Əfqanıstanın ölkəmizdəki səfiri Dövlət Miqrasiya Xidmətində olub
Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev Əfqanıstan İslam Respublikasının Azərbaycandakı səfiri Muhəmməd Tağı Xəlili ilə görüşüb.
Görüş zamanı Azərbaycanla Əfqanıstan arasında mövcud olan dostluq münasibətlərinin tarixindən söhbət açılıb. Ermənistanın Azərbaycana təcavüzü nəticəsində yaranmış Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Əfqanıstan İslam Respublikasının ölkəmizin haqq işini hər zaman müdafiə etdiyi, Azərbaycan Respublikasına göstərdiyi dəstəyi yüksək qiymətləndirilib.
Xidmət rəisi miqrasiya proseslərinin idarəolunmasında “bir pəncərə” prinsipi üzrə vahid dövlət orqanının səlahiyyətlərini həyata keçirən Dövlət Miqrasiya Xidmətinin fəaliyyət istiqamətləri barədə söhbət açıb. Bildirib ki, ölkəmizə gələn və 10 gündən artıq qalmaq istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər DMX-də olduğu yer üzrə qeydiyyata düşməlidirlər. F.Nəbiyev Xidmətdə ölkəmizdə müvəqqəti və daimi yaşamaq üçün icazələrin, eləcə də iş icazələrinin verilməsi kimi məsələlərə baxıldığını diqqətə çatdırıb. Bundan əlavə, DMX-nin Azərbaycan Respublikasına qaçqın və ya sığınacaq axtaran statusu almaq məqsədilə gələn əcnəbilərin müraciətlərini qəbul etdiyini, öz səlahiyyətləri çərçivəsində vətəndaşlıq məsələlərində iştirak etdiyini deyib. Xidmət rəisi Prezident İlham Əliyevin diqqət və qayğısının nəticəsində bu gün əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin rahatlıqlarının təmin edilməsi məqsədilə regionlarda və beynəlxalq hava limanlarında DMX-nin struktur bölmələrinin fəaliyyət göstərdiyini vurğulayıb.
Görüşdə həmçinin miqrasiya və vətəndaşlıq haqqında milli qanunvericiliyə edilmiş son dəyişikliklər barədə də danışılıb. Səfiri maraqlandıran bir sıra məsələlərə qanunvericilik çərçivəsində aydınlıq gətirilib.
Bundan əlavə, Azərbaycanda yaşayan Əfqanıstan vətəndaşları ilə bağlı bir sıra məsələlərə toxunulub, toxunulan məsələlərin həllində atıla biləcək birgə addımlar müzakirə edilib.
Görüş zamanı iki ölkə arasında miqrasiya proseslərinin idarəolunması sahəsində mümkün əməkdaşlıq perspektivləri təhlil olunub, təcrübə və məlumat mübadiləsinin aparılmasının əhəmiyyəti qeyd edilib.
Sonda Azərbaycan hökumətinin Əfqanıstana göstərdiyi dəstək və yardımlara görə minnətdarlığını bildirən səfir Məhəmməd Taqi Xəlili ölkəsinin Azərbaycanla əməkdaşlığın bütün sahələrdə genişləndirilməsində maraqlı olduğunu vurğulayıb və iki ölkə arasında miqrasiya sahəsində əlaqələrin inkişafı istiqamətləri barədə fikirlərini bildirib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlərə dair geniş fikir mübadiləsi aparılıb.