Sabirabad və Saatlı rayonlarında maarifləndirmə tədbirləri keçirilib
Dövlət Miqrasiya Xidmətinin 10 illik yubileyi münasibətilə Xidmətin Şirvan regional miqrasiya idarəsinin xidməti ərazisinə aid olan Sabirabad rayonunda maarifləndirmə tədbiri keçirilib. Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə rayonun şəhər, qəsəbə və kənd inzibati ərazi dairəsi üzrə nümayəndələrinin, idarə və müəssisə rəhbərlərinin, hüquq-mühafizə orqanları əməkdaşlarının, vətəndaşların, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin iştirakı ilə təşkil olunan tədbirdə ölkədə olduğu yer üzə qeydiyyat, müvəqqəti və daimi yaşama icazələrinin verilməsi üçün əsaslar, tələb olunan sənədlər, müraciət formaları, eləcə də vətəndaşsızlıq hallarının aradan qaldırılması istiqamətində görülən işlər barədə ətraflı məlumat verilib. Qeyd edilib ki, olduğu yer üzrə qeydiyyatın Dövlət Miqrasiya Xidmətinə həvalə edildiyi vaxtdan - 2013-cü il aprelin 1-dən respublikamıza girişi qeydə alınmış əcnəbilərdən ölkədə qalma müddətinə uyğun olaraq 2 milyon 596 min 802 əcnəbi və vətəndaşlığı olmayan şəxs olduğu yer üzrə qeydiyyata alınıb. Bu qədər müraciətin qəbul edilməsi, baxılıb münasibət bildirilməsi səsləndiyi kimi asan olmasa da mobil bir qurumun peşəkar kollektivi bu işlərin öhdəsindən yüksək səviyyədə gəlməyi bacarır.
Vurğulanıb ki, bu il yaradılmasının 10 ili tamam olan Dövlət Miqrasiya Xidməti miqrasiya sahəsində dövlət siyasətini, miqrasiya proseslərinin idarə edilməsi və tənzimlənməsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətləri uğurla həyata keçirir. Hüquq-mühafizə orqanı statusunu daşıyan Xidmət tərəfindən ötən dövr ərzində 70 min 994 şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınaraq, onlar aidiyyəti dövlət qurumu tərəfindən Azərbaycan vətəndaşının şəxsiyyətini təsdiq edən sənədlərlə təmin ediliblər.
Daha bir maarifləndirmə tədbiri Şirvan RMİ-nin xidməti ərazisinə aid olan Saatlı rayonunda təşkil edilib. Tədbirdə DMX-nın fəaliyyət istiqamətləri, miqrasiya qanunverciliyi, əcnəbi işçi qüvvəsindən istifadə qaydaları barədə məlumat verilib. Qeyd edilib ki, ölkədə “bir pəncərə” prinsipi üzrə miqrasiya sahəsində vahid dövlət siyasətini həyata keçirən orqan Dövlət Miqrasiya Xidmətidir. Xidmət 10 il ərzində qarşısına qoyulmuş vəzifələrin öhdəsindən layiqincə gələrək, dövlət rəhbərliyi tərəfindən göstərilmiş etimadı doğrultmaq üçün ciddi səylə fəaliyyət göstərir.
Diqqətə çatdırılıb ki, Vahid Miqrasiya Məlumat Sistemi vasitəsilə hər bir əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin hansı tarixdə ölkəyə daxil olduğuna, harada yaşadığına, işlədiyinə və nə vaxt ölkəni tərk etdiyinə tam nəzarət olunur, bu da ölkədə baş verən miqrasiya proseslərinin dinamikası barədə tam təsəvvürün yaradılmasına imkan verir. Tədbirdə vətəndaşlıq məsələləri, vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi, qaçqın statusunun müəyyənləşdirilməsi və s. kimi məsələlərlə bağlı Dövlət Miqrasiya Xidmətinin gördüyü işlər barədə geniş məlumat verilib.
Hər iki tədbirin sonunda vətəndaşların səyyar qəbulu təşkil olunub və ümumilikdə 30 nəfərin müraciəti dinlənilib.