newsPhoto

Dövlət Miqrasiya Xidmətində ATİB və TÜİB rəsmiləri ilə görüş olub

Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB)  və  Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin (TÜİB) rəsmiləri ilə görüşüb.

Görüşdə Azərbaycan və Türkiyə dövlətləri arasında münasibətlərin möhkəm təməllər üzərində  bərqərar olması üçün tarixi xidmətlər göstərmiş və bu gün anadan olmasının 94-cü ildönümü qeyd edilən Ulu öndər Heydər Əliyev xatırlanıb. Dahi şəxsiyyətin müəyyənləşdirdiyi strategiyaya əsasən müasir müstəqil Azərbaycan Respublikasının əldə etdiyi nailiyyətlərə toxunulub. Azərbaycanın geostrateji bir məkanda yerləşməsi, həmçinin tolerant ölkə kimi multikultural dəyərlərə verilən önəm, respublikamızda bir sıra beynəlxalq tədbirlərin, forumların, simpoziumların, mədəniyyət və idman  yarışlarının müvəffəqiyyətlə keçirilməsinin böyük əhəmiyyəti xüsusi vurğulanıb. Bakıda bu günlərdə keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının fəlsəfəsinə dair söhbət açılıb.

Xidmət rəisi qeyd edib ki, Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində Azərbaycanın iqtisadi inkişafı nəinki xarici investisiyaların axınını sürətləndirir, həmçinin ölkədə əmək fəaliyyəti ilə məşğul olmaq istəyən əcnəbilərin də sayının artmasına səbəb olur. Bu da, öz növbəsində miqrasiya proseslərinə nəzarətin gücləndirilməsini zərurətə çevirir. Bu kimi məsələlərlə bağlı hələ bu ilin əvvəlində Türkiyəyə səfəri çərçivəsində keçirilən görüşlərdə aparılmış çoxşaxəli müzakirələri qeyd edən F.Nəbiyev Azərbaycanda fəaliyyət göstərən hər bir şirkət rəhbərinin də ölkəmizin qanunlarına riayət etmələrinin vacibliyini diqqətə çatdırıb. Hazırda miqrasiya sahəsində qanunvericiliyin beynəlxalq normalara və müasir dövrün tələblərinə uyğun təkmilləşdirildiyini deyən Xidmət rəisi miqrantların hüquqlarının qorunması üçün onların ölkədə olma və yaşamalarını leqallaşdırmalarının, respublikaya gələrkən bəyan edilmiş məqsədlərinə əməl etmələrinin vacibliyini vurğulayıb.

Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB)  sədri Cemal Yangın, Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin (TÜİB)  sədri Ali İhsan Genç Azərbaycanda iş adamlarına yaradılan şəraitdən razılıqlarını bildiriblər. Digər ölkələrdə də  Azərbaycanda tətbiq edilən müsbət təcrübə haqqında məlumatlar çatdırılmasının vacibliyini söyləyiblər. Azərbaycanın iqtisadi, sosial, mədəni inkişafına dəstək olmaqla yanaşı iki qardaş ölkə arasında iqtisadi körpü vəzifəsini də məsuliyyətli bir şəkildə davam etdirdiklərini deyiblər.

Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralın da iştirak etdiyi görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə geniş fikir mübadiləsi aparılıb.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur