newsPhoto

Rəssamlıq Akademiyasında əcnəbi tələbələrlə görüş keçirilib

Dövlət Miqrasiya Xidmətinin yaradılmasının 10-cu ildönümü ərəfəsində Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında maarifləndirmə tədbiri keçirilib. Görüşdə miqrasiya qanunvericiliyinə edilmiş bir sıra dəyişikliklər, ölkədə miqrasiya proseslərini əhatə edən yeniliklər, eləcə də respublikamızda əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün yaradılmış şərait barədə məlumat verilib.

Qeyd edilib ki, qarşıya qoyulmuş vəzifələri icra etmək üçün Dövlət Miqrasiya Xidməti yaradıldığı vaxtdan miqrasiya proseslərinə dövlət nəzarətinin gücləndirilməsi məqsədi ilə zəruri normativ hüquqi aktlar qəbul edilib və bir sıra təşkilati tədbirlər həyata keçirilmişdir.

Miqrasiya proseslərinin vahid və çevik prosedurlar əsasında tənzimlənməsinə, sənədləşmənin sadələşdirilməsinə xidmət edən tədbirlərdən biri də "Miqrasiya proseslərinin idarəolunmasında "bir pəncərə" prinsipinin tətbiqi haqqında"  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2009-cu il martın 4-də imzalanmış Fərman olub. Adıçəkilən Fərmanın tətbiqi ölkədə miqrasiya proseslərinin daha çevik və işlək mexanizmlər əsasında idarə edilməsinə, bu sahədə operativliyin təmin olunmasına və həllini gözləyən problemlərin aradan qaldırılmasına imkan verib.

 

Diqqətə çatdırılıb ki, multikultural dəyərlərin hakim olduğu ölkəmizdə yaşayan əcnəbilər Azərbaycan dilinin, tarixinin, mədəniyyətinin, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və vəzifələri ilə bağlı qanunvericiliyin öyrənilməsi üçün Dövlət Miqrasiya Xidmətinin təlim-tədris mərkəzinə müraciət edə bilərlər.

 

Görüşdə müvəqqəti və daimi yaşama icazəsi, haqqı ödənilən əmək fəaliyyəti üçün iş icazəsinin verildiyi və müddətlərin uzadıldığı hallar iştirakçıların diqqətinə çatdırılıb. Həmçinin ölkədə əcnəbi tələbələr üçün nəzərdə tutulan güzəştlər barədə məlumat verilib.

 

Bildirilib ki, görülmüş işlərin nəticəsidir ki, bu gün Dövlət Miqrasiya Xidməti Vahid Miqrasiya Məlumat Sistemi vasitəsilə hər bir əcnəbinin və vətəndaşlığı olmayan şəxsin hansı tarixdə ölkəyə daxil olduğuna, harada yaşadığına, işləməsinə və nə vaxt ölkəni tərk etməsinə tam nəzarət edir. Ona görə də respublika ərazisində olan əcnəbilər ölkəyə gəlişinin bəyan edilmiş məqsədlərinə riayət etməlidirlər.

Sonda görüş iştirakçılarını maraqlandıran suallar Xidmət əməkdaşları tərəfindən cavablandırılıb.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur