newsPhoto

Dövlət Miqrasiya Xidməti Xaçmazda turizm agentliklərinin nümayəndələri üçün seminar keçirib

Turizm mövsümünün başlanması ilə əlaqədar olaraq Xaçmaz, Quba və Qusar rayon Turizm informasiya mərkəzlərinin və regional ərazi üzrə turizm agentlikləri əməkdaşlarının iştirakı ilə miqrasiya qanunvericiliyi sahəsində maarifləndirmə ilə bağlı Xaçmaz şəhərində yerləşən Turizm informasiya mərkəzinin akt zalında Xaçmaz  regional miqrasiya  idarəsi tərəfindən seminar təşkil olunub.

Seminarda vurğulanıb ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən turizmin inkişafına göstərilən diqqətin nəticəsidir ki, müasir dövrümüzdə təkcə paytaxtda yox, həmçinin regionlarda da beynəlxalq standartlara cavab verən mehmanxanalar tikilib, yeni turizm zonaları yaradılıb. Azərbaycanda fəaliyyət göstərən turizm şirkətləri və hotellər dünya standartlarına uyğun qurulub və bu gün respublikamız perspektivli turizm ölkəsinə çevrilib.

Seminarda turistlərin Azərbaycan Respublikasına səfərlərini asanlaşdırmaq məqsədilə “ASAN Viza” sisteminin tətbiqi, onların ölkədə  qaldıqları müddətdə qeydiyyat qaydalarının sadələşdirildiyi barədə məlumat verilib.

Qeyd olunub ki, Prezident İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunmuş və miqrasiya proseslərinin idarə edilməsi, həmçinin tənzimlənməsində innovativ metodların tətbiqi və şəffaflığın təmin edilməsi prinsiplərini prioritet kimi müəyyən edən Dövlət Miqrasiya Xidməti ölkəmizə təşrif buyuran hər bir əcnəbi və ya vətəndaşlığı olmayan şəxsin, eləcə də turistlərin ölkədə olma və yaşama qaydalarına əməl etmələrinin təmin olunması, onlara rahat, operativ və şəffaf xidmət üçün beynəlxalq standartlara cavab verən tədbirləri davam etdirir.

Tədbirdə hər bir əcnəbi və ya vətəndaşlığı olmayan şəxsin ölkə ərazisində 10 gündən artıq qalmaq istədiyi halda qanunvericiliyin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasına gəldiyi vaxtdan 10 gün ərzində Dövlət Miqrasiya Xidmətində olduğu yer üzrə qeydiyyata düşməsi prosedurları barədə izahedici söhbət aparılıb. Diqqətə çatdırılıb ki, Miqrasiya Məcəlləsinin 21-ci maddəsinə görə əcnəbini və ya vətəndaşlığı olmayan şəxsi qəbul edən tərəf  - mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana yaxud başqa belə ictimai yerlərin müdiriyyəti və ya mənzilin, digər yaşayış sahəsinin sahibi əcnəbinin olduğu yer üzrə qeydiyyata alınması haqqında ərizə-anketi və onun pasportunun və ya digər sərhədkeçmə sənədinin surətini Xidmətin rəsmi saytının (www.migration.gov.az) elektron xidmətlər bölməsi vasitəsilə onlayn qaydada və ya regional miqrasiya idarələrinə birbaşa təqdim etməlidir.

Olduğu yer üzrə qeydiyyata alınmaları üçün əcnəbilər və vətəndaşlığı olmayan şəxslər də qanunvericiliklə müəyyən olunmuş qaydada müraciət edə bilərlər. Əcnəbi və vətəndaşlığı olmayan şəxslər olduqları yer üzrə qeydiyyat ünvanlarını dəyişərlərsə bu barədə mütləq DMX-nə məlumat verməlidirlər.

Görüşdə diqqətə çatdırılıb ki, xarici qonaqların qalmaq üçün seçdiyi mehmanxanaların müdiriyyəti, yaşayış yerlərinin sahibi qanunvericiliklə müəyyən olunmuş qaydada onların olduğu yer üzrə qeydiyyatlarının təmin edilməsi işinə məsuliyyətlə yanaşmalıdırlar.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur