri ilə məşğul olmaq üçün gələn əcnəbilərə iş icazələrinin alınması zəruridir.
Daxili əmək bazarının vəziyyəti, işçi qüvvəsinə tələbat, iş yerinin tələblərinə cavab verən peşə hazırlığına və ixtisasa malik olan Azərbaycan Respublikası vətəndaşının iddia etmədiyi boş iş yerlərinin mövcudluğu, məşğulluq xidməti orqanlarının, işəgötürənlərin işçi qüvvəsinə olan ehtiyaclarını yerli əmək ehtiyatları hesabına təmin etmək imkanı, habelə yüksəkixtisaslı əcnəbi mütəxəssislərin cəlb edilməsi zəruriliyi nəzərə alınmaqla Nazirlər Kabinetinin 2016-cı il 14 mart tarixli 124 nömrəli qərarı ilə “Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydası” təsdiq edilmişdir.
Əvvəlki Qaydadan fərqli olaraq yeni sənədə görə işəgötürənlərin əcnəbi işçi qüvvəsinə tələbatını müəyyən etmək məqsədi ilə işəgötürənlər hər il may ayının 1-dək Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə növbəti il üçün Məşğulluq Təsnifatı üzrə peşələr göstərilməklə əcnəbi işçi qüvvəsinə tələbat haqqında proqnoz-məlumat təqdim edirlər. Məşğulluq Təsnifatı üzrə peşələrin müəyyənləşdirilməsi vahid mənbədir.
Həmçinin, adıçəkilən Qayda ilə müəyyən olunmuş əcnəbi işçi qüvvəsinə tələbat haqqında proqnoz-məlumat formasının Dövlət Miqrasiya Xidmətinin internet səhifəsində (http://migration.gov.az) yerləşdirilməsi və onlayn rejimdə qəbulu da yeniliklərdən biridir.
Dövlət orqanları tərəfindən vətəndaşlara göstərilən xidmətlərin daha keyfiyyətli, rahat, yeni üslubda və müasir innovasiyaları tətbiq etməklə həyata keçirilməsi, vətəndaş məmnunluğunun təmin olunması məqsədilə yaradılan “ASAN xidmət” mərkəzlərində Dövlət Miqrasiya Xidməti tərəfindən də bir neçə xidmət növü təqdim olunur. Belə ki, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşama icazəsinin verilməsi (müddətinin uzadılması), haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları üçün iş icazələrinin verilməsi, daimi yaşama icazəsinin verilməsi (müddətinin uzadılması) ilə bağlı müraciətləri, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı sorğuları qəbul edilir.
Sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin şikayətlərinə baxılması sahəsində şəffaflığın və obyektivliyin təmin edilməsini, bu sahədə şəxslərin hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsi məqsədi ilə "Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 fevral tarixli 762 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə, Dövlət Miqrasiya Xidməti rəisinin əmri ilə Dövlət Miqrasiya Xidmətinin Apellyasiya Şurası və Şuranın Katibliyi yaradılıb, onların tərkibi təsdiq edilib.
Artıq, Xidmətin Apellyasiya Şurasının ilk iclası keçirilib. İclasda təşkilati məsələlər, Apellyasiya Şurasının və Şuranın Katibliyinin fəaliyyətinin effektiv qurulması, sahibkarların müraciətlərinə baxılması işində səmərəliliyin təmin edilməsi ilə bağlı məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb, qarşıda duran vəzifələr müzakirə edilib.
Bütün qeyd olunanlar Azərbaycan Respublikasında sahibkarlıq mühitinin yaxşılaşdırılması, ölkəmizə xarici investisiyaların yatırılması, həmçinin yeni iş yerlərinin yaradılması üçün əlverişli şərait yaratmaqla yanaşı, bu istiqamətlərdə fəaliyyət göstərən əcnəbi sahibkarların ölkəmizin miqrasiya qanunvericiliyinin tələblərinə əməl etməklə uğurlu fəaliyyətlərinin stimullaşdırılmasına xidmət edir.
Vəli Nağıyev,
Dövlət Miqrasiya Xidməti rəisinin birinci müavini,
III dərəcəli dövlət miqrasiya xidməti müşaviri
“Biznes Həyatı” jurnalı № 13, 2016-cı il