newsPhoto

Dövlət Miqrasiya Xidmətində Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar anım tədbiri

Dövlət Miqrasiya Xidmətində Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunan anım mərasimində əvvəlcə qətliam qurbanlarının xatirəsi yad olunub.

Tədbirdə Xidmət rəsinin birinci müavini, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vəli Nağıyev Xocalı soyqırımı və onun başvermə səbəbləri, şəhərin işğalı zamanı ermənilər tərəfindən dinc, günahsız əhaliyə qarşı törədilmiş genişmiqyaslı qanlı hərbi cinayət barədə ətraflı məlumat verib.  Bildirib ki, tarixboyu ermənilər xalqımıza qarşı düşmənçilik mövqeyi tutub, ayrı-ayrı dövrlərdə Azərbaycana qarşı beynəlxalq hüquq normalarına zidd müxtəlif təxribat və qırğınlar törədiblər. 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələri blokada şəraitində olan köməksiz bir şəhərə - Xocalıya ağır texnika, tank və iriçaplı silahlarla hücuma keçib. Qeyd olunub ki, Xocalının dinc sakinləri məhz azərbaycanlı olduqlarına görə qətlə yetiriliblər, misli görünməyən işgəncələrə məruz qalıblar. Vurğulanıb ki, Xocalı soyqırımı XX əsrin sonlarında yalnız Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş ağır cinayət kimi tarixə düşüb.

Diqqətə çatdırılıb ki, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclis 1994-cü il fevralın 24-də "Xocalı soyqırımı günü haqqında" xüsusi qərar qəbul edib, sənəddə hadisənin başvermə  səbəbləri təfsilatı ilə açıqlanıb. Eyni zamanda, Xocalı faciəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, erməni qəsbkarlarının beynəlxalq müstəvidə ifşası mühüm vəzifə kimi qarşıya qoyulub. 2008-ci ildən başlayaraq Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması məqsədilə “Xocalıya ədalət!” təbliğat-təşviqat kampaniyası aparılır. Kampaniyanın uğurla həyata keçirilməsi nəticəsində artıq bir sıra dövlətlər Xocalıda törədilən qırğını soyqırımı kimi qəbul edib. Soyqırımı qurbanlarının xatirəsinin xalqımız və dövlətimiz tərəfindən daim əziz tutulduğu, hər il bu faciə ilə bağlı Azərbaycanla yanaşı, dünyanın ayrı-ayrı ölkələrində çoxsaylı konfranslar, sərgilər, yürüşlər və anım tədbirlərinin təşkil edildiyi bildirilib.

Sonra iştirakçılara Xocalı faciəsindən bəhs edən sənədli film təqdim olunub.

 


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur