newsPhoto

Ankarada Azәrbaycan vә Türkiyә arasında miqrasiya sahәsindә әmәkdaşlıq mәsәlәlәri müzakirә edilib

Azәrbaycan Respublikası Dövlәt Miqrasiya Xidmәtinin (DMX) rәisi, II dәrәcәli dövlәt miqrasiya xidmәti müşaviri Firudin Nәbiyevin başçılıq etdiyi nümayәndә heyәti Türkiyәdә sәfәrdәdir.

Sәfәr zamanı nümayәndә heyәti Türkiyә Daxili İşlәr Nazirliyinin Miqrasiya Baş İdarәsinin rәisi Atilla Torosla görüşüb. Görüşdə Azәrbaycan vә Türkiyә arasında miqrasiya sahәsindә әmәkdaşlığın perspektivlәri müzakirә edilib. İkitərəfli əlaqələrin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb, miqrasiya sahəsində qarşılıqlı münasibətlərin tənzimlənməsi üçün hüquq-müqavilə bazasının möhkəmləndirilməsi, həmçinin qeyri-müəyyən vəziyyətdə olan vətəndaşların leqallaşdırılması və statuslarının müəyyənləşdirilməsinə dair məsələlər müzakirə olunub.

A.Toros bu səfərin miqrasiya sahəsində əlaqələrin inkişafına və yuxarıda qeyd edilən məsələlərin həllinə əsaslı təsir göstərəcəyinə inandığını deyib.

Xidmət rəisi Türkiyə-Azərbaycan siyasi-diplomatik və iqtisadi-mədəni əlaqələri kontekstində Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti ilə qardaş ölkənin müvafiq qurumları arasında əməkdaşlığın əhəmiyyətini qeyd edib. Türkiyə ilə Azərbaycan arasında miqrasiya sahəsində əməkdaşlıqdan söhbət açan Xidmət rəisi qardaş ölkə vətəndaşlarının respublikamızda tikinti, neft-qaz, yəni enerji sektoru və emal sənayesi, iri istehsalat layihələri, yaşayışın təşkili və ictimai iaşə, təhsil, topdan və pərakəndə ticarət, kənd təsərrüfatı, turizm, avtomobillərin təmiri sahələrində əməkçi miqrant kimi haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olduqlarını, onların və ümumiyyətlə  miqrantların hüquqlarının  Azərbaycanda yüksək səviyyədə qorunduğuna diqqət çəkib. Azərbaycan vətəndaşlarının da qardaş ölkədə bu cür qayğı ilə əhatə olunduğuna əminliyini ifadə edib.

Daha sonra Dövlət Miqrasiya Xidmətinin rəisi və Türkiyə Respublikasının Daxili İşlər Nazirinin müavini Sebahattin Öztürk arasında görüş keçirilib. Azərbaycan və Türkiyə arasındakı qardaşlıq və dostluq münasibətlərinə toxunulan görüşdə miqrasiya proseslərinin tənzimlənməsi və qanunsuz miqrasiyaya qarşı mübarizə sahəsində birgə fəaliyyətin əhəmiyyəti vurğulanıb.

F.Nəbiyev bildirib ki, tarixi bağlılıq və bugünkü reallıq baxımından dünya miqyasında Azərbaycan ilə Türkiyə bir-birinə ən yaxın dost və qardaş ölkələrdir. Azərbaycan və Türkiyə xalqları və dövlətləri arasında tarix boyu formalaşmış qardaşlıq münasibətlərinin qorunub saxlanılması, daha da möhkəmləndirilməsi və inkişaf etdirilməsi yolunda Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan tərəfindən həyata keçirilən siyasətin bir nümunə olduğunu qeyd edib.

Xidmət rəisi ötən illər ərzində miqrasiya sahəsində iki ölkə arasında əlaqələrin yüksələn xətt üzrə inkişafı ilə bağlı konkret faktlara diqqət çəkib. Ölkəmizdə miqrasiya sahəsində qanunvericilik və icra mexanizmləri barədə geniş söhbət açıb.

Azәrbaycanın Türkiyәdәki sәfiri Faiq Bağırov görüşlərdә iştirak edib.

Sәfәr fevralın 2­-dәk davam edәcәk.

 


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur