Vətəndaşlıq məsələlərinin həlli Dövlət Miqrasiya Xidmətinin prioritet vəzifələrindəndir    


19 mart Azərbaycan Respublikası miqrasiya orqanları işçilərinin peşə bayramı günüdür. Prezident İlham Əliyevin 2007-ci il 19 mart tarixli 560 nömrəli Fərmanı ilə yaradılmış Dövlət Miqrasiya Xidmətinin vətəndaşlıq məsələlərində iştirakı Azərbaycan Respublikası Prezidentinin 6 mart 2008-ci il tarixli Fərmanına əsasən təmin edilib.

Vətəndaşlıq hüququ mühüm insan hüquqlarından biri olmaqla şəxsin hüquqi statusunu müəyyən edir. Nəzərdə tutulmuş hüquq və azadlıqları şəxs yalnız tam həcmdə o zaman həyata keçirə bilər ki, o, hər hansı bir dövlətin vətəndaşı olsun və şəxsin hüquqlarının həyata keçirilməsinə dövlət təminat versin.

Müstəqilliyini bərpa edən Azərbaycan Respublikası vətəndaşsızlıq hallarının azaldılması ilə bağlı bir sıra beynəlxalq sənədlərə, o cümlədən BMT-nin 1954-cü il tarixli “Apatridlərin statusu” haqqında və 1961-ci il tarixli “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” Konvensiyalarına qoşulub və ölkəmizdə vətəndaşlığı olmayan şəxslərlə bağlı yaranan münasibətləri tənzimləyən çoxsaylı normativ sənədlər qəbul edilib.

30 sentyabr 1998-ci il tarixdə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun qəbul edilməsi isə vətəndaşsızlıq hallarının aradan qaldırılması istiqamətində atılan əhəmiyyətli  addım oldu. Həmin qanun 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının və ya başqa dövlətin vətəndaşı olmayan, lakin Azərbaycan ərazisində yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərə respublikamızın vətəndaşlığını  əldə etmək imkanını yaratdı. Həmçinin, qanunun 5-ci maddəsinin birinci hissəsinin 3-cü bəndinə müvafiq olaraq 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqınlar da Azərbaycan Respublikasının vətəndaşı kimi tanındı.

Miqrasiya sahəsində dövlət siyasətini və miqrasiya proseslərinin idarə edilməsini həyata keçirən vahid dövlət orqanının olmaması vətəndaşsızlıq məsələləri ilə bağlı da problemlər yaradırdı. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 19 mart tarixli 560 nömrəli Fərmanı ilə Dövlət Miqrasiya Xidmətinin vaxtında yaradılması və Xidmətin əsas vəzifələri kimi əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqlarının müdafiə edilməsinin, vətəndaşlıq  məsələlərinə baxılmada iştirak edilmənin, o cümlədən miqrasiya sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərin icrasının təmin edilməsinin müəyyən edilməsi bu sahədə idarəçiliyi gücləndirdi. Xidmət tərəfindən həm qanunvericiliyə dəyişikliklər edilməsi, həm də təşkilati məsələlərlə bağlı zəruri tədbirlər görüldü. Bu istiqamətdə Dövlət Miqrasiya Xidməti mütəmadi olaraq, aidiyyəti dövlət orqanları, beynəlxalq təşkilatlarla, o cümlədən Birləşmiş Millətlər Təşkilatının  Qaçqınlar üzrə Ali Komissarlığı, Beynəlxalq Miqrasiya Təşkilatı, Avropa İttifaqı, Avropa Şurası, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəz və vətəndaş cəmiyyətləri ilə əməkdaşlıq edir.

Azərbaycan Respublikası Prezidentinin 6 mart 2008-ci il tarixli Fərmanına müvafiq olaraq Dövlət Miqrasiya Xidmətinin vətəndaşlıq məsələlərində iştirakı təmin edilib.Həmin dövrdən etibarən Dövlət Miqrasiya Xidməti Azərbaycan Respublikasının vətəndaşlığına qəbul, bərpa, xitam, habelə, Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı şəxslərdən və müxtəlif təşkilatlardan daxil olmuş vəsatət, sorğu və müraciətlərin araşdırılması işini həyata keçirməkdədir. Dövlət Miqrasiya Xidmətinin fəaliyyətinin bu istiqamətləri üzrə işlər Azərbaycan Respublikasının Konstitusiyasının, müvafiq qanunvericilik aktlarının, habelə tərəfdar çıxdığı beynəlxalq sənədlərin tələblərinə uyğun olaraq həyata keçirilir.

