newsPhoto

Dövlət Miqrasiya Xidmətinin rəisi Avstriyada səfərdədir

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev Vyanaya səfəri çərçivəsində Avstriya Federal Daxili İşlər Nazirliyinin Sığınacaq, Miqrasiya, Vətəndaşlıq, Vətəndaşlıq vəziyyəti məsələləri və İnsan Hüquqları üzrə Baş direktorluğunun, həmçinin Polis, mülki müdafiə və böhran vəziyyətlərinin idarəolunması üzrə Baş direktorluğunun, o cümlədən İmmiqrasiya və Sığınacaq üzrə Federal Ofisin və Dublin və Beynəlxalq əlaqələr üzrə departamentin rəhbərləri ilə keçirdiyi görüşlərdə iki ölkə arasında miqrasiya sahəsində əməkdaşlıq imkanları müzakirə olunub.

Görüşlərdə F.Nəbiyev Azərbaycanla Avstriya arasında dostluq münasibətləri barədə ətraflı söhbət açıb. Xidmət rəisi Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızda sosial-iqtisadi tərəqqi, sabitlik, təhlükəsizliyin yüksək səviyyədə təmin olunması nəticəsində əldə olunmuş nailiyyətlərdən danışıb. Sadalanan bu amillərin respublikamızın miqrasiya baxımından mənşə ölkədən tranzit və təyinat ölkəyə çevrilməsinə səbəb olduğuna toxunub. Bildirib ki, dünyada və regionda gedən proseslərin əvvəlcədən düzgün proqnozlaşdırılması nəticəsində hələ 10 il əvvəl Azərbaycanda miqrasiya sahəsində vahid dövlət siyasətini həyata keçirən xüsusi dövlət qurumunun yaradılması obyektiv zərurət kimi meydana çıxmış və mərkəzi icra hakimiyyəti orqanı olaraq Dövlət Miqrasiya Xidməti yaradılmışdır. Xidmət əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyata alınması, ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin verilməsi və mövcud icazələrinin müddətlərinin uzadılması, həmçinin vətəndaşlığa qəbul, bərpa, xitam, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, qeyri-qanuni miqrasiyanın qarşısının alınması üzrə kompleks tədbirlərin görülməsi ilə bağlı fəaliyyət həyata keçirir. Ölkədə 2009-cu il iyulun 1-dən miqrasiya proseslərinin idarəolunmasında “bir pəncərə” prinsipinin tətbiq edilməsinə başlanılıb və bu prinsip üzrə vahid dövlət orqanının səlahiyyətləri Dövlət Miqrasiya Xidmətinə həvalə edilib.

Xidmət rəisi vurğulayıb ki, ötən dövrdə Azərbaycanda miqrasiya idarəetmə mexanizminin təkmilləşdirilməsi, miqrasiya proseslərinin idarəolunması və tənzimlənməsi məqsədilə həm qanunvericilik, həm də onun tətbiqi ilə bağlı dövlət tərəfindən bir sıra ciddi addımlar atılıb. F.Nəbiyev əlavə edib ki, hazırda dünyada cərəyan edən qloballaşma fonunda Azərbaycan regionda gedən miqrasiya proseslərinə təsir etmək, ölkə ərazisinə olan miqrasiya axınlarını nəzarətdə saxlamaq və ölkə daxilində miqrasiya proseslərini yerli qanunvericiliyə uyğun idarə etmək və tənzimləmək üçün fəal miqrasiya siyasəti yeridir. Respublikamızın mütərəqqi miqrasiya qanunvericiliyindən danışan Xidmət rəisi ilk dəfə Azərbaycanda qəbul edilmiş Miqrasiya Məcəlləsində əksini tapmış müvafiq normaların tətbiqinin sadələşdirilməsindən bəhs edib. Bildirib ki, bütün bunlar Azərbaycan dövlətinin humanist mahiyyətinin nümunəsidir. Xidmət rəisi söyləyib ki, ölkəmizdə qaçqın statusunun verilməsi üçün vəsatət verən, qaçqın statusu almış şəxslərə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazəsinin alınması tələb olunmur. Bununla belə, qaçqın statusu verilməsi barədə vəsatətlə müraciət edən və qaçqın statusu alan şəxslər Xidmətin müasir standartlara cavab verən qanunsuz miqrantların saxlanılması mərkəzlərinə könüllü yerləşdirilirlər.

Xidmət rəisi ölkəmizdə multikultural dəyərlərə verilən önəmdən bəhs edib və bu günə qədər  miqrantlara münasibətdə milli, etnik və dini zəmində heç bir hüquq pozuntusunun qeydə alınmadığına diqqət çəkib.

F.Nəbiyev Xidmətin Vahid Miqrasiya Məlumat Sisteminin əcnəbinin ölkəyə gəldiyi vaxtdan ölkəni tərk edənə qədər harada qalması, yaşaması, işləməsi və s. məsələlərinin tam nəzarətdə saxlanılmasına imkan verdiyini deyib. 

Xidmət rəisi Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycanın ötən əsrin 80-ci illərin sonu 90-cı illərin əvvəllərində bir milyon qaçqın və məcburi köçkün axını ilə üzləşdiyini qeyd edib. Bu gün də təcavüzün davam etdirildiyini bildirib və Azərbaycan hökumətinin hələ də qaçqın və məcburi köçkün həyatı yaşayan həmin insanların problemlərinin həlli üçün gördüyü işlər barədə danışıb.

Görüşlərdə miqrasiya məsələləri və digər qarşılıqlı maraq doğuran mövzular barədə ətraflı fikir mübadiləsi aparılıb.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur