Lənkəran regional miqrasiya idarəsi tərəfindən maarifləndirmə tədbirləri keçirilib
Dövlət Miqrasiya Xidmətinin yaradılmasının 10-cu ildönümü münasibətilə Lənkəran regional miqrasiya idarəsinin xidməti ərazisinə daxil olan Cəlilabad şəhərində və Lənkəran Dövlət Universitetində maarifləndirilmə-məlumatlandırma tədbirləri keçirilib.
Xidmətin regional miqrasiya idarəsinin, rayon icra hakimiyyətinin və yerli özünüidarəetmə orqanlarının səlahiyyətli nümayəndələrinin, təhsil və səhiyyə işçilərinin, tələbələrin, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin iştirak etdikləri tədbirlərdə Azərbaycan dövlətinin qısa zamanda əldə etdiyi hərtərəfli inkişaf, ölkədə sabitliyin və təhlükəsizliyin qorunub saxlanılması nəticəsində Azərbaycana gələn əcnəbilərin sayının əhəmiyyətli dərəcədə artması, respublikada çevik və işlək mexanizmlər əsasında miqrasiya proseslərinin tənzimlənməsi, Dövlət Miqrasiya Xidmətinin fəaliyyət istiqamətləri, göstərdiyi xidmətlər barədə geniş məlumat verilib. Bildirilib ki, Dövlət Miqrasiya Xidməti fəaliyyətə başladığı gündən miqrasiya sahəsində qanunvericiliyin müasir tələblərə uyğunlaşdırılması və sadələşdirilməsi məqsədilə bir sıra mühüm tədbirlər həyata keçirilib.
Diqqətə çatdırılıb ki, olduğu yer üzrə qeydiyyatın Dövlət Miqrasiya Xidmətinə həvalə edildiyi vaxtdan - 2013-cü il aprelin 1-dən ölkədə qalma müddətinə müvafiq olaraq respublikamıza girişi qeydə alınmış əcnəbilərdən ölkədə qalma müddətinə uyğun olaraq 2 milyon 560 min 767 əcnəbi və vətəndaşlığı olmayan şəxs olduğu yer üzrə qeydiyyata alınıb. Qeyd edilib ki, bu qədər müraciətin qəbul edilməsi, baxılıb münasibət bildirilməsi səsləndiyi kimi asan olmasa da mobil bir qurumun peşəkar kollektivi bu işlərin öhdəsindən yüksək səviyyədə gəlməyi bacarır.
Həmçinin vurğulanıb ki, Xidmət vahid miqrasiya məlumat sistemi vasitəsilə Azərbaycanda yaşayan və müvəqqəti olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin uçotunu aparır. VMMS ölkədə baş verən miqrasiya proseslərinin dinamikası barədə tam təsəvvürün yaradılmasına imkan verərək, qeyri-qanuni miqrasiya ilə mübarizə və təhlükəsizliyin təmini sahəsində müvafiq tədbirlərin görülməsi üçün əlverişli şərait yaradıb. Dövlət Miqrasiya Xidməti tərəfindən vətəndaşsızlıq halları ilə mübarizə sahəsində məlumatlılığın artırılması və bu şəxslərin hüquqi statusunun müəyyənləşdirilməsi zamanı yaranan problemlərin, o cümlədən onların hüquqlarının səmərəli müdafiəsi naminə əməkdaşlığın gücləndirilməsi məqsədi ilə Azərbaycan Respublikası BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının “10 ilə vətəndaşsızlığa son” kampaniyasına qoşulub. Vətəndaşlığı olmayan şəxslərin sənədləşdirilməsi istiqamətində DMX tərəfindən görülən tədbirlər nəticəsində Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə 2008-ci ildən hal-hazıradək 1871 nəfər Azərbaycan Respublikasının vətəndaşlığına qəbul, 58 nəfər isə bərpa edilib. Bununla belə, Xidmət tərəfindən 100 mindən çox şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti araşdırılıb və araşdırma nəticəsində 70 min 994 şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınaraq, onlar aidiyyəti dövlət qurumu tərəfindən Azərbaycan vətəndaşının şəxsiyyətini təsdiq edən sənədlərlə təmin ediliblər.
Tədbirlərdə DMX tərəfindən ASAN xidmət mərkəzlərində təqdim olunan xidmət növləri və regional miqrasiya idarələrinin fəaliyyəti barədə məlumat verilib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.