Qeyd etmək lazımdır ki, vətəndaşsızlıq hallarının aradan qaldırılması və qarşısının alınması istiqamətində Dövlət Miqrasiya Xidmətinə həvalə edilmiş vəzifələrin vaxtında və  layiqli yerinə yetirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 29 dekabr tarixli Sərəncamı ilə Dövlət Miqrasiya Xidmətinin strukturunda dəyişikliklər edilərək, Vətəndaşlıq məsələləri idarəsinə baş idarə statusu verilib.

Yuxarıda qeyd olunanlarla yanaşı, bu istiqamətdə atılan əsas addımlardan biri də Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli  84 nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası” olmuşdur. Sözügedən qaydaya əsasən şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti müəyyənləşdirilərkən, “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın, o cümlədən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun müddəaları nəzərə alınıb. Belə ki, adıçəkilən qaydanın 4.3-cü bəndində “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanununun qüvvəyə mindiyi günədək (1998-ci il oktyabrın 7-dək) Azərbaycan Respublikasının (və ya Azərbaycan SSR-in) vətəndaşlığında olmuş və ölkənin ərazisini tərk etməyən şəxslərin bu qanun qüvvəyə mindiyi günədək respublikamızda yaşayış yeri üzrə qeydiyyatda olmamaları onların vətəndaşsızlığına səbəb olduqda, həmin şəxslərin Azərbaycan vətəndaşlığına mənsubiyyətlərinin tanınması kimi mühüm əhəmiyyət kəsib edən müddəa öz əksini tapıb. Bunu isə, vətəndaşsızlıq hallarının azaldılması və bu halları yaradan səbəblərə qarşı mübarizə sahəsində dövlətimiz tərəfindən həyata keçirilən məqsədyönlü və humanitar siyasətin nəticəsi kimi qiymətləndirmək olar.

Sözügedən qaydada, həmçinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların, cəzaçəkmə müəssisəsində cəza çəkmiş şəxslərin və hərbi xidmətdə olan hərbi qulluqçuların şəxsiyyət vəsiqəsi ilə təmin olunması sahəsində üzləşdiyi problemlər də öz həllini tapıb.

AzərbaycanRespublikasının vətəndaşlığına mənsubiyyətin müəyyənləşdirilməsi ilə bağlı şəxslərin müraciətləri Dövlət Miqrasiya Xidmətində, Xidmətinregional miqrasiya idarələrində və ya ASAN Xidmət mərkəzlərində qəbul edilir və sənədlərin dövriyyəsi elektron qaydada həyata keçirilir.

Qeyd edək ki, Azərbaycan Respublikasının vətəndaşlığına qəbul qaydaları “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun14-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan ərazisində son beş il ərzində fasiləsiz olaraq qanuni əsaslarla daimi yaşayan, qanuni gəlir mənbəyi olan, Azərbaycan Konstitusiyasına və qanunlarına riayət olunması barədə öhdəlik götürən, habelə Azərbaycan Respublikasının dövlət dilini bilməsi haqqında sənəd təqdim edən əcnəbi və vətəndaşlığı olmayan şəxs mənşəyindən, irqi və milli mənsubiyyətindən, cinsindən, təhsilindən, dinə münasibətindən, siyasi və başqa əqidələrindən asılı olmayaraq bu qanuna müvafiq surətdə öz vəsatəti ilə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilər.

Həmçinin aşağıdakı hallarda əcnəbilər və vətəndaşlığı olmayan şəxslər bu maddənin birinci hissəsində göstərilən müddət nəzərə alınmadan Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilərlər: şəxsin elm, texnika, mədəniyyət və ya idman sahələrində yüksək nailiyyətləri olduqda; şəxs Azərbaycan Respublikası üçün xüsusi maraq kəsb etdikdə və digər müstəsna hallarda.

