Dövlət Miqrasiya Xidməti ilə Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəz arasında əməkdaşlıq imkanları müzakirə olunub
Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev Avstriyaya səfəri çərçivəsində mənzil-qərərgahı Vyanada yerləşən Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin (MSİBM) Baş direktoru Mikael Şpindeleggerlə görüşüb.
Görüşdə təşkilatla ikitərəfli və çoxtərəfli müstəvidə əməkdaşlıq əlaqələri geniş müzakirə olunub. Azərbaycan Respublikası ilə MSİBM arasında dostluq münasibətlərinin və əməkdaşlığın daha da gücləndirilməsi və inkişaf etdirilməsi istiqamətində atılmış addımlar qeyd edilib.
Xidmət rəisi Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətin məntiqi nəticəsi kimi Azərbaycanda miqrasiya idarəetməsi və miqrasiya proseslərinin tənzimlənməsi sahəsində əldə edilmiş nəticələrdən söhbət açıb. Miqrasiya, repatriasiya, sığınacaq, viza siyasəti və sərhəd nəzarəti ilə bağlı əlavə tədbirlərin qəbul edilməsi zəruriyyətini nəzərə alaraq 2006‐cı il iyunun 27‐də Bakı şəhərində Azərbaycan Respublikası Hökuməti və MSİBM arasında imzalanmış əməkdaşlıq sazişindən irəli gələn məqamlara toxunub. 2016-cı il sentyabrın 19-da qəbul olunan “Qaçqınlar və miqrantlar üçün Nyu-York Bəyannaməsi”ni xatırladan F.Nəbiyev bu ilin aprelində Nyu-Yorkda “2018-ci ildə təhlükəsiz, nizamlı və qanuni miqrasiya üçün qlobal vəhdət istiqamətində beynəlxalq əməkdaşlığın və idarəetmənin gücləndirilməsi” mövzusunda tədbir çərçivəsində “Təməldən yüksəliş: təkmil miqrasiya idarəçiliyi üçün vahid cəmiyyət yanaşmasının təşviqi” adlı paneldə çıxışı zamanı qaldırdığı həlli vacib məsələlərə dair fikirlərini bölüşüb.
F.Nəbiyev Ermənistanın Azərbaycana təcavüzü nəticəsində yaranmış Dağlıq Qarabağ münaqişəsi barədə danışaraq BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin hələ də icra edilməməsini, bir milyondan çox insanın keçən əsrin 80-ci illərinin sonu və 90-cı illərinin əvvəllərindən bəri qaçqın və köçkün həyatı yaşadığını təəssüf hissi ilə qeyd edib və beynəlxalq ictimaiyyətin regionda sabitliyə ciddi təhlükə olan bu konfliktin sülh yolu ilə həlli üçün səylərini artırmasının vacibliyini vurğulayıb.
Fikir mübadiləsi şəraitində keçən görüşdə 2015-ci ildə Avropa İttifaqının Azərbaycan Respublikasının razılığı ilə Birgə Bəyannamədən irəli gələn layihələrin icrasını MSİBM həvalə etməsindən sonra görülən işlər və həyata keçirilən layihələr təhlil olunub. Azərbaycan hökumətinin miqrasiya üzrə monitorinq, analitik və proqnozlaşdırma sahəsindəki potensialının artırılması və miqrasiya siyasətinin həyata keçirilməsinə dəstək olaraq görülən işlərə diqqət çəkilib. Əmək miqrasiyası, sənədlərin təhlükəsizliyi, milli sığınacaq siyasəti sahəsində və geri qayıtmış vətəndaşların davamlı reinteqrasiyasının həyata keçirilməsində idarəçiliyi gücləndirmək, o cümlədən Aİ və Azərbaycan arasında yerdəyişməyə dair ictimai məlumatlılığı artırmağa xidmət edən MOBİLAZE layihəsinin əhəmiyyətindən danışılıb.
Qeyd edək ki, MSİBM ilə əməkdaşlıq çərçivəsində Azərbaycan Respublikası və Avropa İttifaqı arasında “Azərbaycanla Yerdəyişmə üzrə Tərəfdaşlığın həyata keçirilməsinə dəstək” (MOBİLAZE) adlı layihə hazırlanmış və həyata keçirilməsi üçün 31 dekabr 2015-ci il tarixdə Aİ və MSİBM arasında saziş imzalanıb. 36 aylıq müddəti əhatə edən layihənin icrasına 2016-cı ilin yanvar ayının 15-dən başlanılıb. Layihəyə Aİ-nin 7 ölkəsindən (Bolqarıstan Respublikası, Çex Respublikası, Latviya Respublikası, Litva Respublikası, Niderland Krallığı, Polşa Respublikası, Slovakiya Respublikası) 9 qurum cəlb olunub. 2016-cı ilin mart ayından layihənin Bakı ofisi fəaliyyətə başlayıb.
Görüşlərdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.