Azərbaycan və Türkiyə miqrasiya siyasətində qanunun aliliyi, ədalətlilik və humanizm prinsiplərinə üstünlük verir
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə xarici işlər nazirinin müavini Ahmed Yıldız ilə görüşüb.
Görüşdə Azərbaycan və Türkiyə vətəndaşlarının qarşılıqlı miqrasiyası, gediş-gəlişin daha da sadələşdirilməsi, bu prosesin müxtəlif mexanizmlərlə nəzarətdə saxlanılması, miqrasiyanın ölkələrimizin inkişafına müsbət təsiri, regionda baş verən miqrasiya böhranının fəsadlarını nəzərə almaqla qabaqlayıcı tədbirlərin həyata keçirilməsi istiqamətində müzakirələr olub. Bu sahədə əməkdaşlığın daha da genişləndirilməsi və gələcək perspektivləri barədə də fikir mübadiləsi aparılıb. Vurğulanıb ki, qardaş ölkələrimizin miqrasiya siyasətində qanunçuluq, ədalətlilik və humanizm prinsiplərinə üstünlük verilir.
Bütün sahələrdə Azərbaycanı dəstəkləyən qardaş Türkiyənin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində göstərdiyi qətiyyətli mövqeyə görə təşəkkürünü ifadə edən Firudin Nəbiyev bildirib ki, bu problemin BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri əsasında indiyədək həll olunmaması, təcavüzkar Ermənistanın öz işğalçılıq siyasətindən əl çəkməməsinə dünya ictimaiyyətinin göz yumması, işğal faktorunun hələ də mövcud olması, beynəlxalq təşkilatların ərazi bütövlüyü prinsiplərinə ikili standartlarla yanaşması dünyada yeni münaqişələrin yaranmasına, insan haqlarının kütləvi şəkildə pozulmasına, milyonlarla günahsız insanın qaçqın və məcburi köçkün halına düşməsinə əsas olan səbəbdir.
Azərbaycanın hərtərəfli inkişafının Türkiyədə böyük sevinclə qarşılandığını diqqətə çatdıran Ahmed Yıldız bildirib ki, qardaşlıq münasibətləri bundan sonra da əzmlə davam etdiriləcək.
Tərəflər vurğulayıblar ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin beynəlxalq hüquq normaları çərçivəsində bu vaxtadək həll olunmaması, həmçinin Türkiyənin qarşılaşdığı terror kabusu, o cümlədən miqrant problemi ilə üz-üzə dayanması dünyadakı ikili standartların tərkib hissəsidir.
Cocuq Mərcanlı kəndinin bərpası barədə Sərəncamın dövlətimizin başçısının növbəti cəsarətli addımı olduğunu bildirən Əhməd Yıldız bunu Azərbaycan xalqının Qarabağa böyük qayıdışının başlanğıcı kimi dəyərləndirib.
Görüşdə Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov və digər rəsmi şəxslər iştirak ediblər.