Dövlət Miqrasiya Xidmətinin 10 illik yubileyi münasibətilə təşkil edilən müsabiqənin qalibləri mükafatlandırılıb
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin yaradılmasının 10-cu ildönümü münasibəti ilə 3 nominasiya - sənədli film, rəsm əsəri və məqalə üzrə keçirilən müsabiqənin qalibləri mükafatlandırılıb. Müsabiqə qaliblərini təbrik edən Dövlət Miqrasiya Xidməti rəisinin müavini, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Pərviz Musayev Xidmətin yaranma tarixi, fəaliyyət istiqamətləri, 10 il ərzində əldə edilən uğur və nailiyyətlərdən bəhs edib. Bildirib ki, Azərbaycan dövləti əldə etdiyi dinamik və hərtərəfli inkişafı ilə bu gün dünyanı heyrətləndirməkdədir. Sosial, iqtisadi, siyasi, mədəni, bir sözlə, bütün sahələrdə ildən-ilə əldə edilən yüksək nəticələr Azərbaycanın qüdrətini daha da artırmaqdadır. Sözsüz ki, bu uğurların əsasında uzaqgörənliklə düşünülmüş və uğurla reallaşdırılan dövlət siyasəti dayanır. Miqrantlar adətən iqtisadi cəhətdən yüksək inkişaf etmiş ölkələrə üz tuturlar. Dövlətimizin başçısı cənab İlham Əliyevin söylədiyi kimi “Azərbaycanın qapıları xoş məramla gələn hər bir əcnəbi üçün açıqdır. Əcnəbilər ölkəmizə gələ, yaşaya, işləyə və təhsil ala bilərlər. Lakin bütün bunlar qanun çərçivəsində tənzimlənməlidir”.
Qeyd edib ki, ölkəmizdə miqrasiya üzrə daha təkmil bir sistemin reallaşdırılması üçün Prezident cənab İlham Əliyevin 19 mart 2007-ci il tarixli 560 saylı fərmanı ilə müstəqil dövlət qurumu olan Dövlət Miqrasiya Xidməti yaradıldı. Prezidentin 2010-cu il 17 mart tarixli 812 nömrəli Sərəncamı ilə isə hər il martın 19-u Azərbaycan Respublikası miqrasiya orqanları işçilərinin peşə bayramı günü kimi qeyd olunur. Elə həmin il mayın 25-də Prezident İlham Əliyev Dövlət Miqrasiya Xidmətinin yeni inzibatı binasının açılış mərasimində iştirak edib. Ötən dövr ərzində miqrasiya siyasətinin ölkəmizin siyasi və iqtisadi maraqlarına yönəldilməsi məqsədilə qanunvericilik bazası daha da möhkəmləndirilib. Eyni zamanda, Dövlət Miqrasiya Xidməti fəaliyyətində qanunvericiliyi rəhbər tutaraq, işini müasir tələblərə uyğun qurub.
Tədbirdə Azərbaycan Kinemotoqrafçılar İttifaqının icra katibi Cəmil Quliyev, Azərbaycan Rəssamlar İttifaqının katibi Ağaəli İbrahimov, Azərbaycan Jurnalistlər Birliyinin sədr müavini – icra katibi Şahin Babayev çıxış edərək müsabiqənin təşkilinə görə Dövlət Miqrasiya Xidmətinə təşəkkür ediblər, müsabiqə qaliblərinə xoş arzularını bildiriblər.
Sonra müsabiqə qalibləri təltif ediliblər.
Xatırladaq ki, müsabiqənin keçirilməsində məqsəd ictimaiyyətin diqqətini Azərbaycan Respublikasında miqrasiya proseslərinin tənzimlənməsi sahəsində həyata keçirilən tədbirlərə və Dövlət Miqrasiya Xidmətinin 10 illik fəaliyyəti dövründə əldə olunan nailiyyətlərə cəlb etmək, eləcə də miqrasiya problemlərinin həllinə istiqamətləndirmək idi.
“Müasir dövrün miqrantları rəssamın gözü ilə” mövzusu üzrə ən yaxşı rəsm əsəri müsabiqəsinə təqdim edilən əsərlərin ideyası, bədii həlli, sənətkarlıq və peşəkarlıq keyfiyyətləri Azərbaycan Rəssamlar İttifaqının üzvləri və təşkilat komissiyası tərəfindən qiymətləndirilib və qaliblər müəyyənləşdirilib. Müsabiqədə I yerə Nuray Əlisoyun «Miqrasiya», II yerə Aysel Nağıyevanın «İnstinkt», III yerə isə Xalidə Əlilinin «Müasir miqrantlar» əsəri layiq görülüb. Həvəsləndirici mükafatlar Qızxanım Cəfərovanın «İşıqlı ümid», Aynur Rüstəmovanın «Yatmış mələk», Azər Yusubovun «Dərə çiçək» əsərlərinə verilib. Qeyd edək ki, müsabiqəyə təqdim edilən rəsm əsərləri yağlı boya ilə kətan üzərində çəkilib.
“Miqrantlar ilə bir yerdə yaşamağın Azərbaycan modeli” mövzusu üzrə ən yaxşı məqalə müsabiqəsinə təqdim olunan yazıların ideyası və məzmunu Azərbaycan Jurnalistlər Birliyinin üzvləri tərəfindən yoxlanılıb və qaliblər müəyyənləşdirilib. Münsiflər tərəfindən I yerə Aidə Quliyevanın “Qayıdışa çağırış” başlıqlı məqaləsi layiq görülüb. Məqalədə 1990-cı illərin əvvəllərində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycanın 20 faiz ərazisinin düşmən tərəfindən işğalı, ölkədə yaranmış qaçqın və məcburi köçkün problemi və onların üzləşdikləri çətinliklərin həlli istiqamətində dövlət tərəfindən həyata keçirilən məqsədyönlü tədbirlər, ölkədə daxili və xarici miqrasiya proseslərinin mənfi təzahürlərinin aradan qaldırılması, eləcə də 25 il ərzində doğma yurd-yuvalarından uzaq düşən qaçqınların əzəli və əbədi dədə-baba torpaqlarına qayıdış çağırışı ürək yanğısı ilə qələmə alınıb.
II yeri Nurəngiz Bağırovanın müəllifi olduğu “Müasir Azərbaycan dövlətinin miqrasiya siyasəti: milli təcrübə və yeni istiqamətlər” adlı məqaləsi tutub. Məqalədə Prezident İlham Əliyevin rəhbərliyi altında ölkədə miqrasiya prosesinin tənzimlənməsi istiqamətində həyata keçirilən uğurlu dövlət siyasəti, miqrasiya məsələlərinin prioritet istiqamətləri, miqrantların ölkədə qanuni əsaslarla olmaq və yaşamaq, işləmək, təhsil almaq hüquqlarını reallaşdırmaları məqsədilə göstərilən xidmətlərin səviyyəsi, Dövlət Miqrasiya Xidmətinin fəaliyyətinin ötən 10 illik mənzərəsi faktların dili ilə diqqətə çatdırılıb.
Müsabiqədə III yeri “Miqrantlarla bir yerdə yaşamağın Azərbaycan modeli” başlıqlı məqaləsi ilə Şəmsiyyə Həsənova qazanıb. Məqalədə Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu uğurlu siyasətin möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi, Azərbaycanın iqtisadi-siyasi, sosial, mədəni, bir sözlə hərtərəfli dinamik inkişafının miqrasiya proseslərinə təsiri, respublikamızın əcnəbilər üçün olduqca maraqlı ölkəyə çevrilməsindən, Dövlət Miqrasiya Xidmətinin yaranma tarixindən, fəaliyyət istiqamətlərindən, mükəmməl qanunvericilik bazasından, regional miqrasiya idarələrinin keçdiyi uğurlu inkişaf yolundan və Xidmətin 10 il ərzində əldə etdiyi nailiyyətlərdən bəhs edilib.
Həvəsləndirici yerə layiq görülən Şəbnəm Mehdizadənin “Miqrasiya proseslərinin idarə olunması dövlətin prioritet sahələrdən biri hesab olunur” adlı məqaləsində Azərbaycanın inkişaf nəticəsində əcnəbilərin ölkəmizə marağının gündən-günə artması, Dövlət Miqrasiya Xidmətinin yaradılmasının miqrasiya proseslərinin tənzimlənməsində əvəzolunmaz rolu, miqrasiya qanunvericiliyi, miqrantlarla bağl tətbiq edilən yeniliklər, onların hüquq və vəzifələri, cəmiyyətə inteqrasiyası istiqamətində dövlət tərəfindən həyata keçirilən tədbirlər, ekspert rəyləri diqqətə çatdırılıb.
Könül Kərimovanın “Azərbaycanın miqrasiya siyasəti dünya miqrasiya proseslərinin kontekstində” məzmunlu məqaləsində Avropada miqrant böhranı, Azərbaycan Respublikasında miqrasiya sahəsində dövlət siyasətinin prioritet istiqamətləri, multikultural ənənələrinin qorunması sahəsində ölkə rəhbərliyinin həyata keçirdiyi uğurlu siyasət ətraflı şərh olunub.
Məhərrəm İbrahimovun “Dövlət Miqrasiya Xidməti – 10 il: Mükəmməl qanunvericilik bazası, peşəkar fəaliyyət, uğurlu model” mövzusunda qələmə aldığı yazıda isə 1993-cü ildə Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra ölkədə qaçqınların və məcburi köçkünlərin problemlərinin uğurlu həlli, onların cəmiyyətə inteqrasiyası, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən düşünülmüş siyasət nəticəsində Azərbaycanın dinamik inkişafı, respublikanın miqrasiya baxımından mənşə ölkəsindən təyinat ölkəsinə çevrildiyi, hüquq-mühafizə orqanı statusu daşıyan Dövlət Miqrasiya Xidmətinin ötən on il ərzindəki peşəkar fəaliyyəti, miqrasiya proseslərinin yüksək səviyyədə nizamlanması, mükəmməl qanunvericilik bazası, həyata keçirilən nailiyyətlər tərənnüm olunub.
Ən yaxşı sənədli film nominasiyası üzrə I yerə Əli Babayevin müəllifi olduğu «Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti: 10 il xidmətdə», II yerə isə Zaur Mahmudovun «Dövlət Miqrasiya Xidməti - 10 il» adlı filmləri layiq görülüblər. Hər iki filmin süjet xətti Dövlət Miqrasiya Xidmətinin 10 il ərzində əldə etdiyi uğur və nailiyyətlərdən bəhs edir.