İsmayıllı və Şamaxıda keçirilmiş maarifləndirmə tədbirləri maraqla qarşılanıb
Dövlət Miqrasiya Xidmətinin yaradılmasının 10-cu ildönümü ərəfəsində Ağsu regional miqrasiya idarəsinin xidməti ərazisinə aid olan İsmayıllı rayonunda aidiyyəti dövlət qurumlarının, ictimai təşkilatların, işəgötürənlərin, sahibkarların nümayəndələrinin, vətəndaşların, əcnəbi və vətəndaşlığı olmayan şəxslərin iştirakı ilə maarifləndirmə tədbiri təşkil edilib.
Tədbirdə Xidmətin məsul əməkdaşı miqrasiya qanunvericiliyinin beynəlxalq təcrübəyə uyğunlaşdırılması, prosedurların sadələşdirilməsi, eləcə də DMX tərəfindən göstərilən elektron xidmətin imkanları barədə məlumat verib. Bildirib ki, DMX-nin “Elektron hökumət” portalına inteqrasiya olunmuş 11 elektron xidməti vasitəsi ilə göstərilən xidmətlər müraciət edənlərin rahatlığını, habelə operativliyi və şəffaflığı təmin edir. Çünki, miqrasiya sahəsində tətbiq edilən yeniliklərin məqsədi xidmət göstərilən kontingentin, o cümlədən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin məmnunluq səviyyələrini artırmaqdır. Qeyd edilib ki, bu gün Dövlət Miqrasiya Xidmətinin 8 regional miqrasiya idarəsi tam gücü ilə fəaliyyət göstərir. Vurğulanıb ki, ölkəyə gələn hər bir əcnəbi və ya vətəndaşlığı olmayan şəxs Azərbaycan Respublikasının ərazisində olmasını və yaxud yaşamasını mütləq leqallaşdırmalıdır.
Diqqətə çatdırılıb ki, müasir xidmət imkanlarına, peşəkar kadr potensialına malik Dövlət Miqrasiya Xidməti 10 il ərzində öz şəffaf və operativ fəaliyyəti ilə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ümid yerinə çevrilməyi bacarıb.
Daha bir maarifləndirmə tədbiri Şamaxı şəhərində keçirilib. Tədbirdə miqrasiya qanunvericiliyinə edilmiş əlavə və dəyişikliklər, əcnəbilərin Azərbaycan Respublikasına gəlməsi, getməsi və ölkədə müvəqqəti olması, eləcə də əcnəbi işçi qüvvəsindən istifadə qaydalarından bəhs edilib.
Tədbir iştirakçılarının diqqətinə çatdırılıb ki, ölkənin miqrasiya qanunvericiliyinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər respublikamızda olarkən, qanunda və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan vətəndaşları ilə bərabər bütün hüquqlardan istifadə edə bilərlər. Əcnəbilərin respublikamıza qanuni əsaslarla rahat gəlmələrini, qalmalarını, yaşamalarını, işləmələrini, təhsil almalarını təmin edən mütərəqqi qanunvericilik bazası yaradılıb. Miqrasiya Məcəlləsinə əsasən, Azərbaycanda müvəqqəti və ya daimi yaşamaq üçün icazə almış əcnəbilər və vətəndaşlığı olmayan şəxslər pasportları və digər sərhədkeçmə sənədləri, Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqələri əsasında ölkədən gedə və viza almadan Azərbaycan Respublikasına gələ bilərlər. Lakin əcnəbi əvvəllər ölkə ərazisində olarkən gəlişinin bəyan edilmiş məqsədini, həmçinin miqrasiya qanunvericiliyini pozduğuna, eləcə də şəxs Azərbaycana gəlməsi haqqında vəsatət qaldırarkən, özü və ya səfərinin məqsədi haqqında yalan məlumat verdiyinə görə son üç il ərzində iki dəfə və ya daha çox inzibati məsuliyyətə cəlb olunduqda respublikaya gəlişinə 5 il müddətinə məhdudiyyət qoyulur. Vurğulanıb ki, əcnəbilərin hüquq və azadlıqlarının həyata keçirilməsi Azərbaycanın milli mənafeyinə zidd olmamalıdır.
Hər iki tədbir maraqla qarşılanıb, iştirakçılar tərəfindən verilən suallar cavablandırılıb və fikir mübadiləsi aparılıb.