newsPhoto

Yardımlı rayonunda “Azərbaycan Respublikasının miqrasiya siyasəti dünya miqrasiya prosesləri kontekstində” mövzusunda tədbir keçirilib

Dövlət Miqrasiya Xidmətinin əhalinin miqrasiya qanunvericiliyi sahəsində maarifləndirilməsi məqsədilə Yardımlı rayonunda təşkil etdiyi tədbirdə şəhər və kənd inzibati ərazi dairəsi üzrə nümayəndələr, sahibkarlar, həmçinin ictimaiyyətin təmsilçiləri iştirak ediblər.

Tədbirdə bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə siyasi, iqtisadi, sosial inkişaf dinamikası, nəhəng transmilli enerji və nəqliyyat layihələrinin uğurla reallaşdırılması, ölkəmizdə yaradılmış sabitlik, əmin-amanlıq şəraiti Azərbaycanı regionun lider dövlətinə çevirib.

Diqqətə çatdırılıb ki, miqrantlar adətən iqtisadi cəhətdən yüksək inkişaf etmiş ölkələrə üz tuturlar. Belə ki, Vahid Miqrasiya Məlumat Sistemi vasitəsilə müəyyən edilib ki, 2017-ci ilin I rübü ərzində 399.429 əcnəbi və vətəndaşlığı olmayan şəxsin ölkə ərazisinə 557.628 girişi və 398.295 nəfər olmaqla ölkə ərazisindən 557.461 əcnəbi və vətəndaşlığı olmayan şəxsin çıxışı qeydə alınıb. Rüb ərzində ölkədə qalma müddətinə müvafiq olaraq 146.920 əcnəbi və vətəndaşlığı olmayan şəxs olduğu yer üzrə qeydiyyata alınmaqla bağlı müraciət edib.

Sonra “Azərbaycan Respublikasının miqrasiya siyasəti dünya miqrasiya prosesləri kontekstində” mövzusunda məruzə təqdim olunub. Qeyd edilib ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanına əsasən Dövlət Miqrasiya Xidməti 2009-cu il iyulun 1-dən «bir pəncərə» prinsipi üzrə vahid dövlət orqanının səlahiyyətlərini həyata keçirir. Bu da miqrasiya proseslərinin vahid və çevik prosedurlar əsasında tənzimlənməsinə, sənədləşmənin sadələşdirilməsinə xidmət edir.

Bu gün Azərbaycan brendi olan ASAN xidmət mərkəzlərində də DMX tərəfindən bir neçə xidmət növü təqdim olunur. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin ölkəmizdə müvəqqəti və ya daimi yaşaması, həmçinin  haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları üçün iş icazələrinin verilməsi, habelə şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı müraciətlər qəbul edilir.

Tədbirdə qanunsuz miqrasiyaya qarşı mübarizə sahəsində görülən işlərin, vətəndaşsızlıq hallarının aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlərin səmərəli nəticələri haqqında da məlumat verilib.

Əldə edilən uğurlu nəticələrin Prezident İlham Əliyevin Xidmətə göstərdiyi diqqət və qayğının nəticəsində mümkün olduğu xüsusi vurğulanıb.

Daha sonra iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Görüş iştirakçıları geniş izahedici söhbətə və ətraflı məlumata görə minnətdarlıqlarını bildiriblər.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur