Miqrasiya sahəsini əhatə edən maarifləndirmə-məlumatlandırma tədbirləri uğurla davam etdirilir
Miqrasiya sahəsindəki yeniliklərlə ictimaiyyətin maarifləndirilməsi və məlumatlandırılması məqsədilə Lənkəran regional miqrasiya idarəsinin Astara Pedoqoji Kollecində təşkil etdiyi görüş maraqla qarşılanıb. Bildirilib ki, bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasətin uğurlarının təzahürü kimi Azərbaycanda əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin bütün hüquq və azadlıqları - sərbəst hərəkət etməsi və yaşayış yeri seçməsi, təhsil alması, əmək fəaliyyəti ilə məşğul olması, səhmdar və sahibkar kimi fəaliyyət göstərməsi, şəxsi toxunulmazlığı, mənzil toxunulmazlığı, istirahət etməsi, sağlamlığının qorunması, vicdan azadlığı tam təmin olunur.
Görüşdə Miqrasiya Məcəlləsinin maddələrinin izahı, qanunvericiliyin tələbləri, normativ-hüquqi aktlardakı dəyişikliklər şərh olunub. Ölkə ərazisində müvəqqəti olma, yaşama, daimi yaşama, iş icazələrinin verilməsi və müddətlərinin uzadılması üçün prosedurlar, qanunvericiliyin pozulmasına görə məsuliyyət diqqətə çatdırılıb, əcnəbi tələbələrin hüquq və vəzifələrindən bəhs olunub. Ali və orta ixtisas təhsili müəssisələrində əyani təhsil alan əcnəbilərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşama icazəsi verilməsini təmin etmək üçün universitet və kolleclərin müvafiq struktur bölmələrinin həyata keçirdiyi sənədləşmə işləri ilə bağlı məsələlərə toxunulub. Çıxışlarda hər kəsin - istər əcnəbinin, istərsə də vətəndaşın Konstitusiya və qanunlarımıza, Azərbaycan xalqının adət və ənənələrinə hörmətlə yanaşmalarının vacibliyi ön plana çəkilib.
Sonda iştirakçıları maraqlandıran, eləcə də izahına ehtiyac olan suallar cavablandırılıb.