Eləcə də, şəxsin Azərbaycan Respublikasının qarşısında xüsusi xidmətləri olduqda o, bu maddənin birinci hissəsində göstərilən şərtlər nəzərə alınmadan Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilər.

Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə 2008-ci ildən hazıradək 1434 nəfər Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilib. Bununla belə, bu müddət ərzində 36 min 467 şəxsin Azərbaycan Respublikasıvətəndaşlığına mənsubiyyəti tanınıb və onlar müvafiq dövlət qurumu tərəfindən Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənədlərlə təmin ediliblər.

Dövlət Miqrasiya Xidməti tərəfindən vətəndaşlığı olmayan şəxslərin sənədləşdirilməsi istiqamətində bir çox tədbirlər görülüb və bunun nəticəsində 1033 nəfər vətəndaşlığı olmayan şəxs Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul olunublar.

Azərbaycan Respublikasında vətəndaşsızlıq hallarının qarşısının alınması və azaldılması, o cümlədən vətəndaşsızlıq vəziyyətində olan şəxslərin sənədləşdirilməsi istiqamətində Qobustan, Şəki, Şirvan, Xaçmaz, Qusar, Qazax, Qax, Hacıqabul, Şamaxı və Sabirabad şəhər və rayonlarında Vətəndaşlıq məsələləri baş idarəsi əməkdaşlarının iştirakı ilə Dövlət Miqrasiya Xidmətitərəfindən geniş maarifləndirmə tədbirləri həyata keçirilib. Bununla yanaşı, Xidmətin regional miqrasiya idarələrinin xətti ilə yerli icra hakimiyyətəti orqanları ilə birlikdə çoxsaylı görüşlər təşkil olunub, izahedici söhbətlər aparılıb və sənədsiz yaşayan şəxslərin sənədləşdirilməsi istiqamətində müvafiq işlər sürətləndirilib.

Vətəndaşlıq hüququnda əsas məsələlərdən biri də ikili vətəndaşlığa malik şəxslərlə bağlıdır. Ötən dövr ərzində bu sahədə mövcud olan qanunvericilik aktlarına dəyişikliklər edilib. Belə ki, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanuna 2014-cü il 30 may tarixli dəyişikliklər əsasında yeni redaksiyada verilmiş Qanunun 10-cu maddəsində göstərilir ki, Azərbaycan Respublikasının vətəndaşı olan şəxsin ikili vətəndaşlığı olduqda (Azərbaycan Respublikası vətəndaşlığı ilə yanaşı, digər dövlətin (dövlətlərin) vətəndaşı olduqda) həmin şəxsin xarici dövlətin vətəndaşlığına mənsubiyyəti, Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş və ya Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə müvafiq surətdə həll edilmiş hallar istisna olmaqla tanınmır. Xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı bir ay müddətində bu barədə Azərbaycan Respublikasının ərazisində olduqda Dövlət Miqrasiya Xidmətinə, ölkə hüdudlarından kənarda olduqda isə Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və ya konsulluq idarələri vasitəsilə Xarici İşlər Nazirliyinə yazılı məlumat verməlidir. Nazirlər Kabinetinin 2015-ci il 29 yanvar tarixli 18 nömrəli Qərarı ilə “Xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı tərəfindən bu barədə məlumatın verilməsi üçün ərizə-anket” forması təsdiq edilib və Xidmətin internet səhifəsində (www.migration.gov.az) yerləşdirilib. Xatırladaq ki, belə məlumatı verməyən şəxslər Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Həmin şəxslər üç min manatdan beş min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlərlə cəzalandırılırlar.

Göründüyü kimi, insan hüquqlarının ən ümdəsi olan vətəndaşlıq məsələləri ilə bağlı genişmiqyasılı işlərin öhdəsindən uğurla gəlməsi yaradılmasından 9 il keçən Dövlət Miqrasiya Xidmətinin prioritet vəzifələrindəndir.

 

Vahid Qəhramanov,

Dövlət Miqrasiya Xidməti

Miqrasiya siyasəti və hüquqi təminat

baş idarəsinin rəisi, baş miqrasiya xidməti müşaviri


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur