Dövlət Miqrasiya Xidmətində ABŞ-ın ölkəmizdəki müvəqqəti işlər vəkili ilə görüş olub
Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı səfirliyinin müvəqqəti işlər vəkili, səfir vəzifələrini icra edən Vilyam Gil ilə görüşüb.
Görüşdə ölkələrimiz arasında dostluq və səmərəli əməkdaşlıq münasibətlərini qeyd edən Xidmət rəisi bu əlaqələrin müxtəlif sahələri əhatə etdiyini, keçirilən görüşlərin əməkdaşlığımızın inkişafında qarşılıqlı marağın təzahürü olduğunu vurğulayıb.
F.Nəbiyev bildirib ki, vaxtilə 11 sentyabr faciəsinə dərhal reaksiya verən Ulu öndər Heydər Əliyev baş verən terror aktlarını kəskin pisləyərək Azərbaycanın ABŞ-ın yanında olduğunu bəyan etdi. Buna paralel olaraq ölkəmiz antiterror koalisiyasının ilk üzvlərindən birinə çevrildi, sözügedən koalisiyanın səmərəli fəaliyyətinə böyük töhfələr verdi. Elə bu gün də bu fakt dünya miqyasında geniş təqdir olunur. Xidmət rəisi deyib ki, ABŞ-ın da bir sıra transmilli layihələrdə Azərbaycana dəstəyi iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olmasının bariz nümunəsidir.
Xidmət rəisi Ermənistanın ölkəmizə təcavüzü nəticəsində yaranmış Dağlıq Qarabağ münaqişəsinə görə ötən əsrin 80-ci illərinin sonu 90-cı illərinin əvvəllərində Azərbaycanın üzləşdiyi böhrandan bəhs edib. Azərbaycan hökumətinin demək olar ki, qaçqın və köçkünlərin sosial problemlərinin həllinin öhdəsindən təkbaşına gəldiyini söyləyib. Amma Ermənistanın qeyri-konstruktivliyi ucbatından hələ ki, münaqişənin həll edilməməsinə görə qaçqın və məcburi köçkünlərin ən əsas problemlərinin - öz ata-baba yurdlarına qayıtmaq məsələlərinin mümkün olmadığı ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olan ABŞ-ın ölkəmizdəki müvəqqəti işlər vəkilinin diqqətinə bir daha çatdırılıb.
Görüşdə dünyada baş verən miqrasiya axınlarına, miqrasiya proseslərinin tənzimlənməsi, habelə qanunsuz miqrasiyaya qarşı mübarizə məsələlərinə və digər mövzulara dair faydalı fikir mübadiləsi aparılıb, Azərbaycanda miqrasiya idarəetmə sahəsində həyata keçirilən tədbirlərə maraq göstərilib.
Sonra Xidmət rəisi Azərabycanın miqrasiya qanunvericiliyi, miqrasiya proseslərinin idarəolunmasında “bir pəncərə” prinsipi üzrə vahid dövlət orqanının səlahiyyətlərini həyata keçirən Dövlət Miqrasiya Xidmətinin fəaliyyət istiqamətləri, Vahid Miqrasiya Məlumat Sistemi barədə söhbət açıb. Xidmət rəisi Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində bu gün əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin rahatlıqlarının təmin edilməsi məqsədilə ölkədə həyata keçirilən tədbirləri, Dövlət Miqrasiya Xidmətinin əldə etdiyi nailiyyətləri konkret faktlarla qeyd edib. Beynəlxalq təşkilatlarla və xarici dövlətlərin müvafiq qurumları ilə əməkdaşlığın əhəmiyyətinə toxunub.
İki ölkə arasında miqrasiya proseslərinin idarəolunması sahəsində mümkün əməkdaşlığın perspektivləri təhlil olunub, təcrübə və məlumat mübadiləsinin aparılmasının əhəmiyyəti vurğulanıb.
Azərbaycanda yaşayan ABŞ vətəndaşları ilə bağlı diplomatı maraqlandıran məsələlər müzakirə olunub.
Görüşdə miqrasiya sahəsində qarşılıqlı maraq doğuran digər mövzulara dair geniş fikir mübadiləsi aparılıb.