“Azərbaycanda miqrasiya siyasəti: nailiyyətlər və inkişaf perspektivləri” mövzusunda respublika elmi-praktiki konfrans öz işinə başlayıb
Fevralın 17-də Xəzər Universitetində Dövlət Miqrasiya Xidmətinin (DMX) yaradılmasının 10-cu ildönümünə həsr olunmuş “Azərbaycanda miqrasiya siyasəti: nailiyyətlər və inkişaf perspektivləri” mövzusunda respublika elmi-praktiki konfrans öz işinə başlayıb. Konfransın keçirilməsində məqsəd dövlətin miqrasiya siyasəti sahəsində həyata keçirilən tədbirlərin və aparılan işlərin cəmiyyətdə daha geniş təbliğ olunması, miqrasiya sahəsi üzrə aktual mövzuların ictimaiyyətin diqqətinə çatdırılması və həmin mövzularda tədqiqat və araşdırma işlərinin aparılmasına elm sahəsində fəaliyyət göstərən insanların cəlbi, həmçinin onların apardıqları elmi tədqiqatların nəticələrinin müzakirəsinin təşkil edilməsidir.
Tədbirdə Dövlət Miqrasiya Xidmətinin, Xəzər Universitetinin, dövlət qurumlarının, ölkədə fəaliyyət göstərən beynəlxalq və qeyri hökumət təşkilatlarının nümayəndələri, Milli Elmlər Akademiyasının, ali təhsil müəssisələrinin elmi əməkdaşları və müstəqil ekspertlər iştirak ediblər.
Əvvəlcə DMX-nın keçdiyi inkişaf yolunu əks etdirən qısametrajlı film nümayiş olunub.
Dövlət Miqrasiya Xidməti rəsinin müavini, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Pərviz Musayev çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızın iqtisadi, siyasi və hərbi qüdrətinin, beynəlxalq nüfuzunun gündən-günə yüksəldiyini, bu istiqamətdə qazanılan uğurların həyatımızın bütün sahələrinin dinamik inkişafına əlverişli zəmin yaratdığını, ölkənin hərtərəfli inkişafının təzahürü kimi Azərbaycana gələn əcnəbilərin sayının ilbəil əhəmiyyətli dərəcədə artdığını diqqətə çatdırıb. O, Xidmətin yaranma tarixi, fəaliyyət istiqamətləri, 10 il ərzində əldə edilən uğurlar və nailiyyətlər barədə konfrans iştirakçılarına ətraflı məlumat verib.
Bildirib ki, bu gün Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu və yaşadığı yer üzrə qeydiyyatı, ölkədə olma müddətinin uzadılması, ölkə ərazisində müvəqqəti və daimi yaşamaq istəyən əcnəbilərə icazənin, haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazələrinin, sığınacaq axtaran əcnəbilərə qaçqın statusunun verilməsi məsələləri ilə məşğul olur, vətəndaşlıq məsələlərinin həllində iştirak edir və qanunsuz miqrasiyaya qarşı mübarizə aparır.
Dövlət Miqrasiya Xidmətinin yaradıldığı vaxtdan miqrasiya proseslərinə dövlət nəzarətinin gücləndirilməsi məqsədi ilə zəruri normativ hüquqi aktlar qəbul edilmiş, bir sıra institusional və təşkilati tədbirlər həyata keçirilmişdir.
Miqrasiya proseslərinin vahid və çevik prosedurlar əsasında tənzimlənməsi, sənədləşmənin sadələşdirilməsi məqsədilə imzalanmış müvafiq Fərmana əsasən 2009-cu il iyulun 1-dən miqrasiya proseslərinin idarəolunmasında «bir pəncərə» prinsipinin tətbiq edilməsinə başlanılmışdır. Bu prinsip üzrə vahid dövlət orqanının səlahiyyətləri Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə həvalə edilmişdir.
Qanunvericiliyin müasir dövrün tələblərinə uyğunlaşdırılması məqsədilə Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli Qanunu ilə Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi qəbul edilmişdir. Beynəlxalq təcrübə, Avropa İttifaqı qanunvericiliyi, o cümlədən Beynəlxalq Miqrasiya Təşkilatı və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin təklifləri nəzərə alınmaqla hazırlanmış Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi 2013-cü ilin avqustun 1-dən qüvvəyə minmişdir.
2009-cu ildə Azərbaycan Respublikası Prezidenti tərəfindən imzalanmış Sərəncama uyğun olaraq, Dövlət Miqrasiya Xidmətinin Vahid Miqrasiya Məlumat Sisteminin fəaliyyəti təmin edilmiş, daha sonra VMMS-in “Giriş-Çıxış və Qeydiyyat” İdarələrarası Avtomatlaşdırılmış Məlumat Axtarış Sisteminə və Ədliyyə Nazirliyinin Əhalinin Dövlət Reyestrinə inteqrasiyası təmin olunmuş, həmçinin Vergilər Nazirliyinin Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi ilə məlumat mübadiləsi yaradılmışdır.
Görülmüş işlərin nəticəsidir ki, bu gün Dövlət Miqrasiya Xidmətinin Vahid Miqrasiya Məlumat Sistemi vasitəsilə hər bir əcnəbinin və vətəndaşlığı olmayan şəxsin hansı tarixdə ölkəyə daxil olduğuna, harada yaşadığına, işlədiyinə və nə vaxt ölkəni tərk etdiyinə tam nəzarət olunur.
Bununla belə, dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması və korrupsiyaya şərait yaradan halların aradan qaldırılması üçün əhaliyə elektron xidmətlərin göstərilməsi zəruriliyi nəzərə alınaraq, Azərbaycan Respublikası Prezidenti tərəfindən imzalanmış “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il tarixli Fərmana uyğun olaraq 1 sentyabr 2011-ci il tarixdən Dövlət Miqrasiya Xidməti tərəfindən elektron xidmətlərin göstərilməsinə başlanılmışdır.
Hazırda, Xidmət tərəfindən əhaliyə göstərilən 11 elektron xidmətdən 11-i də “Elektron hökumət” portalına qoşulmuşdur.
2016-cı ildə Dövlət Miqrasiya Xidməti tərəfindən təyin olunmuş cərimələrin “ASANPAY” ödəniş sistemi vasitəsilə ödənilməsinə başlanılmışdır. Bu da sərhəd buraxılış məntəqələrində əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin sürətli keçidinin təmin edilməsinə imkan verir.
Vətəndaşlara göstərilən xidmətlərin daha keyfiyyətli, rahat, yeni üslubda və müasir innovasiyaları tətbiq etməklə həyata keçirilməsinin, vətəndaşlara münasibətdə etik qaydalara, nəzakətli davranışa əməl edilməsinin, vətəndaş məmnunluğunun təmin olunmasının zəruriliyini nəzərə alaraq yaradılmış və Azərbaycan brendi olan ASAN xidmət mərkəzlərində DMX tərəfindən bir neçə xidmət növü təqdim olunur.
Ölkədə miqrasiya sahəsində həyata keçirilən proseslərdə ictimaiyyətin fəallığının artırılması, bu sahədə qeyri-hökumət təşkilatları ilə qarşılıqlı fəaliyyətin dərinləşdirilməsi məqsədilə 2015-ci ildə Dövlət Miqrasiya Xidməti yanında İctimai Şura yaradılmış və vətəndaş cəmiyyəti ilə birgə sıx əməkdaşlıq təmin edilmişdir.
Əsas insan hüquqlarından biri olan vətəndaşlıq hüququnun əhəmiyyəti nəzərə alınaraq, vətəndaşsızlıq halları ilə mübarizə sahəsində məlumatlılığın artırılması və bu şəxslərin hüquqi statusunun müəyyənləşdirilməsi zamanı yaranan problemlərin, o cümlədən onların hüquqlarının səmərəli müdafiəsi naminə əməkdaşlığın gücləndirilməsi məqsədilə Azərbaycan Respublikası BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının “10 ilə vətəndaşsızlığa son” kampaniyasına qoşulub. Vətəndaşsızlıq hallarının qısa bir zamanda aradan qaldırılması üçün Dövlət Miqrasiya Xidməti tərəfindən ölkənin bütün regionları üzrə müvafiq işlər görülmüş və hazırda da bu istiqamətdə işlər davam etdirilir.
Bu müddət ərzində Dövlət Miqrasiya Xidməti tərəfindən Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti araşdırılmış şəxslərdən 70 min 994 şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınaraq, onlar Azərbaycan Respublikasının aidiyyəti dövlət qurumu tərəfindən Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənədlərlə təmin edilmişdir.
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirləri ilbəil daha da genişləndirilir, əcnəbi və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olma, habelə müvəqqəti və daimi yaşama qaydalarının pozulması halları aşkar edilərək qarşısı alınır. Hazırda Xidmət tərəfindən aparılmış kompleks tədbirlər nəticəsində bu gün onların sayı minimuma endirilmişdir.
Dövlət Miqrasiya Xidməti yarandığı vaxtdan miqrasiya sahəsi üzrə beynəlxalq əməkdaşlıq daha da genişləndirilmiş, iki və çoxtərəfli əsaslarla münasibətlər inkişaf etdirilmiş, bir sıra ölkələrlə miqrasiya sahəsində təcrübə mübadiləsi aparılmışdır.
Azərbaycanda miqrasiya sahəsində həyata keçirilən tədbirləri, görülən işləri yüksək qiymətləndirən BMT QAK-ın Azərbaycandakı nümayəndəsi Furio De Angeles Dövlət Miqrasiya Xidməti ilə əməkdaşlıq əlaqələrinin uğurlu inkişafından və qarşılıqlı fəaliyyətin gələcək perspektivlərindən danışıb.
BMqT-nin Azərbaycandakı Nümayəndəsinin rəhbəri Serhan Aktoprak miqrantların hüquqlarının müdafiəsinin təmin olunması sahəsində Dövlət Miqrasiya Xidməti ilə sıx əməkdaşlıq etdiklərini bildirib və keçirilən konfransın miqrasiya sahəsində yüksək ixtisaslı kadrların hazırlanmasına və elmi işlərin sistemləşdirilməsinə öz töhfəsini verəcəyinə əminliyini ifadə edib.
Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı elmi-praktiki konfransın ali təhsil ocağında keçirilməsindən məmunluğunu ifadə edib. Miqrasiya Xidməti ilə əməkdaşlığın qurulmasında və möhkəmləndirilməsində konfransın keçirilməsinin əhəmiyyətindən danışıb, səslənən fikirlərin, aparılan müzakirələrin faydalı olacağını qeyd edib.
Sonra Xəzər Universitetinin miqrasiya araşdırmaları mərkəzinin təqdimatı olub.
Elmi-parktik konfrans 3 mövzu - “Miqrasiya siyasəti və insan hüquqları”, “Qaçqınlar və sığınacaq axtaran şəxslərin beynəlxalq himayəsi” və “Qloballaşma dövründə miqrasiya prosesləri: çağırışlar və cavab tədbirləri” üzrə plenar iclaslarla davam etdirilib. Konfransda AMEA-nın, dövlət qurumlarının, ali təshil ocaqlarının elmi fəaliyyətlə məşğul olan magistr, aspirant və alimlərin təqdimatları və məruzələri dinlənilib, müzakirələr aparılıb.
Elmi-parktiki konfransın yekununda qətnamə qəbul edilib.