newsPhoto

Ulu öndər Heydər Əliyevin anadan olmasının ildönümü münasibətilə Dövlət Miqrasiya Xidmətində tədbir keçirilib

Mayın 5-də Dövlət Miqrasiya Xidmətində (DMX) Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilmiş tədbir keçirilib.

Əvvəlcə Xidmətdə fəaliyyət göstərən Heydər Əliyev Muzeyi ziyarət edilib, Ulu Öndərin büstü önünə əklil qoyulub, Ümummilli liderin əziz xatirəsinə ehtiram ifadə olunub.

Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev Ümummilli lider Heydər Əliyevin Azərbaycanın inkişafı üçün gördüyü mühüm işlərdən, dövlətçiliyimizin möhkəmləndirilməsində, iqtisadiyyatımızın inkişafında əvəzsiz xidmətlərindən söz açıb. Azərbaycan xalqı qarşısındakı xilaskarlıq missiyasından, Ulu öndər Heydər Əliyevin fenomenal şəxsiyyət və lider kimi səciyyəvi xüsusiyyətlərindən, idarəçilik keyfiyyətlərindən, ümumilikdə dövlətçilik fəaliyyətindən danışıb. Müasir müstəqil Azərbaycan dövlətinin qurulmasında və dünyaya tanıdılmasında Ulu öndər Heydər Əliyevin müstəsna rolunu vurğulayan Xidmət rəisi qeyd edib ki, Ümummilli Lider sovet rejiminin sərt təzyiqlərinə baxmayaraq bu günümüz üçün ən qlobal problemləri məharətlə həll edib, Azərbaycanın strateji maraqları naminə ciddi addımlar atmaqla dövlət müstəqilliyimizin möhkəm təməlini qoyub. 

Ümummilli Liderin siyasətinin əhəmiyyətindən bəhs edən F.Nəbiyev diqqətə çatdırıb ki, ötən əsrin 90-cı illərinin birinci yarısında qeyri-sabit regionda Azərbaycanla “Əsrin müqaviləsi” kimi tarixi sazişin imzalanmasının yalnız və yalnız Heydər Əliyev amilinə görə mümkün olduğu bir həqiqətdir. Dahi rəhbərin ideyalarının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini, dövlətimizin başçısının apardığı məqsədyönlü siyasət nəticəsində bu gün Azərbaycanın dünya ölkələri arasında özünə layiqli yer tutduğunu xüsusi vurğulayan Xidmət rəisi bildirib ki, Azərbaycan xalqı xoşbəxtdir ki, onun müdrik şəxsiyyət Heydər Əliyev kimi Ümummilli Lideri var.

Sonra tədbir DMX aparatının akt zalında davam etdirilib. Mərasimdə “Ulu öndər Heydər Əliyevin alternativsiz siyasi kursu Azərbaycanın  parlaq gələcəyinin təminatıdır” mövzusunda məruzə təqdim olunub. Vətənə, xalqa həsr edilən ömrün anları vərəqlənib. Qeyd edilib ki, Azərbaycanda sabitliyin, vətəndaş həmrəyliyinin bərqərar olunması, doğma Azərbaycanın müstəqilliyinin qorunması, dövlətçiliyinin möhkəmləndirilməsi, inkişafı yalnız və yalnız Ulu Öndərin adı və fəaliyyəti ilə bağlıdır. İftixarla bildirilib ki, Azərbaycanın bütün sahələrində Heydər Əliyevin gördüyü işlərdən danışmaq olar. Belə ki, Ulu Öndərin bilavasitə şəxsi təşəbbüsü ilə müasir Azərbaycan memarlığının şah əsərləri sayılan və respublikamızın siyasi və mədəni həyatında böyük əhəmiyyəti olan saraylar, neçə-neçə möhtəşəm binalar, xalqımızın tarixində mühüm rol oynamış şəxslərə, ədəbiyyat və incəsənət xadimlərinə əzəmətli abidələr ucaldılıb. 

Məruzədə Ulu öndər Heydər Əliyevin Azərbaycan gəncliyinin hamisi olduğu fikrinə diqqət çəkilib, dilimizin, milli-mənəvi dəyərlərimizin qorunmasına və inkişafına verdiyi töhfələrin xüsusi əhəmiyyətinə toxunulub.

Sonda mərasim iştirakçıları “Vətənə, xalqa həsr edilən ömür” filminə baxıblar.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur