newsPhoto

Dövlət Miqrasiya Xidmətinin rəisi Türkiyənin Azərbaycandakı səfiri ilə görüşüb

Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev  Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralla görüşüb.

Xidmət rəisi Azərbaycan və Türkiyə xalqları və dövlətləri arasında tarix boyu formalaşmış qardaşlıq münasibətlərindən söhbət açıb, əlaqələrin möhkəmləndirilməsi və inkişaf etdirilməsi yolunda Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan tərəfindən həyata keçirilən siyasətin bir nümunə olduğunu söyləyib. F.Nəbiyev bu ilin əvvəlində Türkiyəyə səfəri zamanı keçirilən görüşləri, aparılan səmərəli müzakirələri məmnunluqla xatırlayıb.

Türkiyə ilə Azərbaycan arasında miqrasiya sahəsində əməkdaşlıqdan söhbət açan Xidmət rəisi Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti ilə qardaş ölkənin müvafiq qurumları arasında əlaqələrin əhəmiyyətini qeyd edib. F.Nəbiyev Türkiyə vətəndaşlarının respublikamızda təhsil aldıqlarına, müxtəlif sahələrdə əməkçi miqrant kimi haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olduqlarına, onların və ümumiyyətlə  miqrantların hüquqlarının  Azərbaycanda hər zaman yüksək səviyyədə qorunduğuna diqqət çəkib. Xidmət rəisi Türkiyədə keçirdiyi görüşlərdə də vurğuladığı kimi Azərbaycan vətəndaşlarının da qardaş ölkədə bu cür qayğı ilə əhatə olunduğuna əminliyini ifadə edib.

F.Nəbiyev bütün sahələrdə olduğu kimi miqrasiya sahəsində də Türkiyə ilə Azərbaycan arasında əlaqələrin yüksələn xətlə inkişaf etdiyini deyib.

Görüşdə Türkiyədən olan iş adamlarına ölkəmizdə yaradılmış şəraitdən məmnunluq ifadə olunub.

Səfir səmimi görüşə görə Dövlət Miqrasiya Xidmətinin rəisinə təşəkkür edib. Diplomat Azərbaycanla Türkiyə arasında qardaşlıq münasibətlərindən danışıb, bu əlaqələrin sağlam və davamlı inkişafından bəhs edib. İki öl­kə ara­sın­da əla­qə­lə­rin, o cümlədən miqrasiya sahəsində ölkəsinin müvafiq qurumları ilə ikitərəfli əməkdaşlığın da­ha da möhkəmləndirilməsi na­mi­nə səy­lə­ri­ni əsirgəməyə­cə­yi­ni vur­ğu­la­yıb.

Görüşdə miqrasiya qanunvericiliyi, həmçinin miqrasiya ilə bağlı qarşılıqlı maraq doğuran digər məsələlərə dair geniş fikir mübadiləsi aparılıb.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur