newsPhoto

Dövlət Miqrasiya Xidmətində 15 İyun - Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib

Dövlət Himninin ifası ilə başlayan tədbirdə bildirilib ki, Ümummilli lider Heydər Əliyevin ölkədə siyasi hakimiyyətə qayıdışı Azərbaycanın tarixində “Milli Qurtuluş Günü” kimi həkk olunub. Bu günün xalqımızın taleyində dönüş anı olduğu vurğulanıb. Qeyd edilib ki, məhz 1993-cü il iyunun 15-də xalqın təkidli tələbi ilə ölkədə siyasi hakimiyyətə qayıdan dahi lider Heydər Əliyev Azərbaycanı vətəndaş müharibəsindən, parçalanmaq, məhv olmaq və dünya xəritəsindən silinmək təhlükəsindən xilas edib.

Diqqətə çatdırılıb ki, Ümummilli lider Heydər Əliyev siyasi müdrikliyi, polad iradəsi və yüksək səviyyədə idarəetmə bacarığı sayəsində qarşıya çıxan bütün maneələri dəf edib, Azərbaycan xalqını bəlalardan qurtarıb, dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla azərbaycanlının vahid məfkurə ətrafında birləşdirilməsinə nail olub. Ulu Öndər müasir dünyanın ziddiyyətli və ədalətsiz reallıqlarına dərindən bələd olan bir siyasi xadim kimi, ilk növbədə, beynəlxalq müstəvidə əlaqələrin qurulmasına çalışıb, dünya dövlətlərinin diqqətini təbii ehtiyatlarla zəngin olan Azərbaycana yönəldə bilib və xalqımıza zəngin maddi və mənəvi dəyərləri olan, siyasi və iqtisadi cəhətdən etibarlı dayaqlar üzərində qurulmuş müstəqil Azərbaycan dövlətini əmanət edib. 

Bugünkü müstəqil, güclü Azərbaycan dövləti Ümummilli lider Heydər Əliyevin yadigarıdır. Bu böyük şəxsiyyətin ölkəmizin qüdrətlənməsinə, xalqımızın rifah halının daha da yaxşılaşdırılmasına yönəlmiş siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan dünya birliyində özünə layiqli yer tutan, davamlı inkişafını təmin edən qüdrətli ölkəyə çevrilib. Hazırda Azərbaycan öz inkişafının yeni mərhələsini yaşayır. Aparılan islahatlar iqtisadiyyatın şaxələndirilməsinə, Azərbaycanın yeni mərhələdə daha sürətli inkişafını təmin etməyə imkanlar açır. Bütün bunların nəticəsidir ki, son illər ölkəmizə istər turist kimi, istər yaşamaq üçün təşrif buyuran əcnəbilərin sayı xeyli artıb. Dövlət Miqrasiya Xidməti də öz işini Ulu Öndərin memarı olduğu müasir müstəqil Azərbaycanın Prezidenti İlham Əliyevin rəhbərliyi ilə bu inkişaf dinamikasının tələblərinə uyğun qurur və Azərbaycanın tərəqqisinə öz töhfələrini verir.

Sonda tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevə həsr edilmiş sənədli filmə baxıblar.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur