newsPhoto

Maarifləndirmə tədbirləri tələbələr tərəfindən maraqla qarşılanıb

 

Dövlət Miqrasiya Xidmətinin yaradılmasının 10-cu ildönümü ərəfəsində  paytaxtda və regionlarda ictimaiyyətin, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin məlumatlandırılması məqsədilə maarifləndirmə tədbirləri davam etdirilir.

Bu silsilədən olan növbəti tədbir Bakı Dövlət Universitetində keçirilib. Müəllim və tələbə heyətinin iştirakı ilə reallaşdırılan görüşdə Xidmətin məsul əməkdaşı çıxış edərək Dövlət Miqrasiya Xidmətinin 10 illik fəaliyyəti dövründə həyata keçirilən tədbirlər, görülən işlər, göstərilən xidmətlər, eləcə də qısa zaman ərzində əldə edilən uğurlar barədə ətraflı məlumat verib.

Həmçinin tədbirdə Xidmətin rəsmi internet səhifəsinin (www.migration.gov.az) təqdimatı olub. Bildirilib ki, miqrasiya xidmətlərini müasir informasiya texnologiyalarının nailiyyətlərindən kənar təsəvvür etmək mümkünsüzdür. Prezident cənab İlham Əliyevin “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 24 may 2011-ci il tarixli Fərmanına müvafiq olaraq Dövlət Miqrasiya Xidməti tərəfindən “Elektron Xidmət”lərin göstərilməsi üçün rəsmi internet səhifəsində xüsusi bölmə yaradılıb. Diqqətə çatdırılıb ki, bu gün DMX-nə “Elektron hökumət” portalına inteqrasiya olunmuş 11 elektron xidmət vasitəsi ilə vətəndaşların müraciətləri daxil olur və hər biri üzrə qanunvericiliyin tələblərinə müvafiq qərarlar qəbul olunur. Bu da öz növbəsində vətəndaşlara göstərilən xidmətlərin operativliyini, rahatlığını, habelə şəffaflığını təmin edir.

Vurğulanıb ki, hazırda Xidmətin rəsmi internet səhifəsi 3 dildə – Azərbaycan, ingilis və rus dillərində fəaliyyət göstərir. Saytın müvafiq bölmələrində yerləşdirilmiş məlumatların yenilənməsi və təkmilləşdirilməsi daim diqqət mərkəzində saxlanılır. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin “Sual-cavab” xidmətindən istifadə etmələri, “Onlayn bələdçi”nin imkanlarından yararlanmaları və vaxtında hüquqi yardım almaları üçün lazımi təşkilati tədbirlər həyata keçirilib.

Daha bir maarifləndirmə tədbiri Azərbaycan Tibb Universitetində təşkil edilib. Tədbirdə miqrantların hüquqlarının qorunması sahəsində görülən işlər, həyata keçirilən tədbirlər barədə məlumat verilib. Qeyd edilib ki, Xidmət fəaliyyətə başladığı ilk gündən etibarən miqrasiya sahəsində baş verən yeniliklərin və mühüm tədbirlərin ictimaiyyətə çatdırılması işində daim operativlik nümayiş etdirib. İctimaiyyətin miqrasiya sahəsində maarifləndirilməsi məqsədilə Xidmətin vəzifəli şəxslərinin ayrı-ayrı radio və televiziya kanallarında çıxışları, Xidmətin fəaliyyətinə dair filmlərin və maarifləndirici video-çarxların nümayişi, ölkəmizin müxtəlif regionlarında maarifləndirmə tədbirlərinin keçirilməsi, hədəf qruplarına təqdim edilən bukletlərin çapı təşkil edilib.

Qeyd edilib ki, Xidmətin  “Çağrı mərkəzi” (012 919) müraciət edənlərin  3 dildə zəruri informasiya əldə etmək hüququnun təmini baxımından mühüm əhəmiyyət kəsb edir.

Ölkəmizdə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün yaradılmış şərait, eləcə də Dövlət Miqrasiya Xidməti tərəfindən göstərilən xidmətlər barədə verilən məlumatlar iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Sonda görüş iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

 


